Məhkəmə qərarları › İş №1(001)-165/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-165/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-165/2023 26.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Mingəçevir şəhərində doğulmuş, işləməyən, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 3-cü mikrorayon, məhəllə 36-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, o 02 sentyabr 2022ci il tarixdə axşam saatlarında sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan naməlum şəxsin bank hesabına 30 manat pul köçürdükdən sonra Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bakı-Sumqayıt şossesində, “Socar” yanacaq doldurma məntəqəsinin yaxınlığında əvvəlcədən təyin edilmiş yerdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda-təmiz çəkisi 1,795 qram ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 01 ədəd ağ sellefon bükümdə əldə etməklə əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamaqla daşımış, 02 sentyabr 2022-ci il tarixdə saat 23:10 radələrində inzibati ərazidə xidmət aparan Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri tərəfindən şübhəli bilinərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bakı-Sumqayıt şossesində, “Socar” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə təhvil verilmiş, orada 03 sentyabr 2022-ci il tarixdə saat 00:10 radələrində üzərində aparılan axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd ağ sellefon bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda-təmiz çəkisi 1,795 qram ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda tam təqsirli bilərək göstərmişdir ki, o, xeyli müddətdir ki, psixotrop maddələr qəbul edir və bu onda asılılıq yaratmışdır. 02 sentyabr 2022-ci il tarixində axşam saatlarında psixotrop maddə hesab edilən metamfetamin almaq məqsədilə sosial şəbəkədə tanış olduğu tanımadığı şəxsin hesabına 30 manat pul köçürdükdən sonra həmin şəxs ona metamfetamini Bakı şəhəri, Biləcəri qəsəbəsi, Bakı-Sumqayıt şossesində yerləşən «Socar» yanacaq doldurma məntəqəsinin yaxınlığında gizlətdiyini bildirmişdir. Həmin şəxs pulunu ödədiyi psixotrop maddə hesab edilən metamfetaminin yerini ona dedikdən sonra 02 sentyabr 2022-ci il tarixində saat təxminən 23 radələrində Bakı şəhəri, Biləcəri qəsəbəsi, Bakı-Sumqayıt şossesində yerləşən «Socar» yanacaq doldurma məntəqəsinin yaxınlığına gəlib deyilən yerdən metamfetamin kimi aldığı ağ rəngli selofan bükümdə olan maddəni götürərək oradan uzaqlaşmaq istəmişdir. Bu zaman xidməti formada olan iki polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinə üzərinə şəxsi axtarış keçirmək üçün dəvət etmişlər. O, razılıq verdikdən sonra onlarla birlikdə polis bölməsinə gəlmişdir. Burada təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş və öz hesabına müdafiəçi tutmağa vəsaiti olmadığına görə aidiyyəti ərazi üzrə vəkil bürosundan təqdim edilmiş siyahıdan dövlət hesabına ona vəkil təyin edilməsini xahiş etmiş və bununla bağlı ərizə də vermişdir. Hüquqlarının müdafiəsi ilə bağlı dəvət olunmuş vəkil Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinə gəldikdən sonra onunla konfidensial görüşü təşkil olunmuş və bundan sonra hüquqları izah olunaraq ona üzərində videoçəkilişdən istifadə olunmaqla axtarış aparılacağı bildirilmişdir. O, polis əməkdaşlarına vəkilin iştirakı olmadan üzərində axtarış aparmalarını bildirmiş və bu barədə təhqiqatçıya ərizə də vermişdir. Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində video çəkiliş aparılmaqla üzərində qanunsuz əşyalar olduğu halda təqdim etməsi ona təklif olunduqda, o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetamini, sol yan cibindən 01 ədəd “İphone 7” modelli mobil telefonu və “E-Manat” ödəmə terminalı vasitəsi ilə ödədiyi 30 manatlıq qəbzi, habelə özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələrini çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o da cavabında üstündə başqa heç nə olmadığını bildirmişdir. Sonra onun üzərində axtarış aparılmış, yəni cibləri və üstbaşı yoxlanılmış, lakin ondan qanunla qadağan olan hər hansı əşya aşkar edilməmişdir. Onun cibindən aşkar edilərək götürülmüş həmin büküm açılaraq nə olduğu, kimdən, hansı qiymətə və nə məqsədlə alıb üstündə gəzdirdiyi sual edilmişdir. O da həmin bükümdə psixotrop maddə kimi tanıdığı metamfetamini 02 sentyabr 2022-ci il tarixində sosial şəbəkədə tanış olduğu, əvvəllər tanımadığı şəxsin hesabına 30 manat pul köçürməklə öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Psixotrop maddə əldə etmək üçün 02 sentyabr 2022-ci il tarixdə hesabına 30 manat pul köçürdüyü şəxslə sosial şəbkədə ünsiyyət qurmuş, həmin şəxsin sifətini görməmiş, heç bir vaxt görüşməmiş və tanımamışdır. Həmin şəxs sosial şəbəkədə onunla danışarkən ona özünün «whatsapp» nömrəsini vermiş və bank hesabının nömrələrini «whatsapp»la onun telefonuna göndərmişdir. O da həmin hesaba pul köçürdükdən sonra qəbzi özündə saxlasa da, «whatsapp» vasitəsi ilə göndərilmiş bütün SMS-ləri və danışıqları pozmuşdur. Odur ki, hesabına pul göndərdiyi həmin şəxsin bank hesab nömrəsinin rəqəmləri onun yadında qalmamış, qəbzdə isə həmin hesabın nömərələrinin ilk 6 rəqəmi və son 4 rəqəmi qeyd edilsə də, orta rəqəmləri “*” işarəsi kimi qeyd edilmişdir. O, mobil telefonunda heç bir SMS, danışıq və məlumat saxlamamış və dərhal pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq, həqiqətən narkotik vasitə aludəçisi olduğunu, şübhəli şəxs qismində tutulduğu gün narkotik vasitəni götürmək məqsədilə sosial şəbəkə vasitəsi ilə əlaqə yaratdığı şəxsin dediyi yerə getdiyini, həmin narkotik vasitə üçün öncədən kart hesabına 30 manat məbləğində pul ödədiyini, lakin polis əməkdaşları tərəfindən psixotrop maddə metamfetamini əldə etmədən tutulduğunu, törədiyi cinayət əməlindən peşmançılıq çəkdiyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxış iclasında dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində çalışır, polis baş serjantı rütbəsindədir. 02 sentyabr 2022-ci il tarixdə 64-66 çağırışlı avtopatrulda digər polis nəfəri, polis serjantı Şahid3la birlikdə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin 7-ci sektorunda xidmət aparan zaman təxminən saat 23:10 radələrində «Bakı-Sumqayıt» şossesində «SOCAR» yanacaq doldurma məntəqəsinin yaxınlığında olarkən kişi cinsli bir şəxsin üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi və istifadə edilməsində şübhələndiyi üçün həmin şəxsi saxlayaraq üzərində axtarış aparılması məqsədi ilə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinə gətirmiş və orada həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Həmin şəxslə bağlı müvafiq istintaq hərəkətlərinin aprılması və ilkin sənədlərin tərtib edilməsi Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı Xəyal Şükürova həvalə edilmişdir. Təhqiqatçı tərəfindən ilk öncə şübhəli şəxsə onun hüquq və vəzifələri izah edilmiş, həmçinin bu barədə bildiriş də təqdim edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına Bakı şəhəri 11 saylı Vəkil Bürosundan vəkil dəvət edilmiş və Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində aparılacaq axtarış hərəkətlərində vəkilinin iştirak etməməsi və şəxsi axtarışın vəkilin iştirakı olmadan həyata keçirilməsinə dair ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs üzərində, paltarında, ciblərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən ağ sellofana bükülmüş halda olan bir ədəd psixotrop maddə metamfetamin kimi təqdim etdiyi, sol yan cibindən bir ədəd «İphone 7» modeli mobil telefonu, «E-Manat» ödəmə terminalı vasitəsi ilə ödənilmiş 30 manatlıq qəbzi, özünə aid şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsini çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ağ sellofanda olan maddənin nə olduğu, haradan, kimdən, hansı qiymətə və nə üçün aldığı, nə məqsədlə üzərində gəzdirdiyi soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs, cavabında bildirmişdir ki, şalvarının cibindən çıxararaq masanın üzərinə qoyduğu, bükümün içindəki maddə «metamfetamin» adlanan psixotrop maddədir, öz istifadəsi üçün 02 sentyabr 2022-ci il tarixində axşam saatlarında sosial şəbəkədə tanış olduğu tanımadığı şəxsin hesabına 30 manat pul köçürdükdən sonra əldə etmişdir. Belə ki, sosial şəbəkədə tanış olduğu həmin şəxs pulu aldıqdan sonra metamfetamini Biləcəri qəsəbəsi, «Bakı-Sumqayıt» yolunda yerləşən «SOCAR» yanacaq doldurma məntəqəsinin yaxınlığında gizlədib Təqsirləndirilən şəxs yerini dediyindən sonuncu 02 sentyabr 2022-ci il tarixində saat 23:10 radələrində Biləcəri qəsəbəsi, «Bakı-Sumqayıt» yolunda yerləşən «SOCAR» yanacaq doldurma məntəqəsinin yaxınlığına gedib göstərilmiş yerdən psixotrop maddə metamfetamini götürərək öz istifadəsi üçün üstündə gəzdirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə digər şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid3 cinayət işi üzrə digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasına çağırılmış şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6cı Polis bölməsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Elburus oğlunun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il, saat 23:10-da Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati otaqlarının birində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd ağ sellefon bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda-təmiz çəkisi 1,795 qram ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4737 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 1,795 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-999/2022 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd ağ-gümüşü kağız bükümü çıxarıb təqdim etmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı «İPHONE 7» markalı mobil telefon aparatının içərisində hər hansı GSM nömrənin olmadığı müəyyən edildi. Mobil telefonun daxilindəki məlumatlara baxış keçirilməsi məqsədi ilə mobil telefon adapter vasitəsi ilə əlavə enerjiyə qoşuldu və aktiv vəziyyətə gətirildi. Mobil telefonun «yığılmış», «qəbul edilmiş», «zənglər» və «SMS»lər bölməsində heç bir məlumatın olmadığı müəyyən edildi. Mobil telefonun «Whatsapp» bölməsində danışıq aparılan və ya məlumat bölüşülən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı telefon danışıqları və yazışmaların aparılmadığı müəyyən edildi. "Telefon rəhbəri» bölməsində müvafiq ad, soyad və ya adlandırma ilə hər hansı nömrənin qeydiyyatının aparılmadığı müəyyən edildi. xx.xx.2022-ci il tarixli, 5565 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN BƏSİİ əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. 15 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ağır xəstəliyi ilə əlaqədar cinayət işinin icraatı dayandırılmışdır. 12 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin dayandırılmış icraatı təzələnmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8 18 noyabr 2022-ci il tarixli, 10905 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. “Əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kağız zərfdə qablaşdırılmış və 01 ədəd bükümdə təmiz çəkisi 1,795 qram (tədqiqatdan sonrakı çəkisi 1,695 qram) ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prossesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd disk və 416973******6618 bank hesabına 30 manat pulun «E-Manat» ödəmə terminalı vasitəsi ilə göndərilməsinə dair 02 sentyabr 2022-ci il tarixli qəbz maddi sübut hesab əhəmiyyəti nəzərə alınmaqla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən 03 sentyabr 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmişdir. Cinayət işi üzrə maddi sübut hesab edilmiş-Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kağız zərfdə qablaşdırılmış və 01 ədəd bükümdə təmiz çəkisi 1,795 qram (tədqiqatdan sonrakı çəkisi 1,695 qram) ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onların təyinatı məsələsi həll edilənədək Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin Maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu gün narkotik vasitəni götürmək məqsədilə sosial şəbəkə vasitəsilə əlaqə yaratdığı şəxsin dediyi yerə getdiyini, həmin narkotik vasitə üçün öncədən kart hesabına 30 manat məbləğində pul ödədiyini, lakin, polis əməkdaşları tərəfindən psixotrop maddə metamfetamini əldə etmədən tutulduğu ilə bağlı verdiyi ifadəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin çıxması, “şəxsi axtarış və götürmə” aparılması haqqında 03 sentyabr 2022-ci il tarixli protokol, “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin videogörüntülərinin əks edildiyi CD disk, eyni zamanda təqsirləndirilən şəxsin üzərindən çıxan narkotik vasitənin növünü və miqdarını müəyyən edən Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4737 nömrəli rəyi ilə tam sübuta yetirilir. Bu səbəbdən, məhkəmə təqsirləndirilən şəxsin onun üzərində həmin gün narkotik vasitə olmaması ilə bağlı verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2006-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzədə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını), cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini (narkotik vasitələrdən istifadə etməklə yanaşı məhkəmə iclasında verdiyi ifadəyə əsasən Türkiyənin Trabzon şəhərindən silah gətirməsini) habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, cinayət işi üzrə Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmasını, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 02 sentyabr 2022-ci il tarixdə saat 23:10-da məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, 03 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin gün saat 15:10-dan 15:35-ə qədər təqsirləndirilən şəxs qismində dindirilmiş, daha sonra barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimatla Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-999/2022 saylı qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalından dərhal azad edilmişdir. Daha sonra təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 02 sentyabr 2022-ci il tarixdən 03 sentyabr 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,695 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.6-cı maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 1 (bir) gün, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 26 yanvar 2023-cü il tarixdən hesablansın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,695 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar