Məhkəmə qərarları › İş №1(001)-167/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-167/2025

16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-167/2025 16.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, 9 iyul 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,385 qram narkotik vasitə olan heroini 1 ədəd siqaretin gümüşü kağızma bükülmüş vəziyyətdə əldə edərək, əynində olan açıq boz rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə saat 18:15-də Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Koroğlu küçəsində yerləşən çörək sexinin yaxınlığında saxlanılaraq Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 191 ünvanında yerləşən həmin polis şöbəsinə gətirilmiş və həmin tarixdə saat 20:40-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan açıq boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,385 qram olan qəhvəyi rəngli, toz şəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, ittihamda qeyd olunmuş küçədə olmamış, üzərində telefon olmasında baxmayaraq, ittihamda qeyd edilir ki, üzərində telefon olmamışdır. Üzeyir Hacıbəyov küçəsi, ev 21-dən çıxmış, oradan Svetlana Məmmədova küçəsi 209, 207, 203 və 201 ünvnalarında olmuş, sonra isə pul çıxardıb 6-cı mikrorayon ərazisinə gələrək dönər alaraq yemişdir. Ümumiyyətlə, o, ittihamda qeyd edilən küçədə olmamışdır. Video çəkiliş aparılan zaman üzərində telefon olmamış, həmin vaxt telefonu təhvil vermişdir. Üzərində narkotik vasitə olmaması barədə müdafiəçisinə məlumat verməmiş, həmçinin dişinin qırılmasını da ekspertə bildirməmişdir. O, saxlanılan zaman onu saxlayanlardan biri Şahid2 olmuş, digərinin isə Şahid1 olub-olmamasını tam xatırlaya bilmir. Lakin onu saxlayanlar iki nəfər olmuş və onu S.Məmmədova küçəsində saxlamışlar. Şahid2 orada olmasında tam əmindir, lakin Şahid1 xatırlaya bilmir. Müdafiəçisinə və barəsində qətimkan tədbiri seçilməsi ilə verilmiş vəsatətə baxan prokurora qeyd olunanlar barədə heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs son sözündə heç cinayət törətmədiyini və üzərində heç bir şey olmadığını, ittihamda qeyd edilən yerdə olmadığını bildirərək barəsində ədalətli hökm çıxarılması xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 Sücəddin oğlu ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında 9 iyul 2024-cü ildə saat 18:15-də polis əməkdaşı Şahid1la birlikdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Koroğlu küçəsində yerləşən çörək sexinin yaxınlığında Əliyev X2 4-cü polis şöbəsinə gətirmişlər. Şöbədə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncu üzərində olan narkotik vasitəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəni Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» deyilən yerdən tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Əliyev X3 zaman yanında Emin Quliyev adlı şəxs olmuş, həmin Emin Quliyev adlı şəxs də saxlanılmışdır. Saxlanılarkən və polis bölməsində olarkən onlara qarşı hər hansı fiziki və ya psixi zorakılıq olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 4-cü PŞ-in əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və X6 qanunsuz olaraq psixotrop maddə və narkotik vasitəni əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, ondan və 4-cü polis şöbəsinin sahə inspektoru, polis leytenantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Onlar həmin əməliyyat məlumatı əsasında 9 iyul 2024-cü ildə saat 18:15-də Təqsirləndirilən şəxs və Emin Quliyevə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Koroğlu küçəsində yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra həmin şəxsləri 4-cü polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmamasına dair bildirkləri yalandır. Şöbədə keçirilmiş şəxsi axtarış zamanı özü şəxsən üzərində olan narkotik vasitəni təqdim etmiş, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini də etiraf etmişdir. Saxlanılarkən və polis bölməsində olarkən onlara qarşı hər hansı fiziki və ya psixi zorakılıq olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:00-da şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 18:15-dən hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülməli olan əşya və sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Azərbaycan Respublikası CPM-nin 247.1.9-cu maddəsinə əsasən şəxsi-axtarış nəticəsində Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli cins şalvarının sağ yan cibində 1 ədəd siqaretin gümüşü kağızma bükülmüş bükümü cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması tələb edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin adını deməklə təqdim etməsi təklif olunmuş, o, 1 ədəd siqaretin gümüşü kağızma bükülmüş bükümün içərisində olan maddənin “Heroin” olduğunu bildirmiş, ondan həmin bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə, markotik vasitə olan heroin istifadə etməsini, həmin bükümü 9 iyul 2024-cü il tarixdə saat 16 radələrində öz istifadəsi üçün Bakı şəhəri Nəsimi rayonu “Kubinka” deyilən ərazidən tanımadığı şəxsdən 10 manata müqabilində şəxsi istifadəsi üçün üzərində əldə edib gəzdirdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş siqaretin gümüşü kağızna bükülmüş büküm elektron tərəzidə çəkilmiş və tərəzidə 0,51 qram göstərmişdir. Azərbaycan Respublikası CPM-nin 247.1.8-ci maddəsinə əsasən, şəxsi axtarış aparılarkən "Sony" markalı videokameradan istifadə edilmiş və çəkiliş iştirakçılara nümayiş etdirilməsi üçün dayandırılmışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət verilməmiş, protokol tərtib olunmuş və hər bir iştirakçı tərəfindən imzalanmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində “Kubinka” adlanan ərazidə Emin birlikdə heroin əldə etdiyini, həmin narkotik vasitəini üzərində daşıdığını, saat 18:15 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq 4-cü polis şöbəsinə gətirildiyini və bölmədə keçirilmiş şəxsi axtarış zamanı üzərində olan narkotik vasitə heroini təqdim etdiyini bildirməklə törətdiyi əməli etiraf etmiş və həmin protokol onun özü və müdafiəçisi tərəfindən imzalanmışdır. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3557 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd kağız zərfin içərisində 1 ədəd bükümdəki təmiz çəkisi 0,385 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza rəyinə əlavə edilmiş aktdan görünür ki, 0,385 qram maddə qəbul edilmiş, 0,05 qram nümunə götürülmüş, 0,335 qram maddə geri qaytarılmışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki manat) manat olmuşdur. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində “Kubinka” adlanan ərazidə Emin birlikdə heroin əldə etdiyini, həmin narkotik vasitəini üzərində daşıdığını, saat 18:15 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq 4-cü polis şöbəsinə gətirildiyini və bölmədə keçirilmiş şəxsi axtarış zamanı üzərində olan narkotik vasitə heroini təqdim etdiyini bildirməklə törətdiyi əməli etiraf etmiş və həmin protokol onun özü və müdafiəçisi tərəfindən imzalanmışdır. xx.xx.2024-cü il tarixli “DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 9 iyul 2024-cü il tarixdə Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin xidməti otağında Əliyev X1 şəxsi axtarış və götürmədən əvvəl iştirakçıların tərkibi elan olunaraq hüquqları izah edilir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanır. Şəxsi axtarış keçirilməzdən əvvəl iştirakçılarin tərkibi elan edilir, Təqsirləndirilən şəxs və iştirakçılara hüquq və vəzifələri izah edilir. Daha sonra Təqsirləndirilən şəxs axtarış qərarı ilə tanış edilərək üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoydu. Büküm açıldıqda içərisində qəhvəyi rəngli, toz şəkilli maddənin olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdəki maddənin adını deməklə təqdim etməsi təklif olundu o, həmin 1 ədəd bükümün içərisində olan maddənin “Heroin” deyilən narkotik vasitə olduğunu bildirdi, ondan həmin bükümü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyi sual edildikdə, o, narkotik vasitəni 9 iyul 2024-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» adlanan yerdə tanımadığı şəxsdən 10 manat müqabilində alaraq öz istifadəsi üçün üzərində saxlamasını bildirdi. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildi, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanıldı, onun geyindiyi paltarların ciblərinə baxıldı, lakin hər hansı bir əşya aşkar edilmədi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd büküm zərfdə qablaşdırıldı, Azərbaycan Respublikası DİN-nin 173 nömrəli möhürü ilə möhürləndi və iştirakçılar tərəfindən imzalandı. xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, 0,335 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmiş və o, saxlandığı Binəqədi RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxs Ambulator X4 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 4778 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicǝyǝ ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il, 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş (CM 66.5; 68.1.1-1; 69,3), xx.xx.2023-cü il tarixdə cəzasının 2 ay 9 gün hissəsini çəkməkdən vaxtında əvvəl şərti azad olunmuş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-212/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-341/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək həbsdə saxlandığı 2 (iki) gün cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-212/2022 saylı hökmü ilə təyin edilmiş 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla cəmi 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası kimi müəyyən edilərək Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il, 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli 20 iyul 2022ci il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tutularaq 4-cü polis şöbəsinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınaraq saxlanıldığı MSY-dən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasın əks etdirən 1 ədəd disk maddi sübut kimi tanınmışdır. Məhkəmə iclasında maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi zamanı aparılmış videoçəlişin qeydə alındığı diskə baxış keçirilmiş və disklərdə olan video görüntülərin xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolla uyğunluq təşkil etməsi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və üzərində saxlanıldığı zaman narkotik vasitə olmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, məhkəmə iclasında maddi sübut kimi tanınmış və şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış video-görüntünü əks etdirən diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni özü təqdim edir və həmin maddənin özünə məxsus olmaması barədə hər hansı fikir bildirmir, şəxsi axtarış və götürmə barədə protokolu isə imzası ilə təsdiq edir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş şahidlər Şahid2 Sücəddin oğlu və Şahid1 eyni məzmunlu ifadələr verərək bildirmişlər ki, Təqsirləndirilən şəxs 9 iyul 2024-cü ildə saat 18:15-də Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Koroğlu küçəsində yerləşən çörək sexinin yaxınlığında saxlanılaraq Binəqədi RPİ-nin 4-cü polis şöbəsinə gətirilmiş, Binəqədi RPİ-nin 4-cü polis şöbəsində keçirilmiş şəxsi axtarış zamanı üzərində olan narkotik vasitəni çıxarıb təqdim etmişdir. Həmçinin təqdim etdiyi narkotik vasitəni Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» deyilən yerdən tanımadığı şəxsdən 10 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, şahidlərin verdiyi ifadələr digər iş materiallarına uyğun olmuş, təqsirləndirilən şəxsin bildiriklərinin əksinə iş materialları ilə ziddiyyət təşkil etməmişdir. Həmçinin qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələr də şahidlərin məhkəmə iclasında bildirdikləri ilə üst-üstə düşür. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs həm şübhəli şəxs, həm də təqsiləndirilən şəxs qismində ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə tərtib edilmiş protokolları özü və müdafiəçisi imzalamış, ibtidai istintaq zamanı məhkəmə iclasında qeyd etdikləri barədə nə müdafiəçisinə, nə də onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətə baxarkən prokurora hər hansı məlumat verməmiş, qeyd edilənlərlə bağlı məhkəmə nəzarəti qaydasında isə hər hansı şikayət verməmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Cinayət əməlinin törədildiyi zaman qüvvədə olan: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “narkotik vasitələr” adlı İ siyahıya əsasən təmiz çəkisi 0,15 qram olan narkotik vasitə heroin xeyli miqdar, 2 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə tam əhatə olunduğundan təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmədə araşdırılmış iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-341/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2021ci ildən xx.xx.2021-ci ilədək həbsdə saxlandığı 2 (iki) gün cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, ona Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-212/2022 saylı hökmü ilə təyin edilmiş 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla cəmi 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası kimi müəyyən edilərək Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il, 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli 20 iyul 2022-ci il tarixdən hesablanmış, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 09 gün hissəsini şəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çxarılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasından xx.xx.2023-ci il tarixdə şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra iki il müddət keçmədən, yəni xx.xx.2024-cü il tarixdə qəsdən hazırki cinayət əməlini törətmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Məhkəmədə araşdırılmış iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olmaqla 2 (iki) gün müddət şübhəli və təqsirləndirilən şəxs statusunda tutulmuşdur. Bundan başqa onun barəsində axtarış elan edilmiş və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 (iki) gün müddət olmaqla tutulmuş, daha sonra barəsində seçilmiş qətimkan tədbiri nəzərə alınmaqla müvəqqəti saxlama yerindən azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ümumilikdə 4 (dörd) gün müddət tutulmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olmaması və ağırlaşdıran halın (cinayətin residivi) olması ilə yanaşı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona sadə residivə görə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli (CM-65.2.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclası zalından həbs edilməli, cəza müddətinin əvvəli 16 yanvar 2025-ci il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli (CM-56.1.3), ibtidai istintaq zamanı tutulduğu ümumilikdə 4 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı (CM-69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalan təmiz çəkisi 0,335 qram çəkidə olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), 92 (doxsan iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu ümumilikdə 4 (dörd) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il, 5 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,335 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 92 (doxsan iki manat) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X5 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar