Məhkəmə qərarları › İş №1(001)-153/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-153/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-153/2025 09.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1965-ci ildə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, "xxxx" MTK-nın sədri işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan görünür ki, Rəhimov X1 Şahlar Bahadur oğluna məxsus ünvan 3 ünvandakı evin qarşısında yerləşən daş qarajın "xxxx" Mənzil-Tikinti Koorperativi tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq ona təhvil verilməsini, o cümlədən əldən çıxmış faydaya görə 3400,00 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,00 manat, cəmi 3430,00 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 09 fevral 2021 -ci il tarixli, 2(001 )-147/2021 saylı qətnaməsinin icrasının təmin edilməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyi üçün həmin məhkəmənin 17 mart 2023-cü il tarixli, 3(001)-749/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsinə əsasən təqsirli bilinərək 5000,00 manat məbləğində və 24 iyun 2023-cü il tarixli, 3(001 )- 2497/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 2000,0 manat məbləğində inzibati cərimə edilməsinə, məhkəmə aktının icrasını təmin etməsi üçün ona yeni müddət təyin olunmaqla məsuliyyəti barədə 04 iyul 2023-cü il, 02 noyabr 2023-cü il, 26 dekabr 2023-cü il tarixlərdə rəsmi xəbərdarlıqlar verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 02 fevral 2024-cü il tarixədək şəxsi maraq niyyəti ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əmlakına ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə nəzərdə tutulan elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, uzun illərdir ki, "xxxx" MTK-nin sədri işləyir. Sədri olduğu MTK-nın əsas fəaliyyəti tikinti işlərindən ibarətdir və 2016-cı ildə Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə 1 ünvanında yüksək mərtəbəli çox mənzilli yaşayış və qeyri-yaşayış sahələri tikərək satmışlar. Rəhbərlik etdiyi MTK tərəfindən bina inşa edilən zaman gecə saatlarında tikinti materialı gətirən “KAMAZ” markalı yük avtomobili ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs məxsus tikilməkdə olan binanın qarşısında yerləşən daş qarajı uçurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs ona məxsus olan daş qarajın "xxxx" MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq ona təhvil verilməsi və 3430,00 manat məbləğində pul vəsaitinin MTK-dan tutularaq sonuncuya ödənilməsinə dair aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmış və həmin məhkəmənin 09 fevral 2021 -ci il tarixli, 2(001 )-147/2021 saylı qətnaməsi ilə iddiası təmin edilərək daş qarajın "xxxx" MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq Zərərçəkmiş şəxs təhvil verilməsi, o cümlədən 3400,00 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,00 manat, cəmi 3430,00 manat məbləğində pul vəsaitinin sonuncunun xeyrinə ödənilməsi qət edilmişdir. Qanuni qüvvəyə minmiş 09 fevral 2021-ci il tarixli, 2(001)- 147/2021 saylı qətnaməsinə əsasən verilmiş icra sənədi icraya yönəldildikdən sonra Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən "xxxx" MTK-nın sədri olduğuna görə icraata başlanma haqqında qərarın surəti və tələbin könüllü icrasına dair bildiriş ona təqdim edilmişdir. Tələbin könüllü icrasına dair bildirişdə "xxxx" MTK-nın sədri olduğundan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin etməsindən ötrü ona könüllü icra müddəti verilmiş və həmin müddət ərzində qətnamənin icrasını təmin etməmişdir. Bundan sonra icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Binəqədi Rayon Məhkə- məsinin 17 mart 2023-ci il tarixli, 3(001)-749/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 5000,00 manat məbləğində və 24 iyun 2023ci il tarixli, 3(001 )-2497/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 2000,00 manat məbləğində inzibati qaydada cərimə edilmiş və qətnamənin icrasını təmin etmək məqsədilə ona yeni müddət təyin edilmişdir. Lakin, Zərərçəkmiş şəxs məxsus daş qarajın yerində "xxxx" MTK tərəfindən MTK-nın lahiyyəsinə uyğun olaraq 2 mərtəbəli yeraltı avtomobil dayanacağı və həmin binanı su ilə təchiz edən 2 ədəd su anbarı inşa edildiyi üçün sözü gedən məhkəmə qətnaməsinin icrası mümkün olmamışdır. Bundan sonra icra məmurları tərəfindən ona qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməsi üçün dəfələrlə müddətlər təyin edilsə də, məhkəmə aktının icrasını təmin edə bilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ona məxsus ünvan 3 evin qarşısında yerləşən daş qarajı 2019-cu ilin təxminən sentyabr ayında "xxxx" MTK tərəfindən sökülərək ərazisinə birləşdirilmiş, bundan sonra o, qarajın əvvəlki vəziyyətinə qaytarılmasına və həmin müddət ərzində 3430,00 manat icarə haqqının əvəzinin ödənilməsi tələbinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində "xxxx" MTKya qarşı iddia qaldırmış, məhkəmənin 09 fevral 2021-ci il tarixli, 2(001)-147/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, qətnaməyə əsasən qarajın "xxxx" MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq ona təhvil verilməsi və MTK-dan 3430,00 manat məbləğində pul vəsaitinin tutularaq sonuncunun xeyrinə ödənilməsi qət edilmiş, qətnamənin icrasının təmin edilməsi ilə əlaqədar Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmurlarları tərəfindən "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs bildiriş təqdim edilmiş, sonuncu isə icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək qətnamənin icrasını təmin etmədiyi üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(001 )-2497/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 2000,00 manat məbləğində inzibati cərimə edilmiş, bundan sonra "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq sonuncu vəzifəli şəxs olaraq məhkəmə qətnaməsinin icrasını təmin etməkdən qərəzli olaraq yayınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(001)-147/2021 saylı icra sənədinə əsasən Zərərçəkmiş şəxs məxsus ünvan 3 evin qarşısında yerləşən daş qarajın "xxxx" MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq ona təhvil verilməsi, o cümlədən 3400,00 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,00 manat, cəmi 3430,00 manat məbləğində pul vəsaitinin Şahiar Həsənovun xeyrinə ödənilməlidir. Qeyd edilən qətnamə üzrə icra vərəqəsi şöbəyə daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə əsasən 25 aprel 2022-ci il tarixdə icraata başlanma haqqında qərar qəbul edilərək qərarın surəti və tələbin könüllü icrasına dair bildiriş "xxxx" MTK-nin sədri Təqsirləndirilən şəxs Vəiiyəddin oğluna təqdim edilmişdir. Həmin qətnamənin icrası məqsədilə 28 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs iştirakı ilə əraziyə baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, mübahisə predmeti olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qaraj həqiqətən sökülmüş və həmin ərazi 7 metr dərinlikdə qazılaraq təməli betonla inşa edilmiş yeni tikilinin təmili qoyulmuşdur. Bununla bağlı icra hərəkətləri davam etdirilmiş və qətnamənin icrası ilə bağlı "xxxx" MTK sədri icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırdığı üçün barəsində 17 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2023- cü il tarixli, 3(001)-749/2023 saylı qərarı ilə "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 5000, 0 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş 09 fevral 2021- ci il tarixli, 2(001 )-147/2021 saylı qətnaməsinin icrasının təmin edilməsi məqsədilə yeni müddət təyin edilmiş və ona bu barədə rəsmi olaraq xəbərdarlıq təqdim edilməsinə baxmayaraq sonuncu vəzifəli şəxs olaraq məlum qətnamənin icrasını qərəzli olaraq təmin etməmişdir. Belə olan halda "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs təkrar olaraq şöbəyə dəvət edilmiş və sonuncu icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməməsinə, eyni zamanda qətnamədə göstərilmiş tələbi icra etməməsinə görə barəsində yenidən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 24 iyun 2023-cü il tarixli, 3(001)-2497/2023 saylı qərarı ilə "xxxx" MTK- nın sədri Təqsirləndirilən şəxs vəzifəli şəxs olaraq inzibati xətanı törətməkdə təqsirli bilinməklə 2000,00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məlum inzibati tənbeh tədbirindən sonra məhkəmə qətnaməsinə əsasən Zərərçəkmiş şəxs məxsus ünvan 3 evin qarşısında yerləşən daş qarajın "xxxx" MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq ona təhvil verilməsi, həmçinin 3400,00 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,00 manat, ümumilikdə cəmi 3430,0 manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair "xxxx" MTK-nin sədri Təqsirləndirilən şəxs rəsmi xəbərdarlıq verilmiş, lakin sonuncu həmin ünvandakı daş qarajı əvvəlki vəziyyətinə qaytarılaraq Zərərçəkmiş şəxs təhvil verilməsi istiqamətində heç bir tədbir görməməklə hərəkətsizliyini davam etdirərək məhkəmənin qanuni qüvvədə olan məlum qətnaməsinin icrasını təmin etməkdən qərəzli olaraq yayınmışdır. Bundan sonra Zərərçəkmiş şəxs 12 iyul 2023-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək qanuni qüvvəyə minmiş qətnaməsi "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra edilməməsi faktı ilə əlaqədar toplanmış materiala hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müvafiq təqdimat verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 digər Şahid1 ifadəsində göstərilənləri təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikasının CM-nin 306.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. ünvan 5 xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qaraj cavabdeh "xxxx" MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçı Zərərçəkmiş şəxs təhvil verilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ünvan 5 xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Binəqədi Rayon Məhkəməsinin 3(001)-749/2023 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən həmin icra vərəqəsində göstərilən tələbi icra etmədiyinə və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək, vəzifəli şəxs qismində 5000 (beş min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 3(001)-2497/2023 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən həmin icra vərəqəsində göstərilən tələbi icra etmədiyinə və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək, vəzifəli şəxs qismində 2000 (iki min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 Azərbaycan Respublikası İstintaq İdarəsinə müraciət edərək, "xxxx" MTK-nın rəhbəri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsində toplanmış materiallar əsasında Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MTK-nın inşa etdirdiyi hündür mərtəbəli çox mənzilli yaşayış və qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, yaşayış və qeyri-yaşayış sahəsinin 4 blokdan, 18 mərtəbədən, yeraltı qarajdan ibarət olması müəyyən olunmuş və içərisinin yaşayışla təmin olunması, həmin yaşayış və qeyri-yaşayış sahəsinin üzərində, həyətində, eyni zamanda içərisində, həminçinin digər yerlərində Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 21 dekabr 2021-ci il tarixli, 2-2(103)-1377/2021 saylı qətnaməsində göstərilmiş mezanizm və avadanlıqların olması müəyyən edilməmiş və oranın foto-şəkilləri çəkilərək cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə başlanılmış cinayət işinə CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 259.2.3, 259.2.4, 66.2-ci maddələri ilə təqsirli bilinərək 9000 manat məbləğində cərimə edilmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.11-ci bəndinə əsasən təyin edilmiş cərimə cəzasından azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə nəzərdə tutulan elan edilmiş ittiham qüvvəsində saxlanılmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, ünvan 5 09 fevral 2021-ci il tarixli qətnaməsinin icrası qarşılıqlı razılaşma əsasında təmin olunmuş, sökülmüş qarajının əvəzində Təqsirləndirilən şəxs rəhbəri olduğu "xxxx" MTK tərəfindən ona ünvan 6 ünvanında inşa edilən yaşayış binasının 2-ci mərtəbəsində 2 avtomobil dayanması üçün qaraj sahəsi verilmişdir. Həmçinin ona dəyən ziyan tam şəkildə "xxxx" MTK tərəfindən ödənilmişdir. Hal-hazırda "xxxx" MTK-nın rəhbəri olan Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə cinayət işi üzrə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayt Məcəlləsini 306.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hər tərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət əməlini törətmiş vəzifəli şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə tövsif edilmişdir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə qətnamələrini hökm qanuni qüvvəyə minənədək tam icra etdiyinə görə cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmiş vəzifəli şəxs tərəfindən törədildikdə — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin qeyd hissəsində göstərilir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi qanunverici şəxsin CM-in 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini qanuni qüvvəyə minmiş məhkəmə aktının tam icra edilməsi ilə şərtləndirmiş, eləcə də bu maddi hüquq normasının məhkəmə baxışı zamanı tətbiqinin prosessual əsası qismində CPM-in 43.1.2-ci maddəsini nəzərdə tutmuşdur. Həmin Məcəllənin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Beləliklə məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin məhkəmə qətnamələrini icra etməsi ilə əlaqədar olaraq cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini tam icra etməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs həmin maddənin Qeydinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Həmçinin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 təqdim etdiyi hesabatlara əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən (Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş hallar müəyyən edildiyindən) cinayət məsuliyyətindən azad edilsin və həmin cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs göstərdiyi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar