Məhkəmə qərarları › İş №1(001)-152/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-152/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-152/2025 28.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdə, saat 16 radələrində etibarnamə əsasında BB429538 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı, 77-XU- 302 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi ilə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 54- cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymaması üçün sürəti lazımınca azaltmalı, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda, bunlara əməl etməyib və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə riayət etməməklə yol hərəkəti qaydalarını pozmuş, yolu piyada keçidi ilə sol tərəfdən sağ tərəfə doğru addımlayaraq keçən piyada X3 avtomobilin qabaq hissəsi ilə vuraraq ona baş beyin toxumasının yumşaq qişasına diffuz qansızmalarla və kəllə əsası sümüklərinin sınığı ilə müşayiət olunan qapalı kəllə-beyin travması, ənsə-təpə nahiyəsinin sol yarısının səthi əzilmiş yarası, alın və sol alın-gicgah nahiyəsinin sıyrıqları, sağ və sol gözətrafı yumşaq toxumalara dərialtı qansızmalar, sağ və sol qabırğaların qapalı yerdəyişmiş sınıqları, hər iki ağciyərin cırılmaları və daxil qanaxma ilə (sağ plevra boşluğunda 200,0 ml, sol plevra boşluğunda 120,0 ml qan) müşayiət olunan döş qəfəsinin küt travması, sol said sümüklərinin aşağı 1/3-nin qapalı sınıqları, sol budun geniş ölçülü əzilmiş yarası, ətrafların qançır və sıyrıqları, bədənin küt travması ilə nəticələnən dərəcəsinə görə ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməsi nəticəsində baş beyinin yumşaq qişasına diffuz qansızmalarla və kəllə əsası sümüklərinin sınığı xəsarətləri ilə müşayiət edilən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X2 xx.xx.2024-cü il tarixdə, saat 17:20-də “X8” publik hüquqi şəxsdə ölümünə səbəb olmuşdur. Məhkəmənin hazırlıq iclası zamanı müdafiəçi “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi2 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs barəsində istintaqı aparılmış cinayət işi üzrə müdafiə hüququ pozulmuş və cinayət işinin materialları ilə tanış edilməmişdir. Odur ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin baxılmasına xitam verilərək, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Dövlət ittihamçısı vəsatətlə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Probasiya Xidmətindən məhkəməyə daxil olmuş cavab məktubundan göründüyü kimi cinayət işinin materialları ilə tanış olma tarixində təqsirləndirilən şəxs istintaq orqanının inzibati binasında olmamışdır. Odur ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.8ci maddəsinə əsasən xitam verməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X4 cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin baxılmasına xitam verilərək, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə hazırlıq iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən, eləcə də, cinayət işinin materialları məhkəmə hazırlıq iclasının gedişatında tədqiq olunarkən müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X7 tərəfindən ********* nömrəli cinayət işi üzrə aparılan istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) tələbləri pozulmuş və cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verilmişdir. Belə ki, məhkəmənin hazırlıq iclasının gedişində əldə edilmiş məlumat əsasında müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olmaq hüquqları pozulmuşdur. Bununla bağlı cinayət işinin materialları nəzərdə keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli “ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və müdafiəçisinə məlumat verilməsi barədə” və xx.xx.20224-cü il tarixli “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” protokollarda Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 imzaları vardır. Lakin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Probasiya Xİdmətindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin inzibati binasında olmamışdır. Qeyd olunan hallardan müəyyən edilir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X7 faktiki olaraq Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olmasını təmin etməyərək onun hüquqlarını pozmuşdur. Belə ki, CPM-in 85.2.12-ci maddəsinə əsasən bu Məcəllənin 158, 159, 218-221-ci maddələrinin tələblərinə riayət etməklə ibtidai istintaqı başa çatdırmaq, habelə cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərər çəkmiş şəxsi, mülki iddiaçını və onların nümayəndələrini tanış etmək, bununla əlaqədar verilmiş vəsatətlərə baxmaq və cinayət işi üzrə ittiham aktını tərtib edərək işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək müstəntiqin vəzifəsidir. CPM-in 91.5.22-ci maddəsində əsasən təqsirləndirilən şəxsin ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq hüququ vardır. CPM-in 284.1-ci maddəsinə əsasən ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq, ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir, cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. CPM-in 284.2-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. CPM-in 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. CPM-in 285.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs və müdafiəçi cinayət işinin materialları ilə cinayət prosesinin digər iştirakçılarından əvvəl tanış olur və bu tanışlığı birlikdə və ya ayrı-ayrılıqda aparmaq hüququna malikdirlər. Zərər çəkmiş şəxs, mülki iddiaçı və ya mülki cavabdeh cinayət işinin materialları ilə öz nümayəndəsi ilə birlikdə tanış olmaq hüququna malikdirlər. CPM-in 286.1-ci maddəsinə əsasən müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. CPM-in 286.2-ci maddəsinə əsasən cinayət prosesi iştirakçılarından hər birinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında ayrıca protokol tərtib edilir. Cinayət işinin materialları ilə müdafiəçi və nümayəndə təmsil etdiyi şəxslə birlikdə tanış olduqda onların cinayət işinin materialları ilə tanış edilmələrinə dair bir protokol tərtib olunur. CPM-in 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284-288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. Sadalanan qanunvericiliyin tələblərindən göründüyü kimi, təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış olması onun hüququ olması ilə yanaşı qanunvericiliyin həmin tələblərinə əməl edilməsi müstəntiqin birbaşa vəzifəsi hesab edilir. Lakin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X7 tərəfindən qanunvericiliyin göstərilən tələblərinə əməl edilməyərək, iş üzrə Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış edilməsi barədə formal protokol tərtib edib iş üzrə istintaqı yekunlaşdırmışdır. Halbuki sorğu verilərək alınmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Probasiya İdarəsinin məktubundan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Binəqədi RPİ-nin İstintaq şöbəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X7 tərəfindən prosessual hərəkətlərin aparılmasında iştirak etməməsi müəyyən edilmişdir. Göstərilən həmin hal xx.xx.2024-cü il tarixli “ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və müdafiəçisinə məlumat verilməsi barədə” və xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” protokolların formal olaraq tərtib olunmasını və həmin tarixlərdə müstəntiq tərəfindən müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxslə Binəqədi Rayon Polis İdarəsində istintaq hərəkətlərinin aparılamamasına dəlalət edir. Yuxarıda sadalananlar ibtidai istintaqı həyata keçirmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X7 tərəfindən Cinayət- Prosessual qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasını göstərir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-in 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. Belə ki, CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-in 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.8. məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması;... Beləliklə, məhkəmə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq CPM-in 284-286-cı maddələrinin tələbləri pozulduğundan hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, eləcə də qeyd olunan pozuntulara görə işin ibtidai istintaqını aparmış müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır.. Məhkəmə, CPM-in 306.1-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmlıdır. Göstərilənlərə əsasən və CPM-in 8, 10, 289 303, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna qaytarılsın.

2. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılsın.

3. İşin ibtidai istintaqını aparmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X7 barəsində xüsusi qərar çıxarılsın.

4. Qərarın surəti 3 (üç) gün müddətində dövlət ittihamçısına, müdafiəçiyə, təqsirləndirilən şəxsə yerinə göndərilsin.

Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar