Məhkəmə qərarları › İş №1(001)-165/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-165/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-165/2025 10.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1989-cu il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər Binəqədi Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2assivi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 avqust 2024-cü il tarixdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,326 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd qızılı rəngli kağız bükümdə əldə edərək əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 13 avqust 2024-cü il tarixdə Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən saat 21:30-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 4 ünvanda saxlanılaraq ünvan 4 ünvanda yerləşən həmin polis bölməsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 22:40-da üzərində aparılan şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd qızılı rəngli kağız bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda təmiz çəkisi 0,326 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 13 avqust 2024-cü ildə axşam saat 17:00-18:00 radələrində Ağababa Marketin sol hissəsində, yanındakı xanım Səma Əliyeva ilə birlikdə 3 polis əməkdaşı tərəfindən saxlanılmışlar. Tutularkən üzərində axtarış aparılsa da, narkotik vasitə və psixotrop maddə metamfetamin aşkar edilməmişdir. Polis Bölməsində qarşısına psixotrop maddə metamfetamin qoyaraq törətmədiyi cinayəti etiraf etməyə məcbur edilmişdir. Belə ki, onu döyərək bildirmişlər ki, əgər barəsində ittiham olunan cinayəti etiraf etməsə, daha ağır cinayətlə ittiham olunacaq. Bu səbəbdən məcbur olub cinayəti boynuna almışdır. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onu və Səma Əliyevanı 16 avqust 2024-ci il tarixdə buraxmışlar. Aldığı xəsarət nəticəsində 14 gün qolunun ağrısından evdən çölə çıxa bilməmişdir. Döyülməsi ilə bağlı prokurorluğa şikayət etməmişdir. Səma Əliyevanı 1 ay olardı ki, tanımışdır, halhazırda onunla əlaqəsi yoxdur. Əvvəllər narkotik vasitə kimi “kakos” adlı narkotik vasitədən istifadə etmişdir. Saxlanıldığı zaman istifadə etdiyi mobil telefon üzərində idi. Mobil telefon nömrəsi ***-***-**-**-dir. Göstərilənlərə əsasən barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-in 6-cı PB-in CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır və polis leytenantı rütbəsi daşıyır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün bölmə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o, digər üzvü isə Binəqədi RPİ-in 6-cı PB-in CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 olmuşdur. 13 avqust 2024-cü il tarixdə, saat 21:30-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 4 ünvanında onu görüb saxlamışlar. Xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmiş və onu 6-cı PB-ya dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından, şöbəyə Bakı şəhəri, Vəkillər kollegiyasının 11 saylı vəkil bürosundan müdafiəçi dəvət olunmuşdur. Onun və iş yoldaşı Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə Binəqədi RPİ-nin KTQ-nun ekspertkriminalisti, polis kapitanı X3 videoçəkiliş aparması ilə Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı olmadan şəxsi axtarış və götürmə keçirilmişdir. Daha sonra təhqiqatçı şübhəli şəxsə Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra təhqiqatçı şübhəli şəxsə üzərində hər-hansı bir qeyri- qanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa, könüllü təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs əlini əynində olan qara rəngli idman şalvarın sağ yan cibinə salaraq oradan 01 ədəd qızılı rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı şübhəli şəxsdən təqdim etdiyi bükümün nə olması, onu haradan və necə əldə etməsi barədə suallar vermişdir. Şübhəli şəxs isə 01 ədəd qızılı rəngli kağıza bükülmüş maddənin psixotrop maddə olduğunu, 13 avqust 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını, həmçinin o saxlanılarkən və ya polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilmiş və üzərində hər hansı əşya və ya predmet aşkarlanmamışdır. Bundan sonra təhqiqatçı şübhəli şəxs tərəfindən təqdim edilmiş bükümü elektron tərəziyə qoyaraq çəkisinin 0,47 qram olduğunu, eləcə də içərisini açmaqla bükümdə ağ rəngli maddə olduğunu müəyyən etmiş, həmin bükümü içərisi boş olan zərfə qoyaraq qablaşdırmış və 175 nömrəli möhürlə möhürləmişdir. O da daxil olmaqla iştirakçıların hər biri zərfin üzərini imzaladıqdan sonra çəkiliş yekunlaşmış və istintaq hərəkəti protokollaşdırılaraq o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa bildirmişdir ki, şübhəlinin üzərinə şəxsi axtarış və götürmə zamanı təqdim etdiyi büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərkən onun büküldüyü kağız kəsiyi ilə birlikdə kütləsinin elektron tərəzidə 0,47 qram, lakin müvafiq tədqiqat zamanı həmin maddənin təmiz çəkisinin, yəni büküldüyü kağız kəsiyi olmadan çəkisinin 0,326 qram olması iş üzrə ziddiyyətli hal kimi sayıla bilməz. Həmçinin qeyd etmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən, şöbəyə gətirilərkən və barəsində şəxsi axtarış və götürmə keçirilərkən ona hər hansı pisixi və fiziki təsir edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in 6-cı PB-in CA üzrə ə/m, polis leytenantı Şahid2 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, qardaşı Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə istifadə etdiyini bir neçə il əvvəl öyrənmişdir. Vaxt keçdikcə qardaşı həmin aludəçilikdən qurtula bilməmiş və hətta narkotik vasitə istifadəçisi olaraq məhkum olunmuşdur. Sonuncu dəfə isə 13 avqust 2024-cü il tarixdə günorta saatlarında qardaşı Təqsirləndirilən şəxs normal qaydada vaxt keçirmək üçün yaşadıqları evdən getmişdir. Həmin gün axşam saatlarında Binəqədi RPİ-in 6-cı PBdən ona qardaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə əlaqədar tutulması barədə məlumat verilmişdir. Bundan iki gün sonra isə o evə qayıtmışdır və barəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət işi aparıldığını, prokurorluq tərəfindən azad olunmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçildiyini öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, “Respublika Təcili və X6 Mərkəzi” X11 həkim vəzifəsində çalışır. 14 avqust 2024-cü il tarixdə saat 20:43-də Mərkəzi Çağrı Xidmətinə Təqsirləndirilən şəxs adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı icra edərək, xəstə Təqsirləndirilən şəxs (35 yaş) “ətrafda ağrı (sol yuxarı) diaqnozu qoymuş, ilkin tibbi yardım göstərmişdir. Müayinə zamanı Təqsirləndirilən şəxs sol yuxarı hissəsində ağrı hiss etdiyini ildirmişdir. O da ona ətrafda ağrı sol yuxarı hissəsində ağrı olduğu diaqnozunu qoymuşdur. Bununla bağlı kartoçkada qeydiyyat aparmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə 14 avqust 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında 13 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:30-da Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v.24). Şəxsi axtarış və götürmə aparılması haqqında 13 avqust 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 22:40 dəqiqədən saat 22:50 dəqiqəyədək olan müddət ərzində həmin polis şöbəsinin inzibati binasında xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilərək ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri əşyaları könüllü təqdim etmək təklif olunduqda o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd qızılı rəngli kağıza bükülmüş bükümdə psixotrop maddə hesab olunan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və metamfetaminə bənzər kütlənin çəkisi 0,47 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə çəkildikdən sonrakı halı ilə şəffaf sellofana yerləşdirilərək içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 175 saylı möhürü ilə möhürlənərək, üzəri şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, i.v.37-39). Məhkəmə kimyəvi ekspertizasının 14 avqust 2024-cü il tarixli, 3-16-16/2-6/4134 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş üzərində “1) Şübhəli şəxs İbrahimov (imza)...” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 1 ədəd bükümdə təmiz çəkisi 0,326 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,276 qram (cild 1, i.v.46-48). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 15 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v.62-63). 15 avqust 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X5 özünü, CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 saxlanılaraq polis bölməsinə şübhəli şəxs qismində dəvət edilmiş Təqsirləndirilən şəxs və KTQ-nun ekspert-kriminalisti, polis kapitanı X4 təqdim edərək şübhəli şəxsin üzərinə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirdiyini elan etmişdir. Bundan sonra şübhəli şəxsin keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saat 21:30-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 4 ünvanında saxlanılaraq gətirildiyini bildirmiş və şübhəli şəxsə Azərbaycan Respublikası CPM ilə nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, şübhəli şəxs hüquq və vəzifələrinin ona aydın olduğunu qeyd etmişdir. Daha sonra təhqiqatçı şübhəli şəxsə üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa, könüllü təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra şəxsin üzərində təhqiqatçı tərəfindən axtarış keçirilmiş və üzərində hər hansı əşya və ya predmet aşkarlanmamışdır. Təhqiqatçı şübhəli şəxsdən təqdim etdiyi bükümün nə olması, onu harada və necə əldə etməsi barədə suallar vermişdir. Şübhəli şəxs isə həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manat qarşılığında şəxsi istifadəsi məqsədi ilə aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı şübhəli şəxs tərəfindən təqdim edilmiş bükümü elektron tərəzi vasitəsi ilə ölçərək qablaşdırma ilə birlikdə çəkisinin 0,47 qram olduğunu, içərisini açaraq isə ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu müəyyən etmişdir. Aşkar edilmiş büküm təhqiqatçı tərəfindən müvafiq ekspertizaya göndərilməsi üçün əvvəlcə şəffaf sellofan paketə, daha sonra boş zərfə qoyularaq qablaşdırılmışdır. Ardınca isə zərf “175” nömrəli möhürlə möhürlənmişdir (cild 1, i.v.88-89). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 4(001)-669/2024 saylı qərardan görünür ki, təqsiləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay 10 (on) gün müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.115-119). 18 avqust 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında və 10 oktyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 0,326 qram, tədqiqatdan sonrakı qalıq çəkisi 0,276 qram olan olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin və şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd CD disk maddi sübut əhəmiyyəti nəzərə alınmaqla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübutlar hesab edilmiş və psixotrop maddə - metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun təyinatı məsələsi həll edilənədək Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Kamerasına təhvil verilmiş, 01 (bir) ədəd CD disk məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun təyinatı məsələsi həll edilənədək cinayət işi materiallarına əlavə edilərək saxlanılmışdır (cild 1, i.v 91-93,147-158). Məhkəmə-narkoloji ekspertizanın 16 avqust 2024-cü il tarixli 5632 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v.112-113). Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 1(001)- 398/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 1(001)-48/2021 nömrəli hökmü ilə təyin olunmuş 3 (üç) il 12 (on iki) gün müddətə çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzası, azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 1 (bir) il 6 (altı) ay 6 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulması və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hökm edilmişdir. "xxxx" MMC-in 05 dekabr 2024-cü il tarixdə məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi DVD diskdə olan anten məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan +**********82 mobil nömrə ilə 13 avqust 2024-cü il tarixdə apardığı danışıqlar zamanı saat 16:28-16:43 radələrində əhatə dairəsi (ünvan) Binəqədi rayonu ərazisi, saat 17:28-17:38 radələrində əhatə dairəsi (ünvan) Abşeron rayonu-Xırdalan qəsəbəsi ərazisi, saat 17:42 radəsində əhatə dairəsi (ünvan) Binəqədi rayonu, saat 18:38 radəsində əhatə dairəsi (ünvan) Binəqədi rayonu, saat 20:43 radəsində isə əhatə dairəsi (ünvan) Xırdalan-Bakı yolu ərazisi olmuşdur. “Respublika Təcili və X6 Mərkəzi” X12 09 dekabr 2024-cü il tarixdə məhkəmənin sorğusuna verdiyi cavab məktubundan görünür ki, 14 avqust 2024-cü il tarixdə saat 20:43də Mərkəzi Çağrı Xidmətinə Təqsirləndirilən şəxs adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı Binəqədi TTTYS bölməsinin həkimi Mehriban Həsənli icra edərək, xəstə Təqsirləndirilən şəxs (35 yaş) “ətrafda ağrı (sol yuxarı) diaqnozu qoymuş, ilkin tibbi yardım göstərmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 20 dekabr 2024-cü il tarixdə məhkəmənin sorğusuna verdiyi cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Binəqədi RPİ-in əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə Binəqədi Rayon Məhkəməsinin məlumatı əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı göstərilən xüsusat təsdiqini tapmadığından material üzrə 20 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs bədənində olan dərəcəsi təyin edilməyən xəsarətlərlə bağlı hissədə əlavə araşdırma aparılmasının təmin edilməsi üçün materialın surəti Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsin müdafiə mövqeyi ilə bağlı irəli sürdüyü arqumentləri aşağıdakı hüquqi və faktiki əsaslara görə əsassız hesab edir. Birincisi ona görə ki, təqsirləndirilən şəxs məhkəmə iclasında bildirmişdir ki, polis əməkdaşları onu saat 17:00–18:00 radələrində saxlamışdır. Lakin bu arqument iş materiallarında olan sübutlarla təkzib olunur. Belə ki, anten məlumatlarına əsasən, şəxsin mobil telefonu məhz həmin saatlarda yəni, 17:00–18:00 aralığında aktiv olmuş, müxtəlif şəxslərlə telefon danışıqları qeydə alınmışdır. Bu, onun həmin saatlarda fiziki olaraq azadlıqda və əlaqə qurma imkanında olduğunu sübut edir. Eyni zamanda, mobil telefonun bazalararası keçid məlumatları onun saat 20:43-də Bakı–Xırdalan yolu istiqamətində hərəkətdə olduğunu göstərir. Bu da həmin vaxtda şəxsin hələ saxlanılmadığını və sərbəst hərəkət etdiyini təsdiqləyir. İş materiallarında olan sübutlara əsasən, təqsirləndirilən şəxs saat 21:30 radələrində saxlanılmışdır. Bu versiya həm mobil operator məlumatları, həm də hadisənin ümumi inkişafı baxımından daha məntiqli və sübuta yetirilmiş görünür. İkincisi, təqsirləndirilən şəxs polis bölməsində fiziki zorakılığa məruz qaldığını, daha ağır cinayətlə ittiham olunacağı hədəsi ilə hazırki ittiham olunduğu cinayəti etiraf etməyə məcbur qaldığını bildirmişdir. İş materiallarında olan sənədlərə əsasən, təqsirləndirilən şəxs polis bölməsində saxlandığı vaxt onun səhhətində narahatlıq yaranmış və bununla bağlı təcili tibbi yardım xidməti çağırılmışdır. Məhkəmə göstərilən hallara münasibətdə vurğulamağı zəruri hesab edir ki, polis əməkdaşları tərəfindən şəxsin səhhətində narahatlıq yaranan zaman təcili tibbi yardım çağırılması ona qarşı zorakılıq və qeyri-insani rəftarın olmamasına dair ilkin sübutdur. Həmçinin tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, təcili tibbi yardım həkimi tərəfindən təqsirləndirilən şəxsə yerində ilkin tibbi baxış keçirilmiş, şikayət əsasında sol ətrafı müayinə olunmuşdur. Tibb işçisinin peşə borcuna və tibbi sənədləşdirmə qaydalarına uyğun olaraq, hər hansı görünən xəsarət, qançır, sıyrıq, şişkinlik və ya travmatik əlamətlər müşahidə olunsaydı, bu hal mütləq şəkildə rəsmi tibbi sənəddə qeyd edilərdi. Lakin tibbi sənəddə belə bir qeydin mövcudluğu iş materiallarında təsdiqini tapmadığı kimi, məhkəmə iclasında şahid qismində təqsirləndirilən şəxsi müayinə edən həkim də ifadəsində təqsirləndirilənin bədənində hər hansı zorakılıq əlamətlərinin müşahidə edilməsi ilə bağlı məlumat verməmişdir. Eyni zamanda xüsusilə diqqətdə saxlanılmalıdır ki, Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə Binəqədi Rayon Məhkəməsinin məlumatı əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı göstərilən xüsusat təsdiqini tapmadığından material üzrə 20 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin narahatlığının (ağrısının) mənbəyinin fiziki təzyiq olduğu sübut olunmur. Üçüncüsü, təqsirləndirilən şəxs istintaq zamanı ittiham olunduğu cinayətlə bağlı könüllü etirafedici ifadə vermiş, daha sonra istintaq orqanına və ya prokurorluğa zorakılıq barədə hər hansı şikayət etməmişdir. Halbuki, bu təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi olmamış, daha əvvəllərdə məhkumluqları olmuşdur. Bu baxımdan onun təcrübəli olması, yəni istintaq prosedurlarını bilməsi onun zorakılıqdan “qorxub” yalan ifadə verməsi ehtimalını zəiflədir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15 noyabr 2023-cü il tarixdə isə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (cild 1, i.v. 126-127). Qeyd edilən bu hallar Cinayət Məcəlləsinin 18.1-ci və 83.3.3-cü maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs əməlində residivin mövcudluğunu təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə müvafiq olaraq, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda aydın olur ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə yaranmış məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən isə, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınmalı və ona, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinun 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli 04 sentyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 13 avqust 2024-cü il tarixdən 15 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın 16 avqust 2024-cü il tarixli 5632 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış qalıq çəkisi 0,276 qram psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmənin əks olunduğu bir ədəd sd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi2 cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 48 (qırx səkkiz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 avqust 2024-cü il tarixdən 15 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət (2 gün) cəzasının müddətinə hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 04 sentyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar - Binəqədi RPİ-də saxlanılan 0,276 qram (qalıq çəki) psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd sd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ **********0000003944 SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 48 (qırx səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 288 (iki yüz səksən səkkiz) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar