Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-145/2023 17.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, o 05 sentyabr 2022-ci tarixdə axşam saatlarında Bakı şəhəri, metronun 20 Yanvar stansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 10 manata satış nəqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib daşımaqla saxlamış, 06 sentyabr 2022-ci il tarixdə saat 10:30-da ünvan 2 ünvanında Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı saxlanılaraq ünvan 4 ünvanında yerləşən Binəqədi RPİ 6-cı PB-nə gətirilib üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş halda təmiz çəkisi 0,205 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda tam təqsirli bilməyərək göstərmişdir ki, artıq uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə etmir, yalnız arada marixuanadan istifadə edir. Yaşadığı Biləcəri adlanan ərazidə narkotik vasitələrin qanunsuz satışına qarşı mübarizə aparır, belə ki, narkotik vasitələrin uşaqlara, xüsusi ilə 15-16 yaşlarında olan qızlara satılmasına etiraz edir və narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə maneələr yaradır. Bu səbəbdən 6-cı PB-nin əməliyyatçıları tərəfindən saxlanılmışdır. Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyatçıları onu Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində yerləşən dostuna məxsus evdə olan zaman tutublar. O, saxlanılan zaman hazırda şahid qismində ifadə verən Şahid1 orada olmamışdır. O, Şahid1 Binəqədi RPİ-ni 6-cı PB-də olan zaman görmüşdür. Saxlanılan zaman ora iki əməliyyatçı yox, təxmini 8-9 nəfər polis gəlmişdir. Orada olan polis işçilərindən Asim, Nəsimi adlı şəxsləri tanıyır. Binəqədi RPİ-nin 6-cı PB-in işçiləri tərəfindən ona qarşı fiziki zorakılıq göstərilmişdir, belə ki, hazırda da ayaq nahiyəsində, qolunda eləcə də kürəyində həmin zorakığın əlamətləri qalmaqda davam edir. Bakı İstintaq təcridxanasına qəbul edilən zaman orada bədənində olan xəsarətlərin hansı səbəbdən yarandığını soruşan zaman o, yenidən Binəqədi RPİ-nin müvəqqəti saxlama yerinə qayıtmamaq üçün orada yıxıldığını və xəsarətlərin də bu səbəbdən əmələ gəldiyini bildirmişdir. Əİavə olaraq Binəqədi RPİ-nin 6-cı PB-də saxlanılan zaman onunla bərabər saxlanılan şəxslərdən birinin onun barəsində narkotik vasitələrin satışına qarşı mübarizə apardığı üçün DİN-in 102 xidmətinə şikayət verildiyini, saxlanıldıqdan sonra isə şikayət vermiş şəxsin şikayətini geri götürdüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə inspektoru vəzifəsində xidmət edir. ünvan 6 ünvanında yaşayan əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məşqul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs zahiri əlamətləri və tez-tez harada olduğu yer müəyyən edilmişdir. Onun cinayət başında yaxalanması üçün PB-nin rəisinə məruzə olunmuşdur. Belə ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair onun tərəfindən qəbul olunmuş qərar şöbə rəisi tərəfindən təsdiq olunmuşdur. Şahid2 Talib oğlu ilə birlikdə 06 sentyabr 2022-ci il tarixdə təxminən saat 10:30 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 6 ünvanının yaxınlığında olduğunu müşahidə etmişlər, yaxınlaşıb polis vəsiqələrini göstərərək özlərini təqdim edib həmin şəxsdən də özünü təqdim etməsini və onlarla birlikdə polis şöbəsinə getməyinin vacibliyini bildirmişlər. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs saxlanılma səbəbini anladığını bildirmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsnə getmişdir. Polis bölməsinin rəisinə bu bərədə məlumat verildikdən sonra təhqiqatçı tərəfindən cinayət təqibi üzrə müvafiq prosessual hərəkətlər həyata keçirilmişdir. Belə ki, PB-nin inzibati binasındakı otaqların birində vətəndaş Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyaları təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd ağ kağıza bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış: ilk öncə geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Vət. Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması tələb edildikdən sonra isə vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməsi təklif olunmuş, Təqsirləndirilən şəxs 1 ədəd ağ kağızdakı bükülmüş bükümün «heroin» deyilən narkotik vasitə olduğunu bildirmişdir. Ondan həmin bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyi sual edildikdə, narkotik vasitə istifadə etməsini, həmin bükümü öz istifadəsi üçün 10 manata metronun 20 yanvar stansiyasından tanımadığı şəxsdən alaraq üzərində gəzdirdiyini bildirmişdir. Narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini, satış məqsədi olmadığını, həmin narkotik vasitədən istifadə etməyə macal tapmadığını və narkotik vasitəni əldə etdiyi şəxsin anket məlumatlarını bilmədiyini, həmin şəxsi ilk dəfədir ki, gördüyünü bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə inspektoru Şahid2 məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdə, saat 11:40-da Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati otaqlarının birində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş büküm aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4819 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,205 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. xx.xx.2022-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Nokia” markalı mobil telefona baxış zamanı mobil telefonun üzərində hər hansı kart nömrəsinin olmadığı müəyyən edilmişdir. Baxış zamanı mobil telefonda istintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1016/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli, 5292 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2011-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CMin 234.1, 228.4-cü maddələri ilə təqsirli bilinib, 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə AR Milli Məclisinin xx.xx.2013-cü il tarixli amnistiya qərarının 3-cü bəndi tətbiq edilməklə çəkilməmiş 01 il 09 ay 02 gün cəzadan 6 ay çıxılmaqla qəti 02 il 06 ay cəzası saxlanılmışdır. xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib, 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-628/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında” xx.xx.2022ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin 6-cı PBnin inzibati otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş bükümü çıxarıb təqdim etmiş, həmin bükülünün içərisindəki maddənin “heroin” olduğunu bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini cinayət məsuliyyətini ağırlaşdıran hal kimi cinayətlərin residivi kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş qalıq çəkisi 0,155 qram narkotik vasitə “heroin” iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd DVD disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin özünü ona elan edilmiş ittihamla təqsirli bilməməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Təqsirləndirilən şəxs saxlanılan zaman orada Şahid1 iştirak etməməsinə münasibətdə qeyd edir ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə inspektoru Şahid1 Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməsi onun tərəfindən Binəqədi RPİ-nin 6-cı Polis bölməsinə ünvanlanmış raportla, onun üzərinə şəxsi axtarış və baxış istintaq hərəkətinin keçirilməsi haqqında protokol, eyni zamanda şəxsi axtarış və baxış istintaq hərəkətinin qeydə alındığı video yazı ilə sübuta yetirilir. Bundan əlavə məhkəmədə Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 6-cı PB-də saxlanılan zaman onunla bərabər saxlanılan şəxslərdən birinin onun barəsində narkotik vasitələrin satışına qarşı mübarizə apardığı üçün DİN-in 102 xidmətinə şikayət verildiyini, saxlanıldıqdan sonra isə şikayət vermiş şəxsin şikayətini geri götürdüyünü bildirməsi məsələsinin araşdırılması məqsədi ilə məhkəmə tərəfindən AR DİN X4 Xidmətinə sorğu verilmiş, məhkəmə tərəfindən verilmiş sorğuya cavabda xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs DİN-in “102” zəng xidməti mərkəzinə müraciətinin daxil olmadığı bildirilmişdir. Bundan əlavə təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qaldırdığını bildirməsi səbəbindən göstərilən faktların araşdırılması məqsədi ilə Bakı şəhəri Binəqədi rayon prokurorluğuna göstərilən xüsusatların araşdırılması məqsədi ilə məlumat göndərilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin özünü ona elan edilmiş ittihamla təqsirli bilməməsi, Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazində narkotik satışı ilə məşğul olan şəxslərlə mübarizə aparması səbəbindən CM-in 234.1-ci maddəsi ilə barəsində cinayət işinin başlanmasına dair verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxsin verdiyi ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. CM-in 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbnamənin və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib, 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs ağır cinayətin törədilməsinə görə məhkum edilmiş, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini cinayətlərin residivi kimi CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq yəni 06 sentyabr 2022-ci il tarixdə saat 10:30-da məhdudlaşdırıldırılmış, 06 sentyabr 2022-ci il tarixdə saat 11:40-da şübhəli şəxs qismində tutulmuş, 08 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1016/2022 nömrəli qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli, onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 06 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 06 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə xx.xx.2022-ci il tarixli, 5292 nömrəli rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,155 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 06 sentyabr 2022-ci il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,155 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-145/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-145/2023
17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver