Məhkəmə qərarları › İş №1(001)-143/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-143/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-143/2024 13.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 12.45 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, 28 avqust 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barələ iltizam”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metafetamini əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 28 iyul 2023-cü il tarixdə gecə saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən məscidin yaxınlığında naməlum şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,735 qram çəkidə psixotrop maddə metamfetamini 10 manat pul müqabilində 01 ədəd bükümdə əldə edərək üzərində saxlamaqla daşımış, 28 iyul 2023-cü il tarixdə saat 03:45-də Binəqədi RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən oğurluq cinayətində şübhəli bilindiyi üçün o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən təkər təmiri yerinin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nin 43-cü polis bölməsinə aparılıb üzərinə həmin gün saat 05:50-də şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki tünd gümüşü rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,735 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 1 ildir ki, psixotrop maddə metamfetamindən istifadə edir.28 iyul 2023-cü il tarixdə saat 00:30 radələrində psixotrop maddə metamfetamin almaq üçün Novxanı kəndində yerləşən məscidin yanına getmiş və üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsi görüb ona yaxınlaşaraq metamfetamin lazım olduğunu bildirmişdir.Həmin şəxsdən 10 manat müqabilində 01 ədəd ağ rəngli kağız bükümdə psixotrop maddə metamfetamin alıb üzərində saxlamışdır ki, lazım olanda istifadə edər.28 iyul 2023-cü il tarixdə saat təxminən 03:45 radələrində icarə əsasında idarə etdiyi «Toyota Prius» markalı, **-XY-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, C.Cabbarlı olan zaman PPX əməkdaşlarını görmüş, üzərində metamfetamin olduğu üçün qeyri-ixtiyari olaraq avtomobilin ön işıqlarını söndürmüşdür ki, onların diqqətini cəlb etməsin. Bu vaxt həmin polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və bildirmişlər ki, Binəqədi RPİ-nin PPXB-nin əməkdaşlarıdır.Polis əməkdaşları ona anket məlumatları haqqında sual verdikdə o,başqa məlumatlar vermiş və onlar bunu əllərində olan planşetlə yoxlayan zaman onun düzgün məlumat vermədiyini müəyyən etmişlər. PPXB əməkdaşları ona narkotik vasitələrin qanunsuz döriyyəsində şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-nin 43-cü PB-yə dəvət etmişlər.O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 43-cü PB-nin inzibati binasına getmişdir. Orada ona hüquq və vəzifələri izah olunmuş, təqdim edilən siyahıda özünün seçdiyi vəkil 43-cü PB-yə dəvət edilərək ona təqdim olunmuş və şübhəli şəxs qismində tutulmuşdur.Sonra o, müdafiəçimin iştirakı olmadan üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinə etiraz etmədiyini bildirmiş, müdafiəçi özü də buna etiraz etməmiş, şəxsi axtarış keçirilməsi ilə bağlı qərar elan edilmiş və qərarla tanış olmuşdur. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır.Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində saxladığı qanunsuz əşyalar olub-olmadığı, əgər varsa həmin əşyaları könüllü olaraq təqdim etməyi təklif edilmişdir.O,könüllü olaraq əynində olan tünd gümüşü rəngli şalvarın sağ yan cibində saxladığı içində psixotrop maddə metamfetamin olan 01 ədəd ağ rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur.Təhqiqatçı tərəfindən büküm açıldıqda içində psixotrop maddə metamfetamin olduğu müəyyən edilmişdir.Təhqiqatçı ona aşkar edilmiş həmin maddə barədə məlumat verməyi dedikdə bildirmişdir ki, aşkar olunan maddə psixotrop maddə metamfetamindir, aşkar edilən maddəni 2-3 saat əvvəl, yəni xx.xx.2023-cü il tarixdə gecə saatlarında Abşeron rayonu, Novxanı kəndində yerləşən, məscidin yaxınlığında tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün alıb üzərində saxlamışdır.Bundan sonra iştirakçıların yanında təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılmış, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini və əməlindən səmimi peşman olduğunu və ilk dəfə az ağır cinayət törətməsini nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Bakı Şəhər Binəqədi RPİ-nin PPXB-nin əməkdaşı Şahid2 bildirmişdir ki, 28 iyul 2023-cü il tarixdə saat 03:45 radələrində Binəqədi RPİnin 43-cü PB-nin 2-ci avtopatrul marşurutunda, polis nəfərləri Şahid3 və Şahid1 ilə birlikdə xidmətdə olarkən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Cəfər Cəbbarlı küçəsində qaranlıq məhlədən gecə fənədləri yanmayan «Tayota Prius» markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomaşının hərəkət etdiyini və aralıqdakı küçəyə daxil olmasını görmüşlər.Həmin avtomaşın onlarda şübhə yaratdığından həmin avtomaşına yaxınlaşıb özlərini təqdim edib sürücüyə özünü təqdim etməsini bildirmişlər.Sürücü verilən suallardan yayınmağa çalışdığından və ərazidə baş vermiş narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı həmin şəxsi Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər.Həmin vaxtı sürücü razılaşaraq birlikdə 43-cü Polis Bölməsinə gəlmiş və bölmədə həmin şəxsin xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur.Daha sonra bölmənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir.Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir.Təqsirləndirilən şəxs ərizə verərək üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa, təqdim etsin.Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan gümüşü rəngli şalvarının sağ yan cibindən bir ədəd kağıza bükümlmüş bükümü çıxarıb masanın üzərinə qoymuş və bildirmişdir ki, həmin bükümün içərisində el arasında “patı” kimi tanınan psixotrop maddə metamfetamindir, 28 iyul 2023-cü il tarixzdə gecə saatlarında Abşerpon rayonu Novxanı kəndində yerləşən məcidin yanından tanımadığı şəxsdən 10 manata əldə etmiş və həmin maddəni şəxsi istifadəsindən ötrü üzərində saxlamışdır.Daha sonra bükümə baxıldıqda içərisində ağ rəngli, spesifik iyə malik kristall şəkilli psixotrop maddəyə oxşar maddə aşkar olunmuşdur.Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdə ağ rəngli rəngli, spesifik iyə malik kristall şəkilli psixotrop maddəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, bu barədə müvafiq protokol tərtib edilmişdir.Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Bakı şəhər, Binəqədi RPİ-nin PPXB-nin əməkdaşı Şahid3ov oğlu - digər Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid Bakı şəhər, Binəqədi RPİ-nin PPXB-nin əməkdaşı Şahid1 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, digər Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 28 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/4069 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində:“Azərbaycan Respublikası DİN Zərflər üçün № 243 dairəvi möhür əksi” “Təqsirləndirilən şəxs (imza) “ yazısı və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,735 qram ağ rəngli kristalşəkilli maddə küstar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir.Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təstiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in (Siyahı İ) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4726 №-li rəyinə əsasən müayinə zamanı X5 Opioidlərin və psixostumlyatorların birgə qəbulu nəticəsində yaranan Asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, müdafiəçinin çıxışını, şahid ifadələrini dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alıb, ekspertiza rəylərini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CM-nin 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1— 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirini etiraf edir və əməlindən səmimi peşmandır, ilk dəfə az ağır cinayət törətmişdir, əməlində cəzanı ağırlaşdıran hallar isə ümumiyyətlə yoxdur.Məlum olduğu kimi, Azərbaycan Respublikasında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsə məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 04.45 tarixdən xx.xx.2023-cü il 10.40 tarixədək tutulduğu 01 (bir) gün müddət təyin edilmiş cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis mayoru X6 tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 04.45-də tutulmuşdur.Bakı şəhər Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən tərtib olunmuş 29 iyul 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Tural Kazımovun xx.xx.2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir.Həmçinin, Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X4 xx.xx.2023-cü il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir və o, həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə azad edilmişdir.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu müddət 24 saatdan artıq olduğundan təyin edilmiş cəzadan 2 (iki) gün çıxılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 4 ünvanda yerləşən evdə çəkməli və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Abşeron rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Sumqayıt şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan psixotrop maddə metamfetamin 0,685 qram olan qalığı məhv edilməli və iş üzrə maddi sübut - təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 40 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il 04.45 tarixdən xx.xx.2023-cü il saat 10.40 tarixədək tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı ünvan 4 ünvanda yerləşən evdə çəksin. Təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Abşeron rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan psixotrop maddə olan metamfetamin 0,685 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 (bir) ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 40 saat hüquqi xidmətin dəyəri 240 (iki yüz qırx) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN**********, m/hAZ37NABZ********************. S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************,VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar