Məhkəmə qərarları › İş №1(001)-158/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-158/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-158/2025 22.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam-orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 13-cü küçə, bina 36, yataqxanada qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 07 fevral 2024-cü il tarixdə, saat 19 radələrində ünvan 1 ünvanında yerləşən “X1”-də Zərərçəkmiş şəxs onunla sevgi münasibətlərində olan istintaqla şəxsiyyəti müəyyən edilməyən Gülnarə adlı qızı narahat etməsini bəhanə edib ondan üzr istəməsini tələb edərək münaqişəli vəziyyət yaratmaqla ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, orada olan digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq və bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edib, özünün şəxsiyyətini orada olan digər şəxslərin şəxsiyyətinin fövqündə tutub üstünlüyünü nümayiş etdirməklə öz hüquqazidd hərəkətlərini davam etdirib, ictimai yer hesab olunan qeyd olunan istirahət parkında çoxsaylı insanların qarşısında Zərərçəkmiş şəxs üz nahiyəsindən bir dəfə şillə zərbəsi vuraraq ona fiziki ağrı yetirdikdən sonra üzərində olan istintaqa məlum olmayan mənbədən əldə edib silah qismində istifadə etdiyi mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs kürək və ayaq nahiyələrindən qəsdən vurub onun döş qəfəsinin sol yarısının arxa səthinin və sol bud nahiyəsinin deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanliq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək vermiş olduğu ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “Ağ Saray” şadlıq sarayının yaxınlığında internet klubda olan zaman dostu Fərid ona zəng edərək bildirmişdir ki, “Biləcəri Parkı” adlanan parkda sevgili münasibətində olduğu Gülnarə Ağayevanın arxasınca bir şəxs düşərək həmin qıza sataşır. O Fəriddən həmin şəxsin kim olmasını soruşduqda sonuncu ona bildirmişdir ki, həmin şəxs iri bədən quruluşlu, 20-25 yaşlarında bir oğlandır. O da həmin şəxslə baş edə bilməyəcəyini düşünüb yaşadığı ünvana gedərək oradan bir ədəd mətbəx bıçağı götürüb görünməyəcək şəkildə sağ tərəfdən kəmərində gizlətmiş və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsində yerləşən “X1”-nə getmişdir. O parka çatdıqda Fərid ona bildirmişdir ki, sevgilisinə sataşan şəxsi kənara çəkərək danışan zaman həmin şəxs Fərid və dostlarının çox olduğu üçün özü ilə adam gətirmək məqsədilə evə getmişdir. O orada bir neçə dəqiqə gözlədikdən sonra həmin şəxs yanında iki nəfər şəxslə birlikdə həmin yerə gəlmişdir. Bundan sonra o sonradan adının Elxan olduğunu öyrəndiyi şəxslə bir qədər kənarda təklikdə danışmağa başlamışdır. Həmin söhbət əsnasında o Elxana sevgili münasibətində olduğu qızın arxasınca düşməsini irad bildirən zaman həmin şəxs onunla kobud şəkildə danışıb onu itələmişdir, bu zaman o bir dəfə şillə ilə Elxanın üz nahiyəsindən vurmuşdur. Bundan sonra Elxan fənd işlədərək onu yerə yıxmışdır. O Elxanın altında qaldığı üçün gücü çatmadığını görüb əvvəlcədən evdən götürüb üzərində gizlətdiyi mətbəx bıçağını çıxardaraq bir dəfə Elxanın kürək nahiyəsindən vurmuşdur. Elxan qışqıraraq ondan bir qədər uzaqlaşmışdır. Həmin səs-küyə kənarda olan şəxslər onların yanına gələn zaman Elxan yenidən onun üzərinə hücum etmişdir. O da əlində olan bıçaqla bu dəfə Elxanın sol ayaq nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra tanımadığı iki nəfər şəxs onları aralamış və o oradan qaçaraq uzaqlaşmışdır. Əlində olan bıçağı isə xatırlamadığı bir yerdə yolun kənarında olan məişət tullantıları qutusuna atmış və yaşadığı evə qaçmışdır. Həmin gün mağazaya gedən zaman onları parkda aralaşdıran şəxsləri görüb həmin şəxslərdən bıçaqladığı şəxsin necə olduğunu soruşduqda sonuncular ona bildirmişdirlər ki, həmin şəxsin ayağı qanadığı üçün bint alaraq yaranı bağlayıb yaşadığı evə aparıblar. Həmin şəxslər həmçinin ona bildirmişdirlər ki, polislər onu axtarır. Bundan sonra o özü Binəqədi RPİ-nin 6-cı PB-nə yaxınlaşmış və orada valideyninin iştirakı ilə hadisə barədə izahat vermişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Hadisə günü həmin şəxsi ilk dəfə görmüşdür. Söhbət əsnasında Elxan ona Gəncə şəhərindən olduğunu və Bakı şəhərinə yeni gəldiyini bildirmişdir. Həmin şəxslə hər hansı bir ədavət ya düşmənçiliyi olmamışdır. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsində yerləşən “X1”-də onunla Zərərçəkmiş şəxs arasında münaqişənin baş verməsinə səbəb sonuncunun onun sevgili münasibətində olduğu qıza sataşması və arxasınca düşməsi səbəbindən baş vermiş və təxminən 10 dəqiqə davam etmişdir. Həmin münaqişə zamanı Zərərçəkmiş şəxsla o bir qədər kənarda təklikdə söhbət etsə də orada Fərid adlı dostu, Fəridin xatırlamadığı bir neçə nəfər tanışı və Zərərçəkmiş şəxs yanında gəlmiş iki nəfər şəxs olmuşdur. Bundan başqa münaqişə zamanı tanımadığı iki nəfər şəxs onları aralamışdır. O, Şahid1 və Şahid2 tanımamışdır. Həmin şəxsləri yalnız xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsində yerləşən “X1”-də baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxsla onu ayıran zaman görmüşdür. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsində yerləşən “X1”-də onunla Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə zamanı o Zərərçəkmiş şəxs ilk olaraq bir dəfə şillə ilə üz nahiyəsindən vurduqdan sonra Zərərçəkmiş şəxs onu yerə yıxmış bu zaman Elxana gücünün çatmadığını görüb əvvəlcədən evdən götürüb üzərində saxladığı mətbəx bıçağını çıxararaq həmin bıçaqla Elxanın bir dəfə kürək nahiyəsindən bir dəfə də sol ayaq nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Bundan başqa Elxana hər hansı bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs onun sevgili münasibətində olduğu qızın arxasınca gedərək həmin qıza sataşdığı üçün Fərid adlı dostu və Fəridin tanışları Zərərçəkmiş şəxs kənara çəkərək Elxanla danışmış, lakin həmin vaxt həmin şəxslər arasında hər hansı bir dava-dalaş və ya yaxalaşma olmamışdır. O oraya gəldikdən sonra Elxanı kənara çəkib təkbətək şəkildə söhbət edərkən aralarında yaranmış münaqişə zamanı da o bıçaqla Elxanın kürək və ayaq nahiyələrindən bir dəfə vurmuşdur. Ondan başqa heç kim Elxana heç bir xəsarət yetirməmişdir. Həmin hadisədən sonra o Gülnarə Ağayeva və Fərid adlı tanışı ilə münasibətini kəsmişdir. Fərid bildiyi qədəri ilə Biləcəri parkı yaxınlığında yaşamış, sonuncunun ad, soyad ata adı və əlaqə nömrəsini bilməmişdir. Gülnarə Ağayeva isə bildiyi qədəri ilə 284 nömrəli orta məktəbin 10-cu sinifində oxumuş, bundan başqa Gülnarə haqqında heç bir məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsində yerləşən “X1”-də baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxsla əlbəyaxa olub yerə yıxılsa da, sonuncu ona hər hansı bir bədən xəsarəti yetirməmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsində yerləşən “X1”-də baş vermiş münaqişə zamanı onun evdən götürərək üzərində saxladığı bıçaq təxminən 20 santimetr uzunluğunda, dəstək hissəsi taxtadan olmaqla açıq qəhvəyi rəngli olmuşdur. Tiyə hissəsi isə bir tərəfli kəsicilik xassəsinə malik mətbəx bıçağı olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirdiyini, yetkinlik yaşına çatmayan şəxs olmasını və eyni zamanda hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində olan zaman dostu ilə görüşmək üçün danışmışdır. O dostu ilə görüşüb birlikdə bir qədər gəzdikdən sonra Biləcəri qəsəbəsində “Ploşad” adlanan ərazidən “O tay Biləcəri” adlanan əraziyə getmək üçün yerüstü dəmiryol keçidindən keçən zaman iki nəfər qız dostuna baxıb gülmüşdürlər. Dostu qızlardan niyə güldüklərini soruşduqda, qızlar heç nə deməyərək keçib getmişdirlər. Onlar bir qədər gəzdikdən sonra dostu getmiş və o bir qədər də gəzmək üçün Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsində yerləşən “X2”-nə gəlmişdir. O oraya gedən zaman həmin qızların da orada olduğunu görmüşdür. O qızların yanından keçən zaman qızlardan biri onu yanlarına çağırıb bildirmişdir ki, telefonda bir nəfər şəxs onunla danışmaq istəyir. O qızlara burada olduğunu kim danışmaq istəyirsə gəlib burada danışmasını bildirib ona təqdim etdiyi telefonu əlinə almayaraq danışıqdan imtina etmişdir. Bundan bir qədər keçdikdən sonra bir neçə nəfər şəxs həmin yerə gəlmişlər. Həmin şəxslər onu yanlarına çağırmış və bir az öncə qıza niyə sataşdığını soruşub, həmin qızın dostunun sevgilisi olduğunu bildirmişdir. O da həmin şəxsə qıza sataşmadığını demişdir. Bundan sonra onların arasında sözlə mübahisə yaranmışdır. Lakin həmin vaxt onu evdən çağırdıqları üçün o evə getməli olmuşdur. Daha sonra yəni həmin gün saat 19 radələrində o geri qayıtdıqda həmin şəxslərin yenidən orada olduqlarını görmüş və yaxınlaşıb danışmağa başlamışdır. Bundan bir neçə dəqiqə sonra adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs ona təklikdə danışmaq istədiyini bildirib onu bir qədər kənara çəkmişdir. Sadiq ona sataşdığı qızın sevgilisi olduğunu deyib irad bildirən zaman o Sadiqə heç bir qıza sataşmadığını demişdir. Bu zaman Sadiq ona qızdan üzr istəməyini bildirmişdir. Lakin o Sadiqə etmədiyi bir şey üçün üzr istəməyəcəyini bildirdikdə onların arasında münaqişə yaranmış və Sadiq gözləmədiyi anda şillə ilə onun üz nahiyəsindən bir dəfə vurmuşdur. O da Sadiqi qucaqlayıb fənd işlədərək yerə yıxan zaman ikisi də yerə yıxılmışdır. Bu zaman orada olan tanımadığı şəxslər gələrək onları ayırmışlar. O ayağa qalxıb oradan bir qədər uzaqlaşdıqdan sonra şalvarının cırıldığını düşünərək ayağına baxan zaman ayağından qan gəldiyini görmüş və başa düşmüşdür ki, Sadiq onu bıçaqla ayaq nahiyəsindən vurmuşdur. Daha sonra isə evə getmək üçün parkın çıxışına tərəf gedərkən tərlədiyini düşünüb əlini kürək nahiyəsinə atan zaman əlində qan olduğunu görüb həmin vaxt anlamışdır ki, Sadiq münaqişə zamanı onu tək ayağından yox həm də kürək nahiyəsindən bıçaqla vurmuşdur. Bundan sonra o yaşadığı evə getmiş və sonradan hadisə ilə bağlı Binəqədi RPİ-nin 6-cı PB-nə gedərək orada ərizə və izahat vermişdir. O Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Həmin şəxsi ilk dəfə münaqişə olan gün görmüşdür. Həmin şəxslə əvvəllər hər hansı bir ədavət və ya düşmənçiliyi olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsində yerləşən “X1”-də onunla Təqsirləndirilən şəxs arasında münaqişənin baş verməsinə səbəb Təqsirləndirilən şəxs onun orada olan qıza sataşmasını düşünməsi olmuş və münaqişə təxminən 4-5 dəqiqə davam etmişdir. Həmin münaqişə zamanı isə orada tanımadığı şəxslər olmuşdur. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsində yerləşən “X1”-də baş vermiş münaqişə zamanı Təqsirləndirilən şəxs onu bir dəfə şillə ilə üz nahiyəsindən vurduqdan sonra o Sadiqi fənd işlədərək yerə yıxmışdır. Həmin vaxt hər ikisi yerə yıxıldıqdan sonra tanımadığı şəxslər gələrək onları ayırmışlar. Həmin münaqişə zamanı onu Sadiqdən başqa heç kim vurub xəsarət yetirməmişdir. O hər hansı bir qızın arxasınca düşərək söz atıb sataşmamışdır. Mübahisə zamanı o adam gətirmək üçün yox, evdən onu çağırdıqları üçün getmişdir. Geri qayıdan zaman isə tək olaraq gəlmiş, yanında heç kim olmamışdır. Həmin münaqişə zamanı o Təqsirləndirilən şəxs əlində və ya üzərində bıçaq və yaxud başqa bir kəsici alət görməmiş, bu səbəbdən həmin alətin əlamətlərin deyə bilməmişdir. Lakin o sonradan bilmişdir ki, Sadiq ona kəsici bir alətlə xəsarət yetirmişdir. Həmin münaqişə zamanı onlar əlbəyaxa olub yerə yıxılsa da o Təqsirləndirilən şəxs heç bir bədən xəsarəti yetirməmişdir. Bundan əlavə cinayət işi üzrə Zərərçəkmiş şəxs hazırda cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmiş, bu barədə məhkəməyə ərizə təqdim edərək göstərilən halın məhkəmə tərəfindən cəza təyin edilən zaman nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material əsasında fakta görə CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli, 18/260 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - döş qəfəsinin sol yarısının arxa səthinin və sol bud nahiyəsinin deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün “X6” PHŞ-nə müraciət etdiyi xx.xx.2024-cü il saat 19:33dən bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalərını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdilər. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli 1623 nömrəli kompleks məhkəmə-psixatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak psosesslərinin intellektul imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Qərarın təsviri hissəsində göstərilən əməli törədən zaman Təqsirləndirilən şəxs şüur və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamış, emosional sferasında situasiya ilə əlaqədar hirslilik əmələ gəlmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmış və ona CPM-in 87-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Qanuni nümayəndə Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli “ifadənin yerində yoxlanılması barədə” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri əyani şəkildə göstərmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Qanuni nümayəndə Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Hüseynov X4 Sadiq Rəşad oğlu ilə barışmışdır. Ona qarşı hər hansı bir tələbi, iddiası, məhkəmə mübahisəsi yoxdur, onun inzibati və cinayət məsuliyyətinə cəlb edilməsini istəmir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 221.3-cü maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci tarixli qərarında qeyd edilir ki, CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi - ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini və CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, cəzasını yüngülləşdirən hallar ilə yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. CM-in 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. CM-in 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər. CM-in 85.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növləri təyin edilir. CM-in 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. CM-in 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli 4 №-li qərarının 11-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdır ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Azərbaycan Respublikası tərəfindən 28 iyul 1993-cü il tarixdə qoşulmuş BMT-nin Baş Məclisi tərəfindən 1985-ci il noyabrın 29-da qəbul olunmuş “Birləşmiş Millətlər Təşkilatının yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə aid minimal standart qaydaları”nın məhkəmə qərarı çıxarılmasının rəhbər prinsipləri və təsir tədbirlərinin seçilməsi haqqında olan 17-ci bəndində qeyd edilmişdir ki, səlahiyyətli orqan təsir tədbirləri seçərkən təsir tədbirləri həmişə təkcə qanun pozuntusunun şəraiti və ağırlığı ilə deyil, yetkinlik yaşına çatmayanın vəziyyəti və tələbatı, həmçinin cəmiyyətin tələbatı ilə ölçülməsi, yetkinlik yaşına çatmayan şəxsi azadlığını məhdudlaşdırmaq haqqında qərar yalnız məsləyə diqqətlə baxıldıqdan sonra çıxarılmalı və məhdudiyyət mümkün qədər minimuma endirilməsi, yetkinlik yaşma çatmayan qanun pozucusu yalnız başqasına qarşı zor işlətməklə ciddi qanun pozuntusunda günahkar sayıldıqda, həmçinin digər müvafiq təsir növü olmadıqda azadlıqdan məhrum edilə bilməsi prinsiplərini rəhbər tutmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 435.4-cü maddəsində qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Yuxarıda sadalanan hallara əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun yetkinlik yaşına çatmayan şəxs olması, eləcə də ilk dəfə cinayət törətməsi, heç bir yerdə işləməməsi, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi nəzərə alınmaqla qanunvericiliyin tələblərinə əsasən ədalətli həddə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, habelə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməlidir. Belə ki, CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-in 70.3-cü maddəsinə əsasən Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. CM-in 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. CM-in 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə, məhkəmə qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutub, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün sayaraq, həmin cəzanın şərti olaraq tətbiq edilməsi qənaətinə gəlmişdir ki belə olan halda onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin olunan azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar