Məhkəmə qərarları › İş №1(001)-15/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-15/2023

16.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-15/2023 16.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1994-cü il tarixdə Kürdəmir şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, subay, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Kürdəmir şəhəri, Z.Hüseynov küçəsi, 1-ci dalan, ev 7-də qeydiyyatda olmaqla Abşeron rayonu, Müşviqabad qəsəbəsi, fərdi nömrəsiz evdə yaşayan və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-362/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qərarına əsasən barəsində seçilmiş“polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metanfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, “20 Yanvar" metrostansiyası yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda- çəkisi 0,920 qram psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 17:00-da Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər Binəqədi rayonu, Bakı-Sumqayıt şosesində yerləşən “Rahat” marketin qarşısında saxlanılıb oradan ünvan 1 ünvanda yerləşən 6-cı Polis Bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,920 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1 -ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 09 fevral 2022-ci il saat 17.00 radələrində Bakı şəhər Binəqədi rayonu, Bakı- Sumqayıt şosesində yerləşən “Rahat” marketin qarşısında olduğu zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə və ya psixotrop maddənin olmasından şübhələnildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. Bundan sonra o, öz razılığı ilə Binəqədi RPİ-nin 6-cı PB-nə aparılmış və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan, hüquq və vəzifələri izah edilməklə videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmiş, şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə üzərində hər hansı bir əşya olmadığını bildirmişdir.Ondan sonra onun qara rəngli idman şalvarının ciblərini açmağı tələb olunduqda onun şalvarın ciblərindən qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Ondan üzərindən aşkar olunmuş 01 sellofana bükülmüş bükümün iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükümün içərisindən çıxan ağ rəngli maddənin psixotrop maddə olan “metamfetamin” olduğunu bildirmişdir, O, həmin psixotrop maddə olan “metamfetamin”i xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, “20 Yanvar” metrostansiyasınm yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Həmin psixotrop maddə olan “metamfetamin” polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, ilk dəfə az ağır cinayət törətdiyini və yol-nəqliyyat hadisəsi nəticəsində ayağından xəsarət almasını və hal-hazırda cərrahi əməliyyata və müalicəyə ehtiyacının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, o, Bakı şəhər Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili vəzifəsində, polis leytenantıdır.09 fevral 2022-ci il tarixdə 6-cı PB-nə mötəbər mənbədən daxil olan məlumata əsasən ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik və ya psixotrop maddə əldə edərək üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur.Qeyd edilən məlumat rəhbərliyə məruzə edildikdən sonra həmin şəxsin ifşa olunması və 6-cı PB-nin inzibati ərazisinə aid olan Binəqədi rayonu, Bakı-Sumqayıt şossesində yerləşən “Rahat” marketin qarşısında qeyd edilən məlumat əsasında əməliyyat tədbirləri keçirilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır.Həmin qrupa o və həmin PB-nin sahə inspektoru, polis leytenantı Şahid1 daxil edilmişlər.Beləliklə, keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər Binəqədi rayonu, Bakı-Sumqayıt şossesində yerləşən "Rahat” marketin qarşısında 09 fevral 2022-ci il tarixdə, saat 17:00 radələrində zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən bir nəfər şəxsə yaxınlaşaraq ondan özünü təqdim etməsini istəmiş, həmin şəxs isə özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir.Onlar həmin şəxsə narkotik maddə və psixotrop maddə istifadə etməkdə və qanunsuz olaraq daşımaqda şübhəli olduğunu bildirib onu 6-cı PB-nə dəvət etmişlər.6-cı PB-də Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunması hüququ izah edilmiş və o, bu hüququndan istifadə etmək istədiyini bildirmişdir.Ona dövlət hesabına müdafiəçi dəvət edilmiş, müdafiəçi təqdim edildikdən sonra şübhəli şəxs qismində tutulması barədə ona və yaxınlarına məlumat verilmişdir.Bundan sonra Təqsirləndirilən şəxs videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmişdir. O, müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasına və videoçəkilişə etiraz etməmişdir.Onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparmazdan öncə üzərində qeyri-qanuni əşya varsa könüllü təqdim etməsi deyildikdə əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə üzərində hər hansı bir əşya olmadığını bildirmişdir.Ondan sonra onun qara rəngli idman şalvarının ciblərini açması tələb olunduqda onun şalvarın ciblərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş 01 ədəd sellofana bükülmüş büküm iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən aşkar olunmuş ağ rəngli maddənin psixotrop maddə olan “metamfetamin” olduğunu bildirmiş və həmin “metamfetamin”i 08 fevral 2022-ci il tarixdə, axşam saatlarında “20 Yanvar” metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 20 manat müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, başqa heç bir qadağan olunmuş əşya aşkar edilməmiş, sonra onun üzərindən aşkar edilən ağ rəngli sellofana bükülmüş bükülü qablaşdırılaraq çəkisi və tərkibi müəyyən edilməsi üçün tədqiqata göndərilməsi məqsədi ilə zərfə qoyulmuş və üzəri möhürlə möhürlənmişdir. Həmin zərfin üzəri baxış iştirakçıları tərəfindən İmzalanmışdır. Məhkəmə iclasında ifadə verən Şahid1 ifadəsinə əsasən məlum olur ki, o, digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/821 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş..” yazısı olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,920 qram olan ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin keçirilmiş məhkəmə məcburi-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1641 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasının nəzərə alaraq, həmçinin də öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X9 «X6» X9 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3428 saylı məktuba əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində saat 15.53-də 4 saylı X8 Stansiyası Briqadasının müşayəti ilə X5 gətirilmişdir.Xəstənin dediyinə görə travmanı 40 dəqiqə əvvəl motosiklet qəzası nəticəsində almışdır.Xəstənin yarası yerli anesteziya altında sol budun yarası yuyulmuş, sümüyün ucu içəri salınmış, dəriyə 3 ədəd seyrək tikiş, rezin əlcək drenaj qoyulmuş, aseptik sarğısı olunmuş, sol aşağı ətraf koksit tipli ön arxa gips langet sarğısı qoyulmuşdur.Xəstənin stasionar müalicəsi davam edir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, onun müdafiəçisinin çıxışını, şahidlərin ifadəsini dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alıb, ekspertizaların rəylərini və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalı, cəza təyin edilərkən cinayətin xarakteri, ağırlıq dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarı nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmişdir. Həmçinin, həmin Qərarda göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunduğundan onun əməli az ağır cinayətlər kateqoriyasına aiddir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların 1 siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün metanfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətinin xarakteri, ağırlıq dərəcəsi, üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarı və təqsirləndirilən şəxsin əməlində ağırlaşdırıcı halların olmamasını və yüngülləşdirici halların məcmusunu və səhhətini nəzərə almaqla ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, təqsirini etiraf etməsini, ilk dəfə az ağır cinayət törətməsini və yol-nəqliyyat hadisəsi nəticəsində ayağından xəsarət almasını, hal-hazırda cərrahi əməliyyata və müalicəyə ehtiyacının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 9 fevral 2022-ci il tarixdən 11 fevral 2022-ci il tarixədək həbsdə olduğu müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və ona yekun olaraq azadlığın məhdudlaşdırlması cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nin təhqiqatçısı, polis kapitanı Nəsimi Musayev tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 9 fevral 2022-ci il tarixdə tutulmuşdur.Bundan sonra, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Ramil Qabulov tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 11 fevral 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, azad olunmuşdur. İş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-362/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir.İş materiallarında olan Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə ə/m, polis kapitanı Hürmüz Kazımov tərəfindən tərtib olunmuş protokola əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, YYM-də saxlanılaraq Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilmişdir. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, fərdi nömrəsiz evdə çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Abşeron rayonu və işlədiyi Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına alma” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cü maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 92 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan psixotrop maddə olan – 0,870 qram metamfetamin qalığı məhv edilməlidir. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 51 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixdən 11 fevral 2022-ci il tarixədək tutulduğu və 20 dekabr 2022-ci il tarixdən 16 yanvar 2023-cü il tarixədək həbsdə olduğu cəmi 30 (otuz) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı - Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, fərdi nömrəsiz evdə çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Abşeron rayonu və işlədiyi Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan psixotrop maddə olan metamfetaminin 0,870 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 51 saat hüquqi xidmətin dəyəri 306 (üç yüz altı) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********, m/hAZ37NABZ**********00********.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB************** ******, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar