Məhkəmə qərarları › İş №1(001)-149/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-149/2024

25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-149/2024 25.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş (məhkumluğu ödənilməmiş və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Fövqəladə yolu adlanan ərazidə yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PXin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx.xx.2023-cü il tarixdə saat 19:25-də Binəqədi rayonu Ə.ünvan 3-da yerləşən “Sabina” gözəllik salonundan Zərərçəkmiş şəxs məxsus içərisində 500 manat dəyərində Azərcell MMC-yə məxsus ***-***-**-** sim nömrəsi olan 3260 manat dəyərində İphone 14 Pro markalı mobil telefonu, içərisində 6 manat dəyərində Azercell MMC-yə məxsus ***-***-**-** sim nömrəsi olan 1600 manat dəyərində Samsung S22 markalı mobil telefonu, “Maykl Cors” firmasına məxsus 200 manat dəyəri olan çantanı, həmin çantanın içərisində 10 manat dəyəri olan “Tianyuan” markalı pul kisəsini, 130 manat nağd pulu, 200 manat dəyərində “Tonford” markalı 100 mq ətiri, 1 ədəd 5 manat dəyərində əl güzgüsünü, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqəsini, Hyunday Elantra markalı ** LJ *** dövlət nömrə nişanlı avtomaşına aid etibarnaməni, qeydiyyat şəhadətnaməsi, Kapital və Unibanka məxsus bank kartlarını gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 5911 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində Binəqədi rayonu Ə.Naxçıvani küçəsi ilə piyada hərəkət edərək “Sabina” gözəllik salonunun qarşısından keçən zaman salonun qapısının açıq olduğunu və qapının yanındakı divan və stolda çanta və 2 ədəd telefon olduğunu görmüşdür. O, salonda olan iki nəfər qadının başlarının qarışmasından istifadə edərək mobil telefonları və çantanı götürüb oradan uzaqlaş, bir qədər sonra çantanı açıb içərisinə baxdıqda 130 manat nağd pul, ətir, şəxsiyyət və sürücülük vəsiqəsinin, 1 ədəd əl güzgüsünün, avtomaşına aid etibarnamə, qeydiyyat şəhadətnaməsinin və bank kartlarının olduğunu görmüşdür. O, çantadan 130 manat pulu və 1 ədəd Samsung S22 markalı mobil telefonu götürmüş, güzgüyə baxdıqdan sonra kənara tullamış, yerdə qalan 1 ədəd İphone 14 Pro markalı mobil telefonu, çantanı, sənədləri ataraq oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Səhəri gün o, Samsung markalı mobil telefonu 20 Yanvar metrosunun yaxınlığında yerləşən lombarda girov qoyaraq 400 manat pul almışdır. Törətdiyi cinayət əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışıq əldə edərək ona vurulmuş ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Binəqədi rayonu, Ə.ünvan 3 ünvanında yerləşən tanışı Səbinəyə məxsus “Sabina” gözəllik salonuna getmiş, salona daxil olduqdan sonra bir ədəd İphone 14 Pro markalı və bir ədəd Samsung S22 markalı mobil telefonunu və çantasını salonun girişində olan stolun üzərinə qoymuşdur. Təxminən 3 saat salonda olmuş və saat 19 radələrində ani olaraq çantasının stolun üstündə olmadığını görmüşdür. O, diqqətlə baxdıqda mobil telefonlarında stolun üzərində olmadığını görmüşdür. O, bu barədə Səbinəyə dedikdən sonra onunla birlikdə salonun təhlükəsizlik kamerasına baxdıqda tanımadığı bir nəfər şəxsin salona daxil olaraq çantanı və mobil telefonları götürüb getdiyini görmüşdür. O, mobil telefonlarının və çantasının oğurlandığını müəyyən etdikdən sonra bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Verdiyi məlumatdan dərhal sonra Binəqədi RPİ-nin 5-ci PB-nin əıməkdaşları gələrək müəyyən sənədləşmə aparmışdırlar. Həmin günü təxminən 3-4 saat sonra polis əməkdaşları İphone markalı mobil telefonunun, pul kisəsinin, çantanın, 1 ədəd əl güzgüsünün, şəxsiyyət və sürücülük vəsiqəsinin, idarə etdiyi Hyunday Elantra markalı ** LJ *** dövlət nömrə nişanlı avtomaşına aid etibarnamənin, qeydiyyat şəhadətnaməsinin, Kapital və Unibanka məxsus bank kartlarının tapıldığını bildirmişdirlər. Həmin əşyalar ona təqdim edildikdə o, onları tanımış və ona məxsus olduğunu bildirmişdir. O, polis əməkdaşlarından təqdim olunan əşyaların haradan əldə olunmasını maraqlandıqda polis əməkdaşları həmin əşyaların hadisə yerindən bir qədər kənarda tapıldığını, lakin Samsung S22 markalı mobil telefonun və 130 manat nəğd pulun isə tapılmadığını demişlər. Digər telefonuda bir müddət sonra tapılıb ona verilmişdir. Oğurluq hadisəsi ilə bağlı ona vurulmuş ziyan tamamilə ödənildiyindən təqsilrəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “Sabina” gözəllik salonu ona məxsusdur. Zərərçəkmiş şəxs isə onun rəfiqəsidir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Günel gözəllik salonuna gəlmiş və salona daxil olduqdan sonra mobil telefonlarını və çantasını salonun girişində olan stolun üzərinə qoymuşdur. Günel təxminən 3 saat salonda olmuş və həmin müddət ərzində salonda onunla Güneldən başqa heç kim olmamışdır. Saat 19 radələrində o, salonun digər otağında paltarını dəyişən zaman Güneldən su gətirməsini xahiş etmiş və Günel su verdikdən sonra ani olaraq çantasının stolun üstündə olmadığını demişdir. Bundan sonra o, Günellə birlikdə salonun təhlükəsizlik kamerasına baxdıqda tanımadığı bir nəfər şəxsin salona daxil olaraq Günelə məxsus çantanı və mobil telefonları götürüb getdiyini görmüşlər. Bundan sonra Günel mobil telefonlarının və çantasının oğurlanmağı ilə bağlı DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və verdiyi məlumatdan dərhal sonra Binəqədi RPİ-nin 5-ci PB-nin əıməkdaşları gələrək müəyyən sənədləşmə aparmışlar. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2023-cü il tarixdə olan oğurluq hadisəsi Binəqədi rayonu Ə.ünvan 3-da yerləşən “Sabina” gözəllik salonunda baş vermiş və hadisə yerinə baxış keçirilən zaman vətəndaş Zərərçəkmiş şəxs tərəfindən müşahidə kameraları vasitəsilə qeydə alınmış görüntülər təqdim edilmişdir. Görüntüyə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və əlavə edilmiş dikdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19:26-də Binəqədi rayonu, Ə.ünvan 4 ünvanında quraşdırılmış görüntü 0.10 saniyə davam edir, görüntüdə əynində göy rəngli cins şalvar olan, ağ rəngli saruşka, qara rəngli ayaqqabı olan şəxsin qadın salonuna daxil olaraq masanın üzərindən çantanı götürməsi əks olunmuşdur. Maddi sübutların götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Binəqədi RPİ-nin 5-ci PB-nin polis əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs məxsus İphone markalı mobil telefon, pul kisəsi, çanta, 1 ədəd əl güzgüsü, şəxsiyyət və sürücülük vəsiqəsi, idarə etdiyi Hyunday Elantra markalı ** LJ *** dövlət nömrə nişanlı avtomaşına aid etibarnamə, qeydiyyat şəhadətnaməsi və bank kartları tapılaraq götürülmüşdür. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)- 1019/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə “həbs” qətimkan tədbiri seçilərək, onun həbsdə saxlanılma müddəti 04 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisə yerini göstərib, hadisənin necə baş verməsini əyani təsvir etmişdir. Könüllü təqdim etmə, baxış keçirmə və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Samsung S22 markalı mobil telefon Şahid1 tərəfindən istintaqa təqdim edilmiş və həmin telefonun 23 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfinən lombarda qoyulduğunu bildirmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və müvfaiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-34/2020 nömrəli hökmü ilə CM-in 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Bundan sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixdə qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs cəzası 2 il 6 aya endirilmiş və sonuncu xx.xx.2022-ci il tarixdə cəzanın sonu ilə azad olmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7728 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadə də olması nəzərə alınmaqla 2023-cü ilin sentyabr ayına olan tarixə orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir:

1. “İphone 14 Pro” markalı mobil telefon – 1 ədəd, 2100 manat;

2. “Samsung” markalı, “SM-S906B/DS” model mobil telefon – 1 ədəd, 1300 manat;

3. Çəhrayı rəngli, açılıb-bağlanan əl güzgüsü - 1 ədəd, 3 manat;

4. Qara rəngli, üzərində “Michael Kors” yazısı olan, zərcirbəndlə açılıb-bağlanan çanta – 1 ədəd, 80 manat;

5. Üzərində “Tianyuan” yazısı olan, zərcirbəndlə açılıb-bağlanan pul kisəsi – 1 ədəd, 5 manat;

6. ***-***-**-** saylı GSM nömrə - 1 ədəd, 4 manat;

7. ***-***-**-** saylı GSM nömrə - 4 manat; Cəmi: 3496 manat. Sübutların qiymətləndirilməsi haqqında kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə 1 (bir) ədəd "xxxx" MMC-nə məxsus ***-***-**-** saylı telefon nömrəsi, 1 (bir) ədəd “İphone 14 Pro” markalı mobil telefon, 1 (bir) ədəd “Samsung S22” markalı mobil telefon, 1 (bir) ədəd “Maykl Cors” markalı çanta, 1 (bir) ədəd “Titanyum” markalı pul kisəsi, 1 (bir) ədəd əl güzgüsü, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqələri, “Hyundai Elantra” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid etibarnamə və qeydiyyat şəhadətnaməsi, "xxxx" ASC və "xxxx" ASC-nə məxsus bank kartları, eləcə də 1 (bir) ədəd diks maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmış, eləcə də 1 (bir) ədəd diks iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam ödənilmiş və onunla barışmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadələri, eləcə də ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.4-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-34/2020 nömrəli hökmü ilə CM-in 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Bundan sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixdə qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs cəzası 2 il 6 aya endirilmiş və sonuncu xx.xx.2022-ci il tarixdə cəzanın sonu ilə azad olmuşdur. Hazırda baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs CMin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini 22 sentyabr 2023-cü il tarixdə törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və sonuncu qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını və məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və həmin məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-1019/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə “həbs” qətimkan tədbiri seçilərək həbsdə saxlanılma müddətinin əvvəli 04 oktyabr 2023-cü il tarixdən hesablanmış və sonuncu həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 04 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd "xxxx" MMC-nə məxsus ***-***-**-** saylı telefon nömrəsi, 1 (bir) ədəd “İphone 14 Pro” markalı mobil telefon, 1 (bir) ədəd “Samsung S22” markalı mobil telefon, 1 (bir) ədəd “Maykl Cors” markalı çanta, 1 (bir) ədəd “Titanyum” markalı pul kisəsi, 1 (bir) ədəd əl güzgüsü, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqələri, “Hyundai Elantra” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid etibarnamə və qeydiyyat şəhadətnaməsi, "xxxx" ASC və "xxxx" ASC-nə məxsus bank kartlarının sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 50 (əlli) manat məbləğində olan pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 04 oktyabr 2023-cü il tarixdən hesablanmaqla, həbsdə saxlanılma müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd "xxxx" MMC-nə məxsus ***-***-**-** saylı telefon nömrəsi, 1 (bir) ədəd “İphone 14 Pro” markalı mobil telefon, 1 (bir) ədəd “Samsung S22” markalı mobil telefon, 1 (bir) ədəd “Maykl Cors” markalı çanta, 1 (bir) ədəd “Titanyum” markalı pul kisəsi, 1 (bir) ədəd əl güzgüsü, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqələri, “Hyundai Elantra” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid etibarnamə və qeydiyyat şəhadətnaməsi, "xxxx" ASC və "xxxx" ASC-nə məxsus bank kartlarının sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 50 (əlli) manat məbləğində olan pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar