Məhkəmə qərarları › İş №1(001)-167/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-167/2022

21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-167/2022 21.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, xüsusi ittihamçı və mülki iddiaçı X1 nümayəndəsi “Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə2, müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Musayeva Sevinc Aydın qızının iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, müğənnilik fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Musayeva Sevinc Aydın qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Musayeva Sevinc Aydın qızının CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, təxminən 02 yanvar 2022-ci il tarixdə ona məlum olmuşdur ki, internet informasiya ehtiyatında olan kütləvi nümayiş etdirilən “YouTube” sosial şəbəkəsində özünə aid hesabda, onun əvvəllər tanımadığı, Musayeva Sevinc Aydın qızı adlı qadın (https://www.youtube.com/watch?v=ugZtTCSh9r4) özünün çəkdiyi video-çəkiliş vasitəsi ilə onun barəsində böhtan xarakterli məlumatlar yaymış və onu təhqir etmişdir. Belə ki, o, 29 dekabr 2021-ci il tarixində saat 22:30-da Bakı şəhərində yaşayan qazi X3 toy məclisində iştirak edib orada mahnı ifa edərək təbrik etməyi planlaşdırmış, qeyd edilən vaxtdan təxmini yarım saat əvvəl ora yaxınlaşmışdır. Həmin vaxt orada ondan başqa digər sənətçilərin da olduğunu görmüşdür. Onu qazinin qohumları və dostları qarşılamışlar. Oxumaq üçün onun növbəsi çatanda əvvəllər tanımadığı Sevinc Musayeva adlı qadının səhnədə mahnı oxuduğunu görmüşdür. Sevinc Musayeva təxminən 20-25 dəqiqə ərzində mahnı ifa etmiş, o, da sonuncunun ifasını bitirməsini gözləmişdir. Sevinc Musayeva ifasını bitirdikdən sonra isə o, səhnəyə daxil olaraq mahnı ifa etməyə başlamışdır. Qazinin qohumları bir-neçə dəfə ona yaxınlaşaraq Sevinc Musayevadan ifasını yekunlaşdırmasını istəyəcəklərini dedikdə, o, buna qarşı olduğunu, heç bir yerə tələsmədiyini, Sevinc Musayeva mahnısını ifa edib qurtardıqdan sonra mahnılarını ifa edəcəyini bildirmişdir. X13 toy məclisində baş verməyən hadisəni uyduraraq qalmaqalla məşhurlaşmaq istəmişdir. Bu məqsədlə X9 informasiya ehtiyatında olan kütləvi nümayiş etdirilən “YouTube” sosial şəbəkəsində özünə aid hesabda (https://www.youtube.com/watch?v=ugZtTCSh9r4) onun barəsində bilə-bilə onu nüfuzdan salan yalan məlumatlar yayaraq ona böhtan atmış, həmçinin onu təhqir etmişdir. Sevinc Musayeva qeyd edilən çıxışını ev şəraitində özü xx.xx.2021-ci il tarixdə çəkərək “YouTube” sosial şəbəkəsində özünə məxsus hesabda yerləşdirmişdir. Daha sonra isə qeyd edilən video-çəkiliş, xx.xx.2021-ci il tarixdə saat 09:40-da “Axşam.az” informasiya saytında “X14 yaşadığı qalmaqalın pərdə arxasını açıqladı” başlığı altında (https: //axsam.az/news/140588-sevinc-miri-yusifle-yasadigiqalmaqalin-perde-arxasini- ciqladi), 31 dekabr 2021-ci il tarixdə saat 16:08-də “”Sən insanlıqdan kənar birisən” –X15 arasında Qalmaqal” başlığı altında “Polemika.az” xəbər saytında (https://polemika.az/s%C9%99n-insanliqdan-k%C9%99nar-biris%C9%99nsevincl%C9%99-miri-yusif-arasindaqalmaqal) və digər kütləvi informasiya saytlarında dərc edilmişdir. Onun tərəfindən bu ərizə yazılarkən, kütləvi nümayiş etdirilən İnternet informasiya ehtiyatında olan “YouTube” sosial şəbəkəsində Sevinc Musayevaya aid hesabda (https://www.youtube.com/watch?v=ugZtTCSh9r4) onun barəsində yerləşdirdiyi video-çəkilişə bir-neçə gün ərzində 83097 müxtəlif şəxslər tərəfindən baxış olmuş, 847 şəxs həmin video-çəkilişə öz münasibətini yazılı olaraq bildirmişdir. “Axşam.az” (https://axsam.az/news/ 140588-sevinc-miri-yusifle-yasadigi-qalmaqalin-perde-arxasiniaciqladi) kütləvi informasiya saytında isə həmin çəkilişə 8199 dəfə müxtəlif şəxslər tərəfindən baxılmışdır. Qeyd edilən baxışların sayı Sevinc Musayeva tərəfindən çəkilmiş videogörüntünün və orada onun barəsində dediyi böhtanların və təhqirlərin çoxsaylı insanlara kütləvi nümayiş etdirilməsini bir daha sübut edir. Həmin video-çəkilişlə Sevinc Musayeva məhz onun adından istifadə edərək məhşurlaşmaq istəmiş, həmin videoçəkilşin altında internet informasiya resursunda özünü reklam etmək məqsədi ilə özünün əvvəllər yerləşdirdiyi video-çəkilişlərə keçid kimi istifadə etmək üçün #sevincmusayeva #bakiliqiz “heşteq”ləri yerləşdirmişdir ki, onun barəsində yerləşdirdiyi video-çəkilişə baxan şəxslər həmin “heşteq”lərdən istifadə edərək Sevinc Musayevanın kim olmasını görsünlər. Sevinc Musayeva onun adından “istifadə” etməklə hal-hazırda qismən də olsa “məhşurlaşmışdır”. Belə ki, internet informasiya ehtiyatında Sevinc Musayevanın videogörüntülərinin arasında onun barəsində çəkilmiş video-çəkiliş, Sevinc Musayevanın çəkdiyi video-çəkilişlər arasında ən çox izlənilən video-çəkilişlər arasında olmuş və bu zaman ona baxış sayı bir neçə günə Sevinc Musayevanın əvvəllər çəkdirdiyi digər video-çəkilişlərinin illər ərzində topladığı baxış sayından dəfələrlə çox olmuşdur. Sevinc Musayevanın həmin çıxışında qeyd etdiyi xüsusatların hamısı ona qarşı böhtan olmuşdur. Qeyd edilən toyda o, heç kimi Sevinc Musayevanın yanına göndərməmiş və heç kimə ifasını kəsməsini deməmişdir. Sevinc Musayeva video-çəkilişində də heç bir yerdə şəxsən onun mahnı ifasını kəsməsini istəməsini deməmişdir. Belə olan, halda Sevinc Musayevanın ifasını kəsməyi tələb edən şəxsləri məhz onun göndərməyini deməsi ən azından əsassız olmuşdur. Çünki belə bir hadisə olmamış, nə o, Sevinc Musayevadan ifasını kəsməyi tələb etməmiş, nə də ki, bunu etmək üçün yanına heç kimi göndərməmişdir. Bunu ifadələrində həm toyu olan qazi X4, həm də onunla həmin məclisdə iştirak edən X6 və X10 və həmin toyda iştirak edən digər şəxslər də təsdiq edə bilərlər. X11 video-çəkilişdə dediyi hadisələr həqiqətən olsa idi, o elə həmin vaxt ona yaxınlaşaraq, bununla əlaqədar öz etirazını bildirə bilərdı. Sevinc Musayevanın bunu etməməsi, bunu bir gün sonra və məhz video-çəkiliş vasitəsi ilə internet üzərindən yayaraq deməsi, ona qarşı dediklərinin məhz “məşhurlaşmaq”, “gündəmə düşmək”, “məndə varam” demək istəməsindən irəli gəlmişdir. Sevinc Musayeva qeyd edilən video-çəkiliş zamanı dediyi ifadələrlə ona böhtan atmış və təhqir etmişdir. Sevinc Musayeva çıxışında daim onun xalq artisti olmağını vurğulayaraq ona böhtan ataraq, xalq artisti adının ona əsassız verilməsini demiş, onun və digər xalq artistlərinin hansısa qurum yaratmaqları barədə ona və onunla bərabər digər xalq artistlərinə böhtan atmışdır. Azərbaycan Respublikasında xalq artisti və digər bu kimi fəxri adların verilməsi Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli 706 saylı fərmanı ilə tənzimlənmiş və qeyd edilən Fərmanda göstərilmişdir ki, həmin fəxri adlar mədəniyyət, ədəbiyyat, elm, təhsil və səhiyyə sahələrinin inkişafında, ümumiyyətlə ölkənin tərəqqisi yolunda böyük nailiyyətlər qazanmış şəxslərin əməyinin qiymətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən verilir. O, Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının “Xalq artisti” fəxri adı ilə təltif edilmişdir. Sevinc Musayeva isə öz video-çəkilişində daim onun əldə etdiyi nailiyyətləri öz zəhmətilə deyil, guya kiminsə qarşısında əyilməyi və kiməsə yaltaqlanmaqla əlaqələndirmişdir. Ona qarşı bilərəkdən böhtan ataraq, onun şərəf və ləyaqətini alçaltmış, cəmiyyətdə olan mövqeyinə zərbə vuraraq, onu nüfuzdan salmışdır. X9 informasiya ehtiyatında olan, kütləvi nümayiş etdirilən, “YouTube” sosial şəbəkəsində özünə aid olan hesabda (https://www.youtube.com/watch?v=ugZtTCSh9r4) xx.xx.2021-ci il tarixdə yayımlanmış video-çəkilişində qəsdən, bilə-bilə onun barəsində böhtan xarakterli məlumatlar yayaraq ona qarşı CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini, həmçinin onu söyərək təhqir etməklə CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Xüsusi ittihamçı X1 nümayəndəsi “Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Musayeva Sevinc Aydın qızı tərəfindən iddiaçı X1 şərəf və ləyaqətinin, işgüzar nüfuzunun ləkələnməsinə səbəb olan yalan məlumatlar yaydığı vasitədən istifadə etməklə təkzib edilməsi vəzifəsi cavabdeh Musayeva Sevinc Aydın qızının üzərinə qoyulması, şərəf və ləyaqətə, işgüzar nüfuza dəymiş zərərin əvəzi olaraq cavabdeh Musayeva Sevinc Aydın qızından 15.000 (on beş min) manat məbləğində pulun və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun tutularaq X1 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasına çağırılmış xüsusi ittihamçı və mülki iddiaçı X1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X2 məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Musayeva Sevinc Aydın qızının CM-in 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-167/2022 nömrəli qərarından görünür ki, X1 Musayeva Sevinc Aydın qızı barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilmiş, Musayeva Sevinc Aydın qızı CM-in 147.1 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində qətimkan tədbiri seçilməmişdir. X2 xüsusi ittihamçı qismində tanınmış, mülki iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, X2 mülki iddiaçı qismində, Musayeva Sevinc Aydın qızı isə mülki cavabdeh qismində tanınmışdır. xx.xx.2022-ci il tarixdə xüsusi ittihamçı və mülki iddiaçı X1 məhkəməyə təqdim etdiyi ərizədə qeyd edilmişdir ki, o, Musayeva Sevinc Aydın qızı barəsində xüsusi ittiham qaydasında şikayət ərizəsi və ona dəymiş mənəvi ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Musayeva Sevinc Aydın qızı sosial şəbəkə vasitəsilə ondan üzr istədiyi üçün sonuncu ilə barışmış, Sevinc Musayevadan heç bir şikayəti və tələbi yoxdur. Odur ki, həmin ərizələrlə əlaqədar araşdırmaya xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs və mülki cavabdeh Musayeva Sevinc Aydın qızının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, X2 ilə barışmışdır. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata, eləcə də, mülki iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında CM-in 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. CPM-in 38.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. CPM-in 39.1.9-cu maddəsinə əsasən zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. CPM-in 43.1.1-ci maddəsinə məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il № 3 Qərarının 17-ci bəndinə görə xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzrlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir (CPM-nın 43.1.1 və 43.2-ci maddələri). Məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayət üzrə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla xitam verilməsi haqqında qərarın qəbul edilməsi zərərçəkmişin təkrarən eyni ittiham üzrə məhkəməyə müraciət etməsini istisna edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 fevral 2009-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. CPM-in 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. CPM-in 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. CPM-in 381.1-ci maddəsinə görə birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittihamçı və mülki iddiaçı X2 təqsirləndirilən şəxs və mülki cavabdeh Musayeva Sevinc Aydın qızı ilə barışdığından iş üzrə icraata xitam verilməlidir. Bundan başqa məhkəmə, iş üzrə mülki iddiaçı qismində tanınmış xüsusi ittihamçı X1 mülki iddiadan imtina etməsi barədə müraciətini nəzərə alaraq, verilmiş mülki iddia üzrə icraata xitam verilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 41, 43, 186, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Xüsusi ittihamçı X2 təqsirləndirilən şəxs Musayeva Sevinc Aydın qızı ilə barışdığından xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam verilsin. İş üzrə mülki iddiaçı qismində tanınmış xüsusi ittihamçı X2 tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar