Məhkəmə qərarları › İş №1(001)-161/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-161/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-161/2024 06.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs Ağasəmid oğlunun iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Sabirabad rayonu Qalaqayın kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Ağasəmid oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3, 29,180.2.2 və 29,180.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Ağasəmid oğluna ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 06 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Baksol yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin qapısının açıq olmasından istifadə edərək qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan bir ədəd 1889 manat dəyərində “ASUS VivoBook S15 OLED M3502QA-MA153” markalı nootbuk kompyuterini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1889 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını açıq olaraq talama məqsədilə 2023-cü ilin oktyabr ayının 05-də gecə saat 02:45 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 evinə qanunsuz olaraq daxil olaraq stolun üstündəki 4 manat dəyərində Azerfon MMC-yə məxsus ***-***-**-** nar nömrəsi və 3 manat dəyərində olan telefon qabındakı 120 manat dəyərində “Samsung” markalı, SM-A115F/DSN modelli, **********37637 və **********37635 İMEİ kodlu mobil telefonu və içərisində nömrə olmayan 3 manat dəyərində olan telefon qabındakı 230 manat dəyərində olan “İphone” (7 Plus) markalı, “A1661” model mobil telefonu, ümumilikdə 360 manat dəyərində əmlakı talayıb getmək istəmiş, lakin evdə yaranmış səsdən yuxudan oyanmış ev sahibi Zərərçəkmiş şəxs2 onu görüb arxasınca qaçaraq tutub saxlanıldığından cinayət törətməyə yönəldilmiş qəsdini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək soyğunçuluğa cəhd etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Ağasəmid oğlu CM-in 177.2.3, 29,180.2.2 və 29,180.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ayağında narahatçılıq olduğundan oğruluqları etdiyini bildirmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, oğurluğu 06 sentyabr 2023-cü il tarixdə günorta vaxtı Binəqədi rayonunda etmişdir. Həmin vaxt evdə heç kimin olmadığını görüb stolun üstüntəki kompyuteri götürüb getmişdir. Digər epizod üzrə səhər sübh tezden olmuşdur. Evə girib stolun ustundə telefon olduğunu görüb götürmüşdür. Lakin evdən qaça bilmədiyindən onu gəlib tutumuşlar və evdən götürdüyü telefonları ondan alıb polisə zəng etmişlər. Törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Ağasəmid oğluna elan edilmiş CM-in 177.2.3, 29,180.2.2 və 29,180.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində yaşadığı evdən oğurlanmış ona məxsus kompyuterin qaytarılmadığını, Təqsirləndirilən şəxs Ağasəmid oğlu ilə barışmadığını və ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hadisə gecə 2-3 olardı və evdə hərkəs yatmışdı. Balaca uşağı evdə papaqlı, kastyumlu birinin gəzdiyini görüb ona demişdir. O da cəld paltarlarına baxmış və ciblərinin boşaldılmasını görmüşdür. Həmçinin telefonların olmadığını müəyyən etmişdir. Uşağı ona dediyi tərəfdən getdikdə göstərdiyi kimi şapkalı, kastyumlu adam görmüşlər. O həmin adamı tutduqda onun üzərində telefonların olmasını aşkar etmişdir. Sonra həmin şəxsi saxlayıb polisə təhvil vermişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin şəxsi tutanda qacmağa cəhd etmişdir. Polislər gələnə qədər onu saxlamışlar. Həmin şəxs evə girib telefonları götürmüşdür. Telefonlar ona polis tərəfindən geri qaytarılmışdır. Hazırda şikayətçi deyildir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, uşağı evdə kiminsə olduğunu demişdir. Sonra gördü ki, qapı açılmış, yoldaşı Elnurun şalvarı kuxnaya tərəf atılmışdır. Böyük oğlu da telefonunun olmadığını bildirmiş, gördülər ki, hətta yoldaşının telefonu da yoxdur. Yoldaşıgil çıxıb oğurunu tutub saxlayıb polisə vermişlər. Həmçinin ona verilən suala cavab olaraq polisə onun özünün xəbər verdiyini bildirmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 29,180.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 05 oktyabr 2023-cü il tarixdə olan cinayət hadisəsi ünvan 2 ünvanında baş vermişdir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ağasəmid oğlu 05 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)- 1022/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Ağasəmid oğlu barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək həbsdə saxlanılma müddətinin əvvəli 05 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Ağasəmid oğlunun ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisə yerini göstərib, hadisənin necə baş verməsini əyani təsvir etmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağasəmid oğlu əvvəllər məhkum olunmuş, lakin hazırda ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. Cinayət işinin birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Ağasəmid oğlu barəsində CM-in 177.2.3-cü maddə ilə istintaq olunan ********* nömrəli cinayət işi icraatda olan ********* nömrəli cinayət işinə birləşdirilərək, sonuncu nömrə altına istintaqı davam etdirilmişdir. Cinayət işinin başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Könüllü təqdim etmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş Təqsirləndirilən şəxs Ağasəmid oğluna məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, üzərində “Notbuk özümündür, oğruluq və girov deyil, imzamla təsdiq edirəm” sözləri olan Təqsirləndirilən şəxs Ağasəmid oğluna məxsus şəxsiyyət vəsiqəsinin surəti iş üzrə əhəmiyyət kəsb etdiyindən Şahid2 tərəfindən istintaqa təqdim edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7721 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadə də olması nəzərə alınmaqla 2023-cü ilin oktyabr ayına olan tarixə orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir. 1. Vyetnam istehsalı, “Samsung” markalı, SM-A115F/DSN model, **********37637 və **********137635 İMEİ kodlu mobil telefon – 1 ədəd, 120 manat; 2. “Samsung” markalı, SM-A115F/DSN model mobil telefonun qaburu (üzlüyü) – 1 ədəd, 3 manat; 3. “İphone”(7 plus) markalı, “A1661” model mobil telefon - 1 ədəd, 230 manat; 4. “İphone”(7 plus) markalı, “A1661” model mobil telefonun qaburu (üzlüyü) – 1 ədəd, 3 manat; 5. ***-***-**-** saylı GSM nömrə - 1 ədəd, 4 manat - Cəmi: 360 manat Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Vyetnam istehsalı, “Samsung” markalı, SM-A115F/DSN model, **********37637 və **********137635 İMEİ kodlu mobil telefon və ona aid qaburu (üzlüyü), “İphone”(7 plus) markalı, “A1661” model mobil telefon və - qaburu (üzlüyü) və ***-***-**-** saylı GSM nömrə iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Həmçinin Şahid2 istintaqa təqdim etdiyi “ASUS VivoBook S15 OLED M3502QA-MA153” markalı nootbuk kompyuterin alğısatqısı zamanı əldə etdiyi Təqsirləndirilən şəxs aid şəxsiyyət vəsiqəsinin surəti cinayət işi üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Ağasəmid oğlu təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.3, 29,180.2.2 və 29,180.2.3-cü maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs Ağasəmid oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ağasəmid oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3, 29,180.2.2 və 29,180.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs Ağasəmid oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Ağasəmid oğluna CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs Ağasəmid oğlunun təqsirləndirildiyi CM-in 177.2.3, 29,180.2.2 və 29,180.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs Ağasəmid oğlunun törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs Ağasəmid oğluna cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs Ağasəmid oğlunun əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Ağasəmid oğluna cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs Ağasəmid oğlunun əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Ağasəmid oğluna təqsirli bilindiyi CM-in 177.2.3, 29,180.2.2 və 29,180.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və CM-in 29,180.2.2 və 29,180.2.3-cü maddələri təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qeyd olunan cəzanın dörddə üçündən artıq olmamalıdır. Belə ki, CM-in 63.1-ci maddəsinə əsasən başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 9-cu bəndinin 3-cü hissəsinə görə başa çatmamış cinayətə görə CM-in 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs Ağasəmid oğlunun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Ağasəmid oğluna törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs Ağasəmid oğluna azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ağasəmid oğlu, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Ağasəmid oğlu 05 oktyabr 2023-cü il şübhəli şəxs qismində tutularaq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-1022/2023 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli 05 oktyabr 2023-cü il tarixdən hesablanmış və sonuncu həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ağasəmid oğlunun həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 05 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ağasəmid oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Samsung” markalı, SM-A115F/DSN model, **********37637 və **********137635 İMEİ kodlu mobil telefon və ona aid qaburu (üzlüyü), “İphone”(7 plus) markalı, “A1661” model mobil telefon və qaburu (üzlüyü) və ***-***-**-** saylı GSM nömrənin saxlanılması üçün Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış Şahid2 istintaqa təqdim etdiyi “ASUS VivoBook S15 OLED M3502QA-MA153” markalı nootbuk kompyuterin alğı-satqısı zamanı əldə etdiyi Təqsirləndirilən şəxs aid şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində olan pul vəsaiti Təqsirləndirilən şəxs Ağasəmid oğlundan tutulmalıdır. CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs1 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs Ağasəmid oğlunun hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ağasəmid oğluna göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Ağasəmid oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 29,180.2.2 və 29,180.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,180.2.2 və 29,180.2.3-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağasəmid oğluna təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Ağasəmid oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Ağasəmid oğluna təyin edilmiş cəzanın əvvəli 05 oktyabr 2023-cü il tarixdən hesablanmaqla, həbsdə saxlanılma müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs Ağasəmid oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Samsung” markalı, SM-A115F/DSN model, **********37637 və **********137635 İMEİ kodlu mobil telefon və ona aid qaburu (üzlüyü), “İphone”(7 plus) markalı, “A1661” model mobil telefon və qaburu (üzlüyü) və ***-***-**-** saylı GSM nömrənin saxlanılması üçün Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Şahid2 istintaqa təqdim etdiyi “ASUS VivoBook S15 OLED M3502QA-MA153” markalı nootbuk kompyuterin alğı-satqısı zamanı əldə etdiyi Təqsirləndirilən şəxs aid şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində olan pul vəsaiti Təqsirləndirilən şəxs Ağasəmid oğlundan tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə Zərərçəkmiş şəxs1 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs Ağasəmid oğluna göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs Ağasəmid oğluna isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar