Məhkəmə qərarları › İş №1(001)-163/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-163/2024

09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-163/2024 09.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də ekspeditor işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi X7 məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Kia Pride» markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsi ilə «Karl Marks dairəsi» adlanan yer istiqamətində yolun sağdan birinci hərəkət zolağı ilə 50-60 km/saat sürətlə hərəkətdə olarkən, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna riayət etməyəyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, həmin yolun hərəkət hissəsinin sağ tərəfində dayanmış avtomobildən düşərək yolu sola doğru keçən piyada xx.xx.1970-ci il təvəllüdlü X3 vuraraq, ehtiyyatsızlıqdan baş beyin yumşaq qişası altına beyin yarımkürəsinin sol alın-təpə-ənsə və gicgah payları üzərində geniş ölçülü və beyin toxumasına nöqtəvari qansızmalarla, təpə nahiyəsinin mərkəzinin əzilmiş, alın-təpə nahiyəsinin mərkəzinə yaxın sol yarısının dilimvari əzilmiş-didilmiş yaraları, başın yumşaq toxumalarının iç səthində geniş ölçülü qansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travması, bel nahiyəsinin sol yarısının, sol budun orta-aşağı 1/3-nin bayrı səthinin sıyrıqları, bədənin küt travması kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətlərin yetirməsi nəticəsində zərərçəkmiş şəxs Yaşar Ağayarovun hadisə yerində ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə xx.xx.2023-cü il tarixdə gecə saat 23 radələrində olmuşdur. Sürəti təxminən 50 olmuş və yolda heç bir maneə olmamış, yəni qarşıdan avtomobil gəlməmiş, boş yol idi getmişdir. Piyadanı uzaqdan avtomobilin yanında dayandığını görmüşdür. Piyada yolun sağ hərəkət hissəsində, avtomobilinin isə sol qapı tərəfində dayanmışdır. Məsafə az qalmış piyada sağdan sola doğru iti sürətlə yeriyib yolu keçmək istəmişdir. Hadisə 1 saniyədə olmuş,o, əyləci sıxıb sağa doğru manevr etdikdə avtomobilinin sağ küncü onun avtomobilinin sürücü tərəfinə dəymiş, avtomobilinin sol tərəfi isə piyadaya dəymişdir. Hadisə eyni anda baş verişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə «Karl Marks» deyilən dairə istiqamətində hərəkətdə olduğu zaman baş vermişdir. Avtomobilinin sürücü tərəfinə dəymişdir. Həmin şəxsin dayandığını uzaqdan görmüdşür. Üzbəüz gedişgəlişli yol olmuş, yerdəki xətt görünməmişdir. Uzaqdan gördüyü hissədən piyadaya kimi avtomobili saxlaya bilərdi. Hadisə yeri ilə bağlı olan video-görüntünü görmüşdür. Həmin görüntünü müstəntiq mobil telefonda ona göstərmişdir. Dayısı həmin görüntüyə baxmışdır. Məhkəmədən, qeyd edilən halların nəzərə alınaraq CM-in 263.2-ci maddəsi ilə ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində göstərmişdir ki, evdə olmuş və dostu Şahid gəlib atasının evdə olub-olmadığını soruşduqda, o da atasının evdə olmadığını demişdir. Dostu ona atasını avtomobilin vurduğunu bildirmişdir. Əvvəl elə bilmişdir ki, atası kimi isə avtomobillə vurmuş, çünki onun da avtomobili olmuşdur. Getdikdə görmüşdür ki, orada adam toplaşıb, yerdə uzanan isə atası olmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisənin baş verməsini ona dostu Şahid demişdir. Hadisə evlərinə yaxın ərazidə baş vermişdir. O, heç kim ilə barışmamış, lakin ailəsini bilmir. Danışıq olmuş, ailəsi barışıqla bağlı qərara gəlmişdir. Daxilən barışa bilmir, çünki onlara xəbər gəlmişdir ki, o avtomobil sürür və onun sürücülük vəsiqəsi əlindən alınmır. Hadisənin videogörüntüsünə baxmamış, əmisi və bibioğlu baxmışdır. Görüntüdə yolu keçəndə atasını avtomobilin vurması və onun yerə yıxılması görünmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, hadisə baş verən gün Azpetrolun qarşısından evə qayıdırdı. Yolun tam yarısında insanların yığışdığını görmüşdür. Elə bilmişdir ki, sadəcə bir qəzadır və insanlar buna durmuşdur. Yaxınlaşdığı zaman Əlinin atasını görmüdşür. İlk görüşdə tanıya bilməmiş, çünki üzündə qan olmuşdur. Ondan sonra onu Əlinin atasına bənzətmiş və ətrafdakı insanlardan onun Əlinin atasının olub-olmamasını soruşdur. Onlar da bilmədiklərini amma ona bənzədiyini bildirmişlər. O da ondan sonra gedib Əlidən atasının evdə olub-olmamasını soruşmuş və Əli də atasının evde olmadığını nə olduğunu soruşmuşdur. O da marketin qarşısında qəza olduğunu və deyəsən ordakının atası olduğunu demişdir. Məhkəmə baxışı zamanı müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 vəsatəti əsasında dindirilmiş X10 ifadəsində göstərmişdir ki, oktyabr ayının ortalarında müstəntiq Emin Musayev tərəfindən polis idarəsinə dəvət olunmuşdur. Kənanın işi ilə əlaqədar video görüntünü təqdim edilmişdir. Video görüntüdə «Kia Pride» markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı minik avtomobil olmuşdur. Video görüntünü görmüş, orada avtomobili sağa çəkdiyini, əyləcin işıqlarının yandığını görmüşdür. Müstəntiq Kənanın texniki imkanlarının olmadığını bildirmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobili bacısı oğlunun olmuşdur. Video görüntüdə piyadanı tam olaraq görməsə də, əyləcin işıqlarının yanması görünmüşdür. Hadisənin videogörüntüsü olmuş, lakin onu istəsə də, verə bilmədiklərini bildirmişlər. Təxminən 5-10 gün sonra videogörüntü ona göstərilmişdir. Məhkəmə baxışı zamanı müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 vəsatəti əsasında dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi, polis mayoru X8 ifadəsində göstərmişdir ki, ölüm işi ilə nəticələnən yol-nəqliyyat hadisəsi yerinə o çıxmışdır. Hadisə yerinin fotoşəkilləri çəkilmiş və hadisə yerinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs içkili olub-olmaması ilə bağlı müayinəyə göndərilmişdir. İş üzrə istintaq hərəkətləri keçirilmiş, daha sonra ittiham aktı tərtib olunaraq cinayət işi məhkəməyə göndərilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Yaşar Ağayarov yolun ortasında avtomobillə vurulmuşdur. Yəqin ki, hadisə baş verən yolun enini səkidən hesablamaqla 4 metr olaraq götürmüşdür. Onu tərəfindən səhvə yol verilməmişdir. Sxemdə 3 metr göstərilmişdir. Yəni sxemdə daha ətraflı olaraq, 2 metr kimi avtomobil göstərimişdir. Yol nəqliyyat hadisə yerinə baxış keçirilməsi protokoluna əlavə olunmuş sxemdə artıq 2 metr kimi hesablanmış, oradan ora qət ediyi yol kimi 3 metr hesablanmışdır. Piyadanın vurulduğu yer yolun qırağından 4 metrədədir sözü ola bilsin ki, burada səhv yazılmışdır. Digər tərəfdə səhv yazılmamış, piyadanın avtomobildən düşüb keçdiyi görürnürsə, onu 3 metr olaraq hesablamışlar. Yəqin əyləc izinə görə demişlər ki bu məsafədə vurulmuşdur. Piyadanın yeriyişi iti yeriş olmuş, o, qaçmadır, onlar xüsusi fərqlənəndirilən əlamətlərdir. Əgər həmin vaxt o olmuş olsaydı, təqsirləndirilən öz ifadəsində göstərəcəkdi və bunu qeyd edəcəkdilər və ekspertiza təyin edərərkən bunu yazacaqdılar. Ona görə, onu adi yeriyiş kimi qəbul etmişlər. Bu səbəbdən o, qərara gəlmişdir ki, adi yeriyişdir. Ekspertizada da elə təyin etmişdir, çünki orada xüsusi əlamətlər olmamışdır. Sual vermişlər ki, “Siz piyadanı avtomobillə vuran zaman o hərəkət edirdi mi?”, o da deyir ki, “xeyr, dayanmış vəziyyətdə idi”. Yolun ortasında sürücü piyadanı görür, sükanı sola burur, vurandan sonra sağa çəkir, ondan sonra avtomobili vurur. Avtomobilin ön hissəsiylə vurmamış, dirək hissəsi ilə vurmuşdur. Sürücü avtomobili sola burub piyadanın üzərinə tərəf, avtomobil sürətli olduğundan onun hərəkəti daha tez olmuşdur. Hadisə yerinə baxış dərhal keçirilmişdir. Baxış keçirilən zaman avtomobil orada olmamışıdır. Həmin avtomobilin vurulması ilə bağlı iş materiallarında məlumat olmamışdır. Hüquqi vars belə bir ifadə verməmişdir. Hadisələr çox olur, yəni videogörüntüləri göstərmiş ola bilər, amma dayısına göstərdiyini xatırlamır. Əgər dayısına göstərmişəmsə, elə hüquqi varisin özünə göstərmiş olardı, nəinki əmisinə və ya başqasına. Yəni o, hadisə ilə bağlı həqiqəti deyir ki, əlində video görüntü yoxdur. Əgər olsaydı, təqdim edərdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi «Kia Pride» markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yolu keçən piyada xx.xx.1970-ci il təvəllüdlü X3 ehtiyatsızlıqdan vurması, nəticədə sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan, həmçinin ona əlavə edilmiş sxem və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş və baxış zamanı hadisənin baş verdiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsində olan yolun asfalt örtüyünün olması, örtüyün quru olması, yol örtüyü eninin 10 metr olması, 2 hərəkət zolağının olması, yoln hərəkət hissəsinin eninin 5 metr olması, hərəkət hissəsində qarşıqarşıya nəqliyyat axınının ayrılaraq uzununa nişanlanma xəttinin olması, yolda piyada keçidinin olmaması, sağ və solda səkilərin olması, S.Bəhlulzadə küçəsi, yolun “Karl Marks” adlanan istiqamətində sağdan sola yolun sağ kənarından 4 metr məsafədə piyadanın vurulması yerinin olması, «Kia Pride» markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sağ kənarında dayanan avtomobilin qabaq sağ tərəfini vurması, yolda şin, tormozlama və digər izlərin olmaması, eləcə də nəliyyat vasitəsinin sınmış və itmiş hissələrinin mövcud olmaması, «Kia Pride» markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsi ilə “Karl Marks” adlanan dairə istiqamətində hərəkətdə olarkən həmin yolu sağdan sola keçən piyadanın avtomobilin sol qapısının dirəyi ilə vurulması müəyyən edilmişdir. Səroşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2023-cü il tarixli, 2/36640 nömrəli tibbi müayinə protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş tibbi müayinə zamanı Təqsirləndirilən şəxs ayıq olmuşdur. Azərbaycan Respublikası DİN BDYPİ-nin Qİİ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AD 097348 nömrəli sürücülük vəsiqəsindən görünür ki, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və həmin sürücülük vəsiqəsi xx.xx.2028-ci il tarixədək etibarlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/3047 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən verilən olunmuş məlumatlara əsasən «Kia PRide» markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 205 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində xəsarətlər – baş beyin yumşaq qişası altına beyin yarımkürəsinin sol alın-təpə-ənsə və gicgah payları üzərində geniş ölçülü və beyin toxumasına nöqtəvari qansızmalarla, təpə nahiyəsinin mərkəzinin əzilmiş, alın-təpə nahiyəsinin mərkəzinə yaxın sol yarısının dilimvari əzilmiş-didilmiş yaraları, başın yumşaq toxumalarının iç səthində geniş ölçülü qansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travması, bel nahiyəsinin sol yarısının, sol budun orta-aşağı 1/3-nin bayrı səthinin sıyrıqları, bədənin küt travması, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, göstərilən müdətdə və şəraitdə, yəni 02 iyun 2023-cü il tarixli avtomobil travması, o cümlədən piyadanın hərəkətdə olan avtomobilin qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan Ağır zərərvurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb baş beyin yumşaq qişası altına və beyin toxumasına geniş qansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travması olmuşdur. Mərhum Y.İ.Ağayarovun meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Təsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmiş və ona qarşıheç bir iddiası, şikayəti, tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi Emin Vəliyev tərəfindən xx.xx.2023-cü il tarixli məktubla Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini Ceyhun Qurbanova ünvanlanmış sorğudan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsində quraşdırılmış müşahidə kameraları tərəfindən lentə alınmış videogörüntülərin götürülüb diskə köçürülərək təqdim edilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini Ceyhun Qurbanovun xx.xx.2023-cü il tarixli Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi Emin Vəliyev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsində quraşdırılmış müşahidə kameraları tərəfindən xx.xx.2023-cü il tarixdə qeydə alınmış videogörüntülər 01 ay müddət keçdiyindən Təhlükəsiz Şəhər Xidmətinin sistemindən silinmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək etibarlı olan) AD 097348 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan və qəbzdən görünür ki, «Kia Pride» markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və məhkəmə hökmünədək saxlanılması üçün Təqsirləndirilən şəxs qaytarılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/974 nömrəli rəyindən görünür ki, rəyin tədiqi hissəsndə göstərilənlərə əsasən müdafiə tərəfinin göstərdiyi məlumatlar real hadisə mexanizminə uyğun olmadığından həmi məlumatlar üzrə «Kia Pride» markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını alınması ilə əlaqədar olan hərəkətlərini tədqiq etmək mümkün olmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyekti yol hərəkəti və nəqliyyat vasitəsinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Şərh olunan cinayətin əlavə obyektini insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərmişdir ki, CPM-in 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bundan başqa həmin qərarda göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına” dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Həmçinin həmin qərarda göstərilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin Qərarın 18-ci bəndində göstərilmişdir ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun, və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilimişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının rəyi əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Məhkəmələrə tövsiyə edilsin ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyrimötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. Bu zaman ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertlər qarşısında nəqliyyat vasitəsini idarə etmiş şəxslə yanaşı yol hərəkətinin digər iştirakçılarının da yol hərəkəti qaydalarını pozub-pozmaması və belə pozuntularla baş vermiş nəticələr arasında səbəbli əlaqənin olub-olmaması haqqında sualların qoyulması məhkəmələrə tövsiyə edilir. CPM-in 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Qərarın 20-ci bəndində qeyd edilimişdir ki, CM-in 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndilrməsindən sonra verilə bilər. İbtidai istintaq orqanı tərəfindən sürücü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi X7 məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Kia Pride» markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsi ilə «Karl Marks dairəsi» adlanan yer istiqamətində yolun sağdan birinci hərəkət zolağı ilə 50-60 km/saat sürətlə hərəkətdə olarkən, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna riayət etməyəyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, həmin yolun hərəkət hissəsinin sağ tərəfində dayanmış avtomobildən düşərək yolu sola doğru keçən piyada xx.xx.1970-ci il təvəllüdlü X3 vuraraq, ehtiyyatsızlıqdan zərərçəkmiş şəxs Yaşar Ağayarovun hadisə yerində ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozması göstərilmişdir. Həmin ittihama görə isə ibtidai istintaq zamanı müstəntiq tərəfindən piyada mərhum zərərçəkmiş şəxsin həmin ərazidə yolun hərəkət hissəsinin sağ tərəfində dayanmış avtomobildən düşərək yolu sola doğru keçən zaman piyadanın yolun sağ kənarından 4 metr məsafədə vurulması və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 8/3047 nömrəli rəyi əsas götürülmüşdür. Halbuki, məhkəmə araşdırması zamanı toplanmış sübutlardan müəyyən olunmuşdur ki, piyada mərhum zərərçəkmiş şəxs X2 həmin ərazidə yolun hərəkət hissəsinin sağ tərəfində dayanmış avtomobildən düşərək yolu sola doğru keçən zaman piyadanın yolun sağ kənarından 4 metr məsafədə vurulması az inandırıcıdır. Çünki tərtib edilmiş yol-nəqliyyat hadisəsi yerinə baxış protokolunda, sxemdə və iş materiallarında, eləcə də əlavə şahid qismində dindirilmiş müstəntiqin ifadəsində zərərçəkmiş şəxs X2 həmin ərazidə yolun hərəkət hissəsinin sağ tərəfində dayanmış avtomobildən düşərək yolu sola doğru keçmək istəməsi göstərilsə də, piydanın vurulma məsafəsi yolun kənarında dayanan avtomobildən deyil, yolun kənarından hesablanmaqla 4 metr olması göstərilmişdir. Qeyd edilməlidir ki, piyada vurulduğu nöqtəyə qədər müstəntiqin qərarında göstərdiyi kimi 3 metr məsafəni heç cür qət edə bilməzdi. Ona görə ki, əgər mərhum piyada Sedan tipli avtomobildən düşərək yolu keçməyə çalışmışdırsa, qət edilmiş ümumi 4 metr məsafədən həmin piyadanın düşdüyü Sedan tipli avtomobilin en ölçüsü çıxılmalıdır. Nəzərə alsaq ki, orta ölçülü Sedan tipli avtomobili en ölçüsü 1,6 metrdən az deyildir, onda belə çıxır ki, mərhum piyadanın avtomaşınından düşdüyü andan vurulduğu nöqtəyə qədər qət edə biləcəyi maksimum məsafə 2,4 metrdən artıq ola bilməz. Bu isə müstəntiqin hadisə mexanizminin vacib parametri kimi piyadanın 3 metr məsafə qət etməsi barədə qərarında göstərdiyi məsafə parametrindən kifayət qədər fərqli bir parametrdir. Bununla yanaşı qeyd edilməlidir ki, müstəntiq ekspertiza şərti kimi piyadanın yolu adi yerişlə keçməsini göstərmişdir. Müstəntiq bu məlumatı cinayət işinin materiallarındakı hansı sənəddən, mənbədən götürmüşdür. Axı, cinayət işinin materiallarında ümumiyyətlə piyadanın avtomaşınla vurulmazdan əvvəl hansı hərəkət tempinə uyğun sürətlə yolu keçməsi barədə heç bir məlumat yoxdur. Məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxs isə göstərdi ki, piyada yolu çox iti yerişlə sağdan sola keçməyə cəhd etmiş və bu zaman onun avtomaşını ilə vurulana qədər təxminən bir avtomaşın eninə bərabər məsafə qət edə bilmişdir. Belə ki, piyadanın avtomaşından düşdükdən sonra sağdan sola doğru iti sürətli yerişlə hərəkətə başladığını gördüyü anda o piyadanı vurmaqdan yayınmaq məqsədi ilə ayağını əyləcin pedalına ataraq sərt tormozlama aparmaqla, eyni zamanda sükanı sağa burmuşdur ki, piyadanın vurulmasının qarşısını ala bilsin. Lakin buna baxmayaraq idarə etdiyi avtomaşının qarşı sağ tini piyadanın düşdüyü avtomaşının yan səthinə dəydiyi anda, avtomaşının qarşı sol tini ilə piyadanı vurmuşdur. Bu isə o deməkdir ki, piyada öz avtomşından düşdükdən sonra maksimum təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilin en ölçüsünə bərabər məsafə qət edə bilmişdir. Bununla yanaşı, əlavə şahid qismində dindirilmiş müstəntiqin məhkəmə iclasında “yəqin əyləc izinə görə demişik piyada burada vurulduğunu” göstərməsidə hadisə yerinə baxış keçirilməsi haqqında protokolla təkzib olunur, çünki qeyd olunan protokolda şin, tormozlama və digər izlərin hadisə yerində aşkalanmaması müəyyən edilmişdir. Belə olan halda isə iş üzrə hadisənin baş vermə mexanizmi dəyişmiş olur. Qeyd edilməlidir ki, təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən göstərmişdir ki, yol-nəqliyyat hadisəsi piyadanın vurulduğu Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsi ilə «Karl Marks dairəsi» adlanan yer istiqamətindən bir qədər aralıda olan “təhlükəsiz şəhər” kamerasına düşmüş və həmin videogörüntüdə piyadanın onun tərəfindən necə vurulması açıq-aydın görünür. Müstəntiq həmin videogörüntünü ona öz mobil telefonund göstərmiş və bu zaman hətta qeyd etmişdir ki, videogörüntüdən göründüyü kimi, onun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Təqsirləndirilən şəxs həmçinin qeyd etmişdir ki, müstəntiq həmin videogörüntünü hadisədən təxminən 1 həftə sonra onun dayısı X9 da göstərmişdir. Bundan başqa, müdafiəçi tərəfindən verilmiş vəsatət əsasında əlavə şahid qismində dindirilən X10 yalan ifadfə verməyə görə məhkəmə tərəfindən cinayət məsuliyyəti barədə xəbərdar edildikdən sonra, məhkəməyə ifadə verərək göstərdi ki, həqiqətən də hadisədən təxminən 7-10 gün sonra müstəntiq onu polis idarəsinə dəvət etmiş və orada bacısı oğlu Təqsirləndirilən şəxs törətdiyi hadisənin videogörüntüsünü ona nümayiş etdirmişdir. O özü həmin videogörüntünü görmüşdür. Yəni, Təqsirləndirilən şəxs piyadanın vurmasının videogörüntüsü mövcud olmuş və o da həmin videogörüntünü görmüşdür. Digər tərəfdən ölmüş zərərçəkənin hüquqi varisi X12 da məhkəmə istintaqı zamanı dindirilərkən müdafiə tərəfinin suallarını cavablandıraraq bildirmişdir ki, atasının təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən vurulmasının videogörüntüsü həqiqətən də mövcud olmuş, belə ki, müstəntiq həmin videogörüntünü əmisi ilə birlikdə müstəntiqin yanına getmiş digər qohumuna nümayiş etdirmişdir. Həmçinin qeyd edilməlidir ki, müstəntiqin səhlənkarlığı səbəbindən 01 ay müddət keçdiyi üçün Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsində quraşdırılmış müşahidə kameraları tərəfindən xx.xx.2023-cü il tarixdə qeydə alınmış videogörüntülər Təhlükəsiz Şəhər Xidmətinin sistemindən silinmişdir. Habelə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs videogörüntünü özünün və dayısı X10 da gördüyünü, zərərçəkmiş şəxsin hüquqi varisi X6 hadisənin videogörüntüsünə baxmadığını, lakin əmisi və bibisi oğlunun hadisənin görüntülərinə baxdığını, eləcə də əlavə şahid qismində dindirilmiş X4 məhkəmə iclasında sözügedən videogörüntüyə baxmasını bildirmələri ilə yanaşı, əlavə şahid qismində məhkəmədə dindirilmiş müstəntiqin məhkəmə iclasında “Ola bilər. Hadisələr çox olur, yəni göstərmişdə ola bilərəm. Amma dayısına göstərdiyimi xatırlamıram. Əgər dayısına göstərmişəmsə, elə hüquqi varisin özünə göstərmiş olardım, nəinki əmisinə və ya başqasına. Yəni o hadisə ilə bağlı həqiqəti deyirəm ki, əlimdə video görüntü yoxdur. Əgər olsaydı, təqdim edərdim.” verdiyi ifadəsi də qeyd olunan görüntünün müstəntiq tərəfindən əldə edilməsini sübuta yetirsə də, görüntülərin iş materiallarına hansı səbəbdən əlavə edilməməsi iş üzrə şübhə yaratmaqla yanaşı, müstəntiq həmin halı görüntülərin əlində olmaması ilə əsaslandırması da öz növbəsində sonuncunun səhlənkarlığından xəbər verir. Qeyd olunanlara əsasən məhkəmədə Təqsirləndirilən şəxs təqsirli olmasına dair əsaslı şübhələr müəyyən edilmişdir. cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən isə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda onun «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla yol nəqliyyat hadisəsini törətməsi göstərilsə də, məhkəmədə müəyyən edilmişdir ki, ibtidai istintaq orqanı tərəfindən bir sıra şübhəli hallara yol verilərək iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilmədən Təqsirləndirilən şəxs CM-in 263.2ci maddəsi ilə ittiham elan edilmişdir. CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. CPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-in 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-in 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, əməldə cinayət tərkibi olmaması əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmamalıdır. CPM-in 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış «Kia Pride» markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmasın. İş üzrə maddi sübut kimi tanınmış «Kia Pride» markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar