Məhkəmə qərarları › İş №1(001)-163/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-163/2025

07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-163/2025 07.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Ermənistan, Masis rayonunda doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 iyul 2024-cü ildə, saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağları massivində yerləşən “Murad” adlı mağazanın yaxınlığında dayanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus “Kia Rio” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qapılarının kilidinin açıq olmasından istifadə edərək avtomobilin arxa qapısını açaraq salonda arxa oturacaqda olan Zərərçəkmiş şəxs1 məxsus dəyəri 20 manat olan qara və şəffaf rəngli, üzərində “Whasbag” yazısı olan əl çantasını və həmin çantanın içərisində olan 1.350 manat nağd pulu, 1 ədəd dəyəri 460 manat olan “YSL Libre” markalı ətiri, 1 ədəd dəyəri 222 manat olan “Guerlain” markalı üz tonal kremi, 1 ədəd dəyəri 35 manat olan “X3” markalı tonal kremi, 1 ədəd dəyəri 55 manat olan “X3” markalı kiprik tuşu, 1 ədəd dəyəri 5 manat olan “Zıp ıt” markalı dodaq boyasını, 1 ədəd dəyəri 160 manat olan “Fitron” markalı qol saatını, 1 cüt dəyəri 85 manat olan ulduz formalı qızılı rəngli sırğanı və Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 Qurban qızına məxsus dəyəri 220 manat olan qəhvəyi rəngli əl çantasını və həmin çantanın içərisində olan 1 ədəd dəyəri 350 manat olan “Samsung Galaxy A20 s” markalı və 1 ədəd dəyəri 300 manat olan “Samsung Galaxy A11” markalı mobil telefonları, 270 manat pulu, həmin dövrün məzənnəsi ilə 66,69 manat təşkil edən 1.300 türk lirəsini, həmin dövrün məzənnəsi ilə 5.185 manat təşkil edən 3.050 ABŞ dolları məbləğində pul vəsaitini və sonuncuya məxsus dəyəri 100 manat olan qara rəngli pul kisəsini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 cəmi 2.392 (iki min üç yüz doxsan iki) manat, Zərərçəkmiş şəxs2 isə cəmi 6.491,69 manat (altı min dörd yüz doxsan bir manat altmış doqquz qəpik) məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmədiyinə və maddi vəziyyəti pis olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. 24 iyul 2024-cü ildə saat 16 radələrində Novxanı bağları massivində yerləşən “Murad” adlı mağazanın yaxınlığında olarkən dayanıqlı vəziyyətdə olan “Kia Rio” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qapılarının kilidinin açıq olmasını və avtomobilin içərisində kimsənin olmadığını görmüşdür. Bir neçə dəqiqə müşahidə apardıqdan sonra ətrafda kimsə olmadığını görüb avtomobilə yaxınlaşmış və tam örtülməmiş arxa sol qapını açıb içərisindən biri qəhvəyi, digəri isə qara, şəffaf rəngli olan iki ədəd əl çantasını götürmüşdür. Cəld formada avtomobilin qapısını bağlayıb oradan uzaqlaşmışdır. Təxminən 20 metr aralıda daş hasarın dibində olan kolluq sahəyə qeyd olunan çantaları atmışdır ki, içərisi görünməyən torbaya yığıb özü ilə kimsə bilmədən apara bilsin. Bu məqsədlə oradan gedib məişət tullantıları olan yerdən qara rəngli bir ədəd sellofan torba tapmış və təxminən 15 dəqiqə sonra çantaları atdığı yerə qayıtmışdır. Həmin çantaları torbaya qoyub özü ilə aparmış, oradan uzaqlaşmışdır. Marşrut avtobusu ilə yaşadığı evə, ünvan 2 ünvana getmişdir. Axşam saatlarında yaşadığı evə çatmış, hər iki çantanı açıb baxmışdır. Qəhvəyi rəngli çantanın içərisində bir ədəd qara rəngli pul kisəsi, iki ədəd “Samsung” markalı mobil telefon, həmin pul kisəsinin içərisində isə 270 manat pul, 1.300 türk lirəsi, 750 ABŞ dolları, bir ədəd şəxsiyyət vəsiqəsi olduğunu görmüşdür. Digər qara və şəffaf rəngli əl çantasında isə bir ədəd qol saatı, bir cüt sırğa və bir neçə kosmetika ləvazimatları olduğunu görmüşdür. Onların heç birini istifadə etmədən evdə saxlamışdır. Bir müddət sonra polis tərəfindən saxlanılmış və yaşadığı evdə saxladığı oğurlanmış əl çantalarını içərisindəkilərlə birlikdə Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsində təqdim etmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 24 iyul 2024-cü ildə qızı Zərərçəkmiş şəxs1 ilə birgə torpaq sahəsinə baxmaq üçün tanışlarının işlədiyi Binəqədi rayonu, Novxanı bağları massivində yerləşən alğı-satqı ofisinə getmişlər. Saat 15 radələrində həmin ərazidə “Murad” adlı mağazanın yanında yerləşən qeyd olunan alğı-satqı ofisinə çatıb Məsnum adlı şəxslə görüşmüşlər. Mənsum onlara bir qədər aralıda yerləşən torpaq sahəsini əyani olaraq göstərməyi təklif etmiş, onlar da qızının idarə etdiyi “Kia Rio” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə getmişlər. Qızı avtomobili qeyd olunan torpaq sahəsinin darvazasının yanında saxlamış, torpaq sahəsinə baxmaq üçün içəri keçmişlər. Mənsum avtomobildə ön oturacaqda, özü isə arxa oturacaqda əyləşmişdir. Özünün və qızının çantası isə yanında arxa oturacağın üzərində olmuşdur. Təxminən 5 dəqiqə sonra qızının qayıtmadığını görüb avtomobilin sol tərəfdə yerləşən qapısını açıb yanına getmişdir. Ancaq qapı açıq vəziyyətdə qalmışdır. Təqribən 10 dəqiqə müddətində qızı ilə torpaq sahəsinə baxmışlar, ancaq qərarlaşdıra bilmədikəri üçün Mənsum adlı şəxsə fikirləşib məlumat verəcəklərini deyib avtomobillərinə tərəf getmişlər. Avtomobillərinə əyləşərək Zabrat qəsəbəsinə getmişlər. Yolboyu çantalarına baxmağa ehtiyac olmamışdır. Zabrat qəsəbəsinə çatandan sonra nə özünə məxsus, nə də qızına məxsus çantanın avtomobildə olmadığını görmüşdür. Qeyd olunan çantaların içərisində olan pul və əşyalarla birlikdə oğurlandığını fikirləşib qızı Zərərçəkmiş şəxs1 DİN-in “102” xidməti-zəng mərkəzi sisteminə məlumat vermişdir. Çantası qəhvəyi rəngli, dəri materiallı əl çantası imiş. Onu təxminən bir il öncə 220 manata almışdır. Oğurlandığını bildirdiyi çantanın içərisində dəyəri 350 manat olan “Samsung Galaxy A20 s” markalı mobil telefon, dəyəri 300 manat olan “Samsung Galaxy A11” markalı mobil telefon, dəyəri 100 manat olan qara rəngli, dəri materiallı bir ədəd pul kisəsi olmuşdur. Pul kisəsinin içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, 270 manat, 1.300 türk lirəsi, 750 ABŞ dolları məbləğində pul əskinasları var imiş. Qızına məxsus çantanın içərisində pul və kosmetika məhsulları olduğunu bilmişdir. Ancaq sonradan qızının dediyindən çantanın içərisində dəqiq olaraq 1.350 manat pul olduğunu öyrənmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 4990 manat məbləğində maddi ziyan dəymişdir. Oğurlanmış əşyalar ona və qızına olduğu kimi qaytarılmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 24 iyul 2024-cü ildə anası Zərərçəkmiş şəxs2 ilə birlikdə torpaq sahəsi satışı ilə məşğul olan biri kimi tanıdıqları Mənsum adlı şəxsin işlədiyi Binəqədi rayonu, Novxanı bağları massivində yerləşən alğı-satqı ofisinə getmişlər. Saat 15 radələrində həmin ərazidə “Murad” adlı mağazanın yanında yerləşən qeyd olunan alğı-satqı ofisinə çatıb Məsnum adlı şəxslə görüşmüşlər. Mənsum onlara bir qədər aralıda yerləşən torpaq sahəsini əyani olaraq göstərməyi təklif etmişdir. Onlar da özünün idarə etdiyi “Kia Rio” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə getmişlər. O, avtomobili qeyd olunan torpaq sahəsinin darvazasının yanında saxlayıb torpaq sahəsinə baxmaq üçün Mənsumla birgə içəri daxil olmuşdur. Anası isə avtomobildə qalmışdır. Özünün və anasının çantası arxa oturacağın üzərində olmuşdur. Təxminən 5 dəqiqə sonra anası da onların yanına gəlmişdir. Təqribən 10 dəqiqə müddətində torpaq sahəsinə baxmışlar, ancaq qərarlaşdıra bilmədikəri üçün Mənsum adlı şəxsə fikirləşib məlumat verəcəklərini deyib avtomobillərinə tərəf getmişlər. Avtomobilə əyləşərək Zabrat qəsəbəsinə getmişlər. Yolboyu çantalarına baxmağa ehtiyac olmamışdır. Zabrat qəsəbəsinə çatandan sonra nə özünə məxsus, nə də anasına məxsus çantanın avtomobildə olmadığını görmüşlər. Qeyd olunan çantaların oğurlandığını fikirləşib DİN-in “102” xidməti-zəng mərkəzi sisteminə məlumat vermişdir. Oğurluq nəticəsində özünə məxsus dəyəri 20 manat olan qara və şəffaf rəngli, üzərində “Whasbag” yazısı olan əl çantası və həmin çantanın içərisində olan 1.350 manat nağd pulu, 1 ədəd dəyəri 460 manat olan “YSL Libre” markalı ətiri, 1 ədəd dəyəri 222 manat olan “Guerlain” markalı üz tonal kremi, 1 ədəd dəyəri 35 manat olan “X3” markalı tonal kremi, 1 ədəd dəyəri 55 manat olan “X3” markalı kiprik tuşu, 1 ədəd dəyəri 5 manat olan “Zıp ıt” markalı dodaq boyasını, 1 ədəd dəyəri 160 manat olan “Fitron” markalı qol saatını, 1 cüt dəyəri 85 manat olan ulduz formalı qızılı rəngli sırğa oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 2392 manat məbləğində maddi ziyan dəymişdir. Oğurlanmış əşyalar ona və anasına olduğu kimi qaytarılmışdır. Şahid qismində dindirilmiş Şahid zərərçəkmiş şəxslərin ifadələrinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə 25 iyul 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Binəqədi RPİ-in İŞ-də Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Könüllü təqdim etmə, baxış keçirmə və götürmə haqqında 25 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2024-cü ildə saat 15 radələrində Bakı şəhər, Binəqədi rayonu, Novxanı bağlar massivində “Murad” mağazasının yaxınlığında “Kia Rio” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladığı 270 manat pulu, 1.300 türk lirəsini, 750 ABŞ dolları pulu, Zərərçəkmiş şəxs2 məxsus şəxsiyyət vəsiqəsini, 01 ədəd “YSL Libre” markalı bir ədəd ətiri, 01 ədəd “Guerlain” markalı üz tonal kremi, 01 ədəd “X3” markalı üz tonal kremi, 01 ədəd “X3” markalı kirpik tuşu, 01 ədəd “Zıp ıt” markalı dodaq boyasını, 01 ədəd “Samsung Galaxy A20 s” markalı, 01 ədəd “Samsung Galaxy A11” markalı mobil telefonu, 01 ədəd üzərində “Whasbag” yazısı olan qara və şəffaf rəngli əl çantasını, 01 ədəd qəhvəyi rəngli əl çantasını və 01 ədəd qara rəngli pul kisəsini, 01 ədəd “Fitron” markalı üzərində qaşlar olan qızılı rəngli metal saatı və üzərində qaşlar olan ulduz formalı qızılı rəngli bir cüt sırğanı təqdim etmiş və həmin əşyalara Binəqədi RPİ-in 43-cü PB-in təhqiqatçısı, polis mayoru Nahid Məmmədov tərəfindən baxış keçirilərək götürülmüş, bununla bağlı xx.xx.2024-cü il tarixli protokol tərtib olunaraq işə əlavə edilmişdir (cild 1, i.v 18-21). Şübhəli şəxsin tutulması haqqında 25 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 59-60). Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsindən həmin məcəllənin 177.2.4-cü maddəsinə tövsif edilmişdir (cild 1, i.v 75). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 82-83). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla üç ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 112-116). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 sentyabr 2024-cü il tarixli 9/6210 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş: -22.22 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 cüt sırğa qiymətsiz metal ərintisindən (mis, sink və s.) hazırlanmışdır. Sırğa cütünün üzərində olan qaşlar qiymətli qaşlara aid deyildir. 247.66 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, siferblatın iç tərəfində rəngsiz, şəffaf qaşlar və “FİTRON” yazısı olan, siferblatının arxa tərəfində “FİTRON STAİNLESS STEEL BACK WATER RESİSTANT JAPAN QUARTZ N 9085 L” yazıları olan, sarı rəngli 1 ədəd qol saatı qiymətsiz metal ərintisindən (dəmir, mis, sink və s.) hazırlanmışdır. Qol saatının üzərində olan qaşlar qiymətli qaşlara aid deyildir. Siferblatının iç tərəfində olan qaşların səthi qapalı olduğundan onların növünü müəyyən etmək (zədələmədən) mümkün olmadı. Ekspertizaya təqdim edilmiş 01 cüt sırğa və 01 ədəd qol saatı kustar üsulla hazırlanmışdır və üzərlərində kifayət qədər xüsusi əlamətlər mövcud olmadığından onların harada və nə zaman istehsal olunduqlarını müəyyən etmək mümkün olmadı. Ekspert tədqiqatına təqdim edilmiş 07 ədəd müxtəlif adda, müxtəlif markalı malların ümumilikdə 2024-cü ilin iyul ayına orta qiyməti təxminən 2193,70 manat müəyyən edilir. Digər təqdim edilmiş 05 adda mallar çox hissəsi istifadədə olduğu üçün qiymətsiz hesab edilir (cild 1, i.v.121-124). Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən “Murad” mağazasının yaxınlığında quraşdırılmış və oğurluq əməlinin törətdildiyi anı özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsin videomüşahidə kamerasının altından keçməsi, yolun kənarında dayanmış “Kia Rio” markalı **-KH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qapısını açması və orada ümumilikdə 02 ədəd çantaları götürərək geri qayıtması müşahidə olunur. Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxsin özü olduğunu və “Kia Rio” markalı **-KH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən oğurluq etdiyini bildirmiş, bununla bağlı protokol tərtib olunmuş və materiala əlavə edilmişdir (cild 1, i.v.160-161). Sübutların qiymətləndirilməsi haqqında 08 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi və könüllü olaraq təqdim etdiyi 270 manat pul, 1.300 türk lirəsi, 750 ABŞ dolları pul, Zərərçəkmiş şəxs2 məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd “YSL Libre” markalı bir ədəd ətir, 01 ədəd “Guerlain” markalı üz tonal kremi, 01 ədəd “X3” markalı üz tonal kremi, 01 ədəd “X3” markalı kirpik tuşu, 01 ədəd “Zıp ıt” markalı dodaq boyası, 01 ədəd “Samsung Galaxy A20 s” markalı, 01 ədəd “Samsung Galaxy A11” markalı mobil telefonu, 01 ədəd üzərində “Whasbag” yazısı olan qara və şəffaf rəngli əl çantası, 01 ədəd qəhvəyi rəngli əl çantası və 01 ədəd qara rəngli pul kisəsi, 01 ədəd “Fitron” markalı üzərində qaşlar olan qızılı rəngli metal saat və üzərində qaşlar olan ulduz formalı qızılı rəngli bir cüt sırğa iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanması üçün qəbzlə sahiblərinə geri qaytarılmış, baş vermiş oğurluq hadisəsini özündə əks etdirən 01 ədəd DVD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, i.v 170-171). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsində cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun həmin hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmişdir (cild 1, i.v.117-120). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə müvafiq olaraq, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda aydın olur ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə yaranmış məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən isə, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və ona, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinun 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 270 manat pulun, 1.300 türk lirəsinin, 750 ABŞ dolları pulun, Zərərçəkmiş şəxs2 məxsus şəxsiyyət vəsiqəsinin, 01 ədəd “YSL Libre” markalı bir ədəd ətirin, 01 ədəd “Guerlain” markalı üz tonal kremin, 01 ədəd “X3” markalı üz tonal kremin, 01 ədəd “X3” markalı kirpik tuşun, 01 ədəd “Zıp ıt” markalı dodaq boyasının, 01 ədəd “Samsung Galaxy A20 s” markalı, 01 ədəd “Samsung Galaxy A11” markalı mobil telefonun, 01 ədəd üzərində “Whasbag” yazısı olan qara və şəffaf rəngli əl çantasının, 01 ədəd qəhvəyi rəngli əl çantasının, 01 ədəd qara rəngli pul kisəsinin, 01 ədəd “Fitron” markalı üzərində qaşlar olan qızılı rəngli metal saat və üzərində qaşlar olan ulduz formalı qızılı rəngli bir cüt sırğanın sahiblərinə qaytarılması nəzərə alınmalı, baş vermiş oğurluq hadisəsini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Cinayət işinə əlavə edilmiş vəkil Müdafiəçi tərəfindən məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 25 (iyirmi beş) saat müddətində hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 192-193, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 25 iyul 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar – 270 manat, 1.300 türk lirəsi, 750 ABŞ dolları məbləğdə pul vəsaitinin, Zərərçəkmiş şəxs2 məxsus şəxsiyyət vəsiqəsinin, 01 ədəd “YSL Libre” markalı ətirin, 01 ədəd “Guerlain” markalı üz tonal kremin, 01 ədəd “X3” markalı üz tonal kremin, 01 ədəd “X3” markalı kirpik tuşun, 01 ədəd “Zıp ıt” markalı dodaq boyasının, 01 ədəd “Samsung Galaxy A20s” markalı, 01 ədəd “Samsung Galaxy A11” markalı mobil telefonun, 01 ədəd üzərində “Whasbag” yazısı olan qara və şəffaf rəngli əl çantasının, 01 ədəd qəhvəyi rəngli əl çantasının və 01 ədəd qara rəngli pul kisəsinin, 01 ədəd “Fitron” markalı üzərində qaşlar olan qızılı rəngli metal saat və üzərində qaşlar olan ulduz formalı qızılı rəngli bir cüt sırğanın sahiblərinə geri qaytarılması nəzərə alınsın, baş vermiş oğurluq hadisələrini özündə əks etdirən 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi oğluna Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 150 (yüz əlli) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökm verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar