Məhkəmə qərarları › İş №1(001)-143/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-143/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-143/2023 04.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X9 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 10 avqust 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)- 228/2022 nömrəli hökmü ilə 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi ev 183D-də qeydiyyatında olan, faktiki Bakı şəhəri, Xətai rayonu, Naximov qəsəbəsi, Dəmirçi küçəsi nömrəsiz fərdi tikilidə yaşamış və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində naməlum şəxsdən 40 manat pulun müqabilində satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 1,397 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etdikdən sonra 60 manata satmaq məqsədi ilə təmiz çəkiləri 0,391 qram, 0,362 qram, 0,342 qram və 0,302 qram olmaqla 04 ədəd şəffav sellofan bükümdə qablaşdıraraq əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlamaqla daşımış, 13 sentyabr 2022-ci il tarixdə saat 03.00 radələrində Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 1 ünvanda yerləşən «İdrak» litseyinin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, X11 küçəsi 6 saylı ünvanda yerləşən Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinə gətirilmiş və 13 sentyabr 2022-ci il tarixdə saat 04.15 dəqiqədə üzərində aparılan axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxladığı təmiz çəkiləri 0,391 qram, 0,362 qram, 0,342 qram və 0,302 qram olmaqla 04 ədəd şəffav sellofan bükümdə ümumi təmiz çəkisi 1,397 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, xeyli müddətdir narkotik vasitələri qəbul edir və bu onda artıq asılılıq yaratmışdır. 12 sentyabr 2022-ci il tarixində səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində olduğu vaxt əvvəllər tanımadığı şəxsdən 40 manat pul müqabilində 4 ədəd sellofan bükümdə narkotik vasitə heroin almışdır ki, istifadə etsin. 13 senyabr 2022-ci il tarixində saat 03 radələrində ünvan 4 ünvanında yerləşən «İdrak» litseyinin yaxınlığında olduğu vaxt mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Bakı şəhəri Binəqədi RPİnin 5-ci Polis bölməsinin əməkdaşları olduqlarını və onun narkotik vasitələr əldə etməyi barədə məlumat əldə etdiklərini bildirib, onun maşınına baxış keçirmişlər və həmin vaxt nəqliyyat vasitəsindən 4 bükümdə narkotik vasitə aşkarlayaraq götürmüşlər. Daha sonra onu Binəqədi RPİ-nin 5-ci PB-nə aparmışlar. Polis əməkdaşları ona onların istədiyi kimi ifadə verməyəcəyi halda nəqliyyat vasitəsinin cinayətin obyekti olduğu üçün ondan alınacağını, özünə də daha ağır maddə ilə ittiham irəli sürəcəkləri barədə hədə-qorxu gələrək ona psixoloji təzyiq göstərmişlər. Bölmədə olarkən polis əməkdaşları tərəfindən ona psixoloji təzyiqlər edildiyini bu səbəbdən ilkin ifadəsində aldığı narkotik vasitəni satmaq niyyəti olduğunu bildirmişdir. Əslində heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız asılılığı olduğu üçün narkotik vasitənin istifadəsi ilə məşğul olmuşdur. 4 büküm narkotik vasitəni də öz istifadəsi və bitdikdə hər dəfə axtarmamaq üçün tanımadığı şəxsdən almışdır. Narkotik vasitəni satış məqsədi üçün əldə etməsi ilə bağlı ibtidai istintaq dövründə dedikləri həqiqət olmamışdır. O, əməlindən peşman olduğunu bildirərək barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində qeyd etmişdir ki, o, Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis mayoru rütbəsindədir. Çalışdığı Binəqədi RPİ-nin 5-ci PB-yə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatında 10 avqust 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr əldə edərək gəzdirdiyi bildirilmişdir. Əməliyyat yolu ilə daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə onun tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə o, Binəqədi RPİ-nin 5-ci PB-nin rəhbərliyinə raportla məlumat vermiş və rəhbərliyin icazəsindən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edərək, Binəqədi RPİ-nin 5-ci PB-nin cinayətaxtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil etmişdir. Üzərində narkotik vasitələr daşımaqda şübhəli bilinən şəxsin müəyyən edilməsi, yaxalanması və narkotik vasitələrin dövriyyədən çıxarılmasının təmin edilməsi məqsədi ilə o, əməliyyat qrupunun üzvü ilə birlikdə 13 sentyabr 2022-ci il tarixində saat 03:00-da ünvan 4 ünvanında yerləşən «İdrak» litseyinin yaxınlığında 10 avqust 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi ev 183D-də pasport qeydiyyatında olan Təqsirləndirilən şəxs saxlayaraq, üzərində şəxsi axtarış aparılması məqsədi ilə Binəqədi RPİ-nin 5-ci PByə gətirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhəri “11” saylı Vəkil bürosundan vəkil dəvət edilmiş və Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən əməliyyat qrupu üzvlərinin iştirakı ilə Ramil Əliyevin üzərində şəxsi axtarış aparılmışdır. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edilmiş və sonuncu sol yan cibindən «Samsung Galaxy J3 Pro» markalı mobil telefonu, «BMW» markalı avtomobilə aid açarı, şalvarın sağ yan cibindən dörd ədəd şəffav sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlələri masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin başqa heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlələrin heroin olduğunu, həmin narkotik vasitəni 12 sentyabr 2022-ci il tarixində səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində tanımadığı şəxsdən 40 manata aldığını və 60 manata satmaq məqsədi ilə üzərində saxladığını bildirmişdir. Daha sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış və DİN-in müvafiq möhürü ilə möhürlənmişdir. Daxil olmuş məlumatın Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə deyil, istifadəsi ilə bağlı olduğunu qeyd etmişdir. Həmçinin Təqsirləndirilən şəxs psixoloji və fiziki təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 göstərdiklərini təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdar narkotik vasitə əldə etmə, daşıma və saxlama faktlarına görə 13 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanılmışdır. 13 sentyabr 2022-ci il tarixli əməliyyat qrupunun təşkil edilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, üzərində saxlayaraq daşıması, istifadəsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyat qrupu təşkil olunmuşdur. Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən 13 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 14 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ictimai təhülkəli əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. 14 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 4(001)- 1057/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 13 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2022-ci il tarixli 6/5131 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №174” dairəvi möhür əksi və ...Şübhəli şəxs-Təqsirləndirilən şəxs-imza, üç imza, tərtib etdi: H.Abdullayev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümün içərisindəki 04 ədəd bükümlərdə təmiz çəkiləri-0,391 qram, 0,362 qram, 0,342 qram və 0,302 qram, ümumi təmiz çəkisi-1,397 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 01 oktyabr 2022-ci il tarixli 5691 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 04 ədəd bükümlərdə təmiz çəkiləri-0,391 qram, 0,362 qram, 0,342 qram və 0,302 qram, ümumi təmiz çəkisi- 1,397 qram (tədqiqatdan sonrakı çəkisi 1,317 qram) qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prossesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd disk maddi sübut hesab əhəmiyyəti nəzərə alınmaqla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmişdir. Cinayət işi üzrə maddi sübut hesab edilmiş-Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 04 ədəd bükümlərdə təmiz çəkiləri-0,391 qram, 0,362 qram, 0,342 qram və 0,302 qram, ümumi təmiz çəkisi-1,397 qram (tədqiqatdan sonrakı çəkisi 1,317 qram) qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onların təyinatı məsələsi həll edilənədək Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin Maddi Sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işi üzrə maddi sübut hesab edilmiş Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prossesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd disk məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onların təyinatı məsələsi həll edilənədək cinayət işi materiallarına əlavə edilərək saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş X4 İdarəsindən daxil olmuş tələbnamə sənədi əsasında müəyyən etmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs ödənilməmiş və ya götürülməmiş məhkumluğu vardır. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 21-1/3-7278/3 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsini çəkməmişdir. Məhkəmə istintaqı zamanı Bakcell MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş 1 ədəd CD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan və çıxan sms mətnlərə baxış keçirilmiş, lakin cinayət işi üzrə sübut əhəmiyyətli, o cümlədən narkotik vasitənin satışını həyata keçirməsi faktı aşkarlanmamışdır. Beləliklə məhkəmə, məhkəmə iclasında əldə edilən, qiymətləndirilən sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı işin faktiki hallarını düzgün müəyyən etməmiş, Təqsirləndirilən şəxs əməlinin cinayət qanunu ilə tövsifində səhvə yol vermişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasının anlayışı verilmişdir. Həmin qanuna əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 8-ci bəndində verilmiş izaha əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təsadüfi deyildir ki, qanunvericilik və hüquq ədəbiyyatı “cinayət” anlayışı ilə yanaşı “obyektiv əlamətlər” anlayışından istifadə edir. Cinayət – ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərin sistemidir. Cinayət tərkibi – ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və subyektiv əlamətlərin məcmusudur. CM-in 234.2-ci maddəsinin dispozisiyasında cinayət əməlinin obyektiv cəhəti satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 9cu bəndində verilmiş izaha əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təsvir edilənlər belə deməyə əsas verir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün onun məhz yuxarıda sadalanan məqsədlərin hər hansı birini güdərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitə olan heroini əldə etməsinə və yaymasına, narkotik vasitəni əldə etməmişdən öncə başqa şəxslə (şəxslərlə) sövdələşməsinə dair hər hansı mötəbər sübut əldə edilməmiş, həmçinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə məxsus mobil teefon nömrəsinə daxil olan və çıxan sms mətnlərin olduğu bir ədəd CD disk tətqiq ediilərkən göstərilən halları təsdiq edən sübutlar müəyyən edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini ondan aşkar edilərək götürülmüş narkotik vasitənin 4 ədəd xırda bağlamalara bükülməsinə görə CM-in 234.2-ci maddəsi ilə tövsif etsə də, cinayət işində onun digər şəxslə (istehlakçı) əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi üçün avadanlığının olması və narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gələcək sübutlar mövcud deyildir. Eyni zamanda cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən heç bir sübutla Təqsirləndirilən şəxs digər şəxsə narkotik vasitəni satması, dəyişdirməsi, borc əvəzinə verməsi, borc olaraq verməsi kimi hallar müəyyən edilməmişdir. Belə olan halda isə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satmaq niyyətinin və istehlakçı ilə razılığının olmasını təsdiq edən mötəbər sübutlar əldə edib, qiymətləndirmədən, ehtimal əsasında Təqsirləndirilən şəxs əməlini narkotik vasitə olan maddələrin satma kimi qiymətləndirilməsi və əməlin CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi əsassızdır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində naməlum şəxsdən 40 manat pulun müqabilində şəxsi istifadəsi üçün qanunsuz olaraq 4 büküm olmaqla, ümumi təmiz çəkisi 1,397 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə etməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan 1,397 qram çəkidə narkotik vasitə olan heroini əldə edərək satması faktına dair mötəbər sübutlar əldə edilmədən və qiymətləndirilmədən, təqsirləndirilən şəxsin əməli CMin 234.2-ci maddəsinə tövsif edilə bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulan – satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etməsini və ya saxlamasını, hazırlamasını, istehsal etməsini, emal etməsini, daşımasını, göndərməsini, yaxud qanunsuz olaraq narkotik vasitələri satmasını təsdiq edən mötəbər sübutlar olmadığından və məhkəmə istintaqında yeni mötəbər sübutların ittiham tərəfindən məhkəməyə təqdim edilməməsini nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməyi qanuni və əsaslı sayır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-in 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsində göstərilir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “X8 Keçirilməsi Zamanı “İnsan Hüquqlarının və X6 Haqqında” X2 və İnsan Hüquqları Üzrə Arvopa Məhkəməsinin Presedentlərinin Tətbiqi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X5 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. CPM-in 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. CPM-in 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CM-in 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə toplanmış mötəbər sübutları obyektiv araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, CM-in 234.1-ci maddəsi ilə törətdiyi cinayətə görə cəza almalıdır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramadək müəyyənləşdirilmişdir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə, CM-nin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını ağırlaşdıran halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-228/2022 nömrəli hökmü ilə təyin olunmuş 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 05 ay 26 günü azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb 01 (bir) il 02 ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin ediləcək cəzaya qismən birləşdirilərək üzərində qəti cəza saxlanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli tutulduğu andan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,317 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, CPM-in 197.1.4-cü maddəsinə əsasən məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110` manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 318, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-228/2022 nömrəli hökmü ilə təyin olunmuş 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 05 ay 26 günü azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb 01 (bir) il 02 ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 01 il (bir) 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,317 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 3 ədəd CD disk maddi sübut kimi tananraq cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar