Məhkəmə qərarları › İş №1(001)-17/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-17/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-17/2025 12.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 11.30 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxxxxx 1986-cı il tarixdə Cəbrayıl rayonu, Minbaşılı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Minbaşılı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Fatmayı bağları, bağ 649 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci (təsviriəsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayaraq oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib, özündə saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 31 may 2023-cü il tarixdə saat 14:00 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağları, 759 saylı fərdi evin daş hasarla əhatə olunmuş və dəmir darvazası olan həyətinə aşıb yaşayış sahəsinə qanunsuz daxil olaraq darvazanın həyət tərəfdən kilidini sındırıb açaraq barələrində cinayət təqibinə xitam verilmiş, Şahid2 Səməndər oğlunu və Şahid1 Sücaət oğlunu sonuncunun idarə etdiyi VAZ 2101 markalı, **- EB-*** dövlət qeydiyyat nişanlı avtomobili həyətə buraxıb evin həyətində dəmir dirəklərin üzərindən əvvəlcədən söküb yerə düşürdüyü 1 300 (min üç yüz) manat dəyərində 01 ədəd ellips formalı, 130x100x170 sm ölçülü, alüminium materialdan hazırlanmış su çənini həmin avtomobilə yükləyib gizli olaraq talayıb aparıb satmaqla, Zərərçəkmiş şəxs 1.300 (min üç yüz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 02 iyun 2023-cü il tarixdə səhər saatlarında Abşeron rayonu, Fatmayi bağlarında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,603 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayaraq daşımış, 03 iyun 2023-cü il tarixdə saat 16:40-da Abşeron rayonu, Fatmayi bağları ev 949-un yaxınlığında Binəqədi RPİ 43cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ 43-cü PB-nin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki tünd göy rəngli şortun sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,603 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlarının birinə gözətçilik edir.Həmin bağa nəzarət etdiyi vaxtlarda hər dəfə yolunun üzərində yerləşən 759 nömrəli bağ evinə gözü sataşırmış, həmin bağ evinin həyətyanı sahədən və iki ədəd tikilidən ibarət olduğunu görmüşdür.Bağ evinin dörd bir tərəfi daş hasarla örtülüdür, həyətə dəmir giriş darvazasından daxil olmaq olur.Dəmir darvazanın çöl tərəfdən asma qıfılı var.Bağ evinin daş hasarının yanından keçərkən həyətin içərisində hasara yaxın məsafədə dəmir dirəklərin üstündə, təxminən 4-5 metr hündürlükdə su çənin olduğu aydın görünür.O, həmişə olduğu kimi 31 may 2023-cü il tarixdə səhər saatlarında yoldan keçib qonşu bağa gedərkən yolunun üzərində olan 759 nömərli bağın həyətindəki su çəni onun diqqətini cəlb etmiş və həmin anda su çənini oğurlayıb metal qəbulu məntəqəsinə təhvil verərək pul əldə etməyi düşünmüşdür. Niyyətini reallaşdırmaq üçün götür qoy edib həmin gün günorta saatlarında, yəni saat təxminən 12.00-13.00 radələrində 759 nömrəli bağ evinin həyətinin dəmir darvazasından aşaraq həyətə daxil olmuş və orada tapdığı sərt məftillərdən qırmaq düzəldib, çənin ilk dirəyinin altına uzatmış və bir həmlə ilə çəni onu saxyalan dəmir dirəyin birindən qoparmışdır.Daha sonra həyətdən tapdığı təxminən 4 metr hündürlükdə ağacdan istifadə edib çəni altdan yuxarı qaldırmaqla digər dirəklərdən qoparmış və nəticədə çən yerə düşmüşdür.Su çəni həyətin ot örtüyünün üzərinə düşdükdən sonra taksi sürücüsü kimi tanıdığı Şəhriyara zəng etmiş və ona demişdir ki, bağ evimdən su çənin metal qəbulu məntəqəsinə qədər aparmaq və onu maşına yükləmək üçün daha bir nəfər işçi qüvvəsi lazımdır.O, qohumu Orxanın onunla bərabər olduğunu demiş və telefonda su çəninin daşınma xərci üçün ondan 30 manat, qohumu Orxanın fəhlə olaraq kömək etməsi üçün isə əlavə 20 manat pul istəmişdir.O, həmin qiymətlə razılaşmışdır. Şəhriyar ondan bağ evinin yerləşdiyi yeri soruşduqda o, ona vatsap üzərindən bağın yerləşdiyi məkanı göndərəcəyini demişdir.O da bununla razılaşmışdır.Şəhriyarla danışdıqdan sonra diqqəti cəlb etməmək üçün həyəti aşaraq deyil, dəmr darvazadan normal şəkildə çıxmalı olduğu üçün o, darvazanın içəri tərəfdəki asma qıfılını qırmış, dəmir kilidi açmış və darvazanın qapısını açıb həyətdən çölə çıxmışdır.Həmin vaxt ətrafda 2-3 nəfər şəxs fəhlə kimi çalışaraq qonşuluqdakı bağ evlərinin birinə su xətti çəkirmişlər.Həmin fəhlələr onun hərəkətlərindən şübhələnməmişlər, çünki onu bağın sahibi zənn etmişdirlər.O, ətrfada sakitlik olduğunu gördüyü üçün sərbəst hərəkət edirmiş.O, oğurluq etməyi planlaşdırdığı həmin bağ evinin baxımsız, sahibinin isə uzun müddət həmin bağ evini ziyarət etmədiyini bilirdi, çünki bağ baxımsız vəziyyətdə saxlanılırdı, həm də o, dəfələrlə həmin bağın yanından keçib gedərkən bağ sahibini heç vaxt görməmiş və bağ evində heç bir vaxt səsküy və ya hənirti eşitməmişdir.Həmin gün saat təxminən 14.00-15.00 radələrində Şəhriyar idarə etdiyi yaşıl rəngli VAZ 2101 markalı avtomobili ilə onun vatsap üzərindən göndərdiyi məkan üzrə həmin bağ evinin olduğu dalana gəlmişdir.Şəhriyar özü ilə birlikdə qohumu Orxanı da gətirmiş, o, Orxanı həmin günə qədər tanımırmış.Şəhriyar oğurluq edəcəyi bağ evinin yerləşdiyi dalana girib mobil telefonla ona zəng etmiş və ondan bağ evinin hansı olduğunu soruşmuşdur.O, bağ evinin qarşısında 2-3 nəfər fəhlənin olduğunu və həyətin giriş darvazasının açıq olduğunu ona xatırlatmış və avtomobilini həyətin içərisinə sürməsini tapşırmışdır.Nə Şəhriyar, nə də Orxan onun bağ evində oğurluq etdiyindən xəbərsiz idilər, onlar bağ evinin ona məxsus olduğunu zənn edirmişlər, onlara oğurluq etdiyini bildirmiş olsaydı, bundan imtina edər və onu polisə satarmışlar.Ona görə də hərəkətlərində şübhə yaratmayacaq şəkildə davranıb guya bağ evinin sahibi olduğunu bildirməklə onların da sərbəst hərəkət etməsinə heç bir söz demirmiş.Orxan su çənini onun və Şəhriyarın köməkliyi ilə avtomobilə yükləmiş və onlar üçü bağ evini tərk etmişlər.O, həmin bağ evindən yalnız 01 ədəd su çəni oğurlamış, bağ evində iki tikili olsa da, həmin tikiliyə daxil olmamış və oradan hər hansı əşya oğurlamamışdır.Su çəni maşına yükləndikdən sonra o, özünü guya bağın giriş darvazasını bağlayırmış kimi aparaq darvazanın çölündəki qırdığı asma qıfılı darvazanın üzərinə keçirmiş və Şəhriyarın idarə etdiyi avtomobilə əyləşmişdir.Onlar əvvəllər bir neçə dəfə müraciət etdiyi metal qəbulu məntəqəsinə gəlmişdir.Həmin məntəqə ünvan 4 ünvanda yerləşir və həmin məntəqədə çalışan şəxsin adı Fəriddir.O,Orxanın və Şəhriyarın köməkliyi ilə su çənini metal qəbulu məntəqəsinə gətirib, orada tərəzidə ölçdürdükdən sonra Şəhriyar və Orxan oranı tərk etmişdir. O, onları yola salarkən Orxana 20 manat, Şəhriyara isə 30 manat pul vermişdir. Özü isə su çənini Fəridə təhvil vermiş və çəkisinə uyğun olaraq ondan 383 manat pul almışdır.O, su çənini təhvil verərkən Fərid ondan çənin kimə məxsus olduğunu soruşmuş, o, onu aldadaraq çənin ona məxsus olduğunu, bağ evindən gətirdiyini və istifadəyə yararsız olduğu üçün metal qəbulu məntəqəsinə təhvil verdiyini bildirmişdir.O, ondan şəxsiyyət vəsiqəsini tələb etmiş və surətini çıxarıb özündə saxlamaqla şəxsiyyət vəsiqəsini ona geri qaytarmışdırdır.O, pulu alıb oradan ayrılmışdır. Bundan başqa, o, 02 iyun saat 10.00 radələrində Abşeron rayonu, Fatmayi bağlarında tanımadığı şəxsdən istifadə etmək məqsədi ilə 10 manata bir şəffaf sellofan bükümdə əldə etmiş və üzərindəki şortikin sağ cibində saxlamışdır.Həmin gün saat təxminən 16:40 dəqiqədə Abşeron rayonu, Fatmayi bağları, 629 nömrəli bağın qarşısında olduğu vaxt mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb, haqqında onlara əməliyyat yolu ilə qanunsuz olaraq psixotrop maddələr əldə etdiyi və üzərində saxladığı barədə məlumat daxil olduğunu bildirmişlər və ona özlərini təqdim edib 43-cü Polis bölməsinin əməkdaşları olduqlarını demişlər.Onlar özlərini təqdim edərkən xidməti vəsiqələrini də ona nümayiş etdirmişdirlər.Polis əməkdaşları üzərində axtarış aparılması üçün saxlanıldığı yerin uyğun şəraitə malik olmadığını bildirib onu Polis Bölməsinə dəvət etmişlər və o, etiraz etmədən onlarla həmin polis bölməsinə gəlmişdir.Bölmənin xidməti otaqlarının birində ona izah edilmişdir ki, üzərində axtarış aparılması və sonrakı qanuni hərəkətlərin icra edilməsi üçün onun bu hərəkətlərdə iştirakından əvvəl hüquqlarının müdafəsi üçün vəkil dəvət edilməlidir. Ona təqdim edilən vəkil siyası üzrə hər hansı vəkilin dəvət edilməsini bildirmiş və az bir vaxt sonra onun hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Müdafiəçi gəlmişdir.O, vəkili ilə konfidesial görüşdükdən sonra ərizə ilə müraciət etmişdir ki, üzərində aparılacaq axtarış zamanı vəkili iştirak etməsin və xahiş etmişdir ki, bu nəzərə alınsın.Polis əməkdaşları onun xahişinin nəzərə alınacağını bildirib xahişi üzrə müvafiq protokol tərtib etmişlər və o, həmin protokolla tanış olub imzalamışdır.Polis əməkdaşı tərəfindən ona bildirilmişdir ki, üzərində aparılacaq axtarış zamanı video çəkilişdən istifadə ediləcək, o da buna etiraz etməmişdir.Bundan sonra üzərində şəxsi axtarışa başlanılmış, axtarış keçirilməzdən əvvəl ona üzərində qeyri-qanuni əşyalar olduğu halda təqdim etməyi təklif edilmiş və o, əynində olan tünd göy rəngli şortun sağ yan cibindən həmin gün səhər saatlarında tanımadığı şəxsdən istifadə məqsədi ilə aldığı psixotrop maddə metamfentaminin olduğu 01 ədəd bükümü, əynindəki həmin şortun sol yan cibindən isə ona məxsus ekranı qırıq vəziyyətdə olan REDMİ markalı 01 ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir.Daha sonra üzərində axtarış aparılmış, axtarış zamanı təqdim etdiyi əşyalardan başqa hər hansı əşya aşkar edilməmişdir.O, üzərindən aşkar edilmiş psixotrop maddənin kimdən, hansı məqsədlə və necə əldə etdiyini polis əməkdaşlarına anlatmışdır.Daha sonra üzərində aparılmış axtarış nəticəsinə dair protokol tərtib edilmiş, ona və iştiakçılara uca səslə oxunmuş, protokolun doğru tərtib edildiyi hər kəs tərəfindən imzalanmaqla təsdiq edilmişdir.Üzərindən aşkar edilmiş əşyalar qablaşdırılmaqla üzəri möhürlənərək götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın qaytarılmasını və səhhətində olan problemləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağları, 759-cu bağ evinə sahibidir, həmin bağ evi həyətyanı sahədən və iki yaşayış üçün nəzərdə tutulan tikilidən ibarətdir.Bağ evinin həyəti dörd bir tərəfdən daş hasarla hasarlanıb, həyətin dəmir darvazası var, dəmir darvaza üzərində həm içəri, həm də çöl tərəfdən asma qıfılla bağlanılır.Həmin bağ evi ona atasından miras qalmışdır. Bağ evində ona məxsus xeyli sayda məişət avadanlığı, tikinti materialları, tikinti avadanlıqları və sair əşyalar var idi.O, sonuncu dəfə həmin bağ evinə arvadı X5 ilə 22 aprel 2023-cü il tarixdə getmiş və bağ evində hər şey normal olmuşdur.01 iyun 2023-cü il tarixdə saat təxminən 13.00 radələrində yenidən arvadı Tükəzban Həsənova ilə bağ evinə gəlmişdir.Həyətin dəmir darvazasının çöl tərəfdəki asma qıfılı açıb içəri girdikdə - həyətin hovuzu üzərində dəmir sim, həyətin ot örtüyü üzərində isə nərdivanı görmüş və anlamışdır ki, həyətə kimlərsə oğurluq məqsədi ilə qanunsuz daxil olmuşdur.Həyətin giriş dəmir qapısının asma qıfılına baxdıqda görmüşdür ki, dəmir qapının içəri tərəfindəki asma qıfıl sındırılmışdır.O, artıq bağ evinə oğurluq məqsədi ilə girildiyinə əmin olmuşdur.Bağ evinə nəzər saldıqda görmüşdür ki, bağ evinin birinci mərtəbəsinin çöl tərəfdən dəmir barmaqlığını və şüşəsini qırıb içəriyə daxil olmaqla oradan təxmini dəyəri 300 manat təşkil edən 01 ədəd köhnə soyuducu, təxmini dəyəri 300 manat təşkil edən xeyli sayda, dəmir qazan, qab-qaşıq, çəngəl-bıçaq, təxmini dəyəri 6 000 manat təşkil edən 1 tondan artıq həcmli 01 ədəd su çəni, təxmini dəyəri 500 manat təşkil edən ağac materialından hazırlanmış masa və 05 ədəd stuldan ibarət dəst, ümumi təxmini dəyəri 400 manat təşkil edən 8 butulka alkoqollu içkilər, ümumi təxmini dəyəri 300 manat təşkil edən 02 ədəd kreslo, ümumi təxmini dəyəri 500 manat təşkil edən kişi, qadın və uşaq geyimləri, təxmini dəyəri 200 manat təşkil edən 01 ədəd qaz sobası, ümumi təxmini dəyəri 200 manat təşkil edən 03 ədəd qaz ballonu, ümumi təxmini dəyəri 300 manat təşkil edən taxta materialından ibarət 02 ədəd iri ölçülü oturacaq, ümumi təxmini dəyəri 200 manat təkil edən 04 ədəd su kranı, ümumi təxmini dəyəri 1200 manat təşkil edən 03 ədəd seyf qapı, təxmini dəyəri 300 manat təşkil edən plastmas materialdan ibarət 01 ədəd qapı, ümumi təxmini dəyəri 1 000 manat təşkil edən xeyli sayda küp, paylayıcı, qədimi çaydandan ibarət əşyalar, ümumi təxmini dəyəri 600 manat təşkil edən 04 ədəd elektrik yağ qızdırıcı, ümumi təxmini dəyəri 3 000 manat təşkil edən tikinti alətləri, ümumi təxmini dəyəri 800 manat təşkil edən 80 metr uzunluqda dəmir və sink materialdan ibarət borular, ümumi təxmini dəyəri 10.000 manat təşkil edən, mis materialdan kustar üsulla hazırlanmış 02 ədəd araq çəkən dəzgah, ümumi təxmini dəyəri 5 000 manat təşkil edən 04 ədəd qədimi samovar, ümumi təxmini dəyəri 600 manat təşkil edən müxtəlif forma və rəngli 30 kvadrat kafel və metlax, ümumi təxmini dəyəri 2 000 manat təşkil edən müxtəlif formalı qablarda və küplərdə saxlanılan 100 litr «çəkmə» araq, ümumi təxmini dəyəri 300 manat təşkil edən boruları ilə birlikdə 03 ədəd radiator, təxmini dəyəri 300 manat təşkil edən 01 ədəd suqızdırıcı aparatın oğurlandığını aşkar etmişdir.Oğurluq hadisəsi zamanı ona ümumilikdə 34.300 (otuz dörd min üç yüz) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın bir qisminin ödənildiyini, lakin təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmiş və məhkəmədən onun ciddi cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o, etibarnamə əsasında idarə etdiyi yaşıl rəngli, VAZ 2101 markalı, ** EB *** dövlət nömrə nişanlı avtomobililə yük və sərnişin daşıma xidmətləri ilə məşğul olur.31 may 2023-cü il tarixdə saat təxminən 13.00 radələrində onun istiafdəsində olan mobil telefon nömrəsinə 055 575 29 83 nömrəsinə tanımadığı bir nömrədən zəng gəlmiş, zəng edən özünü təqdim edib adının Vasif olduğunu, ona taksi xidməti göstərdiyini və bu münasibətə görə həmin vaxt ondan mobil nömrəsini istədiyini və onun da ona nömrəsini verdiyini demişdir. O, həqiqətən də onu xatırlamış, bu barədə ona bildirmiş və ondan nə istədiyini soruşmuşdur. Vasif ona demişdir ki, onun bağ evindən bir ədəd su çənini metal qəbulu məntəqəsinə qədər aparmaq lazımdır və bu xidmətin qarşılığında ona 20 manat pul verəcəyini demişdir. O, qiymətdə razılaşmamış və ondan nəqliyyat xərci olaraq 30 manat pul istəmiş və hətta su çəninin həcmi, bağ evinin yerləşdiyi ünvan və daşınacaq ünvan barədə soruşmuşdur.O, su çəninin təxminən 1 ton 60 kiloqram ağırlığında olduğunu, onu avtomobilə yerləşdirmək üçün daha bir nəfər fəhlə qüvvəsinə ehtiyac olduğunu bildirmiş, bağ evinin Goradil ərazisində, metal qəbulu məntəqəsinin isə Fatmayi kəndi ərazisində olduğunu demişdir.O, həmin vaxt onunla barəbər olan arvadının qardaşı Şahid2 bu işə fəhlə kimi qoşulmağı təklif etmiş və o, bu işi görəcəyini, lakin əvəzində 30 manat pul alacağını ona bildirdikdə o, telefonda danışdığı Vasifə bu barədə məlumat vermişdir. Vasif fəhlə işi üçün qohumuna 20 manat pul verə biləcəyini demişdir. Nəticədə qohumu Orxan razılaşmışdır.Bu telefon zəngindən təxminən 1 saat sonra o, və Orxan idarə etdiyi yaşıl rəngli, VAZ 2101 markalı, ** EB *** dövlət nömrə nişanlı avtomobillə Vasifin vatsap üzərindən göndərdiyi su çəninin olduğu Goradil kəndindəki bağ evinə gəlmişlər.Vasif həyətin giriş darvazasının qarşısında özü onları qarşılamış ondan avtomobili həyətə salmasını xahiş etmişdir.O da, onun dediyi kimi etmişdir.Həmçinin, məlumat üçün bildirmişdir ki, bağ evinin yerləşdiyi dalanda, daha dəqiq desə, məhz həmin bağ evinin qarşısında su xətti çəkən bir neçə fəhlə çalışır.Onlar avtomobildən düşdükdə su çəninin bağın ot örtüyü üzərində olduğunu görmüşlər və Orxanın köməkliyi ilə həmin çəni idarə etdiyi avtomobilin üzərinə yerəşdirib sıx şəkildə bağlamışlar.Daha sonra Vasif də onlarla eyni nəqliyyat vasitəsində bağ evini tərk etmişdir.O, və Orxan Vasifin hərəkətlərindən heç bir şübhə etməmişlər, onlar onun həmin bağ evinin sahibi zənn etmişlər, onun həmin bağ evinə oğurluq məqsədi ilə qanunsuz daxil olmasından və həmin su çənini oğurlamasından məlumatları olmamışdır.Vasif onun idarə etdiyi avtomobildə əyləşib onlarla bağ evini tərk etmiş və yol boyu o, onun dediyi istiqamətdə hərəkət edib bağ evindən təxminən 15 dəqiqəlik məsafədə yerləşən metal qəbulu məntəqəsinə gəlmişdir.Məntəqədə Vasif bir nəfər cavan oğlanla görüşüb nə isə haqqında danışmış, daha sonra onlar su çənini tərəzinin üzərinə yerləşdirmişlər.Çənin çəkisi ölçüldükdən sonra məntəqədə çalışan həmin cavan oğlanın işarə etdiyi yerə su çənin qoymuşlar və Vasifin onlara yaxınlaşıb onları yola salmasını gözləmişlər.Həmin vaxt Vasif məntəqədə çalışan şəxslə söhbət edirdi, onlar onlardan aralı olduqları üçün onların söhbətinin məzmunu ona aydın deyilmiş.Ancaq bircə onun şahidi olmuşdur ki, Vasif üzərindən sənəd çıxarıb məntəqədə çalışan həmin cavan oğlana uzatmış, o da harasa gedib gəldikdən sonra sənədi Vasifə geri qaytarmışdır.Həmin vaxt Vasif onlara yaxınlaşıb ona 30 manat, Orxana isə 20 manat pul vermiş və onları yola salmışdır.Onlar Vasifdən ayrılıb oranı tərk etmişlər.O və Orxan Vasifin oğurluq etməsindən xəbərsiz olmuşlar, Vasif elə davranmamışdır ki, onlar onun hərəkətindən şübhə etsinlər. Onun idarə etdiyi avtomobildə daşınan əmlak bağ evindən götürülmüş yalnız su çəni olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, bacısının əri Şahid1 etibarnamə əsasında idarə etdiyi yaşıl rəngli, VAZ 2101 markalı, ** EB *** dövlət nömrə nişanlı avtomobil ilə yük və sərnişin daşıma xidmətləri ilə məşğul olur.31 may 2023-cü il tarixdə saat təxminən 13.00 radələrində Şəhriyarla birlikdə olduğu vaxt onun mobil telefon nömrəsinə bir nəfər əvvəlki müştərilərindən biri zən edib ona su çənini bağ evindən metal qəbulu məntəqəsinədək aparmasını xahiş etmiş və ona 30 manat pul təklif etmiş, sonra həmin şəxs demişdir ki, bu işdə fəhlə qüvvəsinə ehtiyac var.Qohumu Şəhriyar onunla telefonda danışa-danışa ona fəhləlik təklif etlikdə o, razılaşmışdır.Qısa söhbətdən sonra o, fəhlə olaraq 20 manata pul alacağı barədə onunla anlaşmışdır.Daşınacaq su çənin təxminən 1 ton 60 kiloqram ağırlığında idi, həmin çən Goradil ərazisindəki həmin şəxsə məxsus bağ evindən Fatmayi kəndi ərazisində olan metal qəbulu məntəqəsinə daşınacaq idi. Bu telefon zəngindən təxminən 1 saat sonra o, və Şəhriyar sonuncunun idarə etdiyi yaşıl rəngli, VAZ 2101 markalı, ** EB *** dövlət nömrə nişanlı avtomobillə həmin şəxsin vatsap üzərindən göndərdiyi su çəninin olduğu Goradil kəndindəki bağ evinə gəlmişlər.Orada həmin şəxsin adının Vasif olduğunu bilmişdir.Vasif həyətin giriş darvazasının qarşısında özü onları qarşılamış və Şəhriyadan avtomobili həyətə salmasını xahiş etmişdir.Orada bağ evinin yerləşdiyi dalanda, daha dəqiq desə, məhz həmin bağ evinin qarşısında su xətti çəkən bir neçə fəhlə çalışırmış.Onlar avtomobildən düşdükdə su çəninin bağın ot örtüyü üzərində olduğunu görmüşlər və onun köməkliyilə həmin çəni avtomobilin üzərinə yerəşdirib sıx şəkildə bağlamışlar.Daha sonra Vasif də onlarla eyni nəqliyyat vasitəsində bağ evini tərk etmişdir. O və Şəhriyar Vasifin hərəkətlərindən heç bir şübhə etməmişlər, onlar onun həmin bağ evinin sahibi zənn etmişlər, onun həmin bağ evinə oğurluq məqsədi ilə qanunsuz daxil olmasından və həmin su çənini oğurlamasından məlumatları olmamışdır.Vasif avtomobildə əyləşib onlarla bağ evini tərk etmiş və yol boyu Şəhriyar, onun avtomobili dediyi istiqamətdə hərəkət etdirib bağ evindən təxminən 15 dəqiqəlik məsafədə yerləşən metal qəbulu məntəqəsinə gəlmişdir.Məntəqədə Vasif bir nəfər cavan oğlanla görüşüb nə isə haqqında danışmış, daha sonra onlar su çənini tərəzinin üzərinə yerləşdirmişlər. Çənin çəkisi ölçüldükdən sonra məntəqədə çalışan həmin cavan oğlanın işarə etdiyi yerə su çənin qoymuşlar və Vasifin onlara yaxınlaşıb onları yola salmasını gözləmişlər.Həmin vaxt Vasif məntəqədə çalışan şəxslə söhbət edirmiş, onlar onlardan aralı olduqları üçün onların söhbətinin məzmunu ona aydın deyilmiş. Ancaq bircə onun şahidi olmuşdur ki, Vasif üzərindən sənəd çıxarıb məntəqədə çalışan həmin cavan oğlana uzatmış, o da harasa gedib gəldikdən sonra sənədi Vasifə geri qaytarmışdır. Həmin vaxt Vasif onlara yaxınlaşıb Şəhriyara 30 manat, ona isə 20 manat pul vermiş və onları yola salmışdır. Onlar Vasifdən ayrılıb oranı tərk etmişlər.O və Şəhriyar Vasifin oğurluq etməsindən xəbərsiz olmuşlar, Vasif elə davranmamışdır ki, onlar onun hərəkətindən şübhə etsinlər. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 bildirmişdir ki, 31 may 2023-cü il tarixdə günorta saatlarında əvvəllər tanıdığı Vasif adlı şəxs əvvəllər tanımadığı yaşıl rəngli, VAZ 2101 markalı, ** EB *** dövlət nömrə nişanlı avtomobili idarə edən sürücü ilə və daha bir nəfər şəxslə işlətdiyi metal qəbulu məntəqəsinə gəlmişdir.Avtomobilə 01 ədəd iri həcmli su çəni yüklənmişdir.Vasif ona demişdir ki, bağ evindəki su çənini satmaq niyyətindədir. Çən iri həcmli olduğu üçün o, onun tərəziyə yerləşməyəcəyini bildirmişdir.Vasif isə sürücü və yanındakı fəhlə kimi gətirdiyi şəxsin köməkliyi ilə çənin bir hissəsini tərəzinin üzərinə qoymuş, lakin çəni tərəzinin üzərində sabit saxlamaq gərək olduğundan onlar əlləri ilə çənin digər tərəfindən tutmuşlar.O, etiraz edib bildirmişdir ki, çəni bu qaydada tutmaqla çənin real çəkisini müəyyən etmək olmayacaq, yalnız təxmini çəkisini müəyyən etmək olur.Çənin təxmini çəkisi 1 ton, 700 kiloqram olduğu üçün o, Vasifə 383 manat pul ödəmişdir. Çənin təxmini çəkisi müəyyən edildikdən sonra Vasiflə gələn avtomobil sürücüsü və yanındakı fəhlə oranı tərk edib getmişlər, çənin pulunu Vasifə verərkən Vasif tək olmuşdur.O, su çəninin oğurluq yolu ilə əldə edilməsindən məlumatı olmamışdır, oğurluq olduğunu bilsəydi bu haqda hüquq mühafizə orqanlarına məlumat verərdi.O,çəni alarkən Vasifdən şəxsiyyət vəsiqəsini tələb etmiş və sənədinin surətini özündə saxlamışdır. Hazırki vaxtadək su çəni çalışdığı yerdədir və onun iş üçün sübut əhəmiyyəti kəsb etdiyini bildiyi üçün onu istintaqa təqdim etməyə hazırdır.Məlumat üçün onu da bildirmişdir ki, o, Vasifi bir neçə ay bundan əvvəl tanıyır, o, ona 2-3 dəfə əridilmiş aliminium mis məmulatları satmış və o, həmin məmuatları qəbul edərkən ondan həmin məmulatların özünə məxsus olub-olmadığını soruşmuş, müsbət cavab aldığı üçün şəxsiyyət vəsiqənin surətini özündə saxlamaqla həmin məmulatları qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 bildirmişdir ki, Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsində CA üzrə əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində xidmət edir.Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə gəzdirməsi, istifadə etməsi və saxlaması barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olmuşdur.Təqsirləndirilən şəxs cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq 02 iyun 2023-cü il tarixdə qərar qəbul edilməklə, 43-cü polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəriman Bayramov tərəfindən 02 iyun 2023-cü il tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid5 həmin qrupa daxil edilmişdir.Əməliyyat müvəkkili Şahid5 ilə birlikdə 02 iyun 2023-cü il tarixdə saat 16:40-da Abşeron rayonu, Fatmayi bağları, bağ 629 ünvanında əlverişli şərait yarandığı üçün Təqsirləndirilən şəxs görüb onlara yaxınlaşmışlar, özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində psixotrop maddə daşımasında şübhəli olduğunu deyərək onları saxlayıb 43-cı polis bölməsinə gətirmişlər.Bu barədə 43-cü polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəriman Bayramovun adına raport tərtib edərək, onun göstərişi əsasında Təqsirləndirilən şəxs bölmənin təhqiqatçısı Fərid Nəzərliyə təhvil vermişlər.Təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmiş və ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmışdır.Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir.Bu təklifdən sonra vət.Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şortun sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, sol yan cibindən isə «Redmi» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur.Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış və başqa bir əşya aşkar edilməmişdir.Sorğu sual zamanı Təqsirləndirilən şəxs bükümün içərisində «patı» olduğunu, həmin bükümü həmin gün saat 10:00 radələrində Abşeron rayonu, Fatmayi bağlarında tanımadığı şəxsdən 10 manata aldığını, həmçinin Goradil bağlarında evdən 01 ədəd sü çənini oğurladığını bildirmişdir.Aşkar edilmiş büküm zərfə qoyularaq qablaşdırılmış və ağzı möhürlənmişdir.Bundan sonra bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid5 digər Şahid4 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, vəkilin çıxışını, zərərçəkmiş şəxsin ifadəsini, şahidlərin ifadələrini dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alıb, iş materiallarını, ekspertizanın rəylərini araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 03 iyun 2023-cü il tarixli, 6/3141 saylı rəyinə əsasən məlum olur ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №243» dairəvi möhür əksləri olan, «..Təqsirləndirilən şəxs (imza)...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,603 qram olan ağ rəngli kristallşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir.Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində döyriyyəsi qadağan edilən psixotrop maddələri»-in (siyahı İ) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsin məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5876 №-li rəyinə əsasən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 sentyabr 2023-cü il tarixli, 9/7080 saylı rəyinə əsasən məlum olur ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd ellips formalı, 130x100x170 sm ölçülü, alüminium materialdan hazırlanmış su çəninin istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin may ayına olan orta bazar qiyməti təxminən 1300,00 (min üç yüz) manat müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfındən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materillarında olan xx.xx.2025-ci il tarixli tarixli qəbzə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs 3.000 (üç min) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Bakı şəhər Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Şövqi Əsgərov tərəfindən qəbul olunmuş 13 oktyabr 2023-cü il tarixli «sübut kimi tanınması haqqında» qərara əsasən məlum olur ki, Şahid1 Şücayət oğlu və Şahid2 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət təqibinə xitam verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.3-cü və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, elan olunmuş ittiham üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu, yəni təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, elan olunmuş ittiham üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 177.2.3-cü və 234.1-ci maddələrinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməyə görə məhkum olunur, təqsirini etiraf edir, əməlindən peşmandır, elan olunmuş ittiham üzrə ziyanı ödəmişdir, əməlində cəzanı ağırlaşdıran hallar ümumiyyətlə yoxdur. Məlum olduğu kimi Azərbaycan Respublikasında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azıdlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli Qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 69.3-cu maddəsinə əsasən 02 iyun 2023-cü il tarixdən 04 iyun 2023-cü il tarixədək tutulduğu müddət təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Fərid Nəzərli tərəfindən qəbul olunmuş 02 iyun 2023-cü il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 02 iyun 2023-cü il tarixdə saat 18.05 radələrində tutulmuşdur.Bundan başqa, Binəqədi Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis mayoru Ramil Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cu il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 04 iyun 2023-cü il tarixdə Binəqədi RPİ MSY-dən azad edilmişdir.Həmçinin, Binəqədi Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis mayoru Ramil Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cu il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Abşeron rayonu, Fatmayi bağları, bağ 649 ünvanda yerləşən nömrəsiz evdə çəkməli və təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Abşeron rayonu və işlədiyi Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan Binəqədi RPİ-də saxlanılan psixotrop maddə olan metamfetaminin 1,553 qram qalığı məhv edilməli, iş üzrə maddi sübut - 01 ədəd «DVD» formatlı disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə maddi sübut-1 (bir) ədəd dəmir su çəninin sahibi - Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT.Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin, cinayət işi üzrə Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 95 saat hüquqi xidmətin dəyəri 570 (beş yüz yetmiş) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN**********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab №AZ48 AİİB********************,VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. Belə ki, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 95 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla o, 05 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 02 iyun 2023-cü il tarixdən 04 iyun 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət AR CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını – Abşeron rayonu, Fatmayi bağları, bağ 649 ünvanında çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Abşeron və işlədiyi Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan psixotrop maddə olan metamfetaminin -1,553 qram qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd «DVD» formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut-1 (bir) ədəd dəmir su çəninin sahibi - Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT.Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 95 saat hüquqi xidmətin dəyəri 570 (beş yüz yetmiş) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37NABZ********************. S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48 AİİB********************,VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar