Məhkəmə qərarları › İş №1(001)-164/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-164/2025

07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-164/2025 07.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, 24 avqust 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,199 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini 1 ədəd qızılı rəngli kağız bükümdə əldə edərək əynində olan boz rəngli şalvarın sağ yan cibində . saxlamaqla üzərində daşımış, həmin tarixdə Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saat 18:05- də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Abidə” adlanan yerin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən həmin polis bölməsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 20:00-da üzərində aparılan şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd qızılı rəngli kağız bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda təmiz çəkisi 0,199 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata bir bükümdə psixotrop maddə metamfetamin alaraq istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Həmin gün saat saat 18:05 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Abidə” adlanan yerin yaxınlığında iki nəfər polis əməkdaşı tərəfindən saxlanılaraq Binəqədi RPİ-nin 6-cı polis bölməsinə aparılmışdır. Bölmədə keçirilmiş şəxsi axtarış zamanı üzərində olan psixotrop maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Törətdiyi əməldən çox peşmandır, saxlanıldığı gündən sonra bir daha hər hansı qadağan edilmiş maddədən istifadə etməmişdir. Ona qarşı nə saxlanılan zaman, nə də polis bölməsində olarkən hər hansı bir psixi və ya fiziki zorakılıq olmamışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, ailədə yeganə qazanc gətirən şəxsin özü olduğunu, 44 günlük Vətən Müharibəsi iştirakçısı olmasının nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-in 6cı PB-in cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, 24 avqust 2024-cü il tarixdə saat 18:00 radələrində digər polis əməkdaşı Şahid2 ilə birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Abidə” adlanan yerin yaxınlığında Təqsirləndirilən şəxs əməliyyat məlumatı əsasında şübhəli şəxs qismində tərəflərindən saxlanılaraq polis bölməsinə gətirildiyini, bölmədə təhqiqatçının otağında onun üzərinə video çəkiliş ilə şəxsi axtarış və baxış keçirilərkən özü könüllü şəkildə üzərində olan psixotrop maddəni təqdim etdiyini, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün Nəsimi rayonunda “Papanin” adlanan yerdən tanımadığı şəxsdən aldığını qeyd etdiyini, Təqsirləndirilən şəxs saxlanılan zaman və polis bölməsinə olan zaman ona qarşı hər hansı psixi və ya fiziki zorakılıq olmadığını bildirmişdir. Şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı PB-nin sahə müvəkkili, polis mayoru Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:15-də şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 18:05-dən hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri əşyaları könüllü təqdim etmək təklif olunduqda o, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd qızılı rəngli kağıza bükülmüş bükümdə psixotrop maddə hesab olunan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlənin çəkisi 0,34 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə çəkildikdən sonrakı halı ilə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 175 saylı möhürü ilə möhürlənərək, üzəri şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/4319 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №175” dairəvi möhür, “...3.Əmirəliyev (imza)...” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,199 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixorop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına daxildir. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil etmişdir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, tədqiata 0,199 qram maddə qəbul edilmiş, 0,050 qram nümunə götürülmüş, 0,149 qram geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə baxış zamanı müəyyən edilmişdir ki, birinci fayla baxış keçirdikdə videogörüntü faylının adının “00276” olması, faylın 07 dəqiqə 41 saniyədən ibarət olduğu müəyyən olunmuşdur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı X4 özünü, CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, sahə rəisi, polis mayoru Şahid2, saxlanılaraq polis bölməsinə şübhəli şəxs qismində dəvət edilmiş Təqsirləndirilən şəxs və KTQ-nun ekspert-kriminalisti, polis mayoru X1 təqdim edərək şübhəli şəxsin üzərinə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirdiyini elan etmişdir. Daha sonra təhqiqatçı şübhəli şəxsin 24 avqust 2024-cü il tarixdə saat 18:05-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Abidə” adlanan yerin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən həmin polis bölməsinin inzibati binasına gətirildiyini bildirmiş və şübhəli şəxsə, ekspert-kriminalistə Azərbaycan Respublikası CPM ilə nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmişdir. Daha sonra təhqiqatçı şübhəli şəxsə üzərində hər- hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa, könüllü təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra şəxsin üzərində təhqiqatçı tərəfindən axtarış keçirilmiş və üzərində hər hansı əşya və ya predmet aşkarlanmamışdır. Təhqiqatçı şübhəli şəxsdən təqdim etdiyi bükümün nə olması, onu nə zaman və haradan, kimdən, nə üçün əldə etməsi barədə suallar vermişdir. Şübhəli şəxs isə həmin bükümün içərisində “patı” adlanan psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 10 manat qarşılığında şəxsi istifadəsi məqsədi ilə aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı şübhəli şəxs tərəfindən təqdim edilmiş bükümün içərisini açaraq isə ağ rəngli, kristallik formada psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu və elektron tərəzi vasitəsi ilə ölçərək qablaşdırma ilə birlikdə çəkisinin 0,34 qram olduğunu müəyyən etmişdir. Aşkar edilmiş büküm təhqiqatçı tərəfindən müvafiq ekspertizaya göndərilməsi üçün boş zərfə qoyularaq qablaşdırılmışdır. Ardınca isə zərf “175” nömrəli möhürlə möhürlənmişdir. İştirakçıların hər biri zərfin üzərini imzaladıqdan sonra fayl üzrə çəkiliş bitmişdir. İkinci fayla baxış zamanı həmin faylın adının “00277” olduğu, 01 dəqiqə 13 saniyəlik videogörüntüdən ibarət olduğu müəyyən edilmişdir. Həmin videogörüntüdə isə Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı X4 şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı videogörüntüyə baxıldığını, protokollaşdırıldığını və iştirakçılara tərəfindən hər hansı şikayət daxil olmadığını bildirmişdir. Şübhəli şəxs saxlanılarkən və ya saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki zor və ya təzyiq göstərilmədiyini bildirmişdir. İştirakçıların hər biri tərtib edilmiş protokolu imzaladıqdan sonra çəkiliş yekunlaşmışdır. xx.xx.2024-cü il tarixli “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiq tərəfindən verilmiş vəsatət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təmin edilməmiş, Təqsirləndirilən şəxs saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 0,199 qram, tədqiqatdan sonrakı qalıq çəkisi 0,149 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixorop maddə metamfetamin maddi sübut əhəmiyyəti nəzərə alınmaqla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun təyinatı məsələsi həll edilənədək Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd CD disk maddi sübut əhəmiyyəti nəzərə alınmaqla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun təyinatı məsələsi həll edilənədək cinayət işi materiallarına əlavə edilərək saxlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin xx.xx.2024-cü il tarixli, 5880 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs NARKOMANİYA XƏSTƏLİYİ aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin çəkisi 0,199 qram hesab edilmişdir. 0,149 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixorop maddə metamfetamin maddi sübut əhəmiyyəti nəzərə alınmaqla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilməsi və təyinatı məsələsi həll edilənədək Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Kamerasına təhvil verilməsi nəzərə alınmış, 01 (bir) ədəd CD diskin maddi sübut əhəmiyyəti nəzərə alınmaqla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun təyinatı məsələsi həll edilənədək cinayət işi materiallarına əlavə edilərək saxlanılması nəzərə alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 30 dekabr 2022-ci il tarixli 104817 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. “Azərbaycan Respublikası Medalının Vəsiqəsin”dən görünür ki, Təqsirləndirilən şəxs İ-3816 nömrəli “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. “Azərbaycan Respublikası Medalının Vəsiqəsi”ndən görünür ki, Təqsirləndirilən şəxs İ-22885 nömrəli “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Məhkəmə iclasında maddi sübut kimi tanınmış diskə baxış keçirilmiş və diskdə olan video görüntü xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol ilə uyğunluq təşkil etməsi müəyyən edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq dövründə verdiyi ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyinin və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs müharibə veteranı olmasını, “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını, səmimi ifadə verməklə törətdiyi əməli etiraf etməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını, onun “Vətən Müharibəsi” iştirakçısı və müharibə veteranı olmasını, həmçinin “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlinin sübut olunmasında çətinliklər yaratmamışdır. Məhkəmədə, Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin təyin etməklə cəzanın məqsədinə çatmaq mümkün olduğundan, ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalan təmiz çəkisi 0,149 qram psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM- 132), 80 (səksən) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il, 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il, 5 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hazırda yaşayış yeri olan ünvan 1 ünvanda yerləşən yaşayış yerini gecə saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,149 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar