Məhkəmə qərarları › İş №1(001)-165/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-165/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-165/2024 23.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 25 iyul 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,189 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 25 iyul 2023-cü il tarixdə saat 17:30-dəqiqədə Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, “Dəmiryolu” bazarının yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “X4” markalı siqaret qutusunun içərisində 01 ədəd folqa bükümdə təmiz çəkisi 0,189 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd folqa parçası və 01 ədəd gümüşü rəngli kağız parçası, üzərində narkotik vasitə və psixotrop maddə izləri olmayan 01 ədəd folqa parçası aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Biləcəridə onların məhləsinə yaxın yolun o biri tərəfində stansiya vardır. O da həmin stansiyada olan zaman üzərində az çəkidə şəxsi istifadəsi üçün saxladığı 1 ədəd bükümdə narkotik vasitə olmuşdur. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq onu tutub aoarmışlar. Narkotik vasitələrdən istifadəyə tutulmazdan 1-2 ay əvvəl başlamışdır. Üzərində kokos olmuş və onu çəskməsi üçün saxlamışdır. Törətdiyi əməldən peşman olmasını qeyd edib, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, etimad doğuran və qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, daşıması, istifadəsi və satışı ilə məşğul olması bildirildiyindən həmin əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də 24 iyul 2023-cü il tarixdə özünün rəhbərliyi ilə və bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını onlara bildirmişdir. Sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşımasında və satışında şübhəli olduğunu bildirib saxlamışlar və özləri ilə Binəqədi RPİ-nin 6-cı PB-nə gətirmişlər. Video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri- qanuni maddə və ya əşya vardırsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd “X4” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin siqaret qutusunun içərəsinə baxış keçirildikdə 1 ədəd folqa bükümdə qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə heroinə bənzər kütlə, istifadə edilmiş halda 1 ədəd folqa parçası və 1 ədəd gümüşü rəngli kağız parçası, istifadə edilməmiş halda 1 ədəd folqa parçası aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs anunsuz olaraq narkotik vasitələr və psixotrop maddələri əldə etməsi, daşıması, istifadə etməsi və satması barədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azdlığı 25 iyul 2023-cü il tarixdə saat 17:30-da məhdudlaşdırılaraq həmin tarixdə saat 18:15-də şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “X4” markalı siqaret qutusunun içərisində 1 ədəd folqa bükümdə olan qəhvəyi rəngli toz şəkilli maddə və üzərində iz olması ehtimal edilən falqa parçaları aşkar edilərək götürülmüşdür. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4021 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 175” dairəvi möhür əksləri olan, “Vətəndaş (Şübhəli şəxs) Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış əşyalar “imza” ”, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd folqa bükümdə təmiz çəkisi 0,189 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd folqa parçasından biri üzərində və 1 (bir) ədəd gümüşü rəngli kağız parçasının üzərində narkotik vasitə - heroinə məxsus izlər vardır. İz şəklində olduğu üçün heroinin çəkisini və 1 (bir) ədəd folqa bükümdəki heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Digər 1 (bir) ədəd folqa parçasının üzərində hər hansı bir narkotik və psixotrop maddələrin izləri yoxdur. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 0,189 qram, tədqiqata sərf edildi – 0,030 qram, qalıq – 0,159 qramdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və sonuncu saxlanıldığı Binəqədi rayon Polis İdarəsinin MSY-dən azad edilmişdir. Başqa yerə etməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsin xx.xx.2023-cü il tarixli, 4870 nömrəli Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərlətini pozduğundan barəsində axtarış elan edilərək tutulub Binəqədi RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 08 noyabr 2023-cü il tarixdə tutularaq Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir. Videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən bir ədəd “X4” markalı siqaret qutusunun içərisində 01 ədəd folqa bükümdə təmiz çəkisi 0,189 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd folqa parçası və 01 ədəd gümüşü rəngli kağız parçasının, üzərində narkotik vasitə və psixotrop maddə izləri olmayan 01 ədəd folqa parçasının aşkar edilir. Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmış və sonuncu saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Sübutların qiymətləndirilməsi və maddi sübutun tanınması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 1 (bir) ədəd folqa bükümdə təmiz çəkisi 0,189 qram narkotik vasitə olan heroin, üzərində narkotik vasitə heroinin izləri olan 1 (bir) ədəd folqa parçası və 1 (bir) ədəd gümüşü rəngli kağız parçası, üzərində narkotik vasitə və psixotrop maddə izləri olmayan 1 (bir) ədəd folqa parçası iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra heroinin 0,159 qram qalmış qalığı həmin folqa və kağız parçası ilə birlikdə saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmənin görüntülərini özündə əks etdirən 1 (bir) ədəd disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarında saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-775/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək sonuncu dərhal məhkəmə iclas zalından həbs edilmişdir. İ-8001 və İ-8686 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (vətən müharibəsi iştirakçısı olması), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olmasını, əvvəllər məhkum olunmamasını, vətən müharibsə iştirakçısı olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ünvanını axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 25 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 27 iyul 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək həmin tarixdə saxlanıldığı Binəqədi rayon Polis İdarəsinin MSY-dən azad edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərlətini pozduğundan verilmiş axtarış əsasında 08 noyabr 2023-cü il tarixdə tutularaq Binəqədi RPİ-nin MSY-nə təhvil verilmiş və 10 noyabr 2023-cü il tarixdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılaraq Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-775/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək sonuncu dərhal məhkəmə iclas zalından həbs edilmiş və hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət işi üzrə 25 iyul 2023-cü il tarixdən 27 iyul 2023-cü il tarixədək 2 (iki) gün və 08 noyabr 2023-cü il tarixdən 10 noyabr 2023-cü il tarixədək 2 (iki) gün, eləcə də 28 dekabr 2023-cü il tarixdə hazırkı vaxtadək, yəni 23 yanvar 2024-cü il tarixədək 26 (iyirmi altı) gün olmaqla ümumilikdə 1 (bir) ay müddətində tutulmuş və həbsdə olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu ümumilikdə 1 (bir) ay müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə zalından həbsdən azad edilməli və barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,159 qram narkotik vasitə olan heroin, üzərində narkotik vasitə heroinin izləri olan 1 (bir) ədəd folqa parçası və 1 (bir) ədəd gümüşü rəngli kağız parçası, üzərində narkotik vasitə və psixotrop maddə izləri olmayan 1 (bir) ədəd folqa parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu ümumilikdə 1 (bir) ay müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 4 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ünvanını axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,159 qram narkotik vasitə olan heroin və üzərində narkotik vasitə heroinin izləri olan 1 (bir) ədəd folqa parçası və 1 (bir) ədəd gümüşü rəngli kağız parçası, üzərində narkotik vasitə və psixotrop maddə izləri olmayan 1 (bir) ədəd folqa parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ **********0000003944 S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar