Məhkəmə qərarları › İş №1(001)-158/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-158/2023

13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-158/2023 13.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, X4, Xüsusi ittihamçı X5 müdafiəçisi Qanunçuluq Vəkil Bürosunun vəkili Müdafiəçi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx.xx.1984-cü il təvəllüdlü, Türkiyə Respublikasının vətəndaşı, subay, işləməyən, Türkiyə Respublikası Qaziantep şəhəri, Şirinbəy rayonu, Ağ kənd məhəlləsi 134034 blok, 6 mənzil 1-də daimi qeydiyyatda olan, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məlumatına görə hal-hazırda ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X11 Azərbaycan Respublikasının CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X1 Kamal İbili oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət işinin başlanmasına dair xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, Türkiyə Respublikasının vətəndaşı X11 etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərə külli və xeyli miqdarda, yəni Cavanşir Məmmədova ümumilikdə 170000 manat, digər zərərçəkmiş şəxslər Rəfiqə Qafarovaya 59000 manat və Rüfət Əhmədova 10000 manat ziyan vurmaqla təkrar dələduzluq etməsinə görə Bakı Şəhər Baş Polis İdarəsində aparılan ********* nömrəli cinayət işinin ibtidai istintaqı tamamlanmış və cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin iş üzrə o, yəni Respublikanın əməkdar artisti X7 X3 Cavanşir Məmmədovdan 170000 manat, Rəfiqə Qafarovadan 59000 manat və Rüfət Əhmədovdan isə 10000 manat alması (ümumilikdə 140000 (yüz qırx min) ABŞ dolları almasında, pulun onun hesabına köçürülməsində, sonradan atası Cavanşir Məmmədovun pulu Mustafadan istəyərkən iştirak etmiş və ona görə də gördükləri barədə cinayət işi üzrə şahid qismində ifadə vermişdir. Cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə baxışındadır və o, həmin işlə bağlı başqa nəsə bildirmək istəmir, çünki cinayət işinə məhkəmə hüquqi qiymət verəcəkdir. X26 cinayət işi məhkəmə baxışına verildikdən sonra yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatları kütləvi informasiya vasitələrində və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymaqla və ağır cinayət törətməkdə ittiham etməklə ona böhtan atmış və kütləvi informasiya vasitələrində, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında və digər sosial internet şəbəkələri saytlarında barəsində təhqiramiz ifadələr işlətməklə onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Belə ki, X11 müraciəti əsasında 16 sentyabr 2022-ci il tarixdə saat 10:05-də “Yeni Gündəm.az”, 16 sentyabr 2022-ci il tarixdə saat 10:39-da “News.milli.az”, 16 sentyabr 2022-ci il tarixdə saat 11:00-da “Yenisabah.az”, 16 sentyabr 2022-ci il tarixdə saat 11:25-də “Axşam.az”, 16 sentyabr 2022-ci il tarixdə saat 12:08-də “Gündelik-baku.com”, 16 sentyabr 2022-ci il tarixdə saat 12:14-də “Qafqazinfo.az”, 16 sentyabr 2022-ci il tarixdə saat 12:40də “Olay.az”, 16 sentyabr 2022-ci il tarixdə saat 12:52-də “Axar.az” adlı kütləvi informasiya vasitələrində, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında və digər sosial internet şəbəkələri saytlarında “Cavanşir Məmmədovun qızından şok-Türk ərini tutdurdu- 240 minlik qalmaqal”, “Cavanşir Məmmədovun qızı ilə türk həyat yoldaşı arasında pul qalmaqalı”, “Cavanşir Məmmədovla keçmiş kürəkəni arasında pul davası”, “Cavanşir Məmmədov qızı türkiyəli ərini tutdurdu”, “Türkiyə vətəndaşı X19 hüquq mühafizə orqanlarına mürciət edərək müğənni X7 Məmmədovanın dələduzluq yolu ilə pulunu ələ keçirdiyi iddia edib”, başlıqları altında yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları yaymaqla və ağır cinayət törətməkdə ittiham etməklə ona böhtan atmış və barəsində təhqiramiz ifadələr işlətməklə onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Məhkəməyə təqdim edilən yazılı sübutlarla qeyd olunan başlıqlar altında kütləvi informasiya vasitələrində, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında və digər sosial internet şəbəkələri və teleradio kanalların internet saytlarında barəsində aşağıda qeyd olunan yalan faktların yayılması öz təsdiqini tapmışdır: Belə ki, 16 sentyabr 2022-ci il tarixdə saat 10:05-də “Yeni Gündəm.az”-da və saat 10:39 “News.milli.az”-da, saat 11:00-da “Yenisabah.az”-da, saat 11:25-də “Axşam.az”-da, saat 12:08- də “Gündelik-baku.com”-da, saat 12:14-də “Qafqazinfo.az”-da, saat 12:40-da “Olay.az”-da, 12:52-də “Axar.az”-da “Cavanşir Məmmədovun qızından şok-Türk ərini tutdurdu-240 minlik qalmaqal”, “Cavanşir Məmmədovun qızı ilə türk həyat yoldaşı arasında pul qalmaqalı”, “Cavanşir Məmmədovla keçmiş kürəkəni arasında pul davası”, “Türkiyə vətəndaşı X19 hüquq mühafizə orqanlarına mürciət edərək müğənni X7 Məmmədovanın dələduzluq yolu ilə pulunu ələ keçirdiyi iddai edib”, “Cavanşir Məmmədov qızının türkiyəli ərini tutdurdu” və digər başlıqlar altında yayımlanmış məlumatlarda qeyd edilmişdir ki, “X7 Məmmədovanın həyat yoldaşı, Türkiyə vətəndaşı X19 hüquq mühafizə orqanlarına müraciət edərək Xatirə Məmmədovanın dələduzluq yolu ilə onun pullarını ələ keçirdiyini iddia edib. X12 İbili bildirir ki, Xatirə Məmmədova ilə internet üzərindən tanış olub və evlənmə qərarı alıblar. Bu məqsədlə evini, iş ofisini sataraq Bakıya gəlib, Xatirə Məmmədova onu anası və qızı ilə tanış edib, Xatirənin anası “ona qızımla evlənmək istəyirsənsə Bakıda ev al, qızı istə, toyunu edək” deyə bildirib. X27 Xatirə Məmmədovanın göstərişi ilə aldığı mənzilə 58880 manat pul xərclədiyini, Xatirə Məmmədova üçün aldığı qızılların və mobil telefonunun qiymətinin 12000 dollara başa gəldiyini deyib və bildirib ki, 4 il ərzində Xatirə üçün aldığı paltarlara, ayaqqabılara və bəzək əşyalarına 10000 manatdan çox pul xərcləyib. O, qeyd edib ki, aldığı televizor, qızıl, ev iti və ütü ilə birlikdə Xatirənin qızı Rəfiqəyə də 7150 manat pul xərcləyib. Xatirə Məmmədovaya hər ay xərcləməsi üçün 1000 manat pul verdiyini deyən Mustafa İbili bildirib ki, ümumilikdə Xatirə Məmmədovaya 27000 manat pul verib. Onun sözlərinə görə Xatirə Məmmədovanı, Rəfiqə Qafarovanı, gəlini Nərgiz Məmmədovanı və anası Xalidə Məmmədovanı 4 dəfə İstanbula aparıb və bu 4 səyahətlərə ümumilikdə 46000 dollar pul xərcləyib. Cavanşir Məmmədovun iddia etdiyi 100000 dollar və Rəfiqə Qafarovanın iddia etdiyi 30000 dollar pulu onlar Mustafa İbiliyə verməyiblər. Bütün pulları Xatirə Məmmədovanın öz adından, anasının və atasının adından onun bank hesabına köçürüblər və köçürülən məbləğin bir hissəsini aldığı mənzilə və mənzilin əşyalarına xərcləyib. Qalanı 2020-ci ilin mart ayından 2021-ci ilin oktyabr ayına qədər xərclənən 86000 manat olub və digər qalan pulları sadaladıqlarına xərclənib. O, ümumilikdə 240 min manatlıq zərər vurulduğunu bildirir. O, müraciətində qeyd etdiyi halların araşdırılmasını və Məmmədova Xatirənin dələduzluq yolu ilə pullarını xərclətdiyi üçün barəsində cinayət işi açılmasını, cəzalandırılmasını və xərclədiyi pulların geri qaytarılmasını istəyib” (Qeyd: “News.milli.az’’-da gedən məlumatlar 5684, “Qafqazinfo azda” gedən məlumatlar 8489, “Gündelik-baku.com-da, gedən məlumatlar 1282 şəxs, “Yensabah.az”-da gedən məlumatlar 46052 şəxs tərəfindən izlənmişdir). X24 adıçəkilən kütləvi informasiya vasitələrində yaydığı məlumatların hamısı yalan və böhtandır. Həmin məlumatların yalan və böhtan olması X24 özünün kütləvi informasiya vasitələrində aşağıda göstərdikləri ilə tam təsdiq olunur: “Mən birja ilə məşğul olurdum. İnvestsiya qoyub qazanc götürürdüm. Cavanşir Məmmədov da bu işi görmək istədi və mənə pul verdilər ki, birjada sərmayə edim. Bir müddət onlara qazanc verdim, lakin sonra Türkiyədə lirə dəyər itirdi deyə zərər düşdük, pulu verə bilmədim. Amma hamısı öz istəkləri ilə olub. Cavanşir Məmmədovun verdiyi bütün pulları Xatirə mənim bank hesabıma köçürtdürüb. X21 göstərişi ilə aldığım mənzil və əşyaları Cavanşir Məmmədova qaytarmağa hazıram”. (Qafqazinfo.az”-da, “Olay.az”-da gedən məlumatlar). Göründüyü kimi X27 özü də etiraf edir ki, Cavanşir Məmmədovun verdiyi pulların hamısını onun bank hesabına köçürtdürüb. Bundan başqa alınmış mənzil bu gündə X24 adınadır və belə olan halda Xatirə Məmmədovanın aldadaraq onun pulunu xərclətməsi barədə yaydığı məlumatların etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərə külli və xeyli miqdarda ziyan vurduğuna görə barəsində aparılan cinayət işi üzrə məsuliyyətdən yayınmağa yönəlmiş cəhdləri olması təsdiq olunur. O, X24 CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əsas şahidlərdən biridir və X27 həmin məlumatları yaymaqda məqsədi ona və zərərçəkmiş şəxslərə qanunsuz təsir göstərməkdir. Belə ki, təqsirləndirilən şəxs vurduğu zərərdən cəmi Cavanşir Məmmədova 10000 ABŞ dolları ödəniş etmişdir. Bundan sonra təqsirləndirlən şəxs və müdafiəçisi ilə dəfələrlə görüşlər olmuş, əvvəl təqsirləndirilən şəxs sahibi olduğu mənzili sataraq pulunu zərərçəkmiş şəxslərə ödəyəcəyini vəd etsə də, buna əməl etməmişdir. Cinayət işinin istintaqının tamamlanması mərhələsində təqsirləndirlən şəxs və müdafiəçisi dəfələrlə zərərçəkmiş şəxlərə belə bir təklif etmişlər ki, zərərçəkmiş şəxslərlə təqsirləndirlən şəxs arasında sonuncunun dələduzluq yolu ilə əldə etdiyi məbləğlərə dair notairal qaydada borc müqaviləsi bağlansın, borc müqaviləsinə əsasən X26 zərərçəkmiş şəxslərdən əldə etdiyi pulları 6 ay müddətinə qaytaracağına dair öhdəlik götürsün, zərərçəkmiş şəxslər ibtidai istintaq orqanına şikayətlərinin geri götürülməsi və onlara dəymiş ziyanın X25 tərəfindən ödənilməsinə dair ərizələr versinlər, bundan sonra sonuncu barəsində cinayət təqibinə xitam verilsin və o, Türkiyə Respublikasına getsin və orada işləyib 6 ay ərzində zərərçəkmiş şəxslərin pulunu qaytarsın. Bu danışıqlar təqsirləndirilən şəxs və müdafiəçisinin, zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxs Cavanşir Məmmədovun nümayəndəsinin və iş üzrə şahid Xatirə Məmmədovanın iştirakı ilə aparılmış, təqsirləndirilən şəxs özü və müdafiəçisi bu barədə dəfələrlə zərərçəkmiş şəxslərlə telefon danışıqları aparmışdır. Zərərçəkmiş şəxslər X11 barəsində hüquq-mühafizə orqanlarına şikayət olunduqdan sonra onun Azərbaycan Respublikasını tərk edərək Türkiyə Respublikasına qaçmasını, sonradan evini satmaq üçün onlardan gizli olaraq Bakı şəhərinə qayıtmasını və onun Bakı şəhərində olmasını təsədüfən öyrənən zərərçəkmiş şəxslərin şikayətləri əsasında ölkədən çıxışına qadağa qoyulduqdan sonra da Azərbaycan Respublikasının ərazisini tərk etməyə cəhd etməsini nəzərə alaraq onun bu təklifinə razılıq verməmişlər. Belə ki, X11 Türkiyə Respublikasına getdikdən sonra onların pulunu ödəməyəcəyini, onun Azərbaycana gətirilməsinin qeyri-mümkün olacağına görə onun və müdafiəçisinin mülki müqavilə bağlanmasına dair təklifinə razılıq verməmişlər. Zərərçəkmiş şəxslər X26 və müdafiəçisinin yuxarıda qeyd olunan təklifi qəbul edilmədikdən sonra ittiham aktı tərtib olunaraq iş məhkəməyə göndərilmişdir. Bundan sonra X26 bildirmişdir ki, onların ailəsini respublikada biabır edəcək, kütləvi informasiya vasitələrində onların barəsində məlumatlar yayacaqdır. X24 yuxarıda qeyd olunan informasiya vasitələrində Xatirə Məmmədovanın onu aldadaraq pullarını xərclətməsi, Xatirə Məmmədovaya 12000 dollar dəyərində qızıl və mobil telefon alması, 4 il ərzində Xatirə üçün aldığı paltarlara, ayaqqabılara və bəzək əşyalarına 10000 manatdan çox pul xərcləməsi, Xatirə Məmmədovaya hər ay xərcləməsi üçün 1000 manat olmaqla ümumilikdə 27000 manat pul verməsi, Xatirə Məmmədova və qohumlarını 4 dəfə İstanbula aparıb və bu 4 səyahətlərə ümumilikdə 46000 dollar pul xərcləməsi barədə yayılan məlumatlar Xatirə Məmmədovanın şərəf və ləyaqətimi ləkələyən, nüfuzdan salan böhtan və onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan təhqir xarakterli məlumatlardır və bununla da X27 Azərbaycan Respublikası CM-nin (bundan sonra mətndə CM-nin) 147.1 və 148-ci maddələri ilə müəyyən olunmuş cinayət əməlini törətmişdir və həmin əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Belə ki, yuxarıda qeyd olunan məlumatların təhqir və böhtan xarakterli məlumatlar olmasını onunla izah edirlər ki, Xatirə Məmmədova Azərbaycan Respublikasının əməkdar artisti Cavanşir Məmmədovun qızıdır, onlar kifayət qədər maddi imkana, Respublika və bir çox xarici ölkələrdə kifayət qədər müsbət nüfuza malik insanlardır. Yayılan məlumatların isə onu izləyən şəxslərdə Xatirə Məmmədovanın aldatma və etibardan sui-istifadə etməklə X24 pulunu xərclətməsinə dair fikirlər formalaşmasına şərait yaradır ki, bu hallar isə yayılan məlumatların Xatirə Məmmədovanın şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan böhtan və onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan təhqir xarakterli məlumatlar olmasını təsdiq edir ki, bu hallar ilə də onun əməllərində CM-nin 147.1 və 148-ci maddələrinin tərkib əlamətlərinin olması təsdiq olunur. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən X24 kütləvi informasiya vasitələrində “Xatirə Məmmədovanın dələduzluq yolu ilə onun pullarını ələ keçirməsi, ona ümumilikdə 240000 manat (bəzi məlumtlarda isə 240000 ABŞ dolları) zərər vurmasına dair” yaydığı məlumatlar isə onun ağır cinayət törətməkdə ittiham etməklə Xatirə Məmmədovaya böhtan atması kimi qiymətləndirilməli və CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Məhkəmənin 24 yanvar 2023-cü il tarixli iclasında iştirak edən xüsusi ittihamçı X9 şikayət ərizəsinin mətninə uyğun çıxış edərək, X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X5 nümayəndəsi Müdafiəçi şikayət ərizəsinin məzmununa uyğun ifadə verərək, X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X26 çıxış edərək bildirmişdir ki, onun barəsində şikayət ərizsində göstərilənlər tamamilə yalandır. Belə ki, hazırda onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır, məhkəmə istintaqı davam etdirilir. Ona qarşı irəli sürülmüş ittihama əsasən o, etibardan sui-istifadə etməklə dələduzluq yolu ilə Cavanşir Məmmədova 170000 manat, digər zərərçəkmiş şəxslər Rəfiqə Qafarovaya 59000 manat və Rüfət Əhmədova isə 10000 manat məbləğində ziyan vurmuşdur. Lakin, ibtidai stintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş olan həmin ittihamla razılaşmır, belə ki, o Türkiyə Respublikasında birja fəaliyyəti ilə məşğul olmuş, investsiya qoyub qazanc götürmüşdür. Cavanşir Məmmədov da bu işi görmək istəmiş və ona birjada sərmayə qoymaq üçün pul vermişdir. O, bir müddət Cavanşir Məmmədova qazanc vermiş, lakin sonra Türkiyədə lirə dəyər itirdiyindən zərərə düşdüyündən pul verə bilməmişdir. Bütün bunların hamısı onarın öz istəkləri ilə olmuşdur, belə ki, Cavanşir Məmmədovun verdiyi bütün pulları Xatirə onun bank hesabına köçürmüşdür. X2 Məmmədova arasında rəsmi nikah olmasa da, Türkiyə Respublikasında, İstanbul şəhərində Sultan Ahmet məscidində dini kəbin olmuş, uzun müddət ər-arvad münasibətində yaşamışdır. Onların birgə yaşadıqları həmin müddət ərzində Xatirə Məmmədova onu aldadaraq pullarını xərclətmiş, Xatirə Məmmədovaya 12000 dollar dəyərində qızıl və mobil telefon almış, 4 il ərzində Xatirə üçün aldığı paltarlara, ayaqqabılara və bəzək əşyalarına 10000 manatdan çox pul xərcləmiş, Xatirə Məmmədovaya hər ay xərcləməsi üçün 1000 manat olmaqla ümumilikdə 27000 manat pul vermiş, Xatirə Məmmədova və qohumlarını 4 dəfə İstanbula aparıb və bu 4 səyahətlərə ümumilikdə 46000 dollar pul xərcləmişdir. Onun barəsində olan cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclasında iştirak etdikdən sonra, o məhkəmə iclas zalından çıxdıqdan sonra orada jurnalistlərin olduğunu görmüş, jurnalistlər ondan Bakı Ağır Cinayətlər Məhkəməsində gedən məhkəmə prosesi, onunla Xatirə Məmmədova arasında olan münasibətə dair suallar soruşduqda o yuxarıda qeyd etdiklərini jurnalistlərə bildirmişdir. Onun tərəfindən heç bir dələduzluq hərəkəti edilməmişdir, əksinə Xatirə Məmmədova onu evlənmək adı ilə aldatmış və pulunu mənimsəmişdir. Xatirə Məmmədovanın onun barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətin əsassız olduğunu bildirərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə xüsusi ittihamçının nümayəndəsini, təqsirləndirilən şəxs X11 ifadələrini dinləyərək, həmçinin cinayət işi üzrə toplanılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X11 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığı üçün ona həmin maddələr ilə bəraət verilməli, X18 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək, cəzalandırılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Yeni gündəm.az” saytında 16 sentyabr 2022-ci il tarixdə, saat 10:05-də Cavanşir Məmmədovun qızından şok-Türk ərini tutdurdu- 240 minlik qalmaqal” başılıqlı yazı dərc edilmişdir. 6 sentyabr 2022-ci il tarixdə saat 10:39-da “News.milli.az” saytında Cavanşir Məmmədovun qıızndan şok:Türk ərini tutdurdu-240 minlik qalmaqla başlıqlı yazı dərc edilmişdir. 16 sentyabr 2022-ci il tarixdə saat 11:00-da “Yenisabah.az” saytında Cavanşir Məmmədovla keçmiş kürəkəni arasında pul davası başlıqlı yazı dərc edilmişdir. 16 sentyabr 2022-ci il tarixdə saat 09:22-də “axşam.az” saytında Cavanşir Məmmədovun qızı ilə türk həyat yoldaşı arasında pul qalmaqalı başlıqlı yazı dərc edilmişdir. 16 sentyabr 2022-ci il traixdə saat 12:08-də “gündelik-baku.com” saytında Cavanşir Məmmədovun qızından şok:türk ərini həbs etdirdi-240 minlik qalmaqal başlıqlı yazı dərc edilmişdir. 16 sentyabr 2022-ci il tarixdə saat 12:14-də “qafqaz.info” saytında Cavanşir Məmmədovla keçmiş kürəkəni arasında pul davası başlıqlı yazı dərc edilmişdir. 16 sentyabr 2022-ci il tarixdə saat 12:40-da “Olay.az” saytında “140 min dolarımızı mənimsəyib”- Cavanşir Məmmədov başlıqlı yazı dərc edilmişdir. 16 sentyabr 2022-ci il tarixdə saat 12:52-də “Axar.az” saytında Cavanşir Məmmədov qızının türkiyəli ərini tutdurdu başlıqlı yazı dərc edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilmişdir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatların doğru olmaması; belə məlumatların yayılması. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Məlumatı yayma dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü iltarixli Qərarının 6-cı bəndində göstərilir ki,məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər. Digər tərəfdən, məhkəmə qeyd edir ki, faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Xüsusi ittihamçının böhtan və təhqir hesab etdiyi cümlələri X26 fikir kimi səsləndirmiş, bu baxımdan həmin fikirlərin həqiqətə uyğun olub-olmamasını sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Avropa Konvensiyasının 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Məhkəmədə böhtan sayıla biləcək bəyanatların doğruluğunun sübut edilməsi məsələsi ətrafında geniş təcrübə formalaşdırmışdır. Diffamasiya ilə bağlı ilk Lingens Avstriyaya qarşı, 1986, Dyuldin və Kislov Rusiyaya qarşı, 2007, işində məhkəmə ərizəçi jurnalistin Federal Kansleri tənqid etmək üçün kobud ifadə istifadə etdiyi o cümlədən onu "rəzil opportunizm","mənəviyyatsız" və "ləyaqətsiz" davranışda ittiham etdiyi vəziyyətlə üzləşmişdi. Avstriya məhkəmələri ərizəçini bəyanatlarının həqiqiliyini sübut edə bilmədiyi üçün təqsirli hesab etmişdir. Məhkəmə qeyd etmişdir ki, faktlarla bağlı bəyanatlar və rəylərlə bağlı bəyanatlar və ya subyektiv dəyərləndirmələrdə fərq mövcuddur: Məhkəmənin fikrincə faktlar və obyektiv qiymətləndirmələr diqqətli şəkildə fərqləndirilməlidir. Faktların mövcudluğu göstərilə bilər, halbuki obyektiv qiymətləndirilmələrin həqiqiliyi sübutetməyə həssas deyil. Subyektiv baxımdan bu tələbi yerinə yetirmək mümkün deyil və o, Konvensiyanın 10-cu Maddəsi ilə təmin edilən (mad. 10) hüququn mühüm hissəsi olan fikir azadlığını pozur. Bənzər olaraq silsilə saxtakarlıqlar haqqında məqaləni əhatə edən Dalban Rumıniyaya qarşı, 1999 işində Məhkəmənin Böyük Palatası qeyd etmişdir: Jurnalistin tənqidi fikirlərinin həqiqiliyini sübut etmədən onları ifadə etməsini qadağan etmək yolverilməz olardı. Məhkəmə ardıcıl olaraq milli hüququ sistemlərinin faktları və rəyləri fərqləndirməsinin və sonuncunun həqiqiliyinin sübutunu tələb etməməsinin zərurətini vurğulamışdır. Qorelişvili Gürcüstana qarşı, 2007 işində Məhkəmə diffamasiya işində ifadə azadlığı hüququnun pozulduğunu aşkarlamışdır, çünki yerli hüquq sistemi "eyni "məlumata" (cnobebi) istinadən, subyektiv fikirlər və faktların bəyan edilməsi arasında heç bir fərq qoymamışdı və cavabdeh tərəfin istənilən bu cür "məlumatın" həqiqiliyini sübut etməsini tələb etmişdi". Məhkəmə qeyd edir ki, işin mühüm əhəmiyyət kəsb edən halları baxımından hazırkı cinayət işi ilə Lingens Avstriyaya qarşı işi arasında olan bənzərlik həmin presedentin hazırki işə tətbiqini şərtləndirir. Xüsusi ittiham qaydasında verilmiş şikayət digər internet saytlarında dərc edilmiş yazılarla müqayisəli şəkildə araşdırılarkən müəyyən edilmişdir ki, həmin dərc edilən yazılarda CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyəti yaranması üçün yuxarıda sadalanan üç hal məcmu şəkildə müəyyən edilməmişdir. Belə ki, xüsusi ittihamçı Xatirə Məmmədova onun tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə qarşı dələduzluq etməsi barədə məlumatın böhtan xarakterli məlumat olduğunu bildirmişdir. Lakin, X11 əməlində böhtan cinayətinin tərkibinin yaranması üçün yuxarıda sadalanan üç hala da rast gəlinmir. Belə ki, dərc edilən yazılardan göründüyü kimi X18 faktiki ailə münasibətində olduğu vaxtlarda xüsusi ittihamçı Xatirə Məmmədovaya aldığı mənzil, telefon, qızılların pulunun onun tərəfindən mənimsənilməsini qeyd etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İnternet saytalarında dərc edilmiş yazılarda X6 Məmmədovanın onun 240000 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirmişdir Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin dispozitiv şərtlərinə diqqət yetirəndə belə qənaətə gəlirik ki, təqsirləndirilən şəxsin əməllərində ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma əlamətləri əks olunmalıdır. Deməli təqsirləndirilən şəxsin əməlləri məhz hər hansı şəxsi ağır və ya xüsusi ilə ağır cinayətdə ittiham etməklə ona böhtan atılması ilə səciyyələnməlidir. Yəni, həmin Məcəllənin 147.2-ci maddəsinin dispozitiv şərtlərinə uyğun tövsif edilməsi üçün təqsirləndirilən şəxsin əməllərində ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayılması hallarının məcmu halında mövcud olması zəruridir. Bununla yanaşı burada «bilə-bilə» ifadəsi cinayətin birbaşa qəsd formasını ehtiva edir. Məhkəmə hesab edir ki, iş materiallarında olan X11 əməllərində ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayılması halları məcmu halında mövcud olmadığından bu ittiham faktalara əsasən verilməmiş, bu zaman heç bir mötəbər sübuta istinad edilməmişdir. Bu səbəbdən, onun əməli Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkibini yaratmır və həmin maddə ilə tövsif oluna bilməz. Məhkəmə göstərilən halları nəzərə alaraq və qeyd olunan normaları, habelə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərini («...şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir...») rəhbər tuturaq hesab edir ki, təqsirləndirilən şəxs X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Yuxarıda təsvir olunanlardan da görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi X23 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Beləliklə məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, X23 ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də, sonuncuyahəmin maddələr ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Məhkəmə araşıdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs X18 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi tam sübuta yetirilmişdir. Bunula əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 14 may 1999-cu il 7 saylı qərarına görə, yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Subyektiv cəhətdən birbaşa qəsdlə törədilən bu cinayət hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar yayıldığı andan başa çatmış sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən X11 əməlində onun cəzasını yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsinə əsasən X11 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, əməli törətmiş şəxs X15 cərimə növündə cəzanın tətbiq edilməsi cəzanın məqsədini təmin edir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X15 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347 və 350-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X11 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından, ona həmin maddə ilə bəraət verilsin. X18 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək, 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. X15 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökm ondan apellyasiya şikayəti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar