Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-15/2022 18.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X5 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərər çəkmiş şəxs X2 iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olan, Beyləqan rayonu, Bahar qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 yanvar 2021-ci il tarixdə, saat 05 radələrində X2 işlətdiyi Bakı şəhəri Binəqədi rayonu, Baksol yeni yaşayış massivində yerləşən “NAZ” marketin yan tərəfdən olan nəfəsliyinin plastik pəncərəni fiziki güc tətbiq etməklə açıb, marketin içərisinə qanunsuz olaraq daxil olaraq, oradan dəyəri 90 manat olan metal kassa aparatını və onun pul yeşiyində olan 1500 manat məbləğində nağd pulu gizli olaraq talamaqla, zərərçəkmiş şəxs Bahar Mehdiyevaya cəmi 1590 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2019-cu ilin dekabr ayında Binəqədi rayonu, Baksol massivində yerləşən Adilə adlı qadına məxsus marketdən 90 manat dəyərində ərzaq almış, həmin 90 manat pulu isə nisyə olaraq dəftərə yazdırmış, tezliklə ödəyəcəyinə söz vermişdir. Bir müddət sonra Adilə borcunu istəmiş, o, isə iş tapa bilmədiyini və pulunun olmadığını demişdir. Bu bir neçə dəfə təkrar olmuşdur. 16.01.2021-ci il tarixdə Adilə onu mağazaya çağırmış, yenə də borcunu istəmişdir. O, da pulunun olmadığını ona demiş və ona yaxın vaxtlarda borcunu ödəyəcəyini bildirmişdir. Bundan sonra, o, Baksol yaşayış sahəsində yerləşən “Naz” marektdən oğurluq etməyi qərara almışdır. 17 yanvar 2021-ci il tarixdə, gecə saat 04-05 radələrində yaşadığı evdən çıxmış və piyada həmin marketə tərəf gəlmişdir. Market bağlı olmuş və o, marketin yan tərəfinə keçmiş və binanın nəfəsliyinin plastikdən olduğunu görmüş və 17.01.2021-ci il tarixdə, saat 04.50-də həmin marketə yan tərəfdən yaxınlaşıb nəfəsliyi əli ilə bərk itələyib açmış və oradan marketin içərisinə daxil olmuşdur. Marketin içində kassaya yaxınlaşmış və kassanın ağzı bağlı olduğunu görərək geri qayıtmış, daha sonra yenidən kassanı ümumillikdə oğurlamaq qərarına gələrək kassanı götürüb çəld şəkildə pəncərədən çıxmış, hadisə yerindən uzaqlaşmışdır. Yaxınlıqda dəmir yol xəttinə yaxınlaşmış və mişar daşını kassanın üzərinə ataraq kassanın sındırıb ağzını açmış, kassanı çevirib silkələmiş və kassanın içindən xırda pullar ilə 615 manat pul çıxmışdır. Pulları götürüb kassa aparatını zibillik tərəfə tullamışdır. Sonra evə getmişdir. Səhəri günü həmin puldan Adiləyə 90 manat borcumu vermiş, qalan pula isə evin kirayə pulunu, bir qədər ərzaq, övladına və doğulacaq övladına pal-paltar almışdır. 20 yanvar 2021-ci il tarixdə polis əməkdaşları onu saxlayıb 4-cü PŞ-nə gətirmişlər. Onunla sorğu-sual etmişlər və o, NAZ marketdən oğurluq etdiyini tam etiraf etmişdir. Bahar Mehdiyevanın marketindən cəmi 615 manat pul və kassa aparatını oğurlamışdır. Bahar Mehdiyeva onun mağazasından götürdüyü pulun məbləği 1500 manat deyil, cəmi 615 manat olmuşdur. O, ilkin ifadəsində Şahid1 həmin NAZ marketdən oğurluq etməklə onun borcunu qaytarmağı təklif etməsini, onunla razılaşmağını, marketin nəfəsliyindən daxil olub marketdən oğurluq etməyin yolunu göstərməsini ona qarşı acıqlı olduğumdan onun borc pula görə onu təngə gətirdiyinə görə bildirdiyini izah etmişdir. Həqiqətdə isə belə bir hal olmadığını qeyd etmişdir. O, oğurluğu tək etməsini, ona heç kim o, cümlədən Şahid1 həmin marketdən oğurluq etməyi təklif etməmişdir. Marketdən başqa heç bir əşya oğurlamamışdır. Məhkəmədən səmimi peşman olmasını, cinayəti etiraf etməsini, himayəsində 2 nəfər azyaşlı uşaqlarının olmasının, ziyanın ödənilməsinin nəzərə alınmaqla barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs X6 ifadəsində göstərmişdir ki, o, 2015-ci il tarixdən isə yaşadığı evin qarşısında “NAZ” marketi işlədib pul qazanmışdır. Ailəsinin yeganə dolanacaq mənbəyi həmin market olmuşdur. Hər gün marketi saat 07 radələrində açıb saat 22 radələrində bağlamışdır. 16.01.2021-ci il tarixdə, saat 22 radələrində marketi bağlamış, 17.01.2021-ci il tarixdə, saat 07 radələrində marketi açmış, masanın üzərində olan qara rəngli kassa aparatının olmadığını aşkar etmişdir. Bu barədə ailə üzvlərinə məlumat vermiş və marketin yan tərəfindən nəfəsliyindən daxil olan naməlum şəxs marketdən kassa aparatını oğurlamışdır. Bu hadisə ilə bağlı marketin içində olan video görüntüyə baxdıqda, 17.01.2021-ci il tarixdə, saat 04.55-də naməlum şəxsin kassa aparatını oğurladığını müəyyən etmişdir. Kassa aparatının içində 10 ədəd 100 manat əskinası, qalan pullar isə xırda əskinaslar və qəpiklər olmaqla ümumillikdə 1500 manat pul olmuşdur. Həmin kassa aparatı isə 90 manat dəyərində olmuşdur. Adiləni tanımış, yaxşı qonşuluq münasibəti olduğunu onun da market işlədiyini, heç bir düşmənçiliyi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs bir müddət əvvəl marketi işlədən Adiləyə 90 manat borcunu geri qaytarmadığı üçün Adilə ondan polisə şikayət etmişdir. Ola bilsin ki, Təqsirləndirilən şəxs qərəzli olaraq Adilənin adını hallandırmışdır. Ona dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edirəm. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, yaşadığı Binəqədi rayonu, Baksol massivi fərdi yaşayış evinə bitişik təxminən 5-6 il olar ki, kiçik bir market işlətmişdir. X3 məxsus “NAZ” marketdən 17.01.2021-ci il tarixdə naməlum şəxsin daxil olaraq oğurluq etməsi məlum olmuşdur. 20 yanvar 2021-ci il tarixdə X4 məxsus “NAZ” marketdən oğurluq edən şəxs Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs onun yaşadığı küçədə yaşamış, marketindən alış-veriş etmişdir. O, nağd pulla alış veriş etsə də, 90 manat ona borcu yaranmışdır. O, ondan dəfələrlə borcu istəsə də, o, ona olan borcunu qaytaramamışdır. Bu barədə o, polisə müraciət etmiş, bu səbəbdən aralarında sözlü mübahisə yaranmışdır. O, Təqsirləndirilən şəxs ona olan borcunu qaytarmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs belə bir ifadə işlədərək bildirmişdir ki, “guya o, ona qonşuluqda yaşayan X3 məxsus olan “NAZ” marketdən oğurluq etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs bu barədə yalan danışmış, ona şər atmışdır. Çünki ona olan borcunu ödəmədiyi üçün o, Təqsirləndirilən şəxs polisə müraciət etmiş və sonuncu da qərəzli olaraq onun adını hallandırmış, guya o, onun təkidilə gedib oğurluq etmişdir. O, Təqsirləndirilən şəxs ailəsinə dəfələrlə köməklik etmiş, ona palpaltar vermişdir. X7 ilə və Təqsirləndirilən şəxsla hər hansı düşmənçiliyi, ədavəti, rəqabəti olmamışdır. Əziz ona borcu olduğu üçün o, polisə müraciət etmiş, o, da ondan qisas çıxmaq üçün bu formada ifadə vermişdir. Məhkəmə iclasına çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 20.01.2021-ci il tarixli qərardan görünür ki, CM-in 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v.1) 17.01.2021-ci il tarixli protokoldan görünür ki, 17.01.2021-ci il tarixdə olan oğurluq hadisəsi Bakı şəhəri Binəqədi rayonu, Baksol yeni yaşayış massivində yerləşən “NAZ” marketdə baş vermişdir. (i.v. 4-7) 20.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq kassa aparatını təqdim etmişdir. (i.v. 19) 20.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 35) 22.01.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3cü maddəsi ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərədə tutulan ittiham elan edilmişdir. (i.v. 55-56) 22.01.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. (i.v. 66-70) Binəqədi rayon Məhkəməsinin 22 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, məhkəmə zalından dərhal azad olunmuşdur. (i.v. 78-81) 22.01.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilmişdir. (i.v. 82-83) 12 fevral 2021-ci il tarixdə tərəfimdən video-diskə baxış keçirilməsinə dair tərtib edilmiş protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Baksol yeni yaşayış massivində X2 işlətdiyi “NAZ” marketin içərisində saat 05 radələrində bir nəfər sifətinə tibbi maska geymiş, orta boylu şəxsin daxil olduğu, marketin içərisində kassa aparatı tərəfə addımladığı, bir az keçmiş əllərində qara rəngli kassa aparatını tutaraq marketin nəfəsliyinə doğru irəllədiyi görünmüşdür. Təqsirləndirilən şəxs həmin görüntülərə baxdıqdan sonra, görüntülərdə əks olunmuş şəxsin onun özü olduğunu, marketdən kassa aparatını oğurlayaraq sonra hadisə yerini tərk edərək oradan çıxıb getdiyini bildirmişdir. (i.v. 91) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2021-ci il tarixli 9/808 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən kassa aparatlarının satışı mərkəzlərində mövcud olan qiymətlərə və internet saytlarının məlumatlarına əsasən, ekspertizaya təqdim edilən bir ədəd qara rəngli metaldan kassa aparatının pul yeşinin yuxarıda qeyd edilən səbəblərdən təyinatı üzrə yararsız olduğu və onun hazırki işlənmiş vəziyyətdə, 2021-ci ilin fevral ayına, respublika daxili orta bazar pərakəndə satıs qiyməti təxminən 70,00 manat müəyyən edilmişdir. (i.v.99-102) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və 14.04.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 08.05.2017-ci il tarixli hökmü ilə CM-in 297.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum edilmişdir. Həmin Məhkəmənin 04.06.2019-cu il tarixli qərarı ilə 500 manat cərimə cəzası 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur. Cəzasını 29.05.2020-ci il tarixdə çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. (i.v. 109-111, 123) 31.03.2021-ci il tarixli qərardan görünür ki, CM-in 53.1.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v. 116-117) 14.04.2021-ci il tarixli qərardan görünür ki, CM-in 53.1.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraat təzələnmişdir. (i.v. 119-120) 14.04.2021-ci il tarixli qərardan görünür ki, kassa aparatı cinayətin predmeti olduğundan, iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxs X3 qaytarılmışdır. 1 ədəd disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 116-129) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.09.2021-ci il tarixli, 1(001)-236/2021 qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi gətirmə tətbiq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.11.2021-ci il tarixli, 1(001)-236/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. 16.02.2022-ci il tarixli protokoldan və məktubdan görünür ki, Təqsirləndirilən şəxs 15.02.2022-ci il tarixdə tutulmuş, 16.02.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.02.2022-ci il tarixli, 1(001)-15/2022 nömrəli qərarından görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. 18.03.2022-ci il tarixli X6 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs mağazadan götürdüyü pulun məbləğinin 1500 manat deyil, cəmi 615 manat olması barədə ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxsnın cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxsnın təqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-nin 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxsnın cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxsnın əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxsnın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, nömrəsiz evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə baxışı zamanı iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 20.01.2021-ci il tarixdən 22.01.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.11.2021-ci il tarixli, 1(001)-236/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs 15.02.2022-ci il tarixdə tutularaq 16.02.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 01 ay 03 gün gündür ki həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxsnın, hazırkı cinayət işi ilə bağlı həbsdə olduğu 01 ay 05 gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə zalından həbsdən azad edilməli və Təqsirləndirilən şəxs barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış kassa aparatının sahibi zərərçəkmiş şəxs X3 təhvil verilməsi nəzərə alınmalıdır. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 75 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 80 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 80 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 80 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 480 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsnın 20.01.2021-ci il tarixdən 22.01.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, 15.02.2022-ci il tarixdən hazırkı vaxtadək həbsdə olduğu 01 (bir) ay 03 (üç) gün, cəmi 01 (bir) ay 05 (beş) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxsnın cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxsnın üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, nömrəsiz evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd kassa aparatı sahibi zərərçəkmiş şəxs X3 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 75 (yetmiş beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 80 (səksən) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 480 (dörd yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-15/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-15/2022
18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver