Məhkəmə qərarları › İş №1(001)-162/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-162/2022

23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-162/2022 23.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Atabala oğlunun iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Şabran rayonu, Dağquşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, H.Şəhərcik küçəsi ev 1, mənzil 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Atabala oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Atabala oğluna ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 13 oktyabr 2021-ci il tarixdə istintaqa məlum olmayan vaxtda, Bakı şəhəri Nəsimi rayonu, Papanin adlanan yaşayış ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlayaraq daşımış, 13 oktyabr 2021 -ci il tarixdə saat 14:10 radələrində ünvan 1 ünvanın qarşısında Binəqədi RPİ-nin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanda yerləşən Binəqədi RPİnin 6-cı polis bölməsinə gətirilmiş, orada üstünə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində təmiz çəkisi 0,262 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Atabala oğlu CM-in 234.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13.10.2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yaşayış ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin alaraq üzərində saxlamışdır. Həmin günü yəni, 13 oktyabr 2021-ci il tarixdə təxminən saat 14 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq, özlərinin polis əməkdaşları kimi təqdim edib, üzərində narkotik vasitə gəzirməsində şübhəli olduğunu bildirərək onu Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Bölmədə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını, olduğu halda könüllü təqdim etməyi təklif olunmuş və o, əynində olan gödəkcənin cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim edib içərisində narkotik vasitə heroin olduğunu və şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Daha sonra isə onun üzərində şəxsi axtarış aparılsada, onun üzərindən digər hər hansı bir əşyanın olması müəyyən olunmamışdır. Həmin narkotik maddə heroinə baxış keçirildikdən sonra, polis əməkdaşları tərəfindən qablaşdırılaraq, möhürlənmiş zərfə qoyulmuş və bu barədə protokol tərtib olunduqdan sonra, ucadan oxunmuş, doğruluğu onun və iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu bildirib, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Atabala oğluna elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nin sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin 6-cı PB-nə Təqsirləndirilən şəxs Atabala oğlunun narkotik vasitənin qanunsuz olaraq gəzdirməsi, istifadə etməsi və saxlaması barədə etimad doğuran mənbədən məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs Atabala oğlunun cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü 13 oktyabr 2021-ci il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul edilməklə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o da daxil olmuş, qrupa rəhbərliyi isə Şahid1 həyata keçirmişdir. 13 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində Şahid1 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi 50 ünvanın qarşısında Təqsirləndirilən şəxs Atabala oğlunu görüb ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu deyərək onu 6-cı polis bölməsinə dəvət etmiş və sonuncu etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmişdir. Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 6-cı PB-nin baş təhqiqatçısı Famil Məsimov tərəfindən şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs Atabala oğlunun üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman sonuncuya üzərində qeyri qanuni əşyanı könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs Atabala oğlu əynində olan gödəkcənin cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş halda olan bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs Atabala oğluna üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, sonuncu üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Atabala oğlu üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs Atabala oğlundan üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuş o, 01 ədəd gümüşü kağıza bükülmüş bükümün içərisində narkotik vasitə heroin olduğunu, narkotik vasitə istifadə etməsini, həmin narkotik vasitəni 13.10.2021-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu Papanin adlanan yerdən tanımadığı şəxsdən öz istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdirdi. Sonra təhqiqatçı tərəfindən aşkar edilmiş büküm zərfə qoyularaq qablaşdırılmışdır. Həmin zərfin üzəri iştirakçılar tərəfindən, o cümlədən onun tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək iştirakçılara imzalanması üçün təqdim edilmiş, hamı tərəfindən, o cümlədən onun tərəfindən protokol imzalanmışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 14.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Atabala oğlunun üzərindən narkotik vasitə aşkar edilməsinə dair toplanmış material üzrə sonuncu barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 13.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Atabala oğlunun qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlaması və daşıması barədə Binəqədi RPİ-nin 6-cı PB-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. 13.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Atabala oğlu 13 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 13.10.2021-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında Təqsirləndirilən şəxs Atabala oğlunun üzərində şəxsi axtarış və götürmə aparılan zaman, sonuncunun əynindəki qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş maddə aşkar edilərək götürülmüşdür. 14.10.2021-ci il tarixli, 6/4554 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №175” möhür əksi, “Şübhəli şəxs:...Təqsirləndirilən şəxs” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,262 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrinin” siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 0,262 qram, tədqiqata sərf olundu – 0,05 qram, qalıq – 0,212 qram. 15.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Atabala oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.10.2021-ci il tarixli, 4(001)- 1085/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Atabala oğlu barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. 06.12.2021-ci il tarixli, 4909 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs Atabala oğlunda opioidlərin qəbulu nəticəsində yaranan aşlılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 10.12.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, eləcə də müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Atabala oğlu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.06.2020ci il tarixli, 1(001)-254/2020 nömrəli hökmü ilə CM-in 29,177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 05.01.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati otağında Təqsirləndirilən şəxs Atabala oğlunun üzərində aparılan şəxsi axtarış və götürmə zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş maddəni təqdim edib, həmin bükülünün içərisində heroin olduğunu, onu öz istifadəsi üçün 13 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu, Papanin adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata alaraq üzərində gəzdirdiyini bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs Atabala oğlunun üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. 05.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Atabala oğlundan aşkar edilib götürülmüş təmiz çəkisi 0,262 qram olan heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra heroinin 0,212 qram qalmış qalığı saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 1 (bir) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.01.2022-ci il tarixli, 4(001)-17/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Atabala oğlunun həbsdə saxlanılma müddəti 02 fevral 2022-ci il tarixədək uzadılmışdır. 03.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Atabala oğlu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.06.2020-ci il tarixli, 1(001)-254/2020 nömrəli hökmü ilə məhkum olunduğu 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını 03 may 2021-ci il tarixdən çəkməyə başlamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.12.2021-ci il tarixli, 7(001)-709/2022 nömrəli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.06.2020-ci il tarixli, 1(001)-264/2020 nömrəli hökmü ilə CM-in 29,177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəlləsinin 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilmiş və məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 (bir) il azaldılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs Atabala oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Atabala oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs Atabala oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Atabala oğluna CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs Atabala oğlunun təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs Atabala oğlunun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs Atabala oğluna cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Atabala oğlu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.06.2020-ci il tarixli, 1(001)-264/2020 nömrəli hökmü ilə məhkum edildiyi azadlığın məhdudlaşdırılması cəzasını hazırkı vaxtadək tam çəkməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Atabala oğlunun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.06.2020-ci il tarixli, 1(001)-264/2020 nömrəli hökmü ilə təyin edilmiş cəza azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmadığından CM-in 18.4.4-cü maddəsinə əsasən onun əməlində cinayətlərin residivi yoxdur. Məhkəmədə, Təqsirləndirilən şəxs Atabala oğlunun əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Atabala oğluna cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını və həmin məhkumluq üzrə cəzanı çəkməməsini), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Atabala oğluna təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs Atabala oğlunun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Atabala oğluna törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bununla yanaşı məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Atabala oğlunun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.06.2020-ci il tarixli, 1(001)-264/2020 nömrəli hökmü ilə məhkum olunduğu və çəkilməmiş 1 (bir) il 6 (altı) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 9 (səkkiz) ay 8 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və CM-in 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs Atabala oğluna qəti cəza təyin edilməlidir. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Atabala oğlu, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Atabala oğlu 13 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.10.2021-ci il tarixli, 4(001)-1085/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Atabala oğlu barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablanmış, habelə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.01.2022-ci il tarixli, 4(001)-17/2022 nömrəli qərarı ilə sonuncunun həbsdə saxlanılma müddəti 02 fevral 2022ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Atabala oğlu 13 oktyabr 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Atabala oğlunun həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Atabala oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Atabala oğluna narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,212 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Atabala oğlundan tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 45 (qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Atabala oğluna göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Atabala oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Atabala oğlunun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.06.2020-ci il tarixli, 1(001)-264/2020 nömrəli hökmü ilə məhkum olunduğu və çəkilməmiş 1 (bir) il 6 (altı) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 9 (doqquz) ay 8 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs Atabala oğluna qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Atabala oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs Atabala oğluna təyin edilmiş cəzanın əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs Atabala oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Atabala oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,212 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Atabala oğlundan tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs Atabala oğluna göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs Atabala oğluna isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar