Məhkəmə qərarları › İş №1(001)-154/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-154/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-154/2024 08.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 11:00 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs, xx.xx.1968-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 8 qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayının ilk günlərində axşam saatlarında naməlum şəraitdə Bakı Metropolitenin “Azadlıq” stansiyası yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq üç ədəd kibrit qutusunda və bir ədəd salfet bükümdə ümumi təmiz çəkisi 9,91 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib, üzərində saxlamaqla daşımış və 05 avqust 2023-cü il tarixdə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, həmin günü saat 17:30 dəqiqədə ünvan 1 ünvanın qarşısında saxlanılıb ünvan 2rləşən 7-ci PB-nin inzibati binasına gətirilərək orada 05 avqust 2023-cü il tarixdə saat 19:10-da üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın qabaq sağ yan cibindən bir ədəd kibrit qutusunda 4 ədəd qızılı, 08 ədəd gümüşü rəngli bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,23 qram, 0,18 qram, 0,20 qram, 0,26 qram, 0,19 qram, 0,23 qram, 0,17 qram, 0,22 qram, 0,32 qram, 0,37 qram, 0,30 qram, 0,21 qram, ümumi təmiz çəkisi 2,88 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürüldükdən sonra saat 19:30-da sonuncunun idarə etdiyi “Hyundai” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin sükanının altında olan kiçik yerdən bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,12 qram, bir ədəd salfet bükümdə təmiz çəkisi 3,02 qram və bir ədəd kibrit qutusunda içərisində 04 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,28 qram, 0,19 qram, 0,27 qram və 0,15 qram, ümumi təmiz çəkisi 7,03 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı ifadə verən Təqsirləndirilən şəxs özünü CM-nin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin “Hyundai” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Həmin avtomobil özünə məxsus deyil, belə ki, avtomobili icarə əsasında idarə etmişdir. Bir il narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş, belə ki, əhval ruhiyyəsi yaxşı olsun deyə narkotik vasitə qurudulmuş marixuananı tanımadığı şəxslərdən pulla alaraq üzərində saxlamış və sonra siqaretə doldurub çəkmişdir. 03 avqust 2023-cü il tarixdə axşam saatlarında narkotik vasitə almaq üçün Bakı Metropolitenin “Azadlıq” stansiyası yaxınlığına gəlmişdir. Metorunun yaxınlığında olan zaman üzdən tanıdığı və şifahi olaraq narkotik vasitə satmasını bildiyi şəxsi görmüşdür. Həmin şəxsə yaxınlaşıb sonuncudan uzun müdətli istifadə etmək narkotik vasitə istəmişdir.Həmin şəxs də nə qədər narkotik vasitə lazım olmasını soruşduqda demişdir ki, 2-3 ay ərzində istifadə edə biləcəyi qədər “nəşə” kimi tanıdığı marixuana lazımdır.Bundan sonra həmin şəxs ilə metronun yaxınlığında heç kəsin olmadığı ağaclar olan yerə gəlmişlər. Orada həmin şəxs bir ədəd kibrit qutusu vermiş və içərisində 12 ədəd bükümdə narkotik vasitə marixuana olmasını bildirmişdir. Kibrit qutusunu açaraq içərisinə baxmış və sayaraq müəyyən etmişdir ki, 12 ədəd bükümdə marixuana vardır. Həmin şəxsə 80 manat pul vermiş və kibrit qutusunu əynində olan şalvarımın cibinə qoymuşdur.Həmin şəxsdən yenədə narkotik vasitə istəmişdir. Həmin şəxs də iki ədəd kibrit qutusu və bir ədəd salfet büküm vermişdir. Kibrit qutusunun birinin içərisində 04 ədəd büküm olmuşdur. Həmin kibrit qutularında və salfet bükümdə də narkotik vasitə qurudulmuş marixuana olmuşdur. İki ədəd kibrit qutusu və bir ədəd salfet bükümə görə həmin şəxsə 170 manat pul ödəmiş və oradan uzaqlaşmışdır. Aldığı iki ədəd kibrit qutusunu və bir ədəd salfet bükümü avtomobilində gizlətmişdir. 05 avqust 2023-cü il tarixdə saat 17:30 dəqiqədə ünvan 3 ünvanın qarşısına gəlmiş və avtomobilini saxlayıb düşmüşdür. Avtomobilimin qarşısında dayanan zaman iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb xidməti vəsiqələrini göstərib Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşları sorğu-sual etmişlər, onlara özünü təqdim etmiş və haqqında məlumat vermişdir. Üzərində və avtomobilində narkotik vasitə olduğu üçün həyəcanlanmış, eyni zamanda qorxmuşdur.Polis əməkdaşları onlarla birlikdə polis bölməsinə getməyi təklif etmişdir. Etiraz etməmiş və onu avtomobili ilə Binəqədi RPİ-nin 7ci PB-nə gətirmişlər. Polis bölməsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Üzərində qanunsuz əşya olubolmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan göy rəngli cins şalvarının qabaq sağ yan cibindən bir ədəd kibrit qutusunu, şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı telefon, şəxsiyyət vəsiqəsi, avtomobilə aid sənədlər, sürücülük vəsiqəsi və 20 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Kibrit qutusu açılaraq içərisinə baxış keçirilmiş və içərisində 12 ədəd gümüşü rəngli bükümlər aşkar edilmişdir. Həmin bükümlərdə nə olması və haradan əldə etməyi barədə sual verilmiş, bu zaman bildirmişdir ki, həmin bükümdə narkotik vasitə marixuana vardır, marixuananı Bakı Metropolitenin “Azadlıq” stansiyası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 80 manata almışdır. Bundan başqa üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Üzərimdə başqa əşya olub-olmaması barədə sual verildikdə demişdir ki, idarə etdiyi avtomobildə də narkotik vasitə marixuana vardır. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşı tərəfindən elektron tərəzi ilə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu və axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. Bundan sonra polis əməkdaşları onun və müdafiəçinin iştirakı ilə videoçəkiliş etməklə avtomobilinə baxış keçirmişlər. Avtomobilində olan narkotik vasitələri təqdim etməyi xahiş olunmuş, o da idarə etdiyi “Hyundai” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanının alt hissəsində olan kiçik yeri açaraq orada saxladığı içərisində narkotik vasitə marixuana olan iki ədəd kibrit qutusunu və bir ədəd salfet bükümü çıxarıb təqdim etmişdir. Kibrit qutuları və salfet bükümə baxış keçirilmiş, kibrit qutusunun birinin içərisindən 04 ədəd büküm aşkar olunmuşdur. Bildirmişdir ki, iki ədəd kibrit qutusunuda və bir ədəd salfetdə olan maddə narkotik vasitə qurudulmuş marixuanadır və şəxsi istifadəsi üçün Bakı Metropolitenin “Azadlıq” stansiyası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 170 manata almışdır. Avtomobilindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşı tərəfindən elektron tərəzi ilə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir.Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu o və axtarışda iştirak edən şəxslər imza edərək təsdi etmişlər.Üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə etmişdir.Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və kimlərəsə satmamışdır. Üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanadan başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamamışdır.Narkotik vasitəni aldığı şəxsi tanımamış, belə ki, yalnız üzdən tanımış və şifahi olaraq qurudulmuş marixuana satmasını bilmişdir.Narkotik vasitələri üç ədəd kibrit qutusundə və bir ədəd salfet bükümdə almışdır.Kibrit qutusunun birinin içərisində 12 ədəd, birinin içərisində isə 4 ədəd büküm olmuşdur.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü CM-nin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, ona verilmiş ittihamın yanlış olmasını nəzərə alaraq onun əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı ifadə verən Şahid1 bildirmişdir ki, DİN-nin Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin Cinayət Axtarış Üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantı rütbəsindədir.05 avqust 2023-cü il tarixdə xx.xx.1968-ci ildə Bakı şəhərində doğulmuş, ünvan 4 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs inzibati ərazidə qanunsuz olaraq narkotik vasitə, o, cümlədən psixotrop maddə əldə edərək istifadə etməsi, barədə etimad doğuran məlum və qərəzsiz mənbədən polis bölməsinə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis bölməsinin rəisinə raportla məruzə etmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar bölmə rəisi tərəfindən təsdiq olunmuş, əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Binəqədi rayon prokuroruna və Binəqədi rayon məhkəməsinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə bölmənin sahə rəisi, polis mayoru Şahid2 təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün qrupun üzvü Şahid2 ilə birlikdə məlumat əsasən ünvan 5 ünvanın yaxınlığına gəlmişlər. Saat 17:30 dəqiqədə Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə M.Cəlal küçəsi 34 ünvanın qarşısına gəlmişdir. Həbib avtomobili saxlayıb düşmüşdür. Bu zaman onlar Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəqisələrini göstərib özlərini təqdim etmişlər və sonuncudan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib Binəqədi RPİ-nin 7-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və avtomobilini polis bölməsinə gətirmişlər. Bölmədə raport yazıb rəisə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra videoçəkiliş etməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, sonuncu da əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin kibrit qutusunun içəri açılaraq baxış keçirilmiş, qutunun içərisindən 12 ədəd gümüşü rəngli bükümlərdə yaşıl rəngli ot kütlələri aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsini, avtomobilə aid sənəd, sürücülük vəsiqəsi və 20 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs kibrit qutusunun içərisindən aşkar edilmiş 12 ədəd bükümdə olan maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da həmin maddənin narkotik vasitə marixuana olmasını, narkotik vasitəni Bakı Metropolitenin “Azadlıq” stansiyası yaxınlığında tanımadığı şəxsdən 80 manata almasını və şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs başqa yerdə narkotik vasitə saxlayıb-saxlamaması barədə sual verilmiş, sonuncu da idarə etdiyi “Hyundai” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə marixuana olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin sonuncunun üzərindən heç bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş maddələr elektron tərəzi ilə çəkildikdən sonra kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğunu baxışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. Həmin günü 7-ci PB-nin inzibati binasının həyətində olan Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, sonuncu avtomobilin sükanının alt hissəsində saxladığı kiçik yeri açaraq oradan iki ədəd kibrit qutusu və bir ədəd ağ rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusu və kağız büküm açılaraq baxış keçirilmiş, kibrit qutusundan və kağız bükümdən yaşıl rəngli ot kütlələri aşkar olunmuşdur.Bundan sonra avtomobilin içərisi yoxlanılmış, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Aşkar edilmiş maddələr elektron tərəzi ilə çəkildikdən sonra kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır.Bundan sonra protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğunu baxışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. Səhəri günü Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş maddələrin tərkibinin və çəkisinin müəyyən edilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza mərkəzinə göndərilmiş və bununla bağlı rəy verilmişdir. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş maddə narkotik vasitə qurudulmuş marixuanadadır, üzərindən aşkar edilmiş marixuananın çəkisi 2,88 qram, avtomobilindən aşkar edilmiş marixuananın çəkisi isə 7,03 qramdır. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmuş, sonuncunun narkotik vasitə satdığı şəxslərin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır.Polis Bölməsinə əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələri üzərində gəzdirməsi barədə daxil olsada sonuncunun narkotik vasitə marixuananın satışı ilə məşğul olması barədə də məlumat olmuşdur. Məhkəmə baxışı zamanı ifadə verən Şahid2 şahid qismində ifadə verən Şahid1 ifadəsi ilə oxşar məzmunda ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, onun müdafiəçisinin çıxışını, şahid ifadələrini dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməli və o, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan da görünür ki, ilk olaraq Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddə əldə edib saxlanılması faktı ilə bağlı Binəqədi RPİ-nin 7-ci PB-də toplanmış materiallar əsasında fakta görə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai araşdırma aparılmışdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 06 avqust 2023-cü il tarixli 7/1128 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs imza...” sözləri yazılan birinci zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,12 qram, bir ədəd salfet kağızına bükülmüş təmiz çəkisi 3,02 qram, bir ədəd kibrit qutusunun içərisində 04 (dörd) ədəd gümüşü rəngli kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1) 0,28 qram, 2) 0,19 qram, 3) 0,27 qram, 4) 0,15 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 7,03 qramdır. 2. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs imza...” sözləri yazılan ikinci zərfdə bir ədəd kibrit qutusunda içərisində 12 (on iki) ədəd kağız bükülüdə (dörd ədəd qızılı və səkkiz ədəd gümüşü rəngli) ayrı-ayrılıqda təmiz çəkiləri 1) 0,23 qram, 2) 0,18 qram, 3) 0,20 qram, 4) 0,26 qram, 5) 0,19 qram, 6) 0,23 qram, 7) 0,17 qram, 8) 0,22 qram, 9) 0,32 qram, 10) 0,37 qram, 11) 0,30 qram və 12) 0,21 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 2,88 qramdır. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məcburi-narkoloji ekspertizasının 09 avqust 2023-cü il tarixli 5098 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranana aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Həmçinin, iş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə əməl həmin maddədən CM-in 234.2-ci maddəsinə tövsif edilmiş, lakin həmin qərar kifayət qədər əsaslandırılmamışdır. Həmçinin, iş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qurudulmuş halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyənləşdirilmişdir. Məhkəmə, məhkəmə iclasında əldə edilən, qiymətləndirilən sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı işin faktiki hallarını düzgün müəyyən etməmiş, Təqsirləndirilən şəxs əməlinin cinayət qanunu ilə tövsifində səhvə yol vermişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasının anlayışı verilmişdir. Həmin qanuna əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 8ci bəndində verilmiş izaha əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təsadüfi deyildir ki, qanunvericilik və hüquq ədəbiyyatı “cinayət” anlayışı ilə yanaşı “obyektiv əlamətlər” anlayışından istifadə edir. Cinayət – ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərin sistemidir. Cinayət tərkibi – ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və subyektiv əlamətlərin məcmusudur. CM-in 234.2-ci maddəsinin dispozisiyasında cinayət əməlinin obyektiv cəhəti Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 9cu bəndində verilmiş izaha əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın (məsələn: tərəzi) olması və işin digər halları nəzərə alınmalıdır. Təsvir edilənlər belə deməyə əsas verir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün onun məhz yuxarıda sadalanan məqsədlərin hər hansı birini güdərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. İstər məhkəməyədək araşdırma zamanı, istərsə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsinə və yaymasına, narkotik vasitəni əldə etməmişdən öncə başqa şəxslə (şəxslərlə) sövdələşməsinə dair hər hansı mötəbər sübut əldə etmək mümkün olmamışdır. Belə olan halda isə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satmaq niyyətinin və istehlakçı ilə razılığının olmasını təsdiq edən mötəbər sübutlar əldə edib, qiymətləndirmədən, ehtimal əsasında Təqsirləndirilən şəxs əməlini narkotik vasitə olan maddələrin satma kimi qiymətləndirilməsi və əməlin CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi əsassız və qanunsuzdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən heç bir sübutla, o cümlədən şahid ifadələri ilə də Təqsirləndirilən şəxs digər şəxsə narkotik vasitəni satması, dəyişdirməsi, borc əvəzinə verməsi, borc olaraq verməsi kimi hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ayrı-ayrılıqda çəkiləri 1) 0,23 qram, 2) 0,18 qram, 3) 0,20 qram, 4) 0,26 qram, 5) 0,19 qram, 6) 0,23 qram, 7) 0,17 qram, 8) 0,22 qram, 9) 0,32 qram, 10) 0,37 qram, 11) 0,30 qram və 12) 0,21 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək satması faktına dair mötəbər sübutlar əldə edilmədən və qiymətləndirilmədən, təqsirləndirilən şəxsin əməli CM-in 234.2-ci maddəsinə tövsif edilə bilməz. Həmin şəxsin əməli yalnız narkotik vasitə əldə edib üzərində saxlayaraq daşıması və xx.xx.2023-cü il tarixdə saat 17:30-da Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 6 ünvanının yaxınlığında saxlanılaraq Binəqədi RPİ-nin 7-ci PB-nə gətirilmiş və orada 05 avqust 2023cü il tarixdə saat 19:10-da üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın qabaq sağ yan cibindən bir ədəd kibrit qutusunda 4 ədəd qızılı, 08 ədəd gümüşü rəngli bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,23 qram, 0,18 qram, 0,20 qram, 0,26 qram, 0,19 qram, 0,23 qram, 0,17 qram, 0,22 qram, 0,32 qram, 0,37 qram, 0,30 qram, 0,21 qram, ümumi təmiz çəkisi 2,88 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürüldükdən sonra saat 19:30-da sonuncunun idarə etdiyi “Hyundai” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin sükanının altında olan kiçik yerdən bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,12 qram, bir ədəd salfet bükümdə təmiz çəkisi 3,02 qram və bir ədəd kibrit qutusunda içərisində 04 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,28 qram, 0,19 qram, 0,27 qram və 0,15 qram, ümumi təmiz çəkisi 7,03 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi faktına dair mötəbər sübutlar əldə edildiyindən və qiymətləndirildiyindən, onun əməli CM-nin 234.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulan narkotik vasitə olan marixuananı satış məqsədi ilə əldə edib satmasını, yəni yayılmasını təsdiq edən mötəbər sübutlar olmadığından və məhkəmə istintaqında yeni mötəbər sübutların əldə edilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, Təqsirləndirilən şəxs əməlini həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməyi qanuni və əsaslı sayır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır.Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-nin 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “X6 Keçirilməsi Zamanı “İnsan Hüquqlarının və X4 Haqqında” X2 və İnsan Hüquqları Üzrə Arvopa Məhkəməsinin Presedentlərinin Tətbiqi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X3 3-ü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. CPM-in 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. CPM-in 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CM-in 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə toplanmış mötəbər sübutları obyektiv araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, CM-in 234.1 maddəsi ilə törətdiyi cinayətə görə cəza almalıdır. Belə ki, CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, AR CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilməz. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsiri sübut olunmuş əməl üzrə təqsirini etiraf edir, əməlindən peşmandır, ilk dəfə az ağır cinayət törətmişdir, əməlində cəzanı ağırlaşdıran hallar ümumiyyətlə yoxdur. Məlum olduğu kimi, Azərbaycan Respublikasında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmçinin, həmin qərara görə məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır. Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır. Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsüf olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əmamətləri olmasın və faktitiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 05 avqust 2023-cü il tarixdən 07 avqust 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1 (bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİnin 7-ci PB-nin təhqiqatçısı, polis mayoru X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30-da tutulmuşdur. Bundan sonra, Binəqədi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı X9 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərara əsasən məlum olur ki, iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına verilməklə qətimkan tədbiri seçilmiş və o, xx.xx.2023-cü il tarixdə saat 15.00-da saxlandığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 8 ünvanda yerləşən mənzildə çəkməli və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” barədə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan 9,55 qram marixuana qalığı məhv edilməli və iş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 89 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən cəmi 14 iş saatı sərf olunmuşdur. CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-nin 193.4-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdə və bu imtina cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmədikdə, cinayət prosesində iştirak edən müdafiəçinin hüquqi yardımı göstərilən şəxslər üçün məhkəmənin qərarı əsasında pulsuz, Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Odur ki, CPM-nin 193-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 adına onun vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına cəmi 84 manat məbləğində pul keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilsin və Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 05 avqust 2023-cü il tarixdən 07 avqust 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 8 ünvanda yerləşən mənzildə çəksin. Təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə işlədiyi Sumqayıt şəhəri və yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan qurudulmuş marixuanın 9,55 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X5 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi2 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 14 (on dörd) saat hüquqi xidmətin dəyəri 84 (səksən dörd) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37 NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB**********0321701115, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar