Məhkəmə qərarları › İş №1(001)-160/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-160/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-160/2024 16.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Novruzova Cəmilə Davud qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 123-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanı fərdi nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 23 avqust 2023-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Məscidin yaxınlığında istintaqa məlum olmayan şəxsdən 15 manata satış məqsədi ilə qanunsuz olaraq bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,112 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 23 avqust 2023-cü il tarixdə, saat 19:00-da yaşadığı ünvan 1-də Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 2 ünvanda yerləşən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,112 qram olan tünd qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 avqust 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən məscidin yaxınlığında tanımadığı şəxsdən bir sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroini 15 manata alaraq üzərində saxlamışdır. 23 avqust 2023-cü il tarixdə saat 19 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 8-də yaşadığı evinin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etdərək narkotik vasitələrin qanunsuz istifadəsində, daşımasında şübhəli olduğunu bildirərək onu yaxınlıqda yerləşən Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişdirlər. Bölmədə dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra öz razılığı ilə müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü, sol cibindən isə Samsung markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Bundan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə o, üzərində başqa hər hansı bir əşyanın olmamasını bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış davam etdirilsədə üzərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş bir ədəd bükülünün içərisində olan maddənin “kakos, heroin”olmasını bildirmişdir. Ondan aşkar olunmuş həmin “heroinin” haradan əldə etməyi barədə soruşulduqda, cavab olaraq o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən məscidin yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata aldığını bildirmişdir. O, əlavə olaraq ifadəsində bildirmişdir ki, narkotik maddələrin satışı ilə məşğul olmur və telefonunda olan sms mətnlər dostları və tanışları tərəfindən yazılmışdır. Pul müqabilində heç kimə narkotik maddə verməmişdir. Həmin şəxslərlə birlikdə narkotik alaraq istifadə etmişdirlər. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş üzrə toplanmış istintaq sübutları: şahid ifadələri, axtarış keçirmə və götürmə protokolu, diskə baxış keçrilməsi haqqında protokol, ekspertiza rəyi və işin digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 23 avqust 2023-cü il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-nə Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 123-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 8-də nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət etmiş, onun rəhbərliyi və sahə rəisi Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. 23 avqust 2023-cü il tarixdə saat 18:30 radələrində Rəşidin qanunsuz əməllərini ifşa etmək məqsədi ilə onun olduğu yeri müəyyən etməkdən ötrü əməliyyat mövqeyi seçmişlər. Saat 19:00-da Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 8-də Rəşidin yaşadığı evinin yaxınlığında gəldiyini görüb ona yaxınlaşıb, özlərini təqdim edərək xidməti vəsiqələri göstərib, həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu dedikdən sonra ona qanunsuz olaraq olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək 43-cü polis polis bölməsinə gəlmiş, bölmədə olan zaman xidməti otaqların birində təhqiqatçı tərəfindən Rəşidə hüquq və vəzifləri elan olunduqdan sonra vəkil dəvət olunub ona təqdim edilmişdir. Bundan sonra Rəşidin özünün razılığı ilə müdafiəçininin iştirakı olmadan video çəkilişlə onun üzərinə axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd Samsung markalı mobil telefonu və sağ yan cibindən isə bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoyub üzərində başqa heçnə olmadığını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünün içərisində “kakos” yəni narkotik vasitə heroin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsində Məscidin yaxınlığında tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 43-cü PB-nin sahə rəisi Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 24 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CMin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00-dan şübhəli şəxs qismində tutulmuşdur. 24 avqust 2023-cü il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Fərid Nəzərli tərəfindən cinayət işi aidiyyəti üzrə Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. 25 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsindən bu məcəllənin 234.2-ci maddəsinə tövsif olunaraq istintaq davam etdirilmişdir. 25 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 25 avqust 2023-cü il tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 14 noyabr 2023-cü il tarixli qərardan görünür ki,Bakı şəhər prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elşən Abbasov tərəfindən ********* nömrəli cinayət işinin ibtidai istintaq müddəti 02 ay, yəni 24 yanvar 2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 23 yanvar 2024-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 24 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4523 saylı məhkəmə kimyəvi ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №243” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,112 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 1 ədəd bükümdə ümumi çəkisi 1,112 qram olan narkotik vasitə olan heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və həmin heroinin 1,062 qram qalığı saxlanılması üçün Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5548 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alnmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı Fərid Nəzərli tərəfindən tərtib edilmiş “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə video çəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşayaları təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində 01 ədəd şəffaf rəngli sellofan bükülünü və sol cibindən bir ədəd Samsung markalı mobil telefonu çıxardaraq masanın üzərinə qoyur, bundan sonra Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış nəticəsində ciblərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın aşkar olunmadığını, təqdim etdiyi 01 ədəd bükümün içərisində olan maddənin “kakos” olduğunu bildirmiş, 23 avqust 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən məsçidin yanında tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 23 avqust 2023-cü il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 8-də saxlanılmış Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına gətrildikdən sonra saat 21:00-da xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə keçrilən şəxsi axtarış zamanı ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verilməsi barədə qərarla tanış edilərək təklif edildiyinin, həmin təklifdən sonra isə Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisində 01ədəd şəffaf rəngli sellofan bükülünü və sol cibindən bir ədəd Samsung markalı mobil telefonu çıxardaraq masanın üzərinə qoyduğunun, bundan sonra Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış nəticəsində ciblərindən qanunla qadağan olunmuş hər hansı əşyanın aşkar olunmadığının, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümün içərisində olan maddənin “kakos” olduğunu bildirdiyini, 23 avqust 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən məscidin yaxınlığında tanımadığı şəxsdən 15 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirdiyinin, bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddənin zərfə qoyularaq qablaşdırıldığının, möhürləndiyinin, zərfin üzərinin, həmçinin şəxsi axtarışın keçirilməsi barədə tərtib edilmiş protokolun Təqsirləndirilən şəxs özü və digər iştirakçılar tərəfindən imzalandığının görüntüləri aydın görünmüşdür. Video görüntülərin köçürüldüyü 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan telefona baxış keçrilən zaman ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəli nömrə arasında votsapda yazışma olduğu, xx.xx.2023-cü il tarixdə, saat 22:46-da ***-***-**-** mobil nömrə istifadəçisinin yazaraq Rəşiddən harada olduğunu, DSK-ya haçan gəldiyini soruşduğu, pulu karta atmağını yazdığı, ***-***-**-** mobil nömrə istifadəçisinin isə karta pul atmayacağını, 15 manatlıq istədiyini, pulu Rəşidə verəcəyini yazdığı aydın görünür. Təqsirləndirilən şəxs götürülmüş Samsung markalı mobil telefon iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı "xxxx" MMC-dən daxil olmuş diskə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə ***-***-**-** mobil “Rəşid mənəm Musa lomkadan çıxmağa bir sey verdə ”, xx.xx.2023-cü il tarixdə ***-***-**-** nömrəsindən “Ay Rəşid bu neydi verdin bizə, aç söz deyirəm”, xx.xx.2023-cü il tarixdə ***-***-**-** mobil nömrəsindən “ qaqaş məhlə uşağın zəngləşdim, daşda var torpaqda istəyən olsa götürərək 40 manata bir qram alıram” məzmunda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə smslər yazılmışdır. "xxxx" MMC-dən daxil olmuş 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumata görə, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X1 adlı bir azyaşlı uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəmə iclasında verdiyi narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 23 avqust 2023-cü il tarixdən hesablanmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,062 qram narkotik maddə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 35 (otuz beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 23 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,062 qram narkotik maddə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış video çəkilişin qeydə alındığı 01 (bir) ədəd CD disk və "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 01 ədəd Samsung markalı telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 210 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar