Məhkəmə qərarları › İş №1(001)-166/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-166/2022

17.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-166/2022 17.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, H.Sultanov küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 16 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu «Papanin» adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 40 manata satış məqsədi olmadan,qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə 1,185 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşımaqla üzərində saxlamış, həmin gün saat 14 radələrində Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi H.Sultanov küçəsində saxlanılıb. Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən Binəqədi RPİ 40-cı PB-nə gətirilərək üzərinə baxış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş halda olan təmiz çəkisi 1,185 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, aradabir bədənində baş verən ağrılarla əlaqədar narkotik vasitə olan heroindən istifadə edir. 16.10.2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu «Papanin» adlanan yerdə tanımadığı şəxsdən öz istifadəsi üçün 40 manata narkotik vasitə hesab edilən heroini alıb üzərində saxlamışdır ki, istifadə etsin. Həmin gün saat təxminən 14 radələrində Binəqədi rayonu, Xocasən qəsəbəsi, H.Sultanov küçəsində yerləşən futbol meydançasının yaxınlığında olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 40-cı PB-nə gətirmişlər. Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən içərisində narkotik vasitə olan bir ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. Üzərindən aşkar olunmuş “heroin” adlanan narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir. Üzərindən aşkar edilərək götürülmüş bir ədəd içərisində narkotik vasitə hesab edilən heroin olan şəffaf sellofan bükülünü öz istifadəsi üçün Nəsimi rayonu “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 40 manata almışdır. Narkotik vasiəni əldə etdiyi şəxsin anket məulmatları, mobil telefon nömrəsini bilməmiş, ilk dəfədir ki, həmin şəxsdən narkotik vasitə almış və narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 40-cı PBnin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, H.Sultanov küçəsində kirayədə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olması barədə bölməyə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs zahiri əlamətləri və tez-tez harada olduğu müəyyən edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair onun tərəfindən qəbul olunmuş qərar əsasında iş yoldaşı polis sahə inspektoru, polis leytenantı Şahid1 ilə birlikdə 16 oktyabr 2021-ci il tarixdə təxminən saat 14 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Binəqədi rayonu, Xocasən qəsəbəsi, H.Sultanov küçəsind yerləşən futbol meydançasının yaxınlığında olduğunu müşahidə etmişlər. Ona yaxınlaşıb polis vəsiqəsi göstərərək özlərini təqdim edərək onun da özünü təqdim etməsini və onlarla birlikdə polis bölməsinə getməyinin vacibliyini ona bildirmişlər. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs onun saxlanmasının səbəbini anladığını bildirmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. Bundan sonra bölmənin inzibati binasındakı otaqların birində vətəndaş Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra isə vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində olan vasitənin el içində “heroin” deyilən narkotik vasitə olduğunu bildirmişdir. Ondan həmin bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə o, narkotik vasitə istifadə etməsini, həmin bükümü 16 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu “Papanin” adlanan yerdən tanımadığı şəxsdən öz istifadəsi üçün 40 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş bükülü zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən, o cümlədən onun tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək iştirakçılara imzalanması üçün təqdim edilmiş, iştirakçılar tərəfindən protokol imzalanmışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PBnin polis sahə inspektoru Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16.10.2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 16.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə Binəqədi RPİ-nin 40-cı PB-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. 16.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 16.10.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq bölməyə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş maddə aşkar edilərək götürülmüşdür. 16.10.2021-ci il tarixli, 6/4615 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,185 qram qəhvəyi rəngli bərkimi maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop vasitələr”in İ siyahısına daxildir. Qeyd: heroinin ümumi çəkisi – 1,185 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq - 1,085 qram. 18.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.10.2021-ci il tarixli, 4(001)- 1099/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 16 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. 19.10.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, eləcə də müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13.06.2018-ci il tarixli, 1(003)-160/2018 nömrəli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 07.02.2018-ci il tarixdən hesablanmışdır. Bundan başqa, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22.05.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13.06.2018-ci il tarixli, 1(003)-160/2018 nömrəli hökmü ilə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və 07.08.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. 05.12.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş maddəni təqdim edib, həmin bükülünün içərisindəki maddənin “heroin” olduğunu, onu 16 oktyabr 2021-ci il tarixdə Nəsimi rayonu «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 40 manata aldığını bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. 06.12.2021-ci il tarixli, 4892 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 30.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1,185 qram heroin iş üzrə maddi sübut kimi tanınmış və heroinin tədqiqatdan sonra qalıq qalmış 1,085 qramı saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan bir ədəd disk sübut növü kimi qiymətləndirilərək, iş materiallarına əlavə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.01.2022-ci il tarixli, 4(001)-21/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 05 fevral 2022-ci il tarixədək uzadılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13.06.2018-ci il tarixli, 1(003)-160/2018 nömrəli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 07.02.2018-ci il tarixdən hesablanmış və o, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22.05.2020-ci il tarixli qərarı ilə hökmlə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 07.08.2020-ci il tarixdə isə cəza müddəti başa çatmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.10.2021-ci il tarixli, 4(001)-1099/2021 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanma müddətinin əvvəli 16 oktyabr 2021-ci il tarixdən hesablanmış və sonuncu 16 oktyabr 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 16 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,085 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 16 oktyabr 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,085 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ **********0000003944 S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar