Məhkəmə qərarları › İş №1(001)-149/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-149/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-149/2025 26.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxxxx 1985-ci ildə Biləsuvar rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1109/2024 saylı, 12 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 66.5-ci maddələri ilə qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş,Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış sahəsi 22/12 nömrəsiz fərdi evdə yaşamış, başqa cinayət işi üzrə barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penetensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmək və aldatmaq yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun qohumu olan Tamilla adlı şəxsin 3.500 manat pul qarşılığında işlədiyi Fizioterapiya və Reabilitasiya Mərkəzində fizioterapevt-həkim vəzifəsində saxlanılacağına köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs tərəfindən 2022-ci ilin avqust ayının əvvəllərində ünvan 1 ünvanında yerləşən “Araz” mağazasındakı “Milliön" ödəmə terminalı vasitəsi ilə 1.000 manat, bundan iki gün sonra Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 36 ünvanında yerləşən "xxxx" ASC-ə aid ödəmə terminalı vasitəsi ilə 1.000 manat, 09 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində Zərərçəkmiş şəxs mobil telefonunda olan "xxxx" ASC-ə aid mobil tətbiq vasitəsi ilə 1.500 manat pul vəsaitinin özünə məxsus 4098 5844 6495 1399 "xxxx" ASC-nin nəznində fəaliyyət göstərən “Leobank” hesabına köçürülüməsi yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 3.500 manat məbləğdə nağd pul vəsaitini ələ keçirməklə aldadaraq Zərərçəkmiş şəxs 3.500 (üç min beş yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham elan edilərkən özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, onun iki övladı vardır.Fiziki və psixoloji xəstəliyi yoxdur, əqli cəhətdən sağlamdır.Əvvəllər dələduzluq cinayətləri ilə məhkum olunmuşdur, hal-hazırda başqa cinayət işi üzrə cəza çəkir.O, müxtəlif tibb müəssisələrində çalışsa da, sonuncu dəfə “Yeni Klinika” tibb müəssisəsində işləmişdir.Orada işlədiyi müddətdə, daha dəqiq 2020-ci ilin ortalarında əvvəldən tanımadığı bir nəfər şəxs internet resurlarında olan işlədiyi yerin telefon nömrəsi vasitəsi ilə onunla əlaqə saxlayıb Covid-19 virusu ilə əlaqədar dərman vasitələri ilə maraqlanmışdır.O həmin şəxsə işi ilə əlaqədar, eləcə də insanlıq xətrinə lazımi dərman preparartları barədə bildiklərini izah etmişdir.Beləliklə, sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxslə aralarında ünsiyyyət yaranmışdır.Hətta bir müddət sonra Zərərçəkmiş şəxs təşəkkür etmək məqsədi ilə onu yeməyə dəvət etmiş və görüşüb birgə səhər yeməyi yemişdirlər.Bundan sonra, onlar mütəmadi danışmasalar da, 2022-ci ilin iyul ayında Zərərçəkmiş şəxs ona zəng edərək uzaq qohumu Şahid adında şəxsin işlədiyi “Fizioterapiya və Reabilitasiya Mərkəzi”ndə vəzifəsinin dəyişdirilməsindən narahat olduğunu bildirməklə ona kömək etməyin mümkün olub-olmadığını soruşmuşdur.Özü isə həmin sahədə artıq işləməsə də, Zərərçəkmiş şəxs tanışları vasitəsi ilə bu cür işlərin həllinə kömək edə biləcəyini demiş və bir müddət sonra işin həlli üçün 1.000 manat pul verməli olduğunu uydurmuşdur.Tanışına işin həlli üçün verəcəyinə inanan Zərərçəkmiş şəxs 2022-ci ilin avqust ayının əvvəllərində həmin pulu 4098 5844 6495 1399 nömrəli “Leobank” hesabına köçürmüşdür.Bundan sonra isə ona bir müddət gözləməli olduğunu bildirmiş və təxminən iki gün fərqlə ondan yenidən məsələnin həll olunması üçün 1.000 manat pul verməsini istəmişdir. Beləliklə həmin məbləği də Zərərçəkmiş şəxs onun 4098 5844 6495 1399 nömrəli bank hesabına köçürmüşdür. Maddi vəziyyəti yaxşı olmadığından Zərərçəkmiş şəxs yalan uydurmağa davam etmiş və ondan sonuncu dəfə 09 avqust 2022-ci il tarixdə həmin bank hesabına 1.500 manat pul köçürməsini istəmişdir.Zərərçəkmiş şəxs isə işin həll olunacağına inanmış və 1.500 manat pulu da onun bank hesabına köçürmüşdür.Bundan sonra Zərərçəkmiş şəxs məslənin həll olunması üçün gözləməli olduqlarını bildirmiş və müddət qazanmışdır.Ancaq vaxt keçdikcə Zərərçəkmiş şəxs onun yalan danışdığını başa düşmüş və ona verdyi pulları geri tələb etməyə başlamışdır.Ancaq özünün buna imkanı çatmadığından pulu qaytarmaq üçün vaxt istəmiş və onun pulunu qaytara bilməmişdir.Həmin faktı tək törətmiş, bundan kiminsə məlumatı olmamış və ona hər hansı qaydada kimsə kömək etməmişdir. O həmin pulları şəxsi istifadəsi üçün xərcləmiş və kiməsə verməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu bildirdi və baxılan iş üzrə barəsində olan cinayət işinin icraatına Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən (cəlb etmə müddəti keçdiyinə görə) xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında ifadə verən Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə yaşayır.O, əvvəllər bank sektorunda işləsə də, hazırda fərdi olaraq ticarətlə məşğuldir. Təqsirləndirilən şəxs 2020-ci ilin ortalarından tanıyır.Belə ki, qeyd olunan vaxtlarda valideynləri Covid-19 virusuna yoluxduqları üçün dərman preparatları ilə maraqlanmış, bu məqsədlə internet saytlarının birində “Yeni Klinika” tibb müəssisəsinin işçisi olaraq Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi yaratmışdır.Həmin şəxs ona bir neçə dəfə dərman məhsulları tövsiyyə etmiş və özü də ona etdiyi yaxşılıq üçün bir dəfə restoranların birində birlikdə səhər yeməyinə dəvət etmişdir.Beləliklə aralarında yaranmış münasibətdən irəli gələrək Təqsirləndirilən şəxs ona tibb sahəsində nə çətinlik olarsa, məmnuniyyətlə yardım etməyə hazır olduğunu demişdir.2022-ci ilin iyul ayında uzaq qohumu Şahidmın işlədiyi “Fizioterapiya və Reabilitasiya Mərkəzi”ndə vəzifəsinin dəyişdirilməsindən narahat olduğunu demiş, onun narahatlığını görüb kömək etmək məqsədi ilə Tamilla Mehdiyanın özü də bilmədən ona səhiyyə sahəsində hər cür yardım edə biləcəyini demiş Təqsirləndirilən şəxs ilə əlaqə saxlamışdır.Belə ki, ondan Tamilla Mehdiyevanın işlədiyi yerdə olduğu vəzifədən ayrılmamasına kömək etməyini xahiş etmiş, Təqsirləndirilən şəxs da özünün artıq həmin sahədə işləmədiyini, Şahid işlədiyi yeri maraqlanmaqla tanışları vasitəsi ilə kömək edə biləcəyini, bunun üçün məsələni həll edəcək olan tanışına 1.000 manat məbləğdə pul verməli olduğunu demişdir. O əvvəl olan tanışlıqlarından irəli gələrək Təqsirləndirilən şəxs etibar etmiş və verdiyi vədə inanıb 1.000 manat pulu 2022-ci ilin avqust ayının əvvəllərində ünvan 3 ünvanında, “Azadlıq prospekti” metrostansiyası yaxınlığında yerləşən “Araz” mağazasında “Milliön” ödəmə terminalı vasitəsi ilə bildirdiyi özünə məxsus 4098 5844 6495 1399 nömrəli bank hesabına köçürmüşdür.Bundan təqribən iki gün sonra Təqsirləndirilən şəxs məsələnin həlli üçün əlavə 1.000 manat pul istənildiyini demiş və o buna uyğun olaraq əvvəlki bank hesabına vəd etdiyi məsələnin həlli üçün ikinci dəfə 1.000 manat pul köçürmüşdür.Həmin vaxt Bakı şəhərində olmadığı qeyd olunan göndərişi Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 36 ünvanında yerləşən "xxxx" ASC-ə aid ödəmə terminalı vasitəsi ilə köçürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs gözləməyini istəmiş və sonuncu dəfə 09 avqust 2022-ci il tarixdə ona yenidən zəng edərək məsələnin həll olunmaq üzrə olduğunu deyib əlavə 1.500 manat pul da istəmişdir.Beləliklə, o Təqsirləndirilən şəxs inandığı üçün 1.500 manat pulu öz mobil telefonunda olan "xxxx" ASC-ə aid mobil tətbiq vasitəsi ilə Təqsirləndirilən şəxs bank hesabına köçürmüşdür. Həmin vaxt o, Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində olmuşdur.Bundan sonra Təqsirləndirilən şəxs ondan gözləməyini istəmiş və məsələnin 2022-ci ilin sentyabr ayının əvvəlinədək tam həllini tapacağını bildirmişdir.O yenə inanıb gözləsə də dediyi vaxtdan xeyli keçmiş, ancaq hər hansı dəyişiklik olmamış və Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr uydurmaqla müddəti uzatmağa çalışmışdır.Beləliklə,o Təqsirləndirilən şəxs aldatmaqla ümumilikdə 3.500 manat pulunu aldığını başa düşərək pulunu geri qaytarmasını tələb etmişdir. Onun isə yayındığını görüb polisə barəsində şikayət etmişdir.Məhkəmə baxış zamanı Zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və məhkəmədən təqsirləndirilən şəxsə qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, uzun illər Fizioterapiya və Reabilitasiya Mərkəzində fizioterapevt-həkim vəzifəsində çalışmış, ancaq işlədiyi yerdə olan çətinliklərdən irəli gələrək 2022-ci ilin yay aylarında oradakı vəzifəsindən çıxarılma ehtimalı yaranmışdır.Bu məsələdən ətrafında olan çox adam məlumatlı olsa da, uzaq qohumu olaraq tanıdığı Zərərçəkmiş şəxs şəxsən bu barədə danışmışdır.Zərərçəkmiş şəxs onun narahatlığını görüb necəsə köməklik etməyi təklif etsə də, özü ondan hazırda bir müddət gözləməli olduğumu deyib narahat olmamasını xahiş etmişdir.Ancaq bir müddət sonra Zərərçəkmiş şəxs əvvəllər tibb sahəsində çalışmış tanışı olduğunu və həmin şəxsin ona kömək etmək barədə vəd verdiyini bildirmişdir.Zərərçəkmiş şəxs ona çox şeyi açıqlamasa da, işin həllini gözləməyini istəmiş və bir neçə ay sonra ona köməklik barədə vəd vermiş tanımadığı şəxs tərəfindən aldadıldığını və həmin şəxsin ondan müəyyən məbləğdə pul alaraq dələduzluq etdiyini bildirmişdir.Hətta sonradan həmin şəxs barəsində polisə şikayət olunduğunu da öyrənmişdir. Qeyd olunan fakt onun işlədiyi yerdə eyni vəzifədə qalmağı ilə əlaqədar yaransa da, özünün məlumatı olmamış və ümumiyyətlə Zərərçəkmiş şəxs hansı məbləğdə pul alınıb aldadıldığını bilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin ifadəsini, onun müdafiəçisinin çıxışını, zərəçəkmiş şəxsin ifadəsini dinləyib, dövlət itthamçısının mövqeyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduqları cinayət əməlini təqsirli olaraq törətməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə, habelə məhkəmə iclasında tədqiq olunmuş digər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, lakin cinayət işinin icraatına Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən (cəlb etmə müddəti keçdiyinə görə) xitam verilməli və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidirlər. Belə ki, iş materiallarında olan 03 mart 2024-cü il tarixli “diskin götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskin içərisində 03 ədəd audio faylın olması müəyyən edilmişdir.“AUDİO-2022-11-02-11-00-44.mp3” adlı audio fayl açıldıqda həmin faylın içərisində 35 saniyə müddətində davam edən səsyazı olması müəyyən edilmişdir.Həmin səsyazıda qadın cinsinə mənsub olan şəxsin danışığından ibarət olduğu aydın olur.Səsyazını istintaq orqanına təqdim edən Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin səsyazını Təqsirləndirilən şəxs “whatsapp” mobil tətbiqində göndərdiyi vəd etdiyi işin həll barədə olan danışıqlarıdır.Belə ki, həmin səsyazıda Təqsirləndirilən şəxs bilmədən hərəkət etməməli olduğunu, məsələni ayın sonunadək özünün həll edəcəyini, iki övladı olduğunu vurğulamaqla əksini özünə yaraşdırmadığını, əks təqdirdə polisə şikayət edə biləcəyini deyir. “AUDİO-2022-11-02-11-00-34, mp3” adlı audio fayl açıldıqda həmin faylın içərisində 17 saniyə müddətində davam edən səsyazı olması müəyyən edilmişdir. Həmin səsyazıda Təqsirləndirilən şəxs ayın axırınadək işin həllini yekunlaşdırcağını, bilmədiyi məsələlər olduğunu deməklə Bəxtiyardan səbirli olmasını istədiyi müəyyən edilmişdir.“WhatsApp Audio at 18.32.17.mp3” adlı audio fayl açıldıqda həmin faylın içərisində 38 saniyə müddətində davam edən səsyazı olması müəyyən edilmişdir.Həmin səsyazıda Təqsirləndirilən şəxs Bəxtiyara səslənərək səbirli olmasını istədiyi, həftəsonu olduğu üçün məsələni həll edə bilmədiyindən 1-ci gün səhər saat 11 -12 radələrində hazır edəcəyini dediyi aydın olur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1109/2024 saylı, 12 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 66.5-ci maddələri ilə qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs təqsirli olaraq CM-nin 178.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmələrii məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, həmçinin iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elan olunmuş CM-in 178.1-ci maddəsi ilə olan ittiham üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən - böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Bu yanaşma Konstitusiya Məhkəməsinin aşağıda qeyd edilən qərarında da öz əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Qeyd etmək lazımdır ki, Konstitusiya Məhkəməsinin şərhi qanunverici tərəfindən normaya verdiyi məna ilə uzlaşmalı, belə şərh yalnız normada ifadə edilənləri aydınlaşdırmağa və dəqiqləşdirməyə xidmət etməlidir. Şərh qüvvədə olan normalara əlavə və dəyişiliklər etmir və edə bilməz. Bu mənada CM-in 75-ci maddəsinin mətni ilə mənası arasında açıq-aşkar fərq olmadığı üçün genişləndirici şərhi də yolverilməzdir. Konstitusiya Məhkəməsinin həmin qərarlarında da qeyd edildiyi kimi, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin hesablanması yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Cinayət məsuliyyətindən azad etmə müddətlərinin hər hansı başqa qaydada hesablanmasının müəyyən olunması qanunvericinin müstəsna səlahiyyətindədir. CM-in 75-ci maddəsinin mətni ilə mənası arasında açıq-aşkar fərq olmadığı üçün genişləndirici şərhi yolverilməzdir. Yəni cinayət məsuliyyətinə cəlb etmə müddətinin əvvəlinin hesablanması, axımının dayanması, bərpa edilməsi və bu müddətin bitməsi vaxtı həmin maddədə açıq aydın qeyd edilib. Belə olduğu təqdirdə şəxsin cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımının dayanması və bərpa edilməsi məsələsinin hər hansı başqa formada başa düşülməsi, genişləndirici şərhi və ya bu məsələdə Cinayət-Prosessual Məcəlləsinin müddəalarının tətbiqi yolverilməzdir, bu məsələlər yalnız və yalnız Cinayət Məcəlləsi ilə tənzimlənir. Belə olduğu təqdirdə Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 44.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, riayət edilməli məsələlər kimi məhkəmə CPM-nin 44.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda - təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Belə ki, CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. CM-in 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-in 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. CM-in 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. CPM-in 53.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin istintaqdan və ya məhkəmədən gizlənməsi, ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayətin törədilməsi, habelə sülh və insanlıq əleyhinə və müharibə cinayətləri törədilməsi halları istisna edilməklə, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar cinayət törətmiş şəxslərin müəyyən edildiyi cinayət təqibi üzrə dayandırılmış icraata xitam verilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs təqirləndirildiyi CM-nin 178.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur.Təqsirləndirilən şəxsə CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittihamdan və məhkəmə baxışında tədqiq edilmiş sübutların məcmusundan müəyyən olunmuşdur ki, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən təqsirləndirilən şəxs tərəfindən həmin maddələrdə nəzərdə tutulan cinayət əməlinin törədildiyi vaxtdan iki ildən artıq müddət keçmişdir.Ona görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına CPMin 39.1.3-cü maddəsinə əsasən xitam verilməsi qənaətinə gəlmişdir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs başqa cinayət işi üzrə cəza çəkməsi nəzərə alınmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, CPM-nin 353.4.11-ci maddəsinə əsasən maddi sübutların taleyi həll edilməli, iş üzrə maddi sübut olan – 1 ədəd «CD» formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Eyni zamanda, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs vurulmuş ziyanla bağlı mülki qaydada iddia qaldırmaq hüququ izah edilməlidir. Həmçinin, Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 82 saat hüquqi xidmətin dəyəri 492 (dörd yüz doxsan iki) manat Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75 və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3, 43.3 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs başqa cinayət işi üzrə cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan – 1 ədəd «CD» formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs vurulmuş ziyanla bağlı mülki qaydada iddia qaldırmaq hüququ izah edilsin. Cinayət işi üzrə Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 82 saat hüquqi xidmətin dəyəri 492 (dörd yüz doxsan iki) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********, m/hAZ37 NABZ**********00********. S.W.İ.F.T.B.İ.K: AİİBAZ 2X,hesab№AZ48AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar