Məhkəmə qərarları › İş №1(001)-156/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-156/2025

07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-156/2025 07.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu, Fatmayı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Təqsirləndirilən şəxs, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir.

2. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 may 2024-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağlar massivində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə mətbəxin pəncərəsində olan dəmir barmaqlıqları çıxarıb qanunsuz daxil olaraq, oradan dəyəri 120 manat təşkil edən istifadədə olmuş 1 ədəd od samovarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 120 (bir yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir.

3. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 may 2024-cü il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 235 saylı bağ evinin mətbəxinə pəncərəsində olan dəmir barmaqlıqları çıxarıb qanunsuz daxil olaraq, oradan dəyəri 650 manat təşkil edən istifadədə olmuş 1 ədəd od samovarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs6 650 (altı yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir.

4. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 may 2024-cü il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən fərdi yaşayış evinin eyvanının pəncərəsində olan dəmir barmaqlıqları çıxarıb qanunsuz daxil olaraq, oradan dəyəri 600 manat təşkil edən istifadədə olmuş 1 ədəd böyük ölçülü od samovarı və dəyəri 80 manat təşkil edən istifadədə olmuş 1 ədəd kiçik ölçülü od samovarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs5 ümumilikdə 680 (altı yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir.

5. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 may 2024-cü il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhari, Binəqədi rayonu, Goradil kəndi, 62B saylı bağ evinin həyətində olan əlavə tikilinin plastikdən olan qapısını açıb qanunsuz daxil olaraq, oradan dəyəri 120 manat təşkil edən istifadədə olmuş 1 ədəd od samovarını ve dəyəri 80 manat təşkil edən 1 ədəd laqondanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 200 (iki yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir.

6. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 may 2024-cü il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağları, 4-cü küçədə yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdə olan çardaqdan dəyəri 160 manat təşkil edən istifadədə olmuş 1 ədəd od samovarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 160 (bir yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir.

7. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 may 2024-cü il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağlarında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq, evin həyətində olan əlavə tikilinin içərisində olan Zərərçəkmiş şəxs7 məxsus dəyəri 150 manat təşkil edən istifadədə olmuş 1 ədəd od samovarını və evdə usta fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs8 məxsus 1 ədədinin dəyəri 80 manat təşkil edən cəmi 2 ədəd olmaqla 160 manat dəyərində laqondanı və dəyəri 35 manat təşkil edən 1 ədəd direli gizli olaraq talayıb, Zərərçəkmiş şəxs7 150 (bir yüz əlli) manat ve Zərərçəkmiş şəxs8 195 (bir yüz doxsan beş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir.

8. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 may 2024-cü il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağları, 126A nömrəli bağ evinin 15 həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq, evin həyətində olan əlavə tikilinin pəncərəsində olan dəmir barmaqlıqları çıxararaq mətbəxə daxil olub, oradan dəyəri 250 manat təşkil edan istifadədə olmuş 1 ədəd od samovarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 250 (iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir.

9. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər zərgər kimi fəaliyyət göstərmişdir. Ehtiyac səbəbindən cinayət əməlini törətmişdir. Cinayət əməlini Fatmayı bağları ərazisində törətmiş və yalnız samovar götürmüşdür. Oğurluq yolu ilə əldə etdiyi samovarları İsmət adlı şəxsə satmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, İsmət adlı şəxsi sonra tanımışdır. Samovarın hər birini 75 manata satmışdır. İsmət bütün samovarları ondan almışdır. Laqondanın hər birini isə 25 manata satmışdır. Üçüncü epizodda qeyd olunan bir ədəd böyük ölçülü samovar və bir ədəd kiçik ölçülü samovar götürməmiş, hər bir ünvandan bir samovar götürmüşdür. O, sadəcə böyük ölçülü samovar götürmüşdür. Hasardan düşərək ünvanlara daxil olmuşdur. Dəmir barmaqlıqları alt hissəsindən yapışaraq qaldırıb çıxarmış və pəncərədən daxil olmuşdur. Yoldan keçən taksilərdən birini saxlayıb oğurladığı əşyaları taksi ilə aparıb satmışdır. Əşyaları oğurlayıb hamısını qalayçı işləyən İsmətə müxtəlif vaxtlarda satmışdır. İsmət həmin əşyaların oğruluq olduğunu bilməmişdir. İsmət hər dəfə ondan şəxsiyyət vəsiqəsi tələb etmişdir. Oğurluq etdiyi ünvanlara daxil olan zaman heç kimlə qarşılaşmamışdır. İsmətə laqonda və direl, bundan başqa 8 ədəd samovar satmışdır. Həmin samovarlar üçün 70-75 manat arası pul almışdır. Törətdiyi cinayət əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tamamilə ödədiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir.

10. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır.

11. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, hadisə Fatmayı bağları adlanan ərazidə baş vermişdir. Evdən təsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən samovar oğurlanmışdır. Hazırda samovarı ona geri qaytarılmış və təxminən samovarın dəyəri 250-300 manat olar. Samovar evin həyətindən oğurlanmışdır. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur.

12. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, hadisə Goradil ərazisində yerləşən bağda baş vermiş və evindən sadəcə samovar oğurlanmışdır. Polisdə araşdırma aparılan zaman samovar ona geri qaytarılmışdır.

13. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 Fəxrəddin oğlu ifadəsində göstərmişdir ki, hadisə Fatmayı ərazisində yerləşən bağda baş vermiş və polisdə araşdırma aparılan zaman ancaq samovar oğurladığı müəyyən olunmuşdur. Samovarın dəyərini isə bilmir.

14. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, uşaqlar Abşeron rayonu Fatmayi qəsəbəsində bağda olmuşlar. Onlar xəbər tutmuşlar ki, qonşunun bağından oğurluq olmuşdur. O təxmini bilmişdir ki, qonşuda oğurluq hadisəsi olanda silsilə şəklində baş verir. Onlar da bağa gedib baxmış və görmüşdür ki, arxadan qapı bağlanmışdır. O, evə girməmiş və dərhal 102 xidmətinə zəng edib məlumat vermişdir. Polis əməkdaşlarının iştirakı ilə bağa daxil olmuş və məlum olmuşdur ki, pəncərənin barmaqlıqları qırılmış və iki samovor oğurlanmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, samovarın birini vaxtilə 600 manata digərini isə 300 manata almışdır. Samovarlar ona geri qaytarılmış və hazırda şikayəti yoxdur.

15. Məhkəmə iclasına çağırılmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 məhkəmə iclasında iştirak etməmələri, eləcə də tərəflərindən verilmiş ərizə və teleqramlar nəzərə alınaraq, işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələr elan olunmuşdur.

16. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Binəqədi rayonunda qaynaqçı işləmişdir. Təqsirləndirilən şəxs işlədiyi obyektə yaxınlaşmış və samovar satdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini əldə etdikdən sonra samovarları almışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Ceyhun ona 7-8 ədəd samovar satmışdır. Samovarların hər birini Ceyhundan 70-75 manat arası almışdır. Ceyhundan samovarların oğurluq olub-olmamasını soruşmuş, sonuncu oğurluq olmadığını bildirib şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Ceyhun bir həftədən bir samovar gətirmişdir. Hər dəfə demişdir ki, guya qohumlarının samovarıdır. Ceyhundan direl və laqonda da almışdır. Dediyinə görə onlar özünün olmuşdur. Direl və laqonda üçün ona 30 manat pul vermişdir. Həmin samovarlardan 3-4-nü satmışdır. Binəqədi polis bölməsindən polis əməkdaşları yaxınlaşdı və samovarların oğurluq olduğunu bildirdilər. Samovarları polis əməkdaşlarına təhvil verdim. Qədim samovarlar olduğuna görə işlənmiş olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

17. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır.

18. Maddi sübutun götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi və ona satdığı 8 ədəd müxtəlif markalı samovarı, 1 ədəd direl ve 1 ədəd İaqondanı xx.xx.2024-cü il tarixdə könüllü olaraq təqdim etmiş, həmin əşyalara baxış keçirilərək götürülmüşdür.

19. Tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.

20. Materialın cinayət işinə birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işinə Binəqədi RPİ-nin 43-cü Polis Bölməsində toplanmış HK-1/1191, HK-1/1194, HK-1/1202, HK-1/1205, HK-1/1174 və HK- 1/1208 nömrəli ilkin araşdırma materialları birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrəsi altında davam etdirilmişdir.

21. Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, əşyanın tanınması məqsədi ilə 4 ədəd samovar Zərərçəkmiş şəxs1 təqdim edilmiş və sonuncu təqdim edilmiş əşyalar arasından ona məxsus olan samovarı əyani şəkildə göstərmişdir.

22. Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, əşyanın tanınması məqsədi ilə 4 ədəd samovar Zərərçəkmiş şəxs2 təqdim edilmiş və sonuncu təqdim edilmiş əşyalar arasından ona məxsus olan samovarı əyani şəkildə göstərmişdir.

23. Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, əşyanın tanınması məqsədi ilə 4 ədəd samovar Zərərçəkmiş şəxs3 təqdim edilmiş və sonuncu təqdim edilmiş əşyalar arasından ona məxsus olan samovarı əyani şəkildə göstərmişdir.

24. Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, əşyanın tanınması məqsədi ilə 4 ədəd samovar Zərərçəkmiş şəxs4 təqdim edilmiş və sonuncu təqdim edilmiş əşyalar arasından ona məxsus olan samovarı əyani şəkildə göstərmişdir.

25. Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, əşyanın tanınması məqsədi ilə 4 ədəd samovar Zərərçəkmiş şəxs5 təqdim edilmiş və sonuncu təqdim edilmiş əşyalar arasından ona məxsus olan samovarı əyani şəkildə göstərmişdir.

26. Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, əşyanın tanınması məqsədi ilə 4 ədəd samovar Zərərçəkmiş şəxs6 təqdim edilmiş və sonuncu təqdim edilmiş əşyalar arasından ona məxsus olan samovarı əyani şəkildə göstərmişdir.

27. Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, əşyanın tanınması məqsədi ilə 4 ədəd samovar Zərərçəkmiş şəxs7 təqdim edilmiş və sonuncu təqdim edilmiş əşyalar arasından ona məxsus olan samovarı əyani şəkildə göstərmişdir.

28. Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, əşyanın tanınması məqsədi ilə 4 ədəd laqonda aparatını Zərərçəkmiş şəxs8 təqdim edilmiş və sonuncu təqdim edilmiş əşyalar arasından ona məxsus olan laqondanı əyani şəkildə göstərmişdir.

29. Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, əşyanın tanınması məqsədi ilə 4 ədəd drel aparatını Zərərçəkmiş şəxs8 təqdim edilmiş və sonuncu təqdim edilmiş əşyalar arasından ona məxsus olan dreli əyani şəkildə göstərmişdir.

30. Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir.

31. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.

32. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 353/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 16 may 2024-cü il tarixdən hesablanmışdır.

33. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 595/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 ay müddətə, yəni 16 oktyabr 2024-cü il tarixədək uzadılmışdır.

34. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5923 nömrəli rəyindən görünür ki, istifadədə olmuş, 5 litr tutumlu, Zərərçəkmiş şəxs1 Elvahid oğluna məxsus od samovarı 120 manat, istifadədə olmuş, 5 litr tutumlu, üzərində “БАТАШЕВЬ ВЬТУЛГЬ” yazıları olan Zərərçəkmiş şəxs6 məxsus od samovarı 650 manat, istifadədə olmuş, 3 litr tutumlu Zərərçəkmiş şəxs5 məxsus od samovarı 80 manat, istifadədə olmuş, 5 litr tutumlu, Zərərçəkmiş şəxs2 məxsus od samovarı 120 manat, istifadədə olmuş, 3 litr tutumlu, üzərində “CCCP” yazısı ve naxışları olan, Zərərçəkmiş şəxs3 məxsus od samovarı 160 manat, istifadədə olmuş, lüləyin krantı yerində olmayan, 5 litr tutumlu, Zərərçəkmiş şəxs7 məxsus od samovarı 150 manat, istifadədə olmuş, Zərərçəkmiş şəxs4 məxsus 3 litr tutumlu samovarı 80 manat, istifadədə olmuş, Zərərçəkmiş şəxs8 məxsus üzərində ОАО “ЛЕПСЕ ООО” Левентин МШУ -2,2-230, 2200Wt 220V yazıları olan laqonda 80 manat, istifadədə olmuş, üzərində “ЗИЛ 220-240V 760W” yazıları olan drel 35 manat müəyyən edilmişdir. Beləliklə, ekspertiza tədqiqatına təqdim edilən malların istifadədə olması və yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla 2024-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1475,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim edilən malların istifadədə olması ve yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla 2024-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminen 1475,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları ve qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir.

35. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəni bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani şəkildə təsvir etmişdir.

36. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin hazırda ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur.

37. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 5 litr tutumlu, Zərərçəkmiş şəxs1 Elvahid oğluna məxsus od samovarı, 5 litr tutumlu, üzərində “БАТАШЕВЬ ВЬТУЛГЬ” yazıları olan Zərərçəkmiş şəxs6 məxsus od samovarı, 3 litr tutumlu Zərərçəkmiş şəxs5 məxsus od samovarı, 5 litr tutumlu, Zərərçəkmiş şəxs2 məxsus od samovarı, 3 litr tutumlu, üzərində “CCCP” yazısı ve naxışları olan, Zərərçəkmiş şəxs3 məxsus od samovarı, lüləyin krantı yerində olmayan, 5 litr tutumlu, Zərərçəkmiş şəxs7 məxsus od samovarı, 3 litr tutumlu Zərərçəkmiş şəxs4 məxsus samovar, Zərərçəkmiş şəxs8 məxsus üzərində ОАО “ЛЕПСЕ ООО” Левентин МШУ -2,2-230, 2200Wt 220V yazıları olan laqonda, istifadədə olmuş, üzərində “ЗИЛ 220- 240V 760W” yazıları olan drel iş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün sahiblərinə təqdim edilmişdir.

38. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 788/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün müddətə, yəni 05 noyabr 2024-cü il tarixədək uzadılmışdır.

39. İş üzrə Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ona vurulmuş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur.

40. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ona vurulmuş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur.

41. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ona vurulmuş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur.

42. İş üzrə Zərərçəkmiş şəxs5 məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ona vurulmuş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur.

43. İş üzrə zərərçəkmiş şəxs X2 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş tam ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur.

44. İş üzrə Zərərçəkmiş şəxs8 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş tam ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur.

45. İş üzrə Zərərçəkmiş şəxs6 məhkəməyə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur.

46. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur.

47. Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan və müvafiq qərarın surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(012)-208/2020 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq, 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(012)- 69/2022 nömrəli hökmü ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən hökmlə təyin olunmuş cəzadan azad edilərək üzərindən məhkumluq götürülmüş və şöbənin qeydiyyatından çıxarılmışdır. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:

48. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

49. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

50. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək, həmin sübutlara və müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur.

51. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, bu sübutlar Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş digər sübutlarla təsdiq edilmişdir.

52. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, Veridyev Ceyhun oğurluq cinayətini yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrarən törətmişdir.

53. CM-nin 177.1 ci maddəsinə görə oğurluq, yəni özgə əmlakının gizli yolla talama kimi ifadə edilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarına əsasən talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür.

54. Eyni Qərarın 2-ci bəndinə görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti bitmiş hesab edilir.

55. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Qərarın 18-ci bəndinə görə təqsirləndirilən şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da, məsələyə bu mövqedən yanaşılmalıdır.

56. Qərarın izahından da göründüyü kimi Təqsirləndirilən şəxs müxtəlif mülkiyyətçilərdən oğurladığı samovarlar onun əməlində CM-in 177.2.2-ci maddənin tərkib əlamətlərini yaradır. Məhkəmə onun yaşayış sahəsinə daxil olmaqla bu əməli törətməsinə münasibətdə isə qeyd etmək istəyir ki, eyni Plenum Qərarının 21-ci bəndində göstərilir ki, oğurluq, cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdırlar. Yaşayış sahəsi dedikdə isə, yaşayış və qeyri-yaşayış sahələri də, daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Beləliklə, məhkəmə iclas zalında təqsirləndirilən şəxs tərəfindən verilən ifadələri Plenum Qərarında göstərilən izahlarla araşdıraraq müəyyən etmişdir ki, o, oğurluq niyyəti ilə ayrı-ayrı yaşayış sahələrinə daxil olmaqla samovarları talamış, bununla da yaşayış sahəsinə daxil olmaqla təkrarən oğurluq etmişdir.

57. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, CM-in 177.2-ci maddəsində “eyni əməllər” ifadəsi həmin Məcəllənin 177.1-ci maddəsində göstərilən oğurluğun yalnız zəruri əlamətini, yəni özgənin əmlakını gizli olaraq talamanı nəzərdə tutur. Oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda CM-in 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır.

58. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur.

59. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur.

60. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyinə müraciət edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə edilmiş hüquqi mövqeyinə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet).

61. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

62. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddəsinə və törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

63. Məhkəmə, onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır.

64. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.

65. Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməyə görə məhkum olunmuş, bu əmələ görə təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06 (altı) ay 03 (üç) gün hissəsindən “08 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. Məhkəmə buna baxmayaraq Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi, təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyi qənaətindədir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

66. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında təkrarlıq institutu ilə bağlı qeyd etmişdir ki, cinayətlərin çoxluğu cinayət məsuliyyətini ağırlaşdıran hal kimi səciyyələndirilir. Cinayətin şəxs tərəfindən ardıcıl olaraq törədilməsi ona cinayət törətmə təcrübəsi əldə etməyə imkan verir, onun sonrakı cinayət fəaliyyətini daha təhlükəli edir.

67. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin şərh edilməsinə dair” 2013-cü il 4 mart tarixli Qərarında isə göstərmişdir ki, şəxs tərəfindən cinayətin təkrar törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meyilliliyinə dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir.

68. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, cinayətin təkrar törədilmiş hesab edilməsi üçün təqsirkarın ən azı iki ictimai-təhlükəli əməli törətməsi faktı müəyyən edilməlidir. Bu fakt həmişə təkrarlığın təqsirkar şəxsdə mənfi xüsusiyyətlərin mövcudluğu ilə xarakterizə olunduğunu göstərir. Təkrarlıq ona daxil olan cinayətlərin müxtəlif vaxtlarda törədilməsini ehtiva edir. Təqsirkar şəxsin müxtəlif həyat şəraitində qanuna uyğun davranış qaydasını seçmək imkanının olmasına baxmayaraq, şüurlu olaraq cinayət qanunu ilə qadağan olunmuş davranış qaydasını seçməsi onun yüksək ictimai təhlükəliliyini sübut edir. Bu zaman Konstitusiya Məhkəməsinin Plenumu yekun nəticəyə gələrək belə hesab etmişdir ki, qanunverici Konstitusiya ilə ona verilmiş səlahiyyətdən istifadə edərək ədalət prinsipinin təmin olunması məqsədilə Cinayət Məcəlləsinin 177.2-ci maddəsində göstərilən ağırlaşdırıcı hallarda oğurluğun, o cümlədən təkrar oğurluğun təhlükəlilik dərəcəsini və belə əməlləri törədən şəxslərin ictimai təhlükəliliyini nəzərə alaraq, həmin əməllərə görə daha sərt cinayət məsuliyyəti müəyyən etmişdir.

69. CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

70. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir.

71. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.

72. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 60.1-ci maddəsinə müəyyən edilmiş hallar olduğundan ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş həddən artıq ola bilməz. Çünki CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur.

73. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını həmçinin CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 10.3-cü maddəsinin birinci cümləsində göstərilmişdir ki, həbsin cəza sistemində məhbuslar üçün əsas məqsədi islah etmək və sosial baxımdan yenidən tərbiyə etməkdir.

74. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir.

75. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

76. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-353/2024 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 16 may 2024-cü il tarixdən hesablanmış, bundan sonra, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-595/2024 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 2 ay müddətə, yəni 16 oktyabr 2024-cü il tarixədək, daha sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-788/2024 nömrəli qərarı ilə isə həbsdə saxlanılma müddəti 20 gün müddətə, yəni 05 noyabr 2024-cü il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır.

77. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir.

78. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir.

79. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir.

80. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 16 may 2024-cü il tarixdən hesablanmalıdır.

81. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

82. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur.

83. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuş olsun.

84. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz.

85. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd 5 litr tutumlu od samovarın Zərərçəkmiş şəxs1, 1 (bir) ədəd 5 litr tutumlu, üzərində “БАТАШЕВЬ ВЬТУЛГЬ” yazıları olan od samovarının Zərərçəkmiş şəxs6, 1 (bir) ədəd 3 litr tutumlu od samovarının Zərərçəkmiş şəxs5, 1 (bir) ədəd 5 litr tutumlu od samovarının Zərərçəkmiş şəxs2, 1 (bir) ədəd 3 litr tutumlu, üzərində “CCCP” yazısı ve naxışları olan od samovarının, Zərərçəkmiş şəxs3, lüləyin krantı yerində olmayan, 1 (bir) ədəd 5 litr tutumlu od samovarının , Zərərçəkmiş şəxs7, 1 (bir) ədəd 3 litr tutumlu samovarın Zərərçəkmiş şəxs4, eləcə də üzərində ОАО “ЛЕПСЕ ООО” Левентин МШУ -2,2-230, 2200Wt 220V yazıları olan 1 (bir) ədəd laqondanın, üzərində “ЗИЛ 220- 240V 760W” yazıları olan 1 (bir) ədəd drelin Zərərçəkmiş şəxs8 qaytarılması nəzərə alınmalıdır.

86. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır.

87. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 65 (altmış beş) saat vaxt sərf etmişdir.

88. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

89. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.

90. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 (altmış) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.

91. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur.

92. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi).

93. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

94. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

95. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 16 may 2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd 5 litr tutumlu od samovarın Zərərçəkmiş şəxs1, 1 (bir) ədəd 5 litr tutumlu, üzərində “БАТАШЕВЬ ВЬТУЛГЬ” yazıları olan od samovarının Zərərçəkmiş şəxs6, 1 (bir) ədəd 3 litr tutumlu od samovarının Zərərçəkmiş şəxs5, 1 (bir) ədəd 5 litr tutumlu od samovarının Zərərçəkmiş şəxs2, 1 (bir) ədəd 3 litr tutumlu, üzərində “CCCP” yazısı ve naxışları olan od samovarının, Zərərçəkmiş şəxs3, lüləyin krantı yerində olmayan, 1 (bir) ədəd 5 litr tutumlu od samovarının , Zərərçəkmiş şəxs7, 1 (bir) ədəd 3 litr tutumlu samovarın Zərərçəkmiş şəxs4, eləcə də üzərində ОАО “ЛЕПСЕ ООО” Левентин МШУ -2,2-230, 2200Wt 220V yazıları olan 1 (bir) ədəd laqondanın, üzərində “ЗИЛ 220-240V 760W” yazıları olan 1 (bir) ədəd drelin Zərərçəkmiş şəxs8 qaytarılması nəzərə alısın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar