Məhkəmə qərarları › İş №1(001)-145/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-145/2025

10.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-145/2025 10.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvələr məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-676/2024 nömrəli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan təbdiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,282 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,183 qram və 0,226 qram olmaqla xeyli miqdarda ümumi təmiz çəkisi 0,409 qram olan ağ rəngli kristalik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynillik təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 08 noyabr 2023-cü il tarixdə saat 12:00-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şossesi, “Elmar” marketin qarşısında Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 4 ünvanında yerləşən polis bölməsinə gətirilmiş və polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra həmin tarixdə saat 13:15-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,282 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,183 və 0,226 qram olmaqla xeyli miqdarda ümumi təmiz çəkisi 0,409 qram olan ağ rəngli kristalik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynillik təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyib, özünü həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini vaxtaşırı qəbul edirmiş. xx.xx.2023-ci il tarixdə səhər saatlarında, narkotik vasitə heroin və psixotrop maddə hesab olunan metafetamini şəxsi istifadəsi üçün Nəsimi rayonu Papanin adlanan ərazidən tanımadığı şəxsdən 30 manata alıb üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 12:00 radələrində Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi Elmar marketin qarşısında olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 6-cı PB-nə gətirmişlər. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə onun öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli kağız bükümdə heroin və 2 ədəd ağ rəngli kağıza və şəffaf sellofan bükümləri masanın üzərinə qoymuşdur. Üzərindən aşkar olunmuş “heroin” və “metafetamin” zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yalnız narkotik vasitələrdən istifadə etdiyini bildirərək, himayəsində 1 azyaşlı qızının olduğunu da nəzərə alaraq, məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 Nürəddin oğlu ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin 6-cı PB-nə daxil olmuş əməliyyat məlumatlarına əsasən xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işsiz, məhkum olunan, orta təhsilli, Bakı şəhəri ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin əldə edilməsi, daşıması və saxlaması ilə məşğul olmasına dair etimad doğuran, məlum və qərərsiz mənbədən əməliyyat məlumat daxil olmuşdur.Həmin məlumat əsasında raportla rəhbərliyə məruzə olunmuşdur, Binəqədi RPİ-nin 6-cı PB-də sahə rəisi polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır və o qrupun rəhbəri təyin edilmişdir. Daha sonra 08 noyabr 2024-cü il tarixdə saat 12:00 radələrində daxil olmuş məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Binəqədi şossesində yerləşən “Elmar” marketin yaxınlığında piyada olan zaman əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs adlı şəxsin zahiri əlamətləri ilə uyğun gələn şəxs onlar tərəfindən saxlanılmışdır. Onlar həmin şəxsə özlərini təqdim etmişlər və Binəqədi RPİ-nin 6-cı PB-nin polis əməkdaşları olduqlarını bildirmişər. Saxlanılan zaman həmin şəxs özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Daha sonra onlar tərəfindən Təqsirləndirilən şəxs bildirmişdilər ki, o, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəlidir. Onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün həmin şəxsi Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşaraq onunla birlikdə Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına gəlmişdir və inzibati binanın xidməti otaqların birinə dəvət olunmuşdur. Vəkil ona təqdim edildikdən və hüquq və vəzifələri bir daha izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir və bununla bağlı ərizə yazmışdır. Sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşyaları könüllü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində boz rəngli şalvarının sağ yan cibindən 03 (bir) ədəd ağ rəngli bükümləri çıxardaraq, masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində başqa qanunsuz əşya və yaxud predmet yoxdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir, lakin heç bir əşya yaxud predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs həmin masanın üzərinə qoyduğu maddənin deməsi təklif olunduqda, o, 02 ədəd bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin və 01 ədəd ağ kağız bükümdə narkotik maddə heroinin olduğunu bildirmişdir. Ondan həmin bükümləri haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə 02 ədəd bükümdə olan psixotrop maddə metamfetamini və 01 bir ədəd ağ kağız bükümdə narkotik vasitə heroini 08 noyabr 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu Papanin adlanan yerdən tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata aldığını və üzərində gəzdirdiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qəhvəyi rəngli maddə narkotik vasitə heroinə oxşar 01 ədəd ağ rəngli kağız büküm elektron tərəzinin üzərinə qoyulduqda çəkisi 0,38 qram təşkil etmişdir. Bundan sonra 01 ədəd ağ rəngli kağız bükümdə və 01 ədəd şəffaf sellofan bükümdə olan kristalşəkiili metamfetaminə oxşar maddələr elektron tərəzinin üzərinə qoyulduqda ümülikdə çəkisi 0,58 qram təşkil etmişdir. Aşkar edilən narkotik maddə heroin və psixotrop maddə metamfetamin boş ağ zərfə qoyularaq möhürlənmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol ucadan oxunmuş, həm zərf, həm də protokol şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. O, həmçinin ifadəsində etimad doğuran qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə heroini və psixotrop maddə metamfetamini daşıması və saxlaması barədə daxil olmuş məlumatın öz təsdiqini tapmasını, lakin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması ilə əlaqədar hansısa bir məlumat əldə olunmamasını bildirmişdir. Məhkəmə iclasında Şahid1 Nürəddin oğlu təqsirləndirilən şəxsin müdafiəçsi tərəfindən ona verilmiş suallara cavab olaraq ona və əməliyyat qrupunun digər üzvünə Təqsirləndirilən şəxs narkotik vasitələrinin satışı ilə məşğul olması barədə hər hansı bir əməliyyat məluatının daxil olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş digər şahid Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin polis sahə inspektoru, polis leytenantı Şahid2 oğlu digər Şahid1 Nürəddin oğlu ilə oxşar məzmunda ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Eyni zamanda şahid Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin polis sahə inspektoru, polis leytenantı Şahid2 təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən ona verilmiş suallara cavab olaraq ona və əməliyyat qrupunun digər üzvünə Təqsirləndirilən şəxs narkotik vasitələrinin satışı ilə məşğul olması barədə hər hansı bir əməliyyat məluatının daxil olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlamışdır. xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 14:10-da Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında şübhəli şəxs qismində tutulmuş, tutuma müddətinin əvvəli onun azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan yəni saat 12:50-dən hesablanmışdır. xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə o, əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana və 02 ədəd ağ kağıza bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoymuş, bundan sonra üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra isə vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adlarını deməklə təqdim etməsi təklif olunmuş, o, 01 ədəd ağ kağız bükümdə narkotik maddə heroinin olduğunu, digər 01 ədəd ağ rəngli kağız bükümdə və 02 ədəd şəffaf sellofan bükümlərdə isə “metafetamin” adlanan psixotrop maddə olduğunu bildirmişdir, ondan həmin bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə, həmin bükümü tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata, Bakı şəhəri, Nəsimi rayoni, Papanin adlanan ərazidən tanımadığı şəxsdən səhər saatlarında alaraq üzərində gəzdirdiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/5958 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «... Azərbaycan Respublikası DİN Zərflər üçün № 174» dairəvi möhür əksi “şübhəli şəxs : Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,282 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,183 qram, 226 qram ümumi təmiz çəkilləri 0,409 qram olan ağ rəngli kristalşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi üçün Binəqədi Rayon Məhkəməsinə təqdimat verilməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin İŞnin müstəntiqi Tahir Rəcəblinin xx.xx.2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respubika Narkoloji X4 şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 7341 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Binəqədi RPİ-nin 40-cı PB-də şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofona və 02 ədəd ağ rəngli kağıza bükülmüş bükümləri təqdim edərək, həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin və narkotik vasitə heroinin olduğunu və həmin maddələri 08 aprel 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” kimi tanınan ərazidə tanımadığı şəxsdən 30 manata aldığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd bükümləri açan zaman, 02 ədəd ağ rəngli kağız və şəffaf sellofan bükümlərdə metamfetaminəbənzər maddələr, 01 ədəd ağ rəngli kağız bükümdə isə heroinəbənzər maddə aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq baxış keçirilmiş, qanunla qadağan olunmuş başqa üzərindən heç bir predmet və ya əşya aşkar olunmur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2002-ci ildə CM-nin 76-cı maddəsinə əsasən 04 ay 05 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 06 ay müddətinı azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Müvafiq hökmün surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 6/6341 nömrəli rəyindən görünür ki, təhqiqata təqdim olunmuş üzərində AR Məhkəmə Ekspertiza mərkəzinə məxsus, təhqiqat obyekti № 63” ştamp əksi, “Ekspert rəyi 6/ 5958 ..09 noyabr 2023-cü il... Binəqədi RPİ 6-cı PB” və s.yazılar olan bir ədəd kağız paketin içərisində bir ədəd zərfdə olan Təqsirləndirilən şəxs aşkar edilmiş 2 ədəd bükümdə olan metamfetaminlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynidirlər. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və maddi sübutun tanınması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif olunmuş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,282 qram, ekspert tədqiqatından sonra qalıq qalan 0,232 qram narkotik vasitə heroin, 02 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 0,409 qram ekspert tədqiqatından sonra qalıq qalan 0.309 qram metamtetamin Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 1 (bir) ədəd CD-R disk iş üzrə sübut əhəmiyyəti kəsb etmələri nəzərə alınmaqla maddi sübut kimi tanınmış və saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-676/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından Təqsirləndirilən şəxs əməli AR CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaq orqanının təqsirləndirilən şəxsə AR CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürərkən istinad etdiyi sübutların ayrı-ayrılıqda tədqiq edilməsini, həmin sübutlara şəxsə qeyd olunan maddə ilə ittiham irəli sürülməsi üçün kifayət etməsi baxımından qiymət verilməsini zəruri hesab edir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs tərəfindən imzalanmış komputer vasitəsi ilə yazılmış ifadələrdə təqsirləndirilən şəxsin üzərində aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə hesab olunan metafetamini şəxsi istifadəsi üçün Nəsimi rayonu Papanin adlanan ərazidən tanımadığı şəxsdən 30 manata alıb üzərində saxlamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işi üzrə ibtidai istintaq xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə aparılmışdır. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və maddi sübutun tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli heç bir mötəbər dəlilə əsaslanmadan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs tərəfindən istintaqa verilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olduğunu, üzərindən aşkar edilərək götürülümüş narkotik vasitə və psixotrop maddəni satış məqsədilə əldə etmədiyini bildirmişdir. Eyni zamanda məhkəmə iclasında cinayət işi üzrə şahidlər Şahid1 Nürəddin oğlu və Şahid2 hər biri ayrı-ayrılıqda təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən ona verilmiş suallara cavab olaraq əməliyyat qrupunun üzvlərinə Təqsirləndirilən şəxs narkotik vasitələrinin satışı ilə məşğul olması barədə hər hansı bir əməliyyat məluatının daxil olmadığını bildirmişlər. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7341 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi, təqsirləndirilən şəxsdə narkotik vasitələr və psixotrop maddələrin birgə qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyi aşkar olunur ki, bu hal özü də təqsirləndirilən şəxsin əldə edərək üzərində saxladığı narkotik vasitə və psixotorp maddəni şəxsi istifadəsi üçün əldə etməsinin real və inandırıcı olmasına dəlalət edən hallardan biridir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin ifadəsini, şahid ifadələrini və yuxarıda sadalanan iş materiallarını Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittiham üzrə təqsirliliyinin sübuta yetilməsi üçün kifayət olması qənaətinə gəlib onu CM-in 234.2-ci maddəsi ilə təqsirli bilsə də, ittiham aktında nəinki çoxsaylı sübutlara, narkotik vasitə və psixotrop maddənin satılmasını təsdiq edən hər hansı bir sübuta istinad etməmiş, sadəcə ümumi ifadələrdən istifadə etməklə kifayətlənmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CMdə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. İbtidai araşdırma zamanı toplanmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,282 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,183 qram və 0,226 qram olmaqla xeyli miqdarda ümumi təmiz çəkisi 0,409 qram olan ağ rəngli kristalik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynillik təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımışdır. Lakin, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynamasına baxmayaraq Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən etməmiş və sadəcə təqsirləndirilən şəxsin üzərindən bir neçə büküm aşkar edildiyindən, onun bu bükümləri satış məqsədilə əldə etdiyi qənaətinə gələrək, ona AR CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilməsini məqbul hesab etmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərdən də (polis əməkdaşları) heç biri Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı tutarlı sübuta dayanan məlumat verməmiş və istintaq orqanına Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dair məlumat daxil olmadığını bildirmişlər. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də ki, məhkəmə istintaqı zamanı onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər, bükümlərin sayının çoxluğu və sair) təsdiq olunmalıdır. Digər tərəfdən, iş materiallarının təhlili göstərir ki, Təqsirləndirilən şəxs onda aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini nə vaxtsa satmaq üçün əldə etməsi, kiminləsə sövdələşərək həmin narkotik vasitəni həmin şəxsə satacağına dair hər hansı sübut olmamış və bu hallar sadəcə ehtimal xarakteri daşımışdır. Bundan başqa, satılacaq narkotik vasitənin müqabilində Təqsirləndirilən şəxs kimdənsə hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir. Məhkəmə, həmçinin qeyd edir ki, şəxsin üzərindən 3 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə narkotik vasitə heroin və psixotrop maddə metamfetaminn aşkarlanması faktı yuxarıda sadalanan digər mühüm halların müəyyən edilmədiyi halda, yalnız öz-özlüyündə həmin şəxsin narkotik vasitələ və psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Halbuki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində verilmiş izaha əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satışı məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə onun üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. Məhkəmə yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, ibtidai istintaq orqanının gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə ittiham olunduğu əməli CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd edilən AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin özünü CM-nin 234.2-ci maddəsi iə təqsirli bilməsə də, Cm-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, məhkumluğu olmamasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq yəni xx.xx.2023-cü il tarixdə saat 14:10-da məhdudlaşdırıldırılmış, həmin gün saat 15:10-da şübhəli şəxs qismində tutulmuş, 09 noyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə saat 17:10-dan 17:40-a kimi təqsirləndirilən şəxs qismində dindirilmişdir. xx.xx.2023-cü il tarixdə Habil Mikayıl oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Tahir Rəcəblinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, onun barəsində axtarış elan olunmuş və cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı İstintaq Təcridxanası tərəfindən məhkəməyə daxil olmuş məktuba əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdən bu günə kimi həbsdə saxlanılmışdır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 09 noyabr 2023-cü il tarixdən 10 noyabr 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 06 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,232 qram narkotik vasitə heroin və 0,309 qram metamtetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş ümumilikdə 160 (yüz altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 60 (altmış) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 (altmış) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351- 353, 356-358 və 385-ci maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 06 dekabr 2024-cü il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,232 qram narkotik vasitə heroin və 0,309 qram metamtetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş ümumilikdə 160 (yüz altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar