Məhkəmə qərarları › İş №1(001)-156/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-156/2023

17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-156/2023 17.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMC-də mühasib olaraq işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş 30 iyun 2022-ci il tarixdə saat 20 radələrində yaşadıqları ünvan 3 ünvanında olarkən, orada keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs onun paltaryuyan maşında öz paltarlarını yumaq istəməsinə mane olması səbəbindən aralarında yaranmış mübahisənin gedişatında qəsdən Zərərçəkmiş şəxs sağ qoluna, sinəsinin sağ nahiyəsinə bir neçə dəfə yumruqla, həmçinin sağ buduna və hər iki ayağının baldır nahiyəsinə təpiklə vurub - sağ bazu nahiyəsinin dərialtı hematoması, sağ süd vəzisinin, sağ bud nahiyəsinin sağ və sol baldır nahiyəsinin qançırları kimi xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşıdır. 2019-cu il tarixdə onlar rəsmi olaraq boşanmışlar. Hazırda himayəsində azyaşlı övladları vardır. Onlar boşandıqdan sonra qısa bir müddət ərzində birlikdə yaşasalar da, hazırda eyni ünvanda yaşamırlar. Belə ki, Şəmsiyyə mütəmadi olaraq onu yaşadıqları evdən çıxarmaq üçün birgə qaldıqları müddətdə mübahisələr yaratmışdır. xx.xx.2022-ci il tarixdə axşam saat 20 radələrində yaşadıqları evdə azyaşlı qızları və Şəmsiyyə olmuşdur. Həmin vaxt o, mətbəxdə olan zaman Şəmsiyyə onun yanına gələrək paltaryuyan maşının elektrik cərəyanından ayırmış və ona nalayiq sözlər deməyə başlamışdır. Bu zaman o, Şəmsiyyəyə iradını bildirmiş və aralarında sözlə mübahisə baş vermişdir. Şəmsiyyə onu bu yolla özündən çıxarmağa çalışsa da o, Şəmsiyyəni əli ilə özündən kənara itələyərək münaqişədən uzaq olmağa çalışmışdır. Hadisə baş verən vaxt o mobil telefonu ilə bütün obaş verənləri qeydə almışdır. Həmin videogörüntüdn də göründüyü kimi,o Şəmsiyyəni vurmamışdır, hətta Şəmsiyyə onu qolundan vurmuşdur. Daha sonra Şəmsiyyə ev telefonunvə mobil telefon ilə öz qohumları(atası, anası) və vəkili ilə danışmış, onlardan bundan sonra nə edəcəkləri, hansı addım atacaqları barədə məsləhətlər almış, daha sonra isə guya mənim ona xəsarət yetirməyim ilə bağlı DİN 102 zəng xidməti mərkəzinə zəng etmişdir. Əslində Şəmsiyyənin bütün bunları etməkdə məqsədi bizim birgə nikah dövründə aldığımız və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə əsasnda mənim də istifadə hüququm yarandığı həmin evdən mənim istifadə etməyimi məhdudlaşdırmaq və ümumiyyətlə məni həmin evdən uzaqlaşdırmaqdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 30 iyun 2022-ci il tarixdə saat 20:00 radələrində şəhərdən evə qayıdarkən keçmiş həyat yoldaşının paltaryuyan maşına çirkli paltarlarını qızlarının alt geyim paltarları ilə birlikdə maşında yumaq istəyərkən ona mane olmağa çalışmış və iradını bildirərkən Təqsirləndirilən şəxs onunla mübahisə etməyə, ona qarşı nalayiq sözlər işlətməyə başlamışdır. Bu zaman ilk öncə onu əli ilə itələmiş və geri itələnərkən mətbəxin qapısına, həmçinin divarına başı dəyməməsi üçün əli ilə özünü saxlamışdır. Lakin, Səməndər onunla da kifayətlənməyərək onun üzərinə gələrək yumruq-təpik zərbələri yetirərək mətbəxdən qonaq otağına sürükləmişdir. Qonaq otağında da Səməndər onun sağ qoluna, sinəsinin sağ hissəsinə yumruqla bir neçə dəfə, sağ bud nahiyəsinə və ayağının hər ikisinin baldır hissələrinə təpiklə vurmaqda davam etmişdir. Bu zaman qonaq otağında olan azyaşlı qızı Xədicə qorxub ağlamağa başladığı üçün Səməndər dayanmışdır. Bundan sonra o, dərhal DİN-in 102 xidmətinə zəng edib şikayətini bildirmişdir. Şikayətindən sonra keçmiş həyat yoldaşını polis bölməsinə dəvət etmişlər. Növbəti gün isə xx.xx.2022-ci il tarixdə o atası ilə danışıb baş vermiş hadisəni danışmış, onunla birlikdə tibbi ekspertizaya gedib keçmiş və bədəninə yetirdiyi zərbələrin nəticəsində aldığı xəsarətlərdən ağrıları ilə bağlı KTM-ə gedib rentgen yoxlamasından keçmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq hadisə baş verən vaxtı böyük qızı Xədicənin qonaq otağında televizora baxdığını, kiçik qızı Xumarın isə vanna otağında olduğunu, keçmiş həyat yoldaşı tərəfindən dəfələrlə şiddətə məruz qaldığını, hətta keçmiş həyat yoldaşının bəzi hallarda onu yerə yıxaraq boğazına bıçaq çəkməsini, əvvəllər aralarında olan nikah münasibətlərinin pozulmaması səbəbindən, eləcə də uşaqlarının xatirinə hüquq mühafizə orqanlarına bununla əlaqədər şikayət etməməsini, nikah münasibətləri pozulduqdan sonra təxminən bir il yarıma yaxın müddətdə, təxminən 2022-ci ilin fevral-mart aylarına kimi yenidən ər-arvad kimi eyni evdə yaşadıqlarını, Təqsirləndirilən şəxs həmin müddət ərzində də ona qarşı məşiət zorakılığı hərəkətlərini davam etdirdiyini, sonradan aralarındakı münasibətlərin hansı səbəbə birdənbirə kəskinləşməsinin dəqiq səbəbini xatırlamadığını, təqsirləndirilən şəxsin demək olar ki, həmişə uşaqlar televizora baxarkən gəlib öz mobil telefonunda quraşdırdığı tətbiqlərin köməyi ilə televizoru söndürürdüyünü, bu zaman ona iradını bildərərkən Səməndərin nalayiq sözlər işlətdiyini, hər dəfə işdən evə qayıdarkan xırda bəhanələr gətirərək sözsöhbətlər yaradaraq mübahisələr yaratdığını, bu kimi hərəkətlərini davam etdirməsində onun nə kimi məqsəd daşıdığı ilə bağlı heç bir fikrinin olmadığını, Səməndərin belə etməklə onları bezdirəcəyini və nəhayətində onun uşaqları ilə birgə evdən çıxartmaq həddinə gətirmək fikrində olduğunu bildirmişdir. Eyni zamanda hazırda Təqsirləndirilən şəxs ilə barışmadığını və ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, qızı Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə zəng edərək bildirmişdir ki, 30 iyun 2022-ci tarixdə keçmiş həyat yoldaşı onu döyüb bədəninə və sağlamlığına zərbələr ilə xəsarət yetirdiyindən həmin gün polisə şikayət etmişdir. Məlumatı aldıqdan dərhal sonra qızının yaşadığı ünvana yollanmışdır. Onun yanına çatanda ayaqlarında, qollarında qançır izlərinin olduğunu görmüşdür. Sinəsində ağrıların olduğunu görüb qızı ilə birlikdə tibbi ekspertizaya yollanmışlar. KTM-də qızının sinəsini rentgen müayinəsindən keçirmişlər. Qızının sinə nahiyəsində də açıq qançır izlərinin olması aydın görünürmüş. Ekspertiza rəyinin nəticəsində də qızının sağ bazu nahiyəsinin dərialtı hematoması, sağ süd vəzisinin, o cümlədən sağ bud nahiyəsinin sağ və sol baldır nahiyəsinin qançırları kimi xəsarətlər bərk küt əşyanın təsirindən müayinəsindən bir gün əvvəl gəldiyi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında Şahid1 ona verilən suallara cavab olaraq qızı ilə keçmiş əri arasında olan mübahisələrin uzun müddət olar ki, davam etdiyini, əvvələr qızının keçmiş həyat yoldaşı tərəfindən şiddətə məruz qaldığı barədə ona heç bir şey demədiyini, nikah münasibətləri pozulduqdan sonra bir evdə yaşadıqları müddət ərzində Səməndərin qızına nalayiq sözlər işlətməsi və onu döyməsi barədə həm qızı, həm də nəvələrinin onaməlumat verdiyini, bir ata kimi onların arasında olan mübahisələrin sona çatacağını, ailə kimi yaşayacaqlarına ümid etdiyini, sonuncu dəfə 2022-ci ilin təxminən fevral-mart ayında yenidən Səməndər ilə qızının arasında mübahisə yarandığını, bu zaman gecə ilə onların yaşadığı evə getdiyini, Səməndərin qapını açmadığını və guya ona qarşı soyuq silahdan istifadə etməsi ilə bağlı polisə əsassız şikayət etdiyini bildirmişdir Məhkəmə iclasında müəlliməsinin iştirakı ilə dindirilən yetkinlik yaşına çatmamış Şahid2 ifadəsində göstərmişdir ki, son zamanlar atası anasına qarşı yaxşı davranmır və aralarında mübahisələr edirlər. Axrıncı belə mübahisə o, qonaq otağında televizora baxan zaman xx.xx.2022-ci il tarixdə yaşadıqları evdə olan zaman axşam radələrində baş vermişdir. Həmin vaxt atası ilə anasının mətbəxdə mübahisə etdiklərini eşitmişdir. Mətbəx otağına boylandığı zaman anasının atası tərəfindən itələnərək qapıya başı dəyməməsi üçün qolu ilə özünü müdafiə edərək saxladığını görmüşdür. Atası burda da anasını döyməyə və onun bədən nahiyyələrinə yumruq təpik ilə zərbələrini davam etdirdiyindən, o həyəcan içində qorxaraq anasının yanına qaçmış, daha sonra atası onun ağlamağını görüb anasına olan fiziki şiddətini dayandırmışdır. Məhkəmə iclasında Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, atası ilə münasibəti əvəllki vaxtlardakı kimi yaxşı deyil, atası ilə anasının münasibətləri hal-hazırda pisdir, ancaq son zamana qədər o qədər də pis olmayıb. Onların təkrar birlikdə yaşamaqlarını istəyərdi. Atası onlara onun uşaqlarının olmadığınıı, hallallıq vermədiyini deyirdi. Atası ilə anasının arasında axrıncı mübahisə paltar yuyan maşın üstündə olmuşdur. Anası heç bir zaman onun və bacısının alt geyim paltarlarını nə qardaşının, nə də atasının geyim paltarları ilə birlikdə yumayıb. Anası atasına sakit tərzdə ona iradını bildirərkən atası yüksək səs tonu ilə anasının ünvanına nalayiq ifadələr işlədərək, anasını vurmağa başlamışdır. Hadisə baş verən vaxt o, qonaq otağında televizora baxırdı, bacısı isə vanna otağında idi. O anasının atasına sakit tonda paltar yuyan maşını saxlamasına dair iradını bildirməsini eşitdi, bu zaman atası anasını itələdiyini və anasının qapıya tərəf itələndiyini görmüşdür. Qonaq otağı ilə mətbəx otaqları iç-içə yerləşdiyindən aralarında olan mübahisənin nəyin üstündə baş verdiyini və atasının anasına olan fiziki şiddətini görmüşdür. Televizora baxarkən diqqətlə izləyir, amma kənardan çağırılan zaman eşidir. Ətrafında baş verən mübahisəyə boylanan zaman gördü ki, atası anasını vura-vura, itələyərək mətbəxdən qonaq otağına keçirib. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs xəsarət alması faktı üzrə CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs yüngül bədən xəsarətləri yetirməsinə dair cinayət hadisəsi ünvan 4 ünvanında baş vermişdir. xx.xx.2022-ci il tarixli, 1354 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X11 rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - sağ bazu nahiyəsinin dərialtı hematoması, sağ süd vəzisinin, sağ bud nahiyəsinin sağ və sol baldır nahiyəsinin qançırları kimi xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsrətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə insan bədəninin hissələri (əl yumruq, təpik və s.) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs Kazımova X3 onun bədəninə yumruq və təpiklə vuraraq xəsarət yetirdiyi qonaq otağını, mübahisənin başladığı mətbəx otağını əyani surətdə göstərib ifadəsini hadisə yerində təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2010-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan Şahid2 qanuni nümayəndəsi kimi tanınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, üzləşdirmə və ifadənin hadisə yerində yoxlanması protokolu, məhkəmə-tibbi ekspertiza rəyi işin faktiki hallarına uyğun olduğu üçün sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə cinayət işi üzrə Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməməsi, CM-in 128-ci maddə ilə təqsirli bilməməsi hissəsinə münasibətfdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə mobil telefonu ilə hadisənin baş verməsini qeydə aldığı videogörüntüləri təqim edərək, həmin videogörüntüdən də göründüyü kimi onun həmin vaxt zərərçəkmiş şəxsi döymədiyini, əksinə zərərçəkmiş şəxsin paltaryuyan maşında paltaryuması səbəbindən onunla mübahisə etdiyini, bu vaxt qızları Xədicənin onları sakitləşdirməyə çalışdığını bildirmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə həmin hadisənin baş verməsini əks etdirən videogörüntülərə baxış keçirilərək Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında mübahisə paltaryuyan maşında paltar yuyulması səbəbindən baş verməsi, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə paltaryuyan maşının ona məxsus olması, bu səbəbdən paltaryuyan maşında paltar yumasına imkan verməyəcəyini, təqsirləndirilən şəxs isə həmin evin ona da məxsus olmasını, onun yaşamaq hüququnun olmasını, hər şeydən istifadə edə biləcəyini bildirməsi, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə ona toxunmamasını, Təqsirləndirilən şəxs cavabında ona toxunmadığını, aralarında baş verən mübahisə zaman qızları Xədicənin anasını sakitləşdirməyə çalışdığı, bu zaman Şəmsiyyənin qızı Xədicəyə Səməndərin onu vurduğunu, Səməndərin Şəmsiyyəyə onun özünün əl qaldırdığını deməsi, Xədicənin anasını sakitləşdirməyə çalışdığı, Xumar qorxur deməsi müəyyən olunmuşdur. Eyni zamanda təqsirləndirilən şəxsə məxsus mobil telefona baxış keçirilərək müyyən olunmuşdur ki, həmin videogörüntü 30 iyun 2022-ci il tarixdə saat 20:16-da 20:20-dək ola müddətdə çəkilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş həmin videogörüntü ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən həmin videogörüntülərə baxış keçirilərkən, eyni zamanda videgörüntünün qeydə alındığı mobil telefon tədqiq edilərkən həmin mübahisənin 30 iyun 2022-ci il tarixdə saat 20:16-dan 20:20-dək olan müddətdə baş verməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan 1579 saylı 30 iyun 2022-ci il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs 30 iyun 2022-ci il tarixdə saat 20:38-də DİN-in 102 xidmətinə zəng edərək keçmiş həyat yoldaşı Səməndərin onu döyməsi, təhqir etməsi barədə məlumat vermişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüdən görünür ki, həmin videogörüntü təqsirləndirilən şəxsin mobil telefonu ilə 30 iyun 2022-ci il tarixdə 20:16-dan saat 20:20-dək olan vaxt ərizində baş vermişdir, zərərçəkmiş şəxs isə 20:38-də DİN-in 102 xidmətinə təqsirləndirilən şəxsin onu döyməsi barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş videogörüntü 20:16-dan saat 20:20dək olan dövrü əks etdirdiyindən, videogörüntüdə də zərərçəkmiş şəxs X2 Səməndərin onu vurmasını bildirməsinin əks olunması, eyni zamanda Zərərçəkmiş şəxs xəsarət yetirilməsi xx.xx.2022-ci il tarixli, 1354 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X11 rəyi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə təsdiq edildiyindən, məhkəmə tərəfindən həmin videogörüntü cinayət işi üzrə sübut növündə qəbul edilmir. Məhkəmə eyni zamanda təqsirləndirilən şəxsin həmin videogörüntüdə onun zərərçəkmiş şəxsi vurmaması, zərərçəkmiş şəxsin özünün əl qaldırması hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs həmin mübahisəni özünə məxsus mobil telefon vasitəsi ilə qeydə aldığından məsuliyyətdən yayınmaq məqsədi ilə belə ifadə işlədə bilərdi. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən cinayət işi üzrə şahid qismində ifadəsi alınmış Şahid2 verdiyi ifadələrinin sübut qismində nəzərə alınmaması hisssinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin ibtidai istinaq dövründə Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Şahid2 qanuni nümayəndəsi qismində tanınsa da, məhkəmə istintaqı zamanı cinayət işi üzrə bütün halların tam, hərtərəfli obyektiv araşdırılması məqsədi ilə Şahid2 valideynlərinin iştirakları olmadan müəliməsinin iştirakı ilə şahid qismində ifadəsi alnmışdır. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 128-ci maddələri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Azemis” X4 vasitəsilə göndərilmiş sorğudan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü Şahid2 və xx.xx.2012-ci il təvəllüdlü X1 Səməndər Çıraq oğlunun övladlarıdır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 5 ünvanını axşam saat 00:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 1354, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 5 ünvanını axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar