Məhkəmə qərarları › İş №1(001)-162/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-162/2021

03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-162/2021 03.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixddə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Binəqədi rayonu Binəqədi qəsəbəsi mədən 1, korpus 43 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, 13.10.2020-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 0,175 qram çəkidə narkotik vasitə heroin və 02 ədəd sellofan bükülüdə ümumi 0,562 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 14 oktyabr 2020-ci il tarixdə saat 00:20-də Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi mədən 1, korpus 18 ünvanında yerləşən şəhid löhvəsinin yaxınlığında saxlanılaraq ünvan 4 ünvanında yerləşən 43-cü polis bölməsinə gətirilib saat 01:50-də üzərinə axtarış keçirilərkən əynindəki ağ rəngli şalvarın sağ yan cibindən bir ədəd göy və şəffaf rəngli plastik qabın içərisindən 01 ədəd sellafona bükülmüş təmiz çəkisi 0,175 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,347 qram və 0,215 qram olmaqla ümumi təmiz çəkisi 0,562 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin satışı ilə məşğul olmamış, üzərindən çıxan narkotik vasitəni istifadəsi üçün əldə etmiş, üzərindən 2 büküm metamfetamin və 1 büküm heroini bədənində həddən artıq ağrılar olduğu üçün birinci heroini ampulaya tökərək limon duzu ilə qaynadaraq üzərinə də metamfetamini əlavə etməklə şipirislə əzələyə vurmaq yolu ilə qəbul etmiş, belə olan halda ağrılardan azad olmuş, həmçinin təsiridə çox olmuş, bunun üçün də alanda həm metamfetamin və heroini iksin birlikdə alırmış. Sonuncu dəfə də 13 oktyabr 2020-ci il tarixdə saat 23 radələrində yenədə Bakı şəhəri, Binəqədi rayonu, DSK adlanan ərazidən üzlə tanıdığı, lakin başqa anket məlumatlarını bilmədiyi şəxsdən 1 büküm narkotik vasitə heroin və 2 büküm psixotrop maddə metamfetaminə ümumilkdə 20 manat verərək almış, həmin bükümlər bir ədəd göy və şəffaf rəngli plastik qabda olmuş və həmin plastik qabı şalvarının sağ yan cibinə qoyaraq yaşadığı ünvana tərəf getməyə başlamışdır. 14 oktyabr 2020-ci il tarixdə saat 00:20-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 18-də yerləşən şəhid lövhəsinin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini 43-cü PB-nin əməkdaşları kimi təqdim edərək onun narkotik vasitənin üzərində saxlamasında şübhəli olduğunu deyib onlarla birlikdə 43-cü polis bölməsinə getməyini təklif etmişlər. O, polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nin 43-cü PB-nə getmiş, polis bölməsinin inzibati binasında onu xidməti otaqlardan birinə salmışlar. Həmin vaxtı üzərinə vidioçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilməklə hüquqları ona izah olunmuşdur. Şəxsi axtarışa başlayarkən ona üzərində hər hansı bir qanunsuz əşya olub olmadığı bildirildikdə o, əynindəki şalvarının sağ yan cibində saxladığdı 1 büküm narkotik vasitə heroin və 2 büküm psixotrop maddə metamfetamini çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümlər polis əməkdaşları tərəfindən açıldıqda polis əməkdaşlarına bildirmişdir ki, bükümlərdən bir ədəd narkotik vasitə heroin, digər iki büküm isə psixotrop maddə metamfetamindir. Bundan sonra aşkar edilərək götürülmüş 3 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənməklə onun özünün və polis əməkdaşları tərəfindən imzalanmışdır. O, narkotik vasitə aludəçisi olduğunu, əməlindən peşman oluduğunu, heç vaxt narkotik satışı ilə məşğul olmadığını, istintaq orqanının ona qarşı qərəzli olmasını, ilk məhkumluğunu bildirərək barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü Polis Böbəsində əməliyyat müvəkkili vəzifəsində xidmət aparmaqla polis baş-leytenantıdır. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 43, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla bölmə rəisinə məruzə edilmişdir. Məlumat əsasında tərəflərindən əməliyyat qrupu təşkil edilmiş və 14 oktyabr 2020-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr gəzdirməkdə şübhəli bilinən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 43, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:20-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 18-də yerləşən şəhid abidəsinin yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra tərəflərindən Binəqdi RPİ-nin 43cü PB-nə gətirilərək təhvil verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsinin xidməti otaqların birinə yerləşdirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi və həmçinin mütəxəssis dəvət olunmuşdur. Təqsirləndirilən şəxs hüquqları izah olunmuş və şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olub olmaması soruşulmuşdur. Həmin vaxt o, əynindəki ağ rəngli şalvarının sağ yan cibindən bir ədəd göy şəffaf rəngli plastik qabın içərisində 3 ədəd şəffaf sellofana bükülmüş bükülüləri çıxararaq masanın üzərinə qoymuş, həmin bükülülər açıldıqda Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükülülərin içində olan maddələrdən bir ədədi narkotik vasitə heroin və digər iki ədəd bükümdə olan maddələr metamfetamindir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin heroin və metamfetaminləri tutulmamışdan əvvəl Bakı şəhəri, Binəqədi rayonu, DSK yolundan tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manat müqabilində almışdır. Daha sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ətrafinda aparılmış əməliyyat tədbirləri ilə əlaqədar onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 43-cü PB-nin polis əməkdaşı Şahid2 və Binəqədi RPİ-nin KTQ-nin ekspert kriminalisti Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində qeyd olunan xüsusatları təsdiq etmişlər. İş materiallarında olan əməliyyat qrupunun təşkil edilməsi barədə 13.10.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, özündə saxlayaraq istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatları vardır. İş materiallarında olan 14.10.2020-ci il tarixli raportdan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 43-cü PB-də narkotik vasitələrin istifadəçisi kimi məlumat olmuşdur. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 14.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 14.10.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2020-ci il tarixli, 6/2160 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,175 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,347 qr., 0,215 qr., ümumi təmiz çəkisi 0,562 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata sərf edildi metamfetamin - 0,100 qram, qalıq – 0,462 qram, heroin – 0,050 qram, qalıq – 0,125 qram. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən məlum olur ki, 14 oktyabr 2020-ci il tarixli, 6/2160 saylı ekspert tədqiqatının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat təşkil edir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 15.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrlə ittiham elan olunması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 4(001)-842/2020 saylı, 15.10.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi və onun dərhal məhkəmə iclası zalında həbsdən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 15.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında 23.12.2020-ci il tarixli 3522 №-li Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticələsində asılılıq sindiromu (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14.01.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 20.01.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməklə ona həmin maddə ilə yenidən ittiham edilməsi, iş üzrə şübhəli və təqsirləndirilən şəxsin ifadələri, şahid ifadələri, 14.10.2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə-kimyəvi ekspertizasının 14.10.2020-ci il tarixli, 6/2160 nömrəli və məhkəmə-narkoloji ekspertizasının 23.12.2020-ci il tarixli, 3522 nömrəli rəyləri, həmçinin əhəmiyyət kəsb edən digər sənədlər iş materialları ilə zidiyyət yaratmadığından sübut növü kimi qəbul edilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına saxlanılması, iş üzrə Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0.175 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 02 ədəd bükümdə təmiz çəkiləri 0.347 qram və 0.215 qram olmaqla ümumi təmiz çəkisi 0.562 qram ağ rəngli kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin cinayətin predmeti olduğundan ekspertiza təqdiqatından sonra qalıq qalmış 0,125 qram narkotik vasitə heroin və 0,462 qram psixotrop maddə-metamfetaminin cinayət işi üzrə maddi sübut kimi tanınması və məhkəmənin yekun hökmünədək saxlanması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə” 20.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan yenidən ittiham elan olunması qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndindən görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd etmək istəyir ki, ibtidai istintaq orqanı tərəfindən sübutların qiymətləndirilməsi haqqında qərarda heç bir əsas və sübut olmadan, hüquqi cəhətdən əsaslandırılmadan Təqsirləndirilən şəxs verilmiş ittihamın Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. Bununla yanaşı, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham verilsə də, istintaq orqanı tərəfindən onun narkotik vasitələri satmaq niyyətində olması, satış məqsədi ilə əldə etməsi, istehlakçı ilə əvvəlcədən razılığa gəlməsi və bu kimi digər hallar sübuta yetirilməmişdir. Əksinə, məhkəmə prosesi vaxtı şahid qismində dindirilmiş polis əməkdaşları məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə onlarda hər hansı əməliyyat məlumatının olmadığını bildirmişlər. Həmçinin, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə deyil, məhz istifadəsi ilə məşğul olmasına dair əməliyyat məlumatının olması iş materiallarında olan “əməliyyat qrupunun təşkil edilməsi” barədə 13.10.2020-ci il tarixli protokol, 14.10.2020-ci il tarixli raport və digər sənədlərlə də təsdiq olunmuşdur. Bundan başqa, iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni xırda bükümlərə qablaşdırılmış vəziyyətdə əldə etmiş, onları özü qablaşdırmamışdır. Məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi və ya saxlaması məhkəmə istintaqı zamanı sübuta yetirilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olduğu təqsirləndirilən şəxs və şahidlərin verdikləri ifadələrlə, ekspertiza rəyi, cinayət işinin bütün materialları ilə tam sübuta yetirilir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunmuşdur ki, 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini və eyni zamanda yüngülləşdirici halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14.10.2020-ci il tarixdən 15.10.2020-ci il tarixədək həbsdə saxlandığı 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsi mədən 1, korpus 43 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat etməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilməli, iş üzrə maddi sübut kimi tanınan və Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi - 0,462 qram olan metamfetamin və 0,125 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 14.10.2020-ci il tarixdən 15.10.2020-ci il tarixə qədər həbsdə saxlandığı 01 (bir) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində elektron nəzarət vasitəsi tətbiq edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat etməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,462 qram olan metamfetamin və 0,125 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar