Məhkəmə qərarları › İş №1(001)-155/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-155/2023

02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-155/2023 02.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs: xx.xx.1971-ci il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, Ağsu rayonu, Gursulu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Naxşıcahan” kafesində ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış, davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinatsızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirərək, ictimai yer sayılan kafedə işləyən zərərçəkmiş Zərərçəkmiş şəxs ondan kafedə olan mobil telefonu götürüb-götürməməsini, əgər götürübsə qaytarmasını tələb etdiyini bəhanə edib, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs nalayiq sözlərlə təhqir etməklə və üzərində zor tətbiq edib sifət və qol nahiyələrinə sillə və yumruqla vuraraq sol bazu oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan oynağın qançır-şişkinliyi, sol saidin və sağ bazunun qançırları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ittiham üzrə özünü qismən təqsirli bilərək istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən 4 aydır ki tanıyır və arada bir sonuncunun işlətdiyi Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Naxşıcahan” kafesinə çay içməyə gedir. Hadisədən təxminən 10- 15 gün əvvəl Mahirənin işlətdiyi kafedə olan zaman Mahirə ona işçi axtardığını bildirmiş, o da işçi olsa xəbər edəcəyini demişdir. Hadisə ilə bağlı bildirmişdir ki, 07 aprel 2022-ci il tarixdə saat 09 radələrində Mahirənin işlətdiyi kafeyə çay içmək üçün getmişdir. Kafedə olan zaman Mahirə ilə görüşüb çay içib işləri olduğundan kafedən bayıra çıxmışdır. Bu zaman Mahirə arxasıyca gələrək sonuncuya məxsus olan mobil telefonu tapa bilmədiyini və ondan şübhələndiyini bildirdikdə o, Mahirəyə mobil telefondan xəbəri olmadığını sonuncuya söyləyib oradan çıxıb getmişdir. Belə ki, o, həmin gün saat 18 radələrində Mahirənin işlətdiyi Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Naxşıcahan” kafesinə getmişdir. Həmin gün adı çəkilən kafedə olan zaman masaların birində əyləşmiş və spirtli içki sifariş vermişdir. Kafedə çoxlu tanımadığı şəxslər var idi. Kafedə olan zaman Mahirə mobil telefonunu onun götürdüyündən şühbələndiyini və sonuncuya geri qaytarmağını bildirdikdə o, Mahirəyə acıqlanaraq belə bir şeyin olmadığını söyləmişdir. Daha sonra Mahirə ilə aralarında ilkin olaraq sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı Mahirə onu pis sözlər ilə təhqir etməyə başlamış, o da sonuncuya qarşılıq versə də Mahirə üz və sinəsindən cırmaqla xəsarət yetirən zaman Mahirənin ondan əl çəkmədiyini görüb əli ilə qollarından tutub geri itələmiş və bu zaman Mahirə yerə yıxılmışdır. Daha sonra kafedə olan tanımadığı şəxslər onları ayırmışdır. Nəticədə isə o, kafedən çıxıb yaşadığı evinə getmişdir. Hal-hazırda da barışmışlar. Xuliqanlıq niyyəti olmamışdır, lakin zərərçəkmişə yüngül xəsarət yetirməsini etiraf edərək məhkəmənin tərəflər arasında barışıq olmasını nəzərə almasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, təxminən 7-8 ildir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Daş bazarı” adlanan yerin yaxınlığında yerləşən “Naxşıcahan” kafesini icarə əsasında işlədir. 07 aprel 2022-ci il tarixdə saat 09 radələrində kafedə olan zaman müştəri qismində tanıdığı Mübariz kafeyə daxil olub çay içmək fikrində olduğunu bildirmişdir. Bu zaman o, özünə məxsus olan “Samsung” markalı mobil telefonunu kafedə vitrinin arxa tərəfində qoymuşdur. O, kafenin mətbəx olan hissəsinə daxil olub foyeyə qayıdarkən mobil telefonunun yerində olmadığını görmüşdür. Həmin vaxtı Mübariz də kafedə yox idi. O, dərhal kafedən bayıra çıxarkən Mübarizin bayırda olduğunu görüb mobil telefonunu ona verməsini istəmiş, lakin Mübariz mobil telefondan xəbərinin olmadığını bildirsə də, o, Mübarizin dediyinə inanmamışdır. Nəticədə isə o, kafeyə qayıdıb işlərinə davam etmişdir. Həmin gün saat 18 radələrində kafedə müştərilərə qulluq edən zaman Mübariz kafeyə daxil olmuş və o, Mübarizdən mobil telefonunu sonuncunun götürdüyünü və telefonu ona geri qaytarmasını bildirdikdə Mübariz ilə aralarında ilkin olaraq sözlü mübahisə başlamışdır. Mübahisə zamanı Mübariz onu pis sözlər ilə söyməyə başlayaraq səs-küy etməyə başlamış, o da Mübarizə kafeni tərk etməsini xahiş etdikdə sonuncu dediklərinə məhəl qoymayaraq ona yaxınlaşıb gözləmədiyi anda sifətinin sol tərəfinə iki dəfə sillə zərbəsi və sol qolundan isə bir dəfə yumruq zərbəsi endirmiş, kafedə olan tanımadığı müştərilər onları ayırmışdırlar. O, mübahisə bitdikdən sonra hadisə baş verən gün hadisə barədə polis qurumuna məlumat verməmişdir ki, Mübariz səhvini anlayıb ondan üzr istəmiş olar. Nəticədə isə Mübarizin ondan üzr istəmədiyini görüb 08 aprel 2022-ci il tarixdə DİN-in 102 saylı xidmətinə Mübariz adlı şəxsin əməlləri barədə məlumat vermişdir. O, mobil telefonunun Mübariz tərəfindən götürüldüyünü görmədiyindən kafeni yenidən axtarmağa başlamış və xx.xx.2022-ci il tarixdə işlətdiyi kafenin mətbəxindəki qabqacaqların arxasından mobil telefonunu tapmışdır. Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şiikayət və tələbinin olmadığını bildirmişdir. Qobu rayonunda yaşayan və səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyən cinayət işi üzrə şahid qismində tanınmış Şahid ibtidai istintaq dövründə verdiyi ifadə elan edilmişdir. O, ifadəsində göstərmişdir ki, Binəqədi rayonu, “Daş bazarı” adlanan yerin yaxınlığında yerləşən “Naxşıcahan” kafesində işləyir. Zərərçəkmiş şəxs onun müdiridir, Mübariz isə kafeyə arada gedən müştəri olmuşdur. xx.xx.2022-ci il tarixdə kafedə olan zaman müştəri kimi tanıdı Mübariz kafeyə gəlib çay içdikdən sonra ççıxıb getdi. Bir qədər vaxt keçdikdən sonra Mahirə ona amobil telefonunu tapa bilmədiyini bildirdi, o da onunla birlikdə kafedə telefonu axtaran zaman Mübarizin kafedə olmadığını görüb mobil telefonu onun götürdüyündən şübhələnmişdir. Mahirə kafedən bayıra çıxıb Mübarizlə bayırda söhbət etdikdən sonra kafeyə geri qayıtdı. Həmin gün saat 18 radələrində kafedə müştərilərə qulluq edən zaman Mübariz kafeyə daxil oldu. O içkili vəziyyətdə idi. Bu zaman Mahirə ona yaxınlaşıb Mübarizdən mobil telefonu onun götürdüyünü və mobil telefonu geri qayhtarmasını tələb etdikdə Mübarizlə aralarında ilkin olaraq sözlü münbahisə başladı. Mübahisə zamanıı Mübariz Mahirəni pis sözlərlə söyməyə başlayaraq səs-küy etmməyə başladı. Mahirə də Mübarizə kafeni tərk etməsini xahiş etdikdə Mübariz onun dediklərinə məhəl qoymayıb Mahirəyə yaxınlaşaraq səhv etmirəmsə 2 dəfə sillə zərbəsi və sol qolundan isə 1 dəfə yumruq zərbəsi endirdi. O da kafedə olan tanımadığı müştərilərlə birlikdə onları ayırmağa çalışmışdır. Nəticədə isə Mahirə xx.xx.2022-ci il tarixdə DİN-in 102 saylı xidmətinə Mübarizin əməli barədə məlumat verdi. Daha sonra onlar birlikdə axtaran zaman Mahirə mobil telefonu kafenin mətbəxindəki qab-qacaqların arxasından tapmışdır. Mübahisə xx.xx.2022-ci il saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Daş bazarı” adlanan yerin yaxınlığında yerləşən “Naxşıcahan” kafesində baş vermişdir. Qeyd edilən tarixdə baş vermiş mübahisənin əsas səbəbi Mübarizin Mahirənin telefonunu götürməsinə əsəbləşməyi və Mahirəni söyməsi olmuşdur. Özünün xəsarət almadığını bildirmişdir. Mübahisənin təxminən 15-20 dəqiqə davam etdiyini qeyd etmişdir. Mübahisədə o, Mahirə, Mübariz və kafedə olan tanımadığı müştərilər olmuşdur. Cinayət işinin materiallarında olan və tədqiq edilən: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2022-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilərək həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2022-ci il tarixli 666 saylı rəyindən görünür ki:

1. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər- sol bazu oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan oynağın qançırşişkinliyi, sol saidin və sağ bazunun qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərər vurmaya aiddirlər.

2. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər qərar göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əl və yumruqla yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdilər.

3. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi az inandırıcıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi KonstitusiyaMəhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyrimüəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Hüquq normalarının dəqiq, aydın, birmənalı və müəyyən olması, hüquqtənzimetmə sistemində onların birbirinə uyğunluğu tələbi yuxarıda qeyd olunan konstitusion prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquq tətbiq etmə təcrübəsi yaranar. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qeyri-müəyyənliyin aradan qaldırılması üçün xuliqanlıq cinayət əməlinin (CM-in 221-ci maddəsi) tərkibi, tövsifedici əlamətləri araşdırılmalıdır. CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Lakin hazırki cinayət işinin hallarından, təqsirkarın hərəkətlərinin cəmiyyətə açıqca hörmətsizlik göstərməyə, ictimai qaydanı kobud surətdə pozmağa yönəldiyi görünmür, bu ibtidai istintaq və məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Cinayət işinin hallarından görünür ki, hadisə ani vaxtda baş vermiş və tamamlanmış, davam etməmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurduqdan və ya dediyi kimi itələdikdən sonra sonuncu yerə yıxılmışdır. Təqsirləndirilən şəxsin hərəkətləri şəxsi münasibətlər zəminində zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi ona məxsus mobil telefonu oğurlamaqda ittiham etməsi nəticəsində başlamış çərçivədən çıxmamışdır. Ona görə də məhkəmə hesab edir ki, baş vermiş hadisədə təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydanın pozulmasına deyil, aralarında mövcud olmuş münasibət pozğunluğuna görə şəxsi münasibətlər zəminində baş verdiyindən, əməlində CM-nın 221.1-ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin tərkibi ola bilməz. Eyni zamanda həmin hadisə nəticəsində zərərçəkmiş şəxs xəsarət aldığından, təqsirləndirilən şəxs yetirdiyi xəsarətin dərəcəsinə uyğun şəxsiyyət əleyhinə törətdiyi əmələ görə məsuliyyət daşımalıdır. Məhkəmə istintaqı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs, xx.xx.2022-ci il tarixdə sol bazu oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan oynağın qançır-şişkinliyi, sol saidin və sağ bazunun qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərər vuran xəsarət yetirmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurması sübuta yetmiş, lakin CM-nın 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi cinayət işinin materialları və məhkəmə istintaqı ilə kifayət qədər sübuta yetirilməmişdir. Məhkəmə istintaqında tədqiq edilənlərə və iş materiallarında olan sübutlara əsaslanan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xuliqanlıq cinayətini nəzərdə tutan CM-nın 221-ci maddəsinin dispozisiyasında, əməldə üç əsas komponentin birlikdə mövcudluğunun zəruriliyi nəzərdə tutulmuşdur. Hazırki cinayət hadisəsi üzrə təqsirləndirilən şəxsin əməlində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərin törədilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davaranış və birgəyaşayış qaydalarının sistemi, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, Təqsirləndirilən şəxs hadisə ilə bağlı əməlində həmin əlamətləri aşkar etməmişdir. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Xüsusilə vurğulanmalıdır ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Qeyd olunanlar baxımından məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini təhlil edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli ona isnad edilən CM-nın 221.1-ci maddəsinin əlamətləri ilə üst-üstə düşmür. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli, 1 nömrəli Qərarının 3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsi münasibətlər zəminində başlanılmış intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıqaşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Göründüyü kimi qeyd olunan Plenumun qərarından aydın olur ki, təqsirləndirilən şəxsin hadisənin gedişindəki hərəkətləri sonradan açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Hazırki işin hallarından görünür ki, təqsirləndirilən şəxsin hərəkətləri səbəbli olaraq konkret yönəlmiş, ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. İbtidai istintaq orqanı özü də sübut etmişdir ki, onun ictimai qaydaya, başqalarına qarşı yönələn xuliqanlıq hərəkətləri, qeyri adi, özünü başqalarından fərli göstərən, üstünlük nümayiş etdirən və sair bu kimi davranışı olmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-nin 221.1-ci maddəsindən CM-nin 128-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirlən şəxsin CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspertiza rəyi, sənədlər və iş üzrə qanuni üsullarla toplanmış, məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Təqsirləndirilən şəxs müdafiəçisi məhkəməyə vəsatət təqdim edərək baş vermiş hadisənin xuliqanlıq niyyəti ilə törədilmədiyini, təqsirləndirilən şəxsin əməlinin CM-nin 128ci maddəsi ilə tövsif edilməli olmasını, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmadığını qeyd edərək CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156,1 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. Məhkəmə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Məhkəmə iclasının gedişində müəyyən olundu ki, təqsirləndirilən şəxs barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsi və onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, Təqsirləndirilən şəxs özünü zərərçəkmiş şəxsə yüngül xəsarət yetirməkdə təqsirli bilir. Törətdiyi əməldən səmimi peşmançılıq çəkməklə zərərçəkmiş şəxslə barışıq əldə etmiş, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi bağışlamış, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156,1 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, əməlindən səmimi peşman olmasını CM-nın 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. CPM-nin 39.1.11-ci maddəsində göstərilir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda CPM-nin 40.2.2-cı maddəsinə əsasən onun barəsində cinayət təqibi həyata keçirilməyə və cinayət təqibinə xitam verilə bilər. CPM-nin 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 43.3-cü maddələrinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi müdafiə tərəfi də məhkəməyə ərizə ilə müraciət edərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını qanuni, ədalətli və əsaslı hesab edir. CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi 35 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 43.1.2, 156, 193, 318.1, 344-347, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə

QƏRARA ALDİ:

Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.

Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar