Məhkəmə qərarları › İş №1(001)-168/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-168/2022

13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-168/2022 13.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X7 yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını gizli talama məqsədi ilə 05.09.2021-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs və ailə üzvlərinin evdə olmadıqlarından istifadə edərək sonuncuya məxsus, ünvan 3 ünvanında yerləşən iki mərtəbəli həyət evinin daş hasarının üzərindən aşmaqla həyətinə, oradan isə pəncərəsi üzərində olan qoruyucu dəmir barmaqlıqları özü ilə əvvəlcədən gətirdiyi dəmir parçası ilə qıraraq plastik pəncərənin qıfılını açıb evin içərisinə qanunsuz daxil olaraq birinci mərtəbədəki qonaq otağından bir ədəd dəyəri 550 (beş yüz əlli) manat olan “Hoffman” markalı televizoru və mətbəxdən bir ədəd dəyəri 100 (bir yüz) manat olan samovarı gizli talayıb ümumilikdə əmlak sahibi Zərərçəkmiş şəxs 650 (altı yüz əlli) manat məbləğində maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 21.10.2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Nəsimi rayonu «Papanin» adlanan ərazidən istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda – 0,259 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə «heroini» satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22.10.2021-ci il tarixdə saat 13:00-da yaşadığı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi «DSK Yolu» adlanan ərazidəki qəbiristanlığın yaxınlığında saxlanılaraq gətirildiyi Polis Bölməsinin ünvan 4 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli vilvet şalvarın sağ yan cibindən içərisində 0,259 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə «heroin» olan bir ədəd gümüşü rəngli kağız büküm aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitələrin istifadəsi və oğurluq əməlləri üzrə məhkum olunmuş, sonuncu məhkumluğu üzrə 2021-ci ilin iyul ayında cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. O, narkotik vasitə aludəçisidir və maddi imkanı çox pis olmuşdur. 05.09.2021ci il tarixdə gecə saatlarında narkotik vasitə almaq üçün pul əldə etmək məqsədi ilə ünvan 3 ünvanında yerləşən iki mərtəbəli yaxşı təmirli fərdi həyət evində işıqlarının yanmadığını görmüşdür. Evdə heç kimin olmadığı və zəngin ev kimi göründüyü üçün həmin evdə pul və qiymətli əşyalar olmasını etimal edərək oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə hava qaralandan sonra həmin evə yaxınlaşmış, ətrafda bir qədər müşahidə apardıqdan sonra evdə heç kimin olmadığına tam əmin olmuşdur. Sonra oradakı qaz borusu və işıq dirəyinə dırmaşaraq evin daş hasarının üzərinə qalxmış, oradan isə həyətə atlanmışdır. Evin giriş qapısının yanında olan pəncərənin üzərində olan qoruyucu dəmir barmaqlığı özü ilə əvvəlcədən götürdüyü dəmir parçası ilə divardan aralayaraq bədəni keçməsi üçün dəlik yaratmış, daha sonra həmin dəmir parçası ilə plastik pəncərəyə güc gələrək kilidini açıb evin içərisinə daxil olmuşdur. Hər iki mərtəbədəki otaqları axtarsa da heç bir pul və ya qızıl-ziynət əşyası tapa bilməmişdir. Ona görə də birinci mərtəbədəki qonaq otağından bir ədəd «Hoffman» markalı plazma televizoru və mətbəxdən bir ədəd orta ölçülü samovarı götürüb evdən həyətə düşmüşərək oradan uzaqlaşmışdır. Oğurluq edən zaman tək olmuş və həmin əşyaları evinə özü aparmışdır. Onları gecə öz evində saxlamış, səhəri gün isə aparıb satmışdır. Televizoru küçədə təsadüfən rastlaşdığı və əvvəllər tanımadığı bir nəfər şəxsə öz əmlakı kimi təqdim edib, Biləcəri qəsəbəsində Məlik Aslanov küçəsindəki avtodayanacaqda 50 (əlli) manata satmışdır. Samovarı isə Biləcəri qəsəbəsindəki «Vüsal» şadlıq evinin yaxınlığındakı əlvan metal qəbulu məntəqəsinə öz əmlakı kimi təqdim etməklə 30 (otuz) manata satmışdır. Əldə etdiyi pulları isə narkotik vasitələrin əldə edilməsnə xərcləmişdir. Bundan başqa, 21.10.2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Nəsimi rayonu «Papanin» adlanan ərazidə üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən öz istifadəsi üçün 30 manata kağız bükümdə olan heroin alıb yaşadığı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi, X4 evinə gəlmişdir. Aldığı həmin narkotik vasitənin bir hissəsini qəbul etmiş qalan hissəsini isə sonra istifadə etməsi üçün ciində gizlətmişdir. Səhəri gün günorta saatlarında evdən çıxıb Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi DSK Yolu adlanan ərazi ilə piyada hərəkət edərkən oradakı qəbirstanlığın yaxınlığında onu iki nəfər mülki geyimli polis əməkdaşı saxlayaraq özlərini təqdim etmişlər və ondan özünü təqdim etməsini tələb etmişlər. Onlara adını, soyadını dedikdən sonra polis əməkdaşları barəsində məlumat daxil olduğunu və bununla əlaqədar onlarla Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gedərək üzərinə baxış keçirmək lazım olduğunu bildirmişlər. O, polislərə etiraz etməmiş və polislərlə birlikdə bölməyə getmişdir. Oradakı otaqlardan birində videoçəkiliş aparmaqla üzərinə baxış keçirilən zaman üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmadığı soruşulmuş, o da könüllü olaraq əynindəki qara rəngli vilvet şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan kağız bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq həmin bükümün içərisindəki maddənin narkotik vasitə heroin olmasını, onu Biləcəri qəsəbəsində tanımadığı şəxsdən 30 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra narkotik vasitə zərfə qoyularaq, protokol tərtib edilmiş və tərəflərindən imzalanmışdır. Maddi imkanı olmadığından zərərçəkmiş şəxsin pulunu qaytara bilməmiş və həmin ziyanın əvəzini ödəməyə imkanı yoxdur. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Kamil oğlu ifadəsində göstərmişdir ki, artıq bir neçə ildir ki, ailəsi ilə birlikdə ünvan 6 ünvanında yerləşən iki mərtəbəli fərdi həyət evində yaşayır. Həyəti dörd bir tərəfdən daş hasarla əhatə olunur, birinci mərtəbəsinin pəncərələri üzərində qoruyucu dəmir barmaqlıqlar var, ön tərəfdən dəmir darvazası və giriş qapısı var, lakin müşahidə videokameraları yoxdur. 05.09.2021-ci il tarixdə səhər saatlarında arvadı və azyaşlı oğlu evdən çıxıb qayınatasıgilə qonaq getmişlər, saat 11 radələrində də özü evin qapı pəncərəsini qıfıllayıb işə getmişdir. Həmin gecə o, işdə, ailə üzvləri isə qayınatasıgildə gecələmişlər, ona görə də evləri boş qalmışdır. Səhəri gün qonşulardan kimsə arvadı Samirəyə zəng vuraraq bildirmişdir ki, evlərinin darvaza qapısı açıq vəziyyətdədir. Bu barədə məlumat alan kimi evə getmiş və görmüş ki, həqiqətən də evin darvazasındakı giriş qapısı açıq vəziyyətdədir, evin birinci mərtəbəsindəki mətbəxin pəncərəsinin üzərində olan qoruyucu dəmir barmaqlıq yarı hissəsinədək yerindən qoparılıb, pəncərə açılıb, evin birinci və ikinci mərtəbəsindəki otaqların əşyaları dağınıq vəziyyətdədir, birinci mərtəbədəki qonaq otağındakı «Hoffman» markalı plazma televizoru və mətbəxdəki samovar yerində yoxdur. Anlamış ki, evindən oğurluq baş verib, ona görə də ərazi aidiyyəti üzrə Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gedərək baş vermiş oğurluq hadisəsi ilə əlaqədar şikayət ərizəsi ilə müraciət etmişdir. Ərizəsi əsasında araşdırma başlamış, hadisə yerinin müayinəsi keçirilmişdir. Sonradan polisdən məlumat vermişlər ki, evindən oğurluq etmiş şəxs müəyyən edilərək saxlanılıb, əvvəllər dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxsdur. Oğurlanmış «Hoffman» televizorunun qiyməti 550 (beş yüz əlli) manat, samovarın qiyməti 100 (bir yüz) manat olmaqla ümumilikdə baş vermiş hadisə nəticəsində ona 650 (altı yüz əlli) manat məbləğində maddi zərər dəymişdir. Hazırda ona vurulmuş maddi ziyan ödənilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 22.10.2021-ci il tarixdə bölməyə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş, ondan və bölmənin sahə inspektoru polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu ilə birlikdə məlumatda göstərilən ünvana yollanmışlar və Təqsirləndirilən şəxs 22.10.2021-ci il tarixdə saat təxminən 13 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi DSK Yolunda yerləşən qəbirstanlığın yaxınlığında müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib, barəsində məlumat daxil olduğunu bildirərək onu bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və birlikdə xidməti avtomobilə əyləşərək yaxınlıqdakı Binəqədi RPİ-nin 6-cı PB-nin ünvan 4 ünvanında yerləşən inzibati binasına gəlmişlər. Orada növbədə olan təhqiqatçı Rövşən Məmmədov müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuş, saxlanılan Təqsirləndirilən şəxs üzərində axtarış aparılacağı bildirilmişdir. Axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf edərək əlini əynindəki qara rəngli cins şalvarın sağ yan cibinə salaraq oradan bir ədəd içərisində qəhvəyi rəngli tozşəkilli kütlə olan siqaret qutusunun gümüşü kağızdan hazırlanmış bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə «heroin» olmasını, onu öz şəxsi istifadəsi üçün tutulmazdan bir gün əvvəl Bakı şəhəri Nəsimi rayonu «Papanin» adlanan ərazidən tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qablaşdıraraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında narkotik vasitələrin satışı ilə məşğul olması və narkotik vasitələri əldə etdiyi mənbələri barədə qeyd olunmasa da, onun Biləcəri qəsəbəsi ərazisində oğurluqla məşğul olması bildirilmiş və sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həqiqətən də tərəflərindən saxlanılmamışdan bir neçə gün əvvəl Biləcəri qəsəbəsi Xəqani küçəsi ev 46 ünvanından, Zərərçəkmiş şəxs Kamil oğluna məxsus fərdi həyət evinə pəncərədən qanunsuz daxil olmaqla bir ədəd televizor və bir ədəd samovar oğurlamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin polis sahə inspektoru Şahid2, məhkəmə baxışı zamanı dindirilmiş digər şahid Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasına çağırılmış Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 22.10.2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 22.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələri əldə edərək daşıması və saxlaması barədə Binəqədi RPİ-nin 6-cı PB-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. 22.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 22.10.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq bölməyə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli vilvet şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş maddə aşkar edilərək götürülmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.10.2021-ci il tarixli, 5(001)- 1535/2021 nömrəli qərarından görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 “əməliyyat-axtarış təbdirlərinin həyata keçirilməsi haqqında” 22.10.2021-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. 23.10.2021-ci il tarixli, 6/4716 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,259 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Qeyd: heroinin ümumi çəkisi – 0,259 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq - 0,209 qram. 24.10.2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 0,259 qram heroin iş üzrə maddi sübut kimi tanınmış və heroinin tədqiqatdan sonra qalıq qalmış 0,209 qramı saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş və iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan bir ədəd disk sübut növü kimi qiymətləndirilərək, iş materiallarına əlavə edilmişdir. 24.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 24.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad olunaraq, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 24.10.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin inzibati otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, üzərində narkotik vasitə olmasını etiraf edərək əlini əynindəki qara rəngli cins şalvarın sağ yan cibinə salaraq oradan bir ədəd içərisində qəhvəyi rəngli tozşəkilli kütlə olan siqaret qutusunun gümüşü kağızdan hazırlanmış bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün bir gün əvvəl Bakı şəhəri Nəsimi rayonu Papanin adlanan ərazidən tanımadığı şəxsdən 30 manata aldığını bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. 25.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurluq etməsi ilə əlaqədar toplanmış HK-1/1964 nömrəli material barəsində CM-in 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilərək, cinayət işi CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. 09.09.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 05.09.2021-ci il tarixdə olan oğurluq hadisəsi ünvan 3 ünvanında baş vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.10.2021-ci il tarixli, 4(001)- 1130/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 yanvar 2022ci il tarixədək həbs qətimkan tədbiri seçilərək həbsdə saxlanılma müddətinin əvvəli 25 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. 26.10.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, istintaq verdiyi ifadəsini təsdiq etməklə hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. 26.10.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş sənəddən görünür ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi «Abidə Dairəsi» adlanan ərazidə yerləşən metal qəbulu məntəqəsinə baxış keçirilmiş və məntəqənin işçisi Şahid3 “06.09.2021, Vətəndaş Təqsirləndirilən şəxs bir ədəd 7 litr tutumlu işlənmiş samovarı 28 manat aldım” yazısı olan Təqsirləndirilən şəxs məxsus AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətini təqdim etmiş, həmçinin məntəqənin qeydiyyat jurnalına baxış keçirilən zaman jurnalda 06.09.2021-ci il tarixdə qeydə alınmış «Samka - 28 m» yazısı əks olunmuş vərəqin 01 ədəd “A-4” formatlı kağızda çap edilmiş surəti aşkar edilərək götürülmüşdür. 26.10.2021-ci il tarixli qərarlardan görünür ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi «Abidə Dairəsi» adlanan ərazidə yerləşən metal qəbulu məntəqəsinin qeydiyyat jurnalında 06.09.2021-ci il tarixdə qeydə alınmış «Samka - 28 m» yazısı əks olunmuş vərəqin 01 ədəd “A-4” formatlı kağızda çap edilmiş kserosurəti və həmin metal qəbulu məntəqəsinin işçisi Şahid3 tərəfindən təqdim edilmiş üzərində “06.09.2021, Vətəndaş Təqsirləndirilən şəxs bir ədəd 7 litr tutumlu işlənmiş samovarı 28 manat aldım” yazısı olan Təqsirləndirilən şəxs məxsus AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin kserosurəti iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. 11.11.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinn 10.12.1993-cü il tarixli hökmü ilə CM-in 70-ci (köh.red. “banditizm”) maddəsi ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 13.06.1996-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Xalq Məhkəməsinin 05.12.1996-cı il tarixli hökmü ilə CM-in 145-ci maddəsinin 2-ci hissəsinin 1,2,5,6-cı bəndləri ilə (köh.red. “quldurluq”) 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 09.02.2006-cı il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinn 23.04.2007-ci il tarixli hökmü ilə CM-in 234.4.1-ci maddəsi ilə 08 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 04.04.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.10.2016cı il tarixli hökmü ilə CM-in 177.2.2, 177.2.3, 228.1-ci maddələri ilə 05 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.04.2018-ci il tarixli qərarı ilə məhkum olunduğu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.10.2016-cı il tarixli hökmü qanunvericiliyin tələblərinə uyğunlaşdırılaraq cəzası 05 il 05 aya endirilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli qərarı ilə məhkum olunduğu 05 il 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasının 03 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş və 30.07.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. 13.12.2021-ci il tarixli, 2969 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin ekspert rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, ona görə törətdiyi əməllər barədə anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür, yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur, cinayət işi üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək iqtidarına malikdir. 27.12.2021-ci il tarixli, 5310 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.01.2022-ci il tarixli, 4(001)-43/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün müddətə uzadılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3 və 234.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.10.2016-cı il tarixli hökmü ilə CM-in 177.2.2, 177.2.3, 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasından 30.07.2021-ci il tarixdə azad olunmuş, hazırda baxılan cinayət işi üzrə CM-in 177.2.3 və 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini isə 05.09.2021-ci il və 21.10.2021-ci il tarixlərdə törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 24 oktyabr 2021-ci il tarixdə saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad olunaraq, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2 (iki) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2021-ci il tarixdən 24 oktyabr 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.10.2021-ci il tarixli, 4(001)-1130/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 22 yanvar 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilərək həbsdə saxlanılma müddətinin əvvəli 25 oktyabr 2021-ci il tarixdən hesablanmış və sonuncu həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 25 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,209 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış üzərində “06.09.2021, Vətəndaş Təqsirləndirilən şəxs bir ədəd 7 litr tutumlu işlənmiş samovarı 28 manat aldım” yazısı olan Təqsirləndirilən şəxs məxsus AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin və «Samka - 28 m» yazısı əks olunmuş vərəqin kserosurəti, eləcə də iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs tərəfindən cinayət hadisəsi zamanı vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət olunmamışdır. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 28 (iyirmi səkkiz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 28 (iyirmi səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 28 (iyirmi səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 168 (bir yüz altmış səkkiz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X1 22 oktyabr 2021-ci il tarixdən 24 oktyabr 2021-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 25 oktyabr 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,209 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış üzərində “06.09.2021, Vətəndaş Təqsirləndirilən şəxs bir ədəd 7 litr tutumlu işlənmiş samovarı 28 manat aldım” yazısı olan Təqsirləndirilən şəxs məxsus AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin və «Samka - 28 m» yazısı əks olunmuş vərəqin kserosurəti cinayət işinin materiallarında saxlanılsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 28 (iyirmi səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 168 (bir yüz altmış səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar