Məhkəmə qərarları › İş №1(001)-164/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-164/2023

17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-164/2023 17.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X13 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.1989-cu ildə Əli-Bayramlı şəhərində (indiki Şirvan) doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonu, Axtaçı Muğan kəndində qeydiyyatda olan və ünvan 2də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 avqust 2022-ci il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,304 qram çəkidə psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlayıb daşımış, 31 avqust 2022-ci il tarixdə, saat 01:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində olan dayanacaqda Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən 4-cü Polis şöbəsinə gətirilərək şəxsi axtarış zamanı əynindəki ağ rəngli şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,304 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə tanışı Şahid3 Şəmsəddin oğlu onlara qonaq gəlmiş, onu axşam yola salmaq üçün evinin yaxınlığında avtobus dayanacağına getmişlər, orada polis əməkdaşları onları saxlayıb üzərlərini yoxlamış, onun üzərindən 1 dəfə istifadə üçün 5 manata aldığı narkotik vasitə mütamfetamin aşkar edilmiş, polis əməkdaşı həmin maddəni öz cibinə qoymuş və onları 4-cü Polis Bölməsinə aparmışdırlar. Şahid3la onu bir müddət ayrı saxladıqdan sonra polis əməkdaşları videoçəkilişlə üzərinə şəxsi axtarış keçirrmişdir. Dayanacaqda ondan aldıqları maddəni ona qaytararaq videoçəkiliş zamanı cibindən çıxartmasını istəmişdirlər. Şəxsi axtarışa məruz qalan zaman, izahatı o cümlədən ifadəsi alınan zaman onun müdafiəçisi olmamış, ona müdafiəçi təqdim edilməmişdir. Cinayət işi üzrə bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində didndirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hazırda Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. 30 avqust 2022-ci il tarixdə 4-cü X12 rayonu, Axtaçı Muğan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi, istifadə etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil oldu. Həmin əməliyyat məlumatı dərhal raportla bölmə rəhbərliyinə məruzə edildi. Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verildikdən sonra ondan və 4-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı Şahid2 Əsrafil oğlundan ibarət əməliyyat qrupu təşkil edildi. Onlar tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 31 avqust 2022-ci il tarixdə saat 01:40 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində olan dayanacaqda saxlanılmış və onlar onu 4-cü Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Polis Şöbəsində təhqiqatçı tərəfindən lazım olan zəruri prosessual hərəkətlər həyata keçirilmişdir. Bundan sonra isə artıq onların da iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı ilk əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa onu təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan ağ rəngli şalvarın sağ yan cibindən ağ rəngli kağız bükümü çıxardaraq masanın üstünə qoymuşdur. Həmin bükülü açıldıqda içərisində ağ rəngli kristal şəkilli psixotrop maddəyə bənzər kütlə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükülüdəki kütlənin nə olduğu soruşulduqda o, həmin kütlənin psixotrop maddə olan «patı» olduğunu bildirmişdir. Bildirmişdir ki, narkomanlar psixotrop maddə metamfetaminə «patı» deyirlər. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki şalvarın sol cibindən «Huawei» markalı mobil telefonu çıxardaraq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da başqa hər hansı əşya tapılmamışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs bükümdə olan kütləni haradan əldə etdiyini soruşmuş, Raman da bildirmişdir ki, narkotik vasitə istifadəçisidir, həmin kütləni də 30 avqust 2022-ci il tarixdə, saat 23 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisindən üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün alaraq üzərində saxlamışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi büküm və «Huawei» markalı mobil telefon ayrı-ayrı zərflərə qoyulub möhürlənmiş, onlar zərflərin üzərinə imza etmişlər. Həmçinin şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar protokolu imzalamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Əsrafil oğlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs uşaq bvaxtından tanıyır və onlar bir yerdə işləyirlər. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs evinə qonaq getmişdir. Evdən çıxdıqdan təxminən 300-400 metr aralıda 3 nəfər polis əməkdaşı saat 23:00-23:30 radələrində onları saxlamışdır. Həmin vaxt polis əməkdaşları onların üzərini axtarmış və Təqsirləndirilən şəxs cibindən “patı” adlanan maddə aşkarlamışdırlar. Təqsirləndirilən şəxs polislərə mənlik bir şey olmadığını demiş, patının özünəməxsus olduğunu bildirmişdir. Həmin vaxt hər ikisini polis bölməsinə apardıqlarını, orada hər birini ayrı-ayrılıqda saxladıqlarını, gecə 03:00-a qədər orada qaldıqlarını, daha sonra Ramanın orada saxlanıldığını, özünün isə azad edildiyini qeyd edərək 2 gün sonra Ramandan hadisəni maraqlandığını, polislərin ondan pul istədiklərini və vermədikdə isə barəsində cinayət işinə başladıqlarını bildirdiyini əlavə etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilən Şahid4 ifadəsində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində təhqiqatçı vəzifəsində çalışdığını qeyd edərək Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman müdafiəçinin iştirak etməkdən imtina etdiyini, üzərinə baxış keçirilən şəxsin həmin vaxt müdafiəçi olmadan üzərinə baxış keçirilməsinə heç bir etirazı olmadığını, fikizi və psixoloji təzyiqə məruz qalmadığını, həmin istintaq hərəkətində müəyyən etdikləri barədə protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında mütəxəssis qismində iştirak edən "xxxx" MMC adından çıxış edən X10 ifadəsində göstərmişdir ki, anten dairəsi daha dəqiq mobil operator nömrəsinə zəng, o cümlədən sms daxil olduqda və çıxdıqda daha dəqiq müəyyən edilir. Əlavə olaraq bildirmişdir ki, anten dalğası cihazın modelindən, yerin landşaft quruluşu kimi bir sıra amillərdən asılı olaraq da dəyişə bilir. Açıqlıq bir ərazidə anten dairəsi 30 km məsafəyədək göstərə bilər. İnternetdən istifadə zamanı isə anten dairəsi istifadəçinin olduğu yeri deyil, internetdən istifadəyə hansı ərazidə başlanılıbsa o anten dairəsini göstərir. Məhkəməyə təqdim edilmiş anten məlumatlarında zəngin tipi adlı qrafada göstərilən qısa adların açıqlaması isə belədir: MOC –çıxış zəngləri, MTC- daxil olan zəngləri, SMS MO-çıxış sms, SMS MT-daxil olan sms, Usage_int-GPRS internet, Usage-start-GPRS internet, Usagestop-GPRS internet. Məhkəmə iclasında mütəxəssis qismində iştirak edən X6 da "xxxx" MMC-nin digər nümayəndəsi X3 dediklərini təsdiq edərək eyniməzmunlu məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 220040991 №-li cinayət işi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə başlanmışdır. 31 avqust 2022-ci il tarixdə Piriyev X8 RPİ-nin 4-cü Polis şöbəsinin təhqiqatçısı polis baş leytenantı Şahid4 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. 01 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilib barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilməsindən ötrü Binəqədi Rayon Prokurorluğuna vəsatət verilmiş, lakin vəsatət prokurorluq tərəfindən təmin edilmədiyindən həmin tarixdə haqqında polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 6/4661 saylı, 31 avqust 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №173” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi – 0,304 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Metamfetaminin təmiz çəkisi 0,304 qram, sərf edildi 0,05 qram, qalıq 0,254 qram. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,304 qram olan psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, aparılmış tədqiqatlardan sonra qalıq qalmış 0,254 qram psixotrop maddə metamfetamin cinayət işinə əlavə edilmiş və saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 25 noyabr 2022-ci il tarixli, 7135 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Şəxsi axtarış və götürmə barədə” Binəqədi RPİ-nin 4-cü PB-də xx.xx.2022-ci il tarixdə çəkilmiş video görüntüdə müəyyən edilmişdir ki, diskdə 2 ədəd videofayl vardır. Müddəti 8 dəqiqə 51 saniyə olan videofayla baxıldıqda görünür ki, 4-cü Polis şöbəsinin təhqiqatçısı Şahid4 özünü təqdim edir və məlumat verir ki, 31 avqust 2022-ci il tarixdə saat 03:00-da şəxsi axtarış və götürmə istintaq hərəkətinə başlayır. Təhqiqatçı şəxsi axtarışda iştirak edən polis əməkdaşlarını, ekspert-kriminalisti, barəsində şəxsi axtarış aparılan Təqsirləndirilən şəxs təqdim edir. Şəxsi axtarışa başlamazdan əvvəl videoçəkiliş aparıldığını elan edir. Daha sonra videoçəkiliş aparan ekspert-kriminalistə və Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməyi təklif etdi. Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarın sağ yan cibindən ağ rəngli kağıza bükülmüş bükülünü və həmin şalvarın sol cibindən «Huwaei» markalı mobil telefonu çıxardaraq təqdim etdi. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparır, lakin başqa heç bir əşya tapılmır. Təhqiqatçı həmin bükümü açdıqda onda ağ rəngli kristal şəkilli psixotrop maddəyə bənzər kütlə aşkar edildi və həmin kütlənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs psixotrop maddə olan ”patı” olduğunu bildirir. Suala cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, həmin kütləni öz şəxsi istifadəsi üçün alaraq üzərində saxlamışdır. X9 təqdim etdiyi içərisində narkotik vasitəyə oxşar maddə olan həmin bükümü və «Huwaei» markalı mobil telefonu ağ zərfə qoyub möhürləyir və zərfin üzərinə iştirakçılar imza edirlər. Daha sonra təhqiqatçı çəkilişi saxlayır. Müddəti 21 saniyə olan ikinci videofayla baxıldıqda görünür ki, təhqiqatçı videoçəkilişin və protokolun iştirakçılara təqdim edildiyini və heç bir şikayət daxil olmadığını bidirir və tərtib olunmuş protokolu iştirakçılar imzalayır. Təhqiqatçı şəxsi axtarışın başa çatdığını bildirir. Şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş, şəxsi axtarışı əks etdirən video görüntü 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış tələbnaməyə əsasən müəyyən edilmişdir ki, Piriyev X11 Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 7 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyə "xxxx" MMC və "xxxx" MMC-dən daxil olan 2 ədəd CD diskə baxış keçirilən zaman cinayət işi üzrə əhəmiyyət kəsb edən heç bir məlumat müəyyən edilməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il tarixdə (X18) və xx.xx.2018-ci il tarixdə doğulmuş (X14) iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «X4 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli qərarının 14-cü bəndində göstərilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə dair məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadəsi kimi qiymətləndirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə əməlini etiraf etməsi və daha sonra ifadəsini dəyişdirməsi onun məhz məsuliyyətdən yayınmaq niyyəti ilə bağlıdır. Həmçinin məhkəmə şahid qismində dindirilmiş X1 Təqsirləndirilən şəxs üzərinə dayanacaqda saxlanılan zaman baxış keçirilməsi və cibindən tapdıqları maddəni polis əməkdaşının öz cibinə qoyması ilə bağlı ifadəsini sübut kimi qiymətləndirməyərək həmin ifadəyə tənqidi yanaşır və onu təqsirləndirilən şəxslə aralarında olan uşaqlıq dövründən bugünədək davam edən yaxın dostluq münasibəti ilə əlaqədar Təqsirləndirilən şəxs qorumaq məqsədli ifadə kimi qiymətləndirir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, himayəsində iki azyaşlı uşağının olmasını, təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəəsində 2 azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 02 gün tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Piriyev X15, hazırkı cinayət işi ilə bağlı tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılmasının dörd günü hesabı ilə hesablanaraq ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona azadlığın məhdudlaşdırılması növündə sanksiya həddində cəza təyin edilməli, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 2 ünvanı axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı və narkomaniyadan məcburi müalicə təyin edilməli, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 01 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 2 ünvanı axşam saat 24:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,254 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar