Məhkəmə qərarları › İş №1(001)-147/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-147/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-147/2025 14.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Xocavənd rayonu Əmirallar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Xocavənd rayonu Əmirallar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, nömrəsiz evdə yaşayan, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 iyul 2024-cü ildə, saat 22 radələrində ictimai yer hesab olunan Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan dairəsində yerləşən «Daffman» adlanan təkər sexinin qarşısında idarə etdiyi «Kia» markalı avtomobilini dayanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi «Opel» markalı avtomobilin qarşısında saxlamaqla həmin avtomobilin hərəkətini məhdudlaşdırıb avtomobildən enməklə həmin avtomobilə yaxınlaşıb Zərərçəkmiş şəxs2 və həmin vaxt avtomobildə sərnişin oturacağında əyləşən Zərərçəkmiş şəxs1 guya onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tədbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib silah qismində istifadə olunan mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs1 çənə nahiyyəsindən bir dəfə qəsdən vurub çənənin sol yarısının cərrahi tikişli kəsilmiş yarası ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri və eyni bıçaqla Zərərçəkmiş şəxs2 sol qolundan bir dəfə qəsdən vurub sol saidin yuxarı 1/3-in arxa səthinin cərrahi tikişli kəsilmiş yarası ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid ilə təxminən 1 ilə yaxındır ki, qeyrirəsmi ər-arvad münasibətində yaşayır. Özü taksi fəaliyyəti ilə məşğul olur. Samirə ilə Bahar tanışdırlar. Samirənin deməsinə görə, onlar əvvəllər rəfiqə olmuşlar, sonradan isə münasibətləri korlanmışdır. xx.xx.2024-cü ildə saat 18 radələrində yaşadığı evdən Samirəni götürüb Xırdalan dairəsinə gətirmişdir. Yolda Samirə ona, tanışı Baharın ona zəng vurduğunu, Baharın qeyri rəsmi ər-arvad münasibətində yaşadığı, onunda tanıdığı Məhəbbətin onun anasının və bacısının ünvanına pis ifadələr işlətdiyini demişdir. O, Samirəyə anasının 65 yaşı olduğunu, anasının necə pis yola düşə biləcəyini gülərək ondan soruşmuşdur. Samirədə ona inanmırsan gedək Məhəbbətin yaşadığı evdə ondan soruş demişdir. O, Samirə ilə birlikdə Məhəbbətin yaşadığı evə gəlmişdir. Məhəllədə Samirə maşında oturmuş, o Məhəbbəti çağırıb ondan Samirənin ona dediklərinin səbəbini soruşmuşdur. Məhəbbət ona and içərək bunun yalan olduğunu, nə onun, nədə ki, Baharın onun haqqında elə ifadələr işlətmədiklərini bildirmişdir. Bundan sonra Samirə ilə birlikdə Xırdalan qəsəbəsinə Samirəyə kreditə telefon almağa getmişlər. xx.xx.2024-cü ildə təxminən saat 22 radələrində Xırdalandan qayıtdıqları zaman Xırdalan dairəsində Məhəbbətin avtomobilinin dayandığını və onun yanında isə Baharı görmüşdür. O, avtomobili həmin vaxt sağa çəkmiş və Baharın onun haqqında nə isə danışdığından əsəbləşdiyinə görə avtomobili saxlamışdır. Samirə ona bildirmişdir ki, etmə, bir qələtdi edib. Onun sözünə məhəl qoymayaraq, avtomobildə olan mətbəx təyinatlı bıçağı götürüb, avtomobildən düşüb Bahara tərəf getmişdir. Məhəbbətin maşınına yaxınlaşıb Baharın oturduğu qapını açıb əlində olan bıçağı Baharın çənəsinə dirəyib nəyə görə onun anasının, bacısının haqqında pis sözlər dediyini soruşmuşdur. Baharı qorxudarkən Məhəbbət gəlib onu geri çəkmişdir. Həmin zaman bıçaq ehtiyatsızlıqdan Baharın çənəsini kəsmişdir. Məhəbbət onu avtomobildən kənara çəkmiş və onunla itələşməyə başlamışdır. Həmin zaman əlində olan bıçaq Məhəbbətin qoluna dəymişdir. Bundan sonra ətrafda olan adamlar onları aralamış və o, avtomobilinə minib olduğu yeri tərk etmişdir. Daha sonra isə özü polis bölməsinə gəlmişdir. Zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şahid ilə 2018-ci ildən rəfiqəsinin vasitəsilə tanış olmuşdur. Sonradan rəfiqəlik edib, ailəvi get-gəli yaranmışdır. Samirənin daha sonra yüngül həyat tərzi yaşadığını eşidib onunla əlaqələrini kəsmişdir. Həmin vaxtdan etibarən Samirə onun haqqında müxtəlif şaiyələr yayıb, onu döydüyünü, haqqında əxlaqsız sözlər işlətdiyini deyib ortaq tanışları ilə barəsində nalayiq ifadələr demişdir. Eyni zamanda, ailə üzvlərinin haqqında pis-pis sözlər danışıb ailəsini alçaltmışdır. Bu səbəbdən, o dəfələrlə ona xəbərdarlıq etmişdir. Təxminən 4 ilə yaxındır ki, mütəmadi olaraq aralarında sözlə mübahisələri olmuşdur. Buna səbəb Samirənin ona qarşı xoşagəlməz əməllərini davam etdirməsi olmuşdur. Sonuncu dəfə mübahisələri xx.xx.2024-cü ildə baş vermişdir. Həmin tarixdə Samirə onun haqqında ondan pul istədiyini, onu döydüyünü, saçını yolduğunu deyib onu alçaltmışdır. Bunu eşidib onun mobil nömrəsinə Vhatsapp tətbiqi vasitəsilə, səsli mesaj göndərib bir daha bu cür hallara yol verməməsini xahiş etmişdir. Həmin tarixdən etibarən Samirənin qeyri-rəsmi yaşadığı Mütalib adlı şəxs onun qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs2 yaşadığı Masazır qəsəbəsində yerləşən evinə gedib Samirə ilə birgə ona hədə-qorxu gəlib, ondan şikayət edəcəyi təqdirdə onu öldürəcəyini bildirmişdir. Lakin, o ona bir daha onun haqqında pis-pis ifadələr işlətsə şikayət edəcəyini bildirmişdir. Həmin tarixdən etibarən Mütalib adlı şəxs qeyri-rəsmi yaşadığı Məhəbbətin avtomobilini təqib edərək onu tapmaq istəmişdir. Qorxub yaşadığı Masazır qəsəbəsindəki fərdi evi tərk etmişdir. xx.xx.2024-cü ildə saat 22 radələrində Məhəbbətin idarə etdiyi “Opel Astra” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masazır qəsəbəsi, Yeni Saray şadlıq evinin yaxınlığından üzü Xırdalan dairəsinə tərəf gəlirmişlər. Həmin vaxtda Mütalib “Kia” markalı avtomobil ilə onları təqib edirmiş. Onlar birgə Xırdalan dairəsinə tərəf hərəkətdə olarkən Daffman təkər sexinin qarşısında Mütalib öz avtomobili ilə onların maşının önünü kəsmiş, maşından düşüb əlində mətbəx təyinatlı bıçaqla avtomobilə yaxınlaşmış, Samirə isə onun maşınından düşüb əli ilə onları Mütalibə göstərmişdir. Məhəbbət bunu görüb Mütalibin idarə etdiyi maşına tərəf gələrək onun əyləşdiyi tərəfdə maşının sağ arxa qapısını açmışdır. O, qapını açan kimi əlindəki bıçaqla onu vurmaq istəmişdir. O, ona mane olmaq istəsə də, o qapını açıb sağ əlindəki bıçaqla onun çənə nahiyəsinə tərəf bir dəfə zərbə endirmişdir. Məhəbbət maşından düşüb ona mane olmaq istəyəndə, Mütalib Məhəbbətin sol qoluna bir zərbə endirib qaçıb avtomobilinə əyləşib uzaqlaşmışdır. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Sonra TTY-a zəng vurub kömək istəmişdir. Hadisə yerinə gələn TTYX-nin əməkdaşları ilə X3 getmiş, orada onlara ilkin tibbi yardım göstərib evə buraxmışlar. Təqsirləndirilən şəxsdən şikayətçidir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə bir ilə yaxındır ki, qeyri-rəsmi ailə münasibətində yaşayır. Bu müddət ərzində Baharın keçmiş rəfiqəsi Şahid tərəfindən dəfələrlə narahat edildiyini eşitmişdir. Çünki, Samirə onun haqqında müxtəlif şayiələr yayıb, onu döydüyünü, haqqında əxlaqsız sözlər işlətdiyini deyib ortaq tanışlarına nalayiq ifadələr deyirmiş. Eyni zamanda, Samirə Baharın ailə üzvləri haqqında tanışlarına danışıb onları alçaldırmış. Bu səbəbdən, Bahar dəfələrlə Samrəyə zəng vurub bu əməllərinə son qoymasa ondan polisə şikayət edəcəyini demişdir. Son dəfə Bahar ona bu barədə xx.xx.2024-cü ildə bildirmişdir. Həmin tarixdə Samirə Bahar haqqında ortaq tanışlarına Baharın ondan pul istədiyini, onu döydüyünü, saçını yolduğunu deyib alçaltmışdır. Bu barədə aralarında telefon vasitəsilə virtual olaraq söz-söhbətləridə olmuşdur. Bahar həmin tarixdə Samirəni polisə şikayət ərizəsi yazıb verəcəyi ilə qorxutmuşdur. Həmin tarixdən etibarən Samirənin qeyri-rəsmi yaşadığı Mütalib adlı şəxs onun yaşadığı Masazır qəsəbəsində yerləşən evə gəlib, Samirə ilə birgə ona hədə-qorxu gəlib, Baharın şikayət ərizəsini geri çəkmədiyi təqdirdə Baharı öldürəcəyini bildirmişdir. Həmin tarixdən etibarən Mütalib onun avtomobilini təqib edərək Baharı tapmaq istəmişdir. xx.xx.2024-cü ildə saat 20 radələrində o, Xırdalan dairəsində taksi fəaliyyəti ilə məşğul olarkən Mütalib onu görüb bir daha Baharı öldürəcəyini bildirmişdir. Daha sonra o, Masazıra getmişdir. Təxminən saat 22 radələrində o, idarə etdiyi özünə məxsus “Opel Astra” markalı,**-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masazır qəsəbəsi, Yeni Saray şadlıq evinin yaxınlığından üzü Xırdalan dairəsinə tərəf Baharla birgə gəlirmiş. Həmin vaxtda Mütalib “Kia” markalı avtomobili ilə onları təqib edirmiş. Onlar birgə Xırdalan dairəsinə tərəf hərəkətdə olarkən Daffman təkər sexinin qarşısında Mütalib öz avtomobili ilə onların maşının önünü kəsmiş, maşından düşüb əlində mətbəx təyinatlı bıçaqla onların avtomobilinə yaxınlaşmış, Samirə onun maşınından düşüb əli ilə onları Mütalibə göstərmişdir. O bunu görüb maşından düşmüş, Mütalib qaçıb Baharın əyləşdiyi tərəfdə maşının sağ yan qapısını açmış və o ona mane olmaq istəsə də, o qapını açıb sağ əlindəki bıçaqla Baharın çənə nahiyəsinə tərəf bir dəfə zərbə endirmişdir. O bu zaman onu tərki-silah etmək üçün cəhd etmiş, lakin, o onun sol qoluna tərəf bıçaqla bir zərbə endirib qaçıb avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Daha sonra Bahar bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Daha sonra hadisə yerinə gələn X4 Xidmətinin əməkdaşlarının müşayiəti ilə X3 getmişlər. Orada onlara ilkin tibbi yardım göstərilmiş və onlar çıxıb yaşadıqları evə gəlmişlər. Təqsirləndirilən şəxsdən şikayətçidir. Şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 1 ilə yaxındır ki, qeyri-rəsmi yaşayır. 2018-ci ildən Zərərçəkmiş şəxs1 ilə dostluq münasibəti yaranmışdır. Bahar ilə rəfiqəsinin vasitəsi ilə tanış olmuşdur. Baharla sonradan aralarında mübahisələr olduğu üçün ondan uzaqlaşmışdır. Təxminən 1 ay bundan öncə Bahar ona mesaj ataraq bildirmişdir ki, mənim bacım yoxdur, sən mənim bacımsan, gəl barışaq. O da onu bağışlamış və dostluq münasibəti yenidən başlamışdır. xx.xx.2024-cü ildə saat təxminən 16 radələrində Mütalib ilə 20 yanvardan qayıdan zaman Baharın qeyrirəsmi yaşadığı Məhəbbəti Xırdalan dairəsində görmüşlər və Mütalib ona yaxınlaşmışdır. Lakin, Mütalibin Məhəbbətlə nə danışdığını o, bilməmiş, çünki həmin vaxt o Mütalibin idarə etdiyi avtomobildə oturmuşdur. Məhəbbət və Mütalib təxminən 5 dəqiqə söhbət etmişlər. Onlar söhbət etdikdən sonra Mütalib qayıdıb gəlmişdir. Onlar Mütaliblə birlikdə Xırdalan qəsəbəsinə ona kreditə telefon almağa getmişlər. xx.xx.2024-cü ildə təxminən saat 22 radələrində Xırdalandan qayıdıb, Mütalib onu yaşadığı ünvana aparan zaman Xırdalan dairəsində Məhəbbətin avtomobilinin dayandığını və onun yanında isə rəfiqəsi Baharı görmüşlər. Mütalib avtomobilini həmin vaxt sağa çəkmiş və Baharın onun haqqında nə isə danışdığına görə əsəbləşdiyinə görə avtomobili saxlamışdır. O, isə Mütalibə bildirmişdir ki, etmə, bir qələtdi edib. Mütalib onun sözünə məhəl qoymayaraq, avtomobildə olan mətbəx təyinatlı bıçağı götürüb, avtomobildən düşüb Bahara tərəf getmişdir. Həmin vaxt qorxduğu üçün avtomobildən enmiş və orada dayanan taksilərdən birinə minib Abşeron rayonu, Masazır qəsəbəsinə yaşadığı evə getmişdir. Bundan sonra baş vermiş hadisə barədə heç bir məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə 12 iyul 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1384 № rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət - çənənin sol yarısının cərrahi tikişli kəsilmiş yarası iti kənarlı əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 06 iyul 2024-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan iti kənarlı əşya ilə (alətlə), ola bilsin bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (cild 1, i.v 26-28). Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1385 № rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol saidin yuxarı 1/3-in arxa səthinin cərrahi tikişli kəsilmiş yarası iti kənarlı əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 06 iyul 2024-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə iti kənarlı əşya ilə (alətlə), ola bilsin bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (cild 1, i.v 29-31). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 69). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 86-87) Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbrinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla üç ay müddətinə həbs qətimkan tədbri seçilmişdir (cild 1, i.v 110- 114). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi qismən öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin, şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli Tələbnamədən görünür ki, Rüstəmov X2 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü əsasında CM-in 149.2.3-cü maddəsi ilə təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, i.v 123-124). Qeyd edilən bu hallar Cinayət Məcəlləsinin 18.1-ci və 83.3.4-cü maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs əməlində residivin mövcudluğunu təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə müvafiq olaraq, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda aydın olur ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə yaranmış məhkumluğu ödənilmədən, yenidən qəsdən az ağır cinayət törətmişdir. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən isə, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və ona, təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən etmir. Təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur, mülki iddia verilməmişdir. Qeyd edilənlərlə yanaşı məhkəmə, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzaçəkmə müddətinin əvvəlinin 12 iyul 2024-cü il tarixdən hesablanmasını, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsini əsaslı hesab edir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 25 (iyirmi beş) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 12 iyul 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 150 (yüz əlli) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökm verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar