Məhkəmə qərarları › İş №1(001)-170/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-170/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-170/2023 11.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 11.30 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, 01 avqust 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Horadiz şəhərində qeydiyyatda olan və xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissədə hərbi həqiqi xidmətdə olan əsgər, barəsində «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin zərərçəkmiş şəxsin sağlamlığının uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qardaşı X5 ilə birlikdə özünəməxsus mobil telefonu tanışları Zərərçəkmiş şəxs təxminən 2019-cu ilin yay aylarında danışmaq adı ilə özbaşına götürməsi ilə bağlı aralarında yaranmış mübahisəni bəhanə edib Zərərçəkmiş şəxsla 01 mart 2022-ci il tarixdə saat 20.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi “20 yanvar” şəhidlərin xatirə parkında görüşüb birlikdə Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi M.S.ünvan 1 ünvanında yerləşən "xxxx" QSC-nin Biləcəri Stansiyasının “Çeşidləmə” məntəqəsindəki “Bağlar” adlanan əraziyə gedərək, orada heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs burun nahiyəsindən bir zərbə vuraraq ona burun sümüklərinin qapalı yerdəyişmiş sınığı ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarət yetirərək sağlamlığa az ağır zərər vurmuş, zərbənin təsirindən sonuncu müvazinətini itirdikdə Elşad Hacıyev eyni niyyətlə Zərərçəkmiş şəxs sifət nahiyəsindən iki yumruq zərbəsi vuraraq belindən tutub yerə yıxmaqla ona sağ maksilyar sinusun ön divarının qapalı yerdəyişmiş sınığı ilə müşayiət edilən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan edilmiş CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, 2019-cu ilin yay aylarında Elmin qardaşı Elşadın yanında onun mobil telefonunu danışmaq adı ilə özbaşına götürmüşdür.Bu səbəbdən də onun və qardaşı Elşadın Elminlə mübahisələri düşmüşdür.2022-ci ilin fevral ayında Elşad həmin mübahisəni sonlandırmaq üçün Elminlə əlaqə saxlayıb sonuncunu görüşə çağırmışdır.Elşad Elmini söhbət etmək üçün görüşə çağırmasına baxmayaraq sonuncu Elşada whatsapp proqramı vasitəsilə mesaj yazaraq görüşə boş gəlməməsini, özünündə boş gəlməyəcini bildirmişdir.Görüş yerinə gedərək Elminlə aralarında olan məsələni həll etmək istəyərkən Elminlə qardaşı Elşad arasında mübahisə düşmüşdür. Mübahisə düşən zaman Rəşad isə telefonla danışırmış, daha sonra Rəşad arxaya baxarkən Elminin balta çıxartdığını görmüşdür.Elminin balta çıxartdığını görən qardaşı Elşad cəld tərpənərək Elmini yumruq zərbəsi ilə vurmuşdur.Rəşad bildirmişdir ki, hadisə baş verən zaman orada olsa da, o heç kimi vurmamışdır.Məhkəmə araşdırması zamanı Rəşada ünvanlanmış suallara cavab olaraq Rəşad bildirmişdir ki, mübahisə “Bağlar” adlanan ərazidə olmuş, qardaşı Elminə bir yumruq vurmuşdur.Ona ünvanlanan “Siz onu vurmusunuzmu?” sualına cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, o, Elmin adlı şəxsi vurmamış, qardaşı Elminlə mübahisə edən zaman o, telefonla danışırmış. Ona ünvanlanmış digər suala -“Qardaşınız dalaşan zaman siz müdaxilə etmədinizmi?” sualına cavab olaraq bildirmişdir ki, xeyr, o, müdaxilə etməmişdir, çünki qardaşı idmançı olduğundan müdaxilə etməyə ehtiyac olmadığını düşünmüşdür.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini, ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, Ağdaş rayonu, Aşağı Ləki kəndində qeydiyyatda olsa da, orada 2007-ci ilədək yaşamışdır. İkinci sinifədək Ağdaş rayonunda təhsil almış, həmin ildən etibarən isə anası ilə birlikdə Bakı şəhərinə köçmüşdür. 2007-2013-cü illərdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 2 saylı uşaq evində oxumuşdur. 2013-cü ildə isə öz istəyi ilə uşaq evini tərk edib anası ilə birlikdə yaşamağa başlamışdır. 2010-cu ildə uşaq evində yıxılaraq başından travma almış və həmin vaxtdan etibarən hərdən əsəblərini cilovlaya bilməyib tez əsəbləşərək özündən çıxır. 23 iyun 2016-cı il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 03 il müddətinə azadlıqdan məhrum etməklə 01 il şərti sınaq müddəti cəzasına məhkum edilmişdir. Xətai Rayon Polis İdarəsində barəsində cinayət işinin ibtidai istintaqı aparılan zaman xx.xx.2016-xx.xx.2016-ci il tarixdə Respublika Psixatriya Xəstəxanasında stasionar müalicədə olmuş və ona “yüngül dərəcədə ifadə olunmuş nevrasteniya, anamnezində başbeyin travması” diaqnozu qoyulmuş, bu səbəbdən 2018-ci ildə həqiqi hərbi xidmətə aparılmamışdır. 2018-ci ildən ünvan 2 ünvanında yaşamış və təxminən 3 aydır ki, həmin ünvandan köçərək Bakı şəhəri, Xəzər rayonu, Binə-Sovxozda yaşayır. 2019-cu ilin yay aylarında dostu Murad ilə Biləcəri qəsəbəsində yolla gedərkən əvvəllər tanıdığı Elşad və Rəşad qardaşları ilə təsadüfən rastlaşmışdır. Həmin vaxt Murad ona demişdir ki, “Rəşadın mənə borcu var.” Onlar dayanıb Rəşad və Elşadla söhbət etmiş, o, Rəşaddan Murada olan borcunu qaytarmasını tələb etmişdir. Rəşad da ona demişdir ki, “üstümdə pul yoxdu, olanda verəcək.” Bu sözdən sonra, o, Rəşaddan telefonunu almış və pulun əvəzində saxlamaq istəmişdir. Bu səbəbdən Rəşadın mobil telefonunu zəng etmək adı ilə alıb özündə saxlamış, sonuncu onun mobil telefonu borcun əvəzinə götürdüyünü başa düşmüş və Murada olan borcunu 1 həftə müddətinə qaytaracağını bildirdiyindən mobil telefonu Rəşada qaytarmışdır. Bundan sonra onlarla sağollaşıb getmişlər. Bir müddət sonra Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xırda talama inzibati xətasını törətdiyinə görə Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində 2 ay müddətinə inzibati həbs tətbiq edildiyindən Rəşadın Murada olan borcunu qaytarıbqaytarmamasmı maraqlana bilməmişdir. 2022-ci ilin fevral ayının ortalarında Biləcəri qəsəbəsində yerləşən “Nehrəm” marketin qarşısında Elşadla rastlaşmışdır. Elşad ona bir nəfər haqqında maraqlanacağını bildirmiş və istifadəsində olan mobil nömrəsini istəmişdir. Elşaddan kimin haqqında maraqlanacağını soruşmuş, lakin sonuncu ona bu barədə heç nə deməyib mobil telefon nömrəsini istəmişdir. O da istifadə etdiyi 077 *** ** ** saylı mobil nömrəni vermiş, Elşadla sağollaşıb ayrılmışlar. 2022-ci ilin fevral ayının sonuna qədər Elşad ona görüşmələri üçün bir neçə dəfə zəng etmişdir. Elşaddan görüşmə səbəbini dəfələrlə soruşsa da, sonuncu səbəbi ona bildirməmişdir. Həmçinin boş vaxtı olmadığına görə sonuncu ilə görüşə bilməmişdir. Bununla yanaşı “Əli” kimi tanıdıqları Məhəmmədəliyə müraciət edib Elşadın onunla görüşmə səbəbini maraqlanmasını xahiş etmişdir. Məhəmmədəli də maraqlanıb ona bildirmişdir ki, 2019-cu ildə onun Rəşadın mobil telefonunu özbaşına götürmək istəməsi səbəbindən Elşad onunla görüşmək istəyir. 01 mart 2022-ci il tarixdə Elşad mobil telefon vasitəsilə onunla əlaqə saxlayıb təkidlə görüşmələrini bildirmişdir. Məhəmmədəliyə “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə mesaj yazmış və Elşadın təkidlə onunla görüşmək istədiyini bildirmişdir. Məhəmmədəli də ona Elşadın onunla söhbət etmək üçün görüşə çağırdığı deyərək görüşə getməyini bildirmişdir. Həmin gün saat 20:00 radələrində Biləcəri qəsəbəsində yerləşən “20 Yanvar” adlı parkda Elşadla görüşmüşdür. Həmin vaxt Elşadın yanında qardaşı Rəşad və əvvəllər tanımadığı, adı sonradan ona məlum olan Nicat da olmuşdur. Elşad ona bildirmişdir ki, Məhəmmədəli ona sonuncu olmadan söhbət etməmələrini demiş, ona görə də onlar Məhəmmədəlinin yanına getmişlər. Onlar söhbət etmədən Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən istirahət parkına gedib orada Məhəmmədəli ilə görüşmüşlər. Həmin vaxt Məhəmmədəli və görüşdüyü digər 3 nəfər şəxs onun üzərində balta olduğunu bilmişlər. Belə ki, Məhəmmədəli ilə “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə danışarkən ona üzərində görüşə aparacağı baltanın şəklini çəkib göndərmiş, Məhəmmədəli də onlara üzərində balta olduğunu demişdir. Çünki onlar birlikdə Məhəmmədəlinin yanına gedəndə tez-tez ondan üzərində gəzdirdiyi balta barədə soruşmuşlar. O, həmin baltanı görüşə tək getdiyi üçün özünü müdafiə etmək məqsədi ilə götürmüşdür. Bu barədə qabaqcadan Məhəmmədəliyə də bildirmişdir. Məhəmmədəli ilə görüş zamanı sonuncu onları tanıdığını bildirmiş və aralarında olan söz-söhbəti mehribançılıqla həll etmələrini tapşırmışdır. Məhəmmədəli onları Biləcəri dəmir yolu stansiyasının “Çeşidləmə” məntəqəsinin ərazisində yerləşən “Bağlar” adlanan boş sahəyə aparmışdır. Onlar orada olarkən Rəşad ondan Elşada “boş gəlməməyi, mənim də boş gələməyəcəyimi” deyib-demədiyini soruşmuş, o isə sonuncuya belə bir söz demədiyini bildirib mobil telefonunu Rəşada vermişdir ki, Elşadla aralarında olan yazışmalara nəzər yetirsin. Rəşad mobil telefonunu götürüb onun arxa tərəfinə keçmişdir. Həmin vaxt Rəşadla Məhəmmədəli onun arxa tərəfində, Elşadla Nicat isə onun ön tərəfində dayanmışlar. O, Elşadla 2019-cu ildə olan mobil telefon məsələsi barədə söhbət edərkən arxa tərəfdən Rəşad yumruqla sol tərəfdən burun nahiyəsinə bir dəfə vurmuş, zərbənin təsirindən başı gicəllənmiş və arxa-arxaya ləngər vura-vura getmişdir. Bu zaman Elşad onun üzərinə gəlib yumruqla sifətinin sağ nahiyəsindən zərbə vurub belinin sağ tərəfindən tutub qucaqlayıb onu qaldırıb yerə yıxmışdır. Bundan sonra Məhəmmədəli onları ayırmağa başlamışdır. Sonra birtəhər ayağa qalxmış, əl-üzünü yumağa başlamışdır. Onlar birlikdə yenidən Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən parka tərəf getmişlər. Yolda olarkən onların hamısı ona polisə xəbər verməməsini bildirmiş, həmçinin Elşad ona polisə xəbər verəcəyi halda hədə-qorxu gəlib demişdir ki, belə olduğu halda ondan əvəzini çıxacaqlar. Qardaşı Rəşad da Elşadın dediyini təsdiq etmiş və onlar ayrılaraq oradan uzaqlaşıb getmişlər. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətçi olmadığını və gələcəkdə də olmayacağını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərfindən verilmiş 17 may 2023-cü il tarixli, № 3-38-33/2-1782-23 saylı cavab məktubuna əsasən məlum olur ki, iş üzrə şahid, xx.xx.1997-ci il təvəllüdlü Şahid2 Rafiq oğlu sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının sərhədlərini tərk etmiş və ölkəyə geri qayıtmamışdır, buna görə də onu şahid kimi dindirmək mümkün olmadığından ifadəsi elan olunmuşdur. Məhkəmə iclasında şahid X2 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, adı Məhəmmədəli olsa da, hamı onu “Əli” kimi tanıyır və “Əli” deyə müraciət edirlər. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır və sonuncunun bir neçə dəfə müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərin aldatma yolu ilə mobil telefonlarını ələ keçirdiyi ona məlum olmuşdur. Həmçinin ona məlum olmuşdur ki, 2019-cu ilin yay aylarında Elmin həmin hərəkəti tanışı Rəşada qarşı da sonuncunun qardaşı Elşadın yanında etmişdir. Bu səbəbdən də Rəşad və Elşad qardaşlarının Elminlə mübahisələri düşmüşdür. 2022-ci ilin fevral ayının sonlarında Elmin ona Elşadın onunla görüşmək istədiyini bildirib bunun səbəbini maraqlanmasını xahiş etmişdir. O da maraqlanıb Elminə bildirmişdir ki, 2019-cu ildə Rəşadın mobil telefonunu özbaşına götürmək istəməsi səbəbindən Elşad onunla görüşmək istəyir. 01 mart 2022-ci il tarixdə Elmin ona “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə mesaj yazmış və Elşadın təkidlə görüşmək istədiyini bildirmişdir. O da Elminə Elşadın onunla söhbət etmək üçün görüşə çağırdığını demiş və Elşadla görüşə getməsini bildirmişdir. Elminlə mesajlaşan zaman sonuncu ona balta şəkli çəkib göndərmiş və bildirmişdir ki, özünü müdafiə etmək üçün Elşadla görüşə gedəndə həmin baltanı özü ilə aparacaq. Elminə etiraz edib belə bir şey etməməsini, mehribançılıqla söhbət edib məsələlərini sülh yolu ilə həll etmələrini söyləmişdir. Həmin gün saat 20:00 radələrində Elmin Biləcəri qəsəbəsində yerləşən “20 Yanvar” adlı parkda Elşadla görüşmüş və həmin vaxt Elşadın yanında qardaşı Rəşad və əvvəllər tanımadığı, adı sonradan ona məlum olan Nicat da olmuşdur. Onlar görüşən kimi Elşad ona görüşdüklərini bildirmiş, onları davadalaş etməmələri üçün öz yanma, yəni Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən istirahət parkına çağırmış, həmçinin Elşada Elminin üzərində balta olmasını da qabaqcadan xəbərdar olması üçün demişdir. Onlar onun yanma gəlmişlər. Həmin vaxt, o Elşad, Rəşad və Elminə hamısını tanıdığını bildirmiş və aralarında olan söz-söhbəti mehribançılıqla həll etmələrini tapşırmışdır. Onlar söhbət edə-edə qeyri-iradi olaraq Biləcəri dəmir yolu stansiyasının “Çeşidləmə” məntəqəsinin ərazisində yerləşən “Bağlar” adlanan boş sahəyə tərəf getmişlər. Orada olarkən yenidən söhbəti mehribançılıqla etmələrini bildirmişdir. Elşadla Elmin üzbəüz dayanıb söhbət etmişlər. Həmin vaxt Elminin sol tərəfində, Rəşad isə arxa tərəfin, Nicat isə onlardan bir qədər aralı məsafədə dayanmışdır. Elşad Elmindən hansı səbəbdən o vaxt Rəşadın mobil telefonunu götürməsini soruşduqda, Elmin əynindəki gödəkçənin yaxasını açaraq üzərində gəzdirdiyi baltanı çıxarıb Elşadı vurmaq istəyərkən Rəşad bunun qarşısını almaq məqsədi ilə Elminin arxa sol tərəfindən sonuncunun burun nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Zərbənin təsirindən Elmin arxa-arxaya getmiş, bu zaman Elşad Elminin üzərinə gedib sonuncunun sifət nahiyəsinə iki dəfə yumruqla vuraraq belindən tutub qucaqlayaraq qaldırıb yerə yıxmışdır. O, dərhal X6 ayırıb sakitləşdirmişdir. Onları ayıran zaman Elmin ayağa qalxmış, həmin vaxt Elminə tərəf təpik atmış, lakin təpiyin Elminə dəyib-dəymədiyini görməmişdir. Nicat isə ümumiyyətlə onlara tərəf getməmişdir. O, X6 ayırıb Elminin əl- üzünü yumuşdur. Daha sonra onlar Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən parka tərəf gedib sağollaşaraq ayrılmışlar. Baş vermiş dava-dalaş zamanı onun, Rəşadın, Elşadın və Nicatın üzərində hər hansı bir bıçaq və ya yad əşya olmamışdır. Dava-dalaş zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs burun nahiyəsindən yumruqla bir zərbə vurmuş, Elşad Hacıyev isə sonuncunun sifətindən yumruqla iki zərbə vurmuşdur. O, Zərərçəkmiş şəxs vurmamış, eləcə də sonuncunun baş və bədən nahiyəsindən başqa zərbə vurmamışlar. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid1 ifadəsində digər Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 05 oktyabr 2023cü il tarixli, 3-25-14/2-5068/2023 saylı cavab məktubuna əsasən məlum olur ki, iş üzrə şahid – xx xxxxxx 2004-cü ildə Sumqayıt şəhərində doğulmuş əsgər Şahid1 N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət edir.Həmçinin, həmin hərbi hissədən əldə edilmiş məlumata əsasən həmin № saylı hərbi hissə məlum hadisələrlə əlaqədar döyüş bölgəsində yerləşdiyindən şahid əsgər Şahid1 məhkəmə iclasında iştirakını təmin etmək mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyinin Binəqədi rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 13 aprel 2022-ci il tarixli, 647 nömrəli rəyindən görünür ki,Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ maksilyar sinusun ön divarının və burun sümüklərinin qapalı yerdəyişmiş sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 01 mart 2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə bərk küt əşya ilə zərblə vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə hər biri ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs adma tərtib olunmuş tibbi sənəddə göstərilmiş “15- 17-ci dişlər nahiyəsində subperiostal abses” diqanozu sərbəst nazoloji xəstəlik vahidi olduğundan xəsarət kimi qiymətləndirilməsi mümkün deyildir və sağlamlığa zərərvurmanm təyinində bu diqanoz nəzərə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyinin Binəqədi rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 647 saylı rəyə, 06 may 2022-ci il 21/647 saylı əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs 07 aprel 2022-ci il tarixli məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ maksilyar sinusun ön divarının və burun sümüklərinin qapalı yerdəyişmiş sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 01 mart 2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə bərk küt əşya ilə vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə hər biri ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Məlum olduğu kimi, deşici, kəsici, deşici-kəsici, çapıcı, mişarlayıcı xüsusiyyətlərə malik olmayan əşyalar, o cümlədən yumruq, daş, taxta parçası, ağac, dəmir və s. bədənə küt təsir göstərirlər. Bu baxımdan Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlər ona çox müxtəlif küt əşya və ya alətlərlə yetirilə bilərdi, eləcə də küt alət hesab edilən metalliki dəmir əşya ilə (beşbarmaqla) yetirilə bilmələrini də istisna etmək mümkün deyildir. Zərərçəkmiş şəxs xəsarətlər 01 mart 2022-ci il tarixdə yetirilmiş, lakin məhkəmə-tibbi müayinə 07 aprel 2022-ci il tarixdə, yəni hadisədən uzun müddət keçdikdən sonra aparılmış və onun bədəni üzərində digər hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 06 iyul 2022-ci il tarixli, 1779 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs üzvi emosional-ləbil pozuntusu müəyyən edilir. Bunu anmnestik məlumatlar və hal-hazırki müayinənin nəticələri sübut edir. Zərərçəkmiş şəxs müəyyən edilmiş qeyri-psixotik pozuntular o dərəcədə ifadə olunmayıb ki, sonuncu qərarda göstərilən əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Zərərçəkmiş şəxs bu iş üzrə ifadə vermək iqtidarındadır, yəni psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir. Zərərçəkmiş şəxs idrak proseslərinin intellektinin normaya uyğun olması müəyyən olunur. Emosional-iradi sferasında qıcığa qarşı həsasslıq aşkar olunur. Hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. O, qərarın təsviri hissəsində göstərilən hadisə zamanı etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmuş, həmçinin, hal-hazırda öz hərəkətlərini qavramaq və anlamaq qabiliyyətinə malikdir. İş materiallarında olan 03 aprel 2023-cü il tarixli Zərərçəkmiş şəxs ərizəsinə əsasən məlum olur ki, o, Təqsirləndirilən şəxs şikayətçi deyildir, onunla barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. İş materiallarında olan 930 saylı Hərbi Hissədən verilmiş xidməti xasiyyətnaməyə əsasən məlum olur ki, 20 iyul 2022-ci il tarixdə Fizuli rayonunun SHXÇDX şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissənin 2-ci divizion, 4-cü batareya, 2-ci taqım, 4-cü topun baş tuşlayıçısı vəzifəsində xidmət etmiş əsgər Təqsirləndirilən şəxs xidmət etdiyi müddət ərzində özünü intizamlı, işgüzar və bacarıqlı bir əsgər kimi göstərir. Komandir və rəislərin verdiyi əmr və göstərişlərini vaxtında və dəqiq yerinə yetirir. Hərbi nəzakət, davranış qaydalarına riayət edir. Hərbi işini vicdanla öyrənmiş və döyüş hazırlığını daim yüksək səviyyədə saxlayır.Yoldaşlarına qarşı səmimidir və onlarında Vətənə məhəbbət hissinin, hərbi intizamın və mənəvi-psixoloji vəziyyətinin möhkəmləndirilməsi işində komandirlərinə yaxından kömək edir. Divizionun ictimai həyatında fəaldır. Təşkilatçılıq qabiliyyətinə və kollektiv arasında nüfuza sahibdir.Mənəvi cəhətdən sabit, xasiyyətcə təmkinli və təvəzökardır.Mənəvi və işgüzar keyfiyyətlərini nəzərə alaraq müsbət xasiyyətnamə ilə xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin 113 saylı MKİS-in rəisi M.Q.Qasımov tərəfindən verilmiş xasiyyətnaməyə əsasən məlum olur ki, 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, ünvan 4 ünvanda yerləşən Təqsirləndirilən şəxs uzun müddətdir ki, qeyd edilən ünvanda yaşayır, yaşadığı müddət ərzində özünü layiqli aparmış və hamıya hörmətlə yanaşmışdır.Onun haqqında 113 saylı MKİS-nə, 6-cı polis bölməsindən, sahə müvəkkilindən heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan N nömrəli Hərbi Hissədən verilmiş 09 oktyabr 2023-cü il tarixli arayışa əsasən məlum olur ki,həqiqətən də N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət qulluqçusu əsgər Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdədir. Əsgər Təqsirləndirilən şəxs müvafiq qanunvericiliyə əsasən xx.xx.2024-cü il tarixdə Ordu sıralarından ehtiyyata buraxılacaqdır. İş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-691/2022 saylı hökmə əsasən məlum olur ki, X5 (Təqsirləndirilən şəxs qardaşı) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1(bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Beləliklə, məhkəməyə təqdim edilmiş bütün sənədlərə, ekspert rəylərinə, zərərçəkmiş şəxsin və şahidlərin elan olunmuş ifadələrinə əsasən aydın olur ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, onun müdafiəçisinin çıxışını, zərərçəkmiş şəxsin ifadəsini dinləyib, iş materiallarını və ekspertiza rəylərini nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır.Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli bilməməsi onu gözləyən cəzadan yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir.Belə ki, təqsirləndirilən şəxsin CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam təsdiqini tapır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini, hqəqiq hərbi xidmətdə olmaqla əsgər olmasını və torpaqların işğaldan azad edilməsi uğrunda aparılan lokal xarakterli antiterror əməliyyatlarında aktiv iştirak etməsini, gənc olmasını, xidməti və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CMnin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların isə olmamasını, təqsirləndirilən şəxsin ilk dəfə az ağır cinayət törətməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini, əsgər olmasını və torpaqların işğaldan azad edilməsi uğrunda aparılan lokal xarakterli antiterror əməliyyatlarında aktiv iştirak etməsini, hal-hazırda hərbi xidmətdə olmasını, gənc olmasını, xidməti və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək, CM-nin 127.2.3-cü maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, o cümlədən təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunmasının mümkün sayılmasını əsas götürərək, təqsirləndirilən şəxsin məhz azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsini məqsədə uyğun hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalı, həmçinin törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, eləcə də cəzanı yüngülləşdirən halların məcmusu və cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınaraq, o cümlədən təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunmasının mümkün sayılması əsas götürələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti təyin edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti Bakı şəhər Probasiya İdarəsi həyata keçirməli, onun barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 50 saat vaxt sərf etmişdir. İş üzrə müki iddia, məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunsun və ona 01 (bir) il sınaq müddəti təyin edilsin, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə » qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 50 saat hüquqi xidmətin dəyəri 300 (üç yüz) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********, m/hAZ37NABZ******************** .S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar