Məhkəmə qərarları › İş №1(001)-151/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-151/2024

26.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-151/2024 26.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 843 nömrəli Hərbi Hissədə qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan,barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən Məscidin yaxınlığında 15 manat ödəyərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,588 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə tarixdə saat 22:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nin 43cü PB-nin inzibati binasına aparılmış, orada 18 oktyabr 2023-cü il tarixdə saat 00:30-dan saat 00:45-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən həmin 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,588 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda tam təqsirli bilərək göstərmişdir ki, bədənində ağrılar olduğundan o, müəyyən müddətdir ki, narkotik vasitələri istiladə edir. 17 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən Məscidin yaxınlığında olarkən təsadüf gördüyü və əvvəllər tanımadığı şəxsdən 15 manat müqabilində 01 ədəd bükümdə narkotik vasitə heroini şəxsi istifadəsi üçün almışdır ki, münasib vaxtda istifadə etsin. 17 oktyabr 2023- cti il tarixdə saat 22:40 radələrində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində piyada gedən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 43-cü PByə dəvət etmişdirlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 43-cü PB-ə aparılmışdır və orada ona müdafiəçi verilərək hüquq və vəzifələri izah edilmişdir, öz razılığı ilə müdafiəçinin iştirakı olmadan edilərək videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl bu barədə qərarla tanış olunmuş və iştirakçılar elan edilmişdirlər. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd şəffaf rəngli sellofan bükümü masanın üzərinə qoymuşdur. Əynində olan göy rəngli cins şalvarın sol yan cibindən “Samsung” A 7 markalı, daxilində ***-***-**-** mobil nömrəsi olan telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra onun əynindəki göy rəngli cins şalvarının ciblərini açmağı tələb olunmuş, şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ayağında olan qara rəngli ayaqqabını çıxarıb içərisini nümayiş etdikdə ayaqqabının da içərisindən heç nə aşkar olunmamışdır. Ondan üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş şəffaf rəngli sellofan bükümün nə olduğunu soruşulduqda, şəffaf rəngli sellofan bükümdə “kakos” adlandırdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Habelə etiraf etmişdir ki, o, narkotik vasitənin istifadəçisi olaraq bu bükümdəki heroini 17 oktyabr 2023-cü il tarixdə səhər vaxtı Bakı şəhəri, Binəqədi qəsəbəsindəki Məscidin yaxınlığında tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün almışdır. O, heç vaxt narkotik vasitənin satışı və ya başqa yolla yayılması ilə məşğul olmamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxış iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantı rütbəsindədir. Xidmət sahə üzrə baş vermiş cinayətlərin açılması istiqamətində qanunla müəyyən edilmiş qüvvə və vasitələrdən, həmçinin məxfi əməkdaşların (agentlərin) köməyindən istifadə edilir və baş verəcək cinayətlərin qarşısının alınması üçün profilaktik tədbirlər görülür. Cinayət hadisəsi ilə bağlı bildirmək istəyir ki, 17 oktyabr 2023-cii il tarixdə etimad doğuran qərəzsiz mənbədən xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 843 nömrəli Hərbi Hissədə qeydiyyatda olan, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. O, rayon Polis İdarəsinin NMB-nin əməkdaşı olsa da, daxil olmuş həmin əməliyyat məlumatı 43-cii PB-nin ərazisinə aid olunduğundan raportla rəsmiləşdirilərək həmin bölmənin rəhbərliyə məruzə edilmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilərək müvafiq əmrlə ondan və 43-cü PB-nin əməkdaşından ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin məlumat keçirmiş əməliyyat tədbirləri nəticəsində yoxlanılarkən təsdiq olunaraq həmin tarixdə saat 22:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Bu zaman onlar özlərini təqdim etmişlər və şübhəli olduğundan Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs Bölməyə dəvət olunaraq onlarla könüllü oraya gəlmişdir, bu barədə bölmə rəhbərliyinə raportla məruzə edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi və götürmənin aparılması bölmənin təhqiqatçısı, polis baş leytenantı Fərid Nəzərliyə həvalə olunmuşdur. Daha sonra müdafiəçi dəvət olunmaqla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş, Bölmənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs öz razılığı ilə müdafiəçi iştirak etmədən və videoçəkiliş aparılmaqla onun üzərilərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış başlanmamışdan Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş, ona və iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. Sonra Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd şəffaf rəngli sellofan bükümü və həmin cins şalvarın sol yan cibindən “Samsung” markalı telefonu çıxardıb masanın üzərinə qoydu. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs ciblərinə və ayaqqabısına baxıldı və heç nə aşkar olunmadı. Təqsirləndirilən şəxs həmin bir ədəd şəffaf rəngli sellofan bükümdə nə olduğu soruşulduqda sonuncu həmin bükümdə “kakos” kimi adlandırdığı heroin olduğunu bildirdi. Soruşduqda Təqsirləndirilən şəxs həmin heroini bu gün Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində, Məscidin yaxınlığında tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirdi. Bundan sonra həmin bir ədəd şəffaf rəngli sellofan bükümün elektron tərəzidə ölçüldükdə bükümlə birlikdə təxmini çəkisi 0,64 qram olduğu göründü. Daha sonra həmin bir ədəd şəffaf rəngli sellofan bükümün maddənin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildi. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərildi və həmin zərfin içərisinin boş olduğu müəyyən edildi. Bundan sonra içərisində bir ədəd şəffaf rəngli sellofan büküm zərfə qoyularaq zərfin ağzı Binəqədi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş möhür ilə möhürləndi və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalandı. Şəxsi axtarışın nəticələrinə dair protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə heroini kimdən almasmn, onun cinayət əlaqələrinin aşkara çıxarılması istiqamətində əməliyyat tədbirlər aparılmış, lakin müsbət nəticə əldə olunmamışdır. Onun narkotik vasitə satması barədə məlumat daxil olmamışdır. Məhkəmə iclasında cinayət işi üzrə digər şahid Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin polis sahə inspektoru, polis leytenantı Şahid2 cinayət işi üzrə digər Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il, saat 23:50-də Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati otaqlarının birində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən həmin 01 ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,588 qram maddə kustar üsulla hazırlanmış narktik vasitə heroindir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi üçün Binəqədi Rayon Məhkəməsinə təqdimat verilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Vüsal Rzayevin vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. “DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən həmin 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli, 6866 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN BƏSİİ əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. “Maddi sübut kimi tanımaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş qalıq çəkisi 0,538 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd DVD disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzədə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını), cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 17 oktyabr 2023-cü il tarixdə saat 22:40-da məhdudlaşdırılaraq, saat 23:50-də şübhəli şəxs qismində tutulmuş, 19 oktyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin gün saat 10:00-dan 10:40-a qədər təqsirləndirilən şəxs qismində dindirilmiş, daha sonra barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətlə Binəqədi rayon Prokurorluğuna müraciət edilmiş, Binəqədi rayon prokuroru Fuad Məmmədovun qərarı ilə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,538 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,538 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar