Məhkəmə qərarları › İş №1(001)-162/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-162/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-162/2025 15.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bayramov Tural Ural oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 31 iyul 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,460 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin 1 ədəd bükümdə əldə edərək əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 18:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3 yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 19:15-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,460 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, yaşadığı evə gəlib liftin düyməsini basmış, halı pisləşdiyi üçün təcili tibbi yardım çağırılmış, tibb bacısı gəlib ona iynə vurmuş, halsız vəziyyətdə olmuşdur. Həmin vaxt polis əməkdaşı Elvin onu polis bölməsinə aparmışdır. O, 4 dəfə xəstəxanada yatmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşı onu bölməyə apararkən yerdə uzanmış vəziyyətdə olmuşdur. O, həmin gün 1 saylı şəhər klinik xəstəxanasına getmiş, günorta saat 14 radələrində qayıtmış, həmin vaxt tək olmuşdur. O, yaşadığı evə çatdıqda həkimin verdiyi dərmana görə halı pisləşmişdir. O, həmin gündən 3-4 gün əvvəl psixotrop maddə metamfetmindən istifadə etmişdir. O, ayıldıqda tibb bacısının ona iynə vurduğunu görmüşdür. Təcili tibbi yardımı birinci mərtəbədə yaşayan şəxs çağırmışdır. O, özünə gəldikdən sonra polis əməkdaşı onu bölməyə aparmışdır. Polis bölməsində o, su istəmiş, onu otaqlardan birinə salmışlar. Ona sənədlər vermiş və imzalamasını demişlər. Onu polis bölməsində heç kim döyməmişdir. O, döyülməkdən qorxduğu üçün polis əməkdaşlarının dediklərini etmişdir. Polis bölməsinə aparılarkən onun üzərində metemfetamin olmamış, cibləri boş olmuşdur. O, evə qayıtdıqdan sonra baş verənləri anasına danışmışdır. Onun barəsində baş bir yerdə istintaq aparılmır. O, 31 iyul 2024-cü il tarixdə günorta saatlarında 1 saylı şəhər klinik xəstəxanasında metadon suyu içmişdir. Həmin dərmanla bağlı onun resepti olmuşdur. O, evə qayıtdıqdan sonra liftin qarşısında halı pisləşmiş, ona iynə vurulduqdan sonra özünə gəlmişdir. Bundan sonra o, 5-ci polis bölməsinə aparılmışdır. Polis bölməsində ona sənədlərə imza çəkməsini dedikdə, o, narkotik maddənin miqdarını soruşmuş, ona narahat olmamasını, “qolbaq” taxılacağını demişlər. Onun halı pis olduğuna görə və döyülməmək üçün razılaşmışdır. O, polis əməkdaşları tərəfindən saxlanılarkən istifadəsində mobil telefon olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci polis bölməsinin polis sahə inspektoru, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr gəzidirməsi və istifadə etməsi ilə bağlı məlumat daxil olmuşdur. 31 iyul 2024-cü il tarixdə axşam saatlarında X11 küçəsində Təqsirləndirilən şəxs yaxınlaşmış, özlərini təqdim etdikdən sonra 5-ci bölməyə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni özü könüllü olaraq təqdim etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs onun xidməti ərazisində yaşadığı üçün sonuncunu əvvəllər tanımışdır. Təqsirləndirilən şəxs sakinlər də şikayətçi olmuş, yaşadığı blokda tibbi iynələr tapmışlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı ona məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs qarşı polis bölməsində hər hansı fiziki zorakılıq, psixoloji təsir olmamışdır. Onun istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan vaxtda həmin nömrə istifadəsində olmuşdur. Onlar təqsirləndirilən şəxs yaşadığı evin blokundan aparmamışlar. Məhkəmə baxışı zamanı əlavə dindirilmiş Şahid1 əlavə ifadəsində göstərmişdir ki, təcili tibbi yardımın gəlməsi ilə bağlı onun məlumatı olmamışdır. Təqsirləndirilən şəxs saxlanılmasında Şahid2 da iştirak etmişdir. Sakinlər narazılıq etmiş, blokdan dəfələrlə tibbi iynə tapılmışdır. Əcəmi Naxçivani küçəsi onun xidməti ərazisinə daxil olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci polis bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, 31 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadəsi, üzərində gəzdirməsi və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 18-19 radələrində 8-ci mikrorayon, X11 küçəsində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş, narkotik vasitəsinin istifadəsi, üzərində gəzdirməsi və daşıması barədə şübhəli olduğunu demiş, 5-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək, onlarla birlikdə 5-ci polis bölməsinə getmişdir. Bölmədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, üzərində daşınması, saxlanması qadağan olunmuş nə varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim etmiş, içərisində psixotrop maddə metamfetamin olduğunu, 10 manat müqabilində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saat 18 radələrində küçədə getdiyi yerdə saxlamışlar. Onlar təqsirləndirilən şəxsi yaşadığı evin blokunda saxlamamışlar. Məhkəmə baxışı zamanı əlavə dindirilmiş Şahid2 əlavə ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayır. Mobil nömrə onun istifadəsində olsa da, telefonunda zədə olduğuna görə ustaya aparması üçün qardaşına vermişdir. Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərində başqa telefon olmamışdır. Telefonu ustada çox qalmamış, axşam yaşadığı evə getdikdən sonra telefonunu götürmüşdür. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X8 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tutulmağını görməmişdir. O, 31 avqust 2024-cü il tarixdə saat 14-15 radələrində təcili tibbi yardımın gəldiyini görmüşdür. O, dükandan çıxıb evə gedərkən Rüfətin halının pisləşdiyini görmüş, səkidə oturduğunu, yanında bir nəfər qadın olduğunu görmüşdür. O, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini bilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, o, təcili tibbi yardım stansiyasında həkim işləyir. ünvan 4 ünvanından Təcili və X2 Mərkəzinin “103” Mərkəzi Çağrı Xidmətinə bir nəfər şəxsin halının pisləşməsi ilə bağlı çağırış daxil olmuşdur. Qeyd edilən ünvana getdikdə orada mülki geyimli və polis formasında olan polis əməkdaşlarının olduğunu görmüşdür. Təqsirləndirilən şəxs blokun girəcəyində, liftin yanında çöküb oturmuş, yuxulu vəziyyətdə olmuşdur. Onlar şəxsə yaxınlaşıb ayıltmış, adını soruşmuşlar. Təqsirləndirilən şəxsdən narkotik maddələrdən istifadə edibetməməsini soruşduqda sonuncu təsdiqləmişdir. O, Təqsirləndirilən şəxs nə qəbul etdiyini soruşmuş, sonuncu metadon qəbul etdiyini, başı gicəlləndiyi üçün halsızlıqdan yıxıldığını demişdir. Təqsirləndirilən şəxs zədə əlaməti olmamış, çökmüşdür. Təqsirləndirilən şəxs təzyiqini ölçmüş, təzyiq aşağı olmuş, tibbi yardım göstərmişlər. Təqsirləndirilən şəxs onlara yaşadığı mənzilin nömrəsini, telefon nömrəsini demişdir. Onlar Təqsirləndirilən şəxs yaşadığı mənzilə getməkdə kömək göstərməyi təklif etmiş, sonuncu ehtiyac olmadığını demişdir. Təqsirləndirilən şəxs qolunda iynə izi olmamış, metadon qəbul etdiyini demişdir. Metadon qəbul edən şəxslərdə adətən qida qəbulu zəif olur və halsızlıq olur. Təqsirləndirilən şəxs tibbi yardım göstərildikdən sonra ayağa qalxmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, dəqiq tarixi xatırlamır, lakin çağırışa günorta saatlarında getmişdir. Çağırış yerinə çatdıqda polislər orada olmuş, Təqsirləndirilən şəxs polislər onlara göstərmişdir. Onlara çağırış barədə məlumat “103” Mərkəzi Çağrı Xidmətindən verilmişdir. Çağrışı kimin etdiyini o, bilməmişdir. Onlar çağırış olan ünvanda təxminən yarım saat qalmış, sonra Təqsirləndirilən şəxs özü ayağa qalxmış, polislər də onlara təşəkkür etmişlər. Təqsirləndirilən şəxs da blokdan yuxarı qalxmışdır. Həmin vaxt onların yanında təcrübə keçən həkim də olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X4 ifadəsində göstərmişdir ki, onlar çağırışı qəbul edib, çağırışda qeyd edilən ünvana getmişlər. Çağırışa həkim Xəlil İsmayılov getmişdir. Onlar Təqsirləndirilən şəxs blokun yanında görmüşlər. Təqsirləndirilən şəxs huşsuz vəziyyətdə olmuş, o, sonuncuya naşatır iylətmiş, təzyiqini ölçmüş, iynə vurmuşdur. Sonra polis onlara onlarlıq bir iş olmadığını, getmələrini demişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, çağırışa getdiyi tarixi xatırlamır. Təqsirləndirilən şəxs özünə gəldikdən sonra yaxşı olduğunu, evə gedəcəyini demişdir. O, TTTYS-nin 5 saylı bölməsində işləmiş, kömək üçün 9 saylı bölməyə getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək daşıması və saxlaması, barədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2024-cü il tarixdə saat 18:00-dan şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi RPİ-nin 5-ci PByə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd büküm aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3925 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN Zərflər üçün №°174” dairəvi möhür əksləri olan, “1. “imza” Şahid2; “imza” 2. Əliyev “imza”: 3. “imza”; 4.Soltanov “imza”, 5. “imza" V.Mirzəyev” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,460 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,460 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,410 qram. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və saxlanıldığı Binəqədi RPİ-nin MSYdən azad edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, hökmü ilə CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə təqsirli bilinərək, 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudulaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, qərarı ilə “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən təyin edilmiş cəzasının çəkilməmiş hissəsi 01 il müddətinə azaldılmış, xx.xx.2021-ci il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, istintaq zamanı Binəqədi RPİ-nin 5-ci polis bölməsinin inzibati binasında, iş otağında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı, təhqiqatçının təklifi ilə əynindəki göy rəngli cins şalvarının sol yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümü çıxararaq təqdim etmiş, bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu və həmin metamfetamini Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. xx.xx.2024-cü il tarixli, 5308 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilir. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş çəkisi 0,460 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,410 qram çəkidə psixotrop maddə metamfetamin saxlanması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmənin görüntülərini özündə əks etdirən bir ədəd disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarında saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-162/2025 nömrəli qərarından görünür ki, cinayət işi üzrə yaranmış zərurətlə əlaqədar olaraq xx.xx.2024-cü il tarixə saat 00:01-dən 23:59-a qədər olan müddət ərzində Şahid1 istifadəsində olan ***-***-**-** və Şahid2 istifadəsində olan ***-***-**-** saylı nömrəyə dair anten məlumatlarının ələ keçirilməsi qərara alınmışdır. "xxxx" MMC-tərəfindən məhkəməyə təqdim edilmiş diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskin içərisində 371 nömrəli qovluqda “503035555-anten” və “552780090-anten” adlı iki faylı vardır. “503035555-anten” adlı faylı açdıqda həmin faylda Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci polis bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 istifadəsində olan mobil telefon nömrəsinə dair anten məlumatlarının əks olunduğu müəyyən edilmişdir. Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi xx.xx.2024-cü il tarixdə saat 01:21-dən 19:02-dək Abşeron rayonu, Hökməli qəsəbəsinin anten dairəsində olmuşdur. “552780090-anten” adlı faylı açdıqda həmin faylda Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci polis bölməsinin polis sahə inspektoru, polis kapitanı Şahid1 istifadəsində olan mobil telefon nömrəsinə dair məlumatların əks olunduğu müəyyən edilmişdir. Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi xx.xx.2024-cü il tarixdə saat 18:02-dan 19:35-dək Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçivani, S.SAxundov, Cəfər Xəndan küçələrinin anten dairəsində olmuşdur. 08/23 nömrəli sertifikatdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsində X3 iştirakçısı kimi qeydiyyatdadır. Respublika Təcili və X2 X13 şəxsin xx.xx.2025-cil tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:42-də “Respublika Təcili və X2 Mərkəzi” publik hüquqi şəxsin Mərkəzi Çağrı Xidmətinə “103” ünvan 5 ünvanından, 45 yaşlı naməlum kişinin adına “halı pis” səbəbi ilə daxil olan çağırışı 9 saylı bölmənin təcili yardım həkimi Xəlil İsmayılov və tibb qardaşı İbadət Mirzəyev icra etmişlər. Həkim xəstə Təqsirləndirilən şəxs müayinə edərək “Arterial hipertenziya” diaqnozu qoymuş və ilkin tibbi yardım göstərmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı cinayət işi üzrə təqdim edilən şahidlər dindirilməklə və cinayət işinin materiallarında olan sənədlər tədqiq edilməklə müvafiq məhkəmə istintaqı aparılmışdır. Təsvir olunanlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ittiham olunduğu cinayət əməli üzrə özünü təqsirli bilməmiş və üzərindən heç bir psixotrop maddə çıxmadığını, eləcə də, ünvan 2 ünvanının qarşısında deyil, yaşadığı ünvan 6 qarşısında saxlanıldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları ittihamı təsdiq edən ifadələr vermişlər. Məlumdur ki, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs Binəqədi RPİ-in 5-ci polis bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş sənədlərlə təqsirli bilinməsində, müdafiə tərəfi isə həmin sənədləri və ifadələri mübahisələndirərək təqsirləndirilən şəxsin məsuliyyətdən yayındırmaqda maraqlı olduqları üçün, hər iki tərəfin və onların təqdim etdikləri şahidlərin ifadələri digər yazılı sübutlarla, yəni ibtidai araşdırma zamanı aparılmış prosessual hərəkətlərin təsbit olunduğu və ittihamı sübut edən sübut növləri kimi ittiham tərəfindən məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli şəkildə yoxlanılmalı və qiymətləndirilməlidir. Buna görə də, aşağıda sadalanan həmin sübut növləri müvafiq qaydada məhkəmə istintaqı zamanı araşdırılmış və tədqiq edilmişdir: İş materiallarında olan Binəqədi RPİ-nin 5-ci polis bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, xx.xx.1977-ci ildə Baki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Binəqədi rayonu Ə.ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edərək istifadə etməsində şübhəli bilindiyi üçün, 31 iyul 2024-cü il tarixdə, saat 18:00 dəqiqədə ünvan 8 ünvanın qarşısında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Binəqədi RPİ-nin 5-ci PB-nin inzibati binasına gətirilmişdir. İş materiallarında olan Binəqədi RPİ-in 5-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd 20 qəpik dəmir sikkə və sol yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümdə psixotrop maddə hesab olunan metamfetaminə bənzər kütləni, təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, kütlənin çəkisi 0,49 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 174 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu və həmin psixotrop maddə hesab olunan metamfetamini xx.xx.2024-cü il tarixdə saatlarında Nəsimi rayonu “Kubinka” adlanan yerdə tanımadığı şəxsdən 10 manata alaraq üzərində saxladığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə xx.xx.2024-cü il tarixdə saat 19:15-dən 19:35-dək keçirilmiş və videoçəkiliş ilə qeydə alınmışdır. Lakin, məhkəmədə Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə 1 saylı şəhər klinik xəstəxanasına getmiş, günorta saat 14 radələrində qayıtmış, həmin vaxt tək olmuşdur. O, yaşadığı evə çatdıqda həkimin verdiyi dərmana görə halı pisləşmişdir. Birinci mərtəbədə yaşayan şəxs təcili tibbi yardımı çağırmışdır. Təcili tibbi yardımın həkimləri gəlib ona tibbi yardım göstərmişdir. O, özünə gəldikdən sonra Elvin adlı polis əməkdaşı onu bölməyə aparmışdır. Polis bölməsində o, su istəmiş, onu otaqlardan birinə salmışlar. Ona sənədlər vermiş və imzalamasını demişlər. Onu polis bölməsində heç kim döyməmişdir. O, döyülməkdən qorxduğu üçün polis əməkdaşlarının dediklərini etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı binanın qarşısında halının pisləşməsi və onun üçün təcili tibbi yardım çağırılması ilə bağlı ifadəsində qeyd etdiklərini X8, X5 və X10 da təsdiq etmişlər. Belə ki, məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş şahid X8 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tutulmağını görməmişdir. O, 31 avqust 2024-cü il tarixdə saat 14-15 radələrində təcili tibbi yardımın gəldiyini görmüşdür. O, dükandan çıxıb evə gedərkən Rüfətin halının pisləşdiyini görmüş, səkidə oturduğunu, yanında bir nəfər qadın olduğunu görmüşdür. Bundan əlavə məhkəmə tərəfindən Respublika Təcili və X2 X13 şəxsinə sorğu verilmiş və alınmış cavabla müəyyən edilmişdir ki, 07.2024-cü il tarixdə saat 15:42-də “Respublika Təcili və X2 Mərkəzi” publik hüquqi şəxsin Mərkəzi Çağrı Xidmətinə “103” ünvan 5 ünvanından, 45 yaşlı naməlum kişinin adına “halı pis” səbəbi ilə daxil olan çağırışı 9 saylı bölmənin təcili yardım həkimi Xəlil İsmayılov və tibb qardaşı İbadət Mirzəyev icra etmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, təcili tibbi yardım stansiyasında həkim işləyir. ünvan 4 ünvanından Təcili və X2 Mərkəzinin “103” Mərkəzi Çağrı Xidmətinə bir nəfər şəxsin halının pisləşməsi ilə bağlı çağırış daxil olmuşdur. Qeyd edilən ünvana getdikdə orada mülki geyimli və polis formasında olan polis əməkdaşlarının olduğunu görmüşdür. Təqsirləndirilən şəxs blokun girəcəyində, liftin yanında çöküb oturmuş, yuxulu vəziyyətdə olmuşdur. Onlar şəxsə yaxınlaşıb ayıltmış, adını soruşmuşlar. Təqsirləndirilən şəxsdən narkotik maddələrdən istifadə edibetməməsini soruşduqda sonuncu təsdiqləmişdir. O, Təqsirləndirilən şəxs nə qəbul etdiyini soruşmuş, sonuncu metadon qəbul etdiyini, başı gicəlləndiyi üçün halsızlıqdan yıxıldığını demişdir. Təqsirləndirilən şəxs zədə əlaməti olmamış, çökmüşdür. Təqsirləndirilən şəxs təzyiqini ölçmüş, təzyiq aşağı olmuş, tibbi yardım göstərmişlər. Təqsirləndirilən şəxs onlara yaşadığı mənzilin nömrəsini, telefon nömrəsini demişdir. Onlar Təqsirləndirilən şəxs yaşadığı mənzilə getməkdə kömək göstərməyi təklif etmiş, sonuncu ehtiyac olmadığını demişdir. Çağırış yerinə çatdıqda polislər orada olmuş, Təqsirləndirilən şəxs polislər onlara göstərmişdir. Onlar çağırış olan ünvanda təxminən yarım saat qalmış, sonra Təqsirləndirilən şəxs özü ayağa qalxmış, polislər də onlara təşəkkür etmişlər. Təqsirləndirilən şəxs da blokdan yuxarı qalxmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X4 məhkəmə baxışı zamanı dindirilmiş digər şahid X12 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 5-ci PBnin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 31 iyul 2024-cü il tarixdə, saat 18:00-da ünvan 9 ünvanın qarşısında saxlanılaraq Binəqədi RPİnin 5-ci PB-nin inzibati binasına gətirildiyi qeyd edilmişdir. Lakin Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən xx.xx.2024-cü il tarixdə yaşadığı evin qarşısından polis əməkdaşı tərəfindən polis bölməsinə aparıldığını bildirmişdir. Həmçinin məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tibbi yardım üçün sonuncunun yaşadığı ünvana təcili tibbi yardım gedərkən artıq sonuncunun yanında polis əməkdaşları olmuşdur Həmçinin, iş materiallarına əlavə edilmiş “google map” elektron resursundan əldə edilmiş çıxarışdan görünür ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs saxlanıldığı yer kimi qeyd edilmiş Binəqədi rayonu S.S.Axundov küçəsi ev 3 ünvanı ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçivani küçəsi, ev 38 ünvanı tamamilə ayrı-ayrı istiqamətlərdə yerləşirlər. Müdafiə tərəfinin vəsatəti əsasında ələ keçirilmiş telefon məlumatlarının təhlilindən görünür ki, cinayət işinin materiallarına əsasən xx.xx.2024-cü il tarixdə saat 18:00-da Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilməsində iştirak etmiş Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci polis bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi xx.xx.2024-cü il tarixdə saat 01:21-dən 19:02-dək Abşeron rayonu, Hökməli qəsəbəsinin anten dairəsində olmuşdur Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 əlavə ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayır. ***-***-**-** saylı mobil telefon nömrəsi onun istifadəsində olsa da, telefonunda zədə olduğuna görə ustaya aparması üçün qardaşına vermişdir. Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərində başqa telefon olmamışdır. Telefonu ustada çox qalmamış, axşam yaşadığı evə getdikdən sonra telefonunu götürmüşdür. Polis əməkdaşı Şahid2 məhkəməyə verdiyi əlavə ifadəsində təqsirləndirilən şəxs saxlanılarkən üzərində ***-***-**-** saylı mobil telefon nömrəsinin olmadığını bildirsə də, qeyd edilən nömrə ilə bağlı əldə edilmiş anten məlumatlarının təhlili nəticəsində müəyyən edilmişdir ki, həmin mobil telefon nömrəsi xx.xx.2024-cü il tarixdə saat 01:21-dən 19:02dək Abşeron rayonu, Hökməli qəsəbəsinin anten dairəsində olmuş, 19:05-dən isə Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin inzibati binasının yerləşdiyi əhatə dairəsində olmuşdur. Göründüyü kimi, verilmiş ittihamda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq polis bölməsinə gətirildiyi göstərilsə də, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə günorta saatlarında yaşadığı ünvan 6 qarşısına gəldikdən sonra halı pisləşdiyi üçün həmin ünvana təcili tibbi yardım çağırılmış, Təqsirləndirilən şəxs tibbi yardım göstərildikdən sonra həmin ünvandan Binəqədi RPİ-nin 5-ci polis bölməsinə aparılmış, bir neçə saat sonra polis bölməsində şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış keçirilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunanlar ittihamın əsasını təşkil edən xx.xx.2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” protokolun, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun və ona əlavə edilmiş videoçəkilişin (istintaq hərəkətinin) mötəbərliyini şübhə altına alır və həmin sübut Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə ittiham tərəfinin sübutları ziddiyyətli olmaqla və qanunvericiliyin tələbləri pozulmaqla əldə edilmiş olduğundan, həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən - insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (maddə 125.2.1); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə (maddə 125.2.3); cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə (maddə 125.2.6) və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (maddə 125.2.7) - əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.5-ci maddəsinə əsasən, cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, təmiz çəkisi 0,460 qram olan psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi ilə bağlı Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışla əlaqədar 5-ci PB-in təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol mötəbər sübut kimi qəbul edilə bilmədiyindən, eləcə də cinayət işinin materialları və məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs saxlanılması və hazırkı cinayətin predmeti olan psixotrop maddənin aşkar edilməsi ilə bağlı tərtib edilmiş digər sənədlər də mahiyyət etibarilə bir-birinə zidd olmaqla, onun ittiham edildiyi cinayət əməlini törətməsini təsdiq etmir və həmin ittiham üzrə onun təqsirli olduğuna əsaslı şübhələr yaradır. Eləcə də, yuxarıda təsvir və tədqiq edilən şahid ifadələri və istintaq sənədləri ilə təqsirləndirilən şəxsə elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin aşkar edilməsi faktının gedişatının dəqiq, obyektiv və tam müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibı üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində (10-cu maddəsində) göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, ittiham tərəfi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmü - Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (349.5.1-ci maddə), bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2-ci maddə) və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3cü maddə) - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də, Təqsirləndirilən şəxs cinayət işi üzrə maddi sübut kimi tanınmış, təmiz çəkisi 0,460 qram olan psixotrop maddə metamfetaminin qanunsuz əldə edilməsinə və saxlanılmasına aidiyyəti və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi məhkəmədə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dərhal ləğv edilməlidir. Bəraət aldığına görə məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutulmamalıdır. İş materiallarından görünür ki, ekspertiza tədqiqatında tədqiq edilmiş təmiz çəkisi 0,460 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,410 qram hissəsi Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılır. Həmin maddi sübutun bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və psixotrop maddə metemfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hazırkı hökm qanuni qüvvəyə mindikdən sonra həmin fakt üzrə müvafiq araşdırmanın aparılması və cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli və buna görə də, maddi sübut kimi saxlanılan, çəkisi 0,410 qram olan psixotrop maddə metamfetamin həmin fakta görə aparılacaq araşdırma ilə əlaqədar Binəqədi rayon Polis İdarəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 50 (əlli) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham üzrə Təqsirləndirilən şəxs bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmasın. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən təmiz çəkisi 0,460 qram olan psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin və iş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,410 qram olan psixotrop maddə metamfetamin həmin fakta görə aparılacaq araşdırma ilə əlaqədar Binəqədi rayon Polis İdarəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhər Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar