Məhkəmə qərarları › İş №1(001)-170/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-170/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-170/2024 04.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 9 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 29,177.1, 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 02 sentyabr 2023-cü il tarixdə saat 18:09-də özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ünvan 2 ünvanda yerləşən Bazarstore supermarketinə gələrək orada marketin ümumi zalında yerləşən soyuducudan iki ədəd 5 kiloqramlıq cəmi 162 manat 28 qəpik dəyərində 10 kiloqram “Anchor” markalı kərə yağını götürüb marketdən çıxıb gizli talamaq istəyərkən lakin marketin mühafizəçisi tərəfindən saxlanıldığından öz iradəsindən aslı olmayan səbəblərə görə cinayətə görə yönəldilmiş əməllərini başa çatdıra bilməyərək zərərçəkmiş hüquqi şəxs Bazarstore MMC-yə 162 manat 28 qəpik maddi ziyan vurmaqla oğurluğa cəhd etmişdir. Bundan başqa o, təkrarən 02 sentyabr 2023-cü il tarixdə saat 18:24 birgədər əvvəl Bazarstore supermarketdə 10 kiloqram yağı oğurlayıb saxlanıldıqdan sonra Bazarstore supermarketin mühafizə otağında olan zaman mühafizəçinin otağından çıxmasından istifadə edib masanın üzərində olan 976 manat 92 qəpik dəyərində “Zebra” markalı əl terminalını gizli talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə 976 manat 92 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 24 sentyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,526 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 25 sentyabr 2023-cü il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 09:00 radələrində ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq ünvan 4anda yerləşən Binəqədi RPİ-nin 5-ci PB-nə gətirilmiş, orada saat 10:10-da üzərinə şəxsi axtarış aprılan zaman əynindəki açıq göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli kağıza bükülmüş təmiz çəkisi 0,526 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 29,177.1, 177.2.2 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək marketdən ilk öncə yağ oğurladığını, saxlanılan zaman ondan sonra post-terminalı götürdüyünü, daha sonra üzərində baxış zamanı üzərindən narkotikin çıxdığını, habelə törətdiyi əməldən peşman olduğunu qeyd edib, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 29,177.1, 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X3 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxsda baş ofisdə çalışır. 2 sentyabr 2023-cü ildə ünvan 6 ünvanında Azər bəy yağ məhsulunu götürməyə cəhd etmişdir. “Anchor” markalı yağı götürüb çıxarkən mühafizə şöbəsinin əməkdaşı onu saxlamışdır. Otağa gətirilən zaman əlini ataraq zebra terminalı götürmüşdür. Həmin terminalla gələn malların siyahısı götürülür. O, terminalı bir an içində otaqda heç kəsin olmadığı vaxtda götürmüşdür. Onlar terminalı alğı-satqı müqaviləsi əsasında alırlar və bununla bağlı müqavilələri vardır. İş materiallarında terminalın pulunun ödənilməsi ilə bağlı qaimələr də vardır. Yağ məhsulunu geri qaytarmışlar, lakin təəssüflər olsun ki, terminalı geri ala bilməmişlər. Həmin terminalın dəyəri 487 dollar, yəni 976.92 manatdır. Dollarla deməkdə məqsədi terminalın xaricdən alınmasıdır. Məhkəmədən oğurluq edən şəxslə bağlı qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs-nin filial müdiri vəzifəsində çalışır. Hadisə Naxçıvani küçəsində yerləşən Zərərçəkmiş şəxs-də baş vermişdir. Mühafizə əməkdaşı tərəfindən şəxsin “Anchor” markalı yağın oğurlandığı aşkar edilmişdir. Mühafizə əməkdaşı bununla bağlı sənədləşdirmə işlərini apararkən, şəxs terminalı oğurlamışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, daşıma və saxlaması barədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 25 sentyabr 2023-cü il tarixdə saat 09:00-da məhdudlaşdırılaraq həmin tarixdə saat 09:55-də şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı sonuncunun əynindəki açıq göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli kağız büküm aşkar edilərək götürülmüşdür. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5049 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində, üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün № 174” dairəvi möhür əksi və “...Şübhəli şəxs: Təqsirləndirilən şəxs – imza, iştirakçılar: üç imza, Tərtib etdi: Y.Zeynalov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi – 0,526 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 0,526 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,476 qram. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona 26 sentyabr 2023-cü il tarixdə saat 10:15-də həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və sonuncu həmin tarixdə saxlanıldığı Binəqədi rayon Polis İdarəsinin MSY-dən azad edilmişdir. Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Materialın cinayət işinə birləşdirilməsi və əməlin tövsif olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış HK- 1/2104 nömrəli material ********* nömrəli cinayət işininə birləşdirilmiş və cinayət işi üzrə əməl CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 29,177.1, 177.2.2 və 234.1-ci maddələrinə tövsif olunmuşdur. Baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdə10 kq. çəkidə 179 manat dəyərində”Anchor” yağını oğurlamağa cəhd etməsi, dəyəri 976 manat 92 qəpik olan bir ədəd “Zebra” markalı əl terminalını oğurlaması hadisəsi Zərərçəkmiş şəxs MMC-nin ünvan 2 ünvanda yerləşən filialında baş vermiş və hadisə yerinə baxış zamanı fotoşəkil və videogörünütlər götürülmüşdür. DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və cinayət işinə əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, kiçik ölçülü, çox da enli olmayan bir otaqda otağın pəncərəsi ilə üzbəüz divarın dibində olan stulda əynində ağ rəngli qısaqol köynək, ağ rəngli şalvar və ağ rəngli ayaqqabı olan kişi cinsli bir şəxsin oturduğu müşahidə olunur. Həmin şəxsin əyləşdiyi stulun sol tərəfində qara rəngli bir kreslonun, kreslodan sonra üzərində komputer avadanlıqları, müxtəlif kağızlar və mobil telefonlara oxşar əşyalar olan stolun olduğu müşahidə olunur. Həmin otaqda qeyd olunan şəxsdən başqa şəxs yoxdur. Stulda oturan həmin kişi cinsli şəxs oturduğu yerdən ani olaraq qalxıb yarıoturaq vəziyyətdə stolun pəncərəyə tərəf hissəsinin üstündə olan mobil telefona oxşar əşyanı sol əli ilə götürüb sağ əlinə ötürərək sağ əli ilə şalvrının sol balağını qaldırıb sol ayağında olan qara rəngli corabının içinə qoyur. Baxış zamanı Təqsirləndirilən şəxs bildirir ki, baxış keçirilən videogorüntüdə əks olunan otaqda stulda əyləşən şəxs onun özüdür. Həmin zaman mühafizəçinin başının qarışıq olmasından istifadə edərək əl terminalını mobil telefon kimi zənn edərək oğurlamışdır. DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və cinayət işinə əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, ağ rəngli qısaqol köynək, ağ rəngli şalvar və ağ rəngli ayaqqabı olan kişi cinsli bir şəxsin oturduğu müşahidə olunur. Həmin şəxs mağazaya daxil olaraq əlində tutumuş olduğu qara rəngli zənbillə soyuducuya doğru yaxınlaşaraq soyuducudan iki ədəd yağı götürərək zənbilin içinə qoyur. İkinci videoda qeyd olunan əyində ağ rəngli qısaqol köynək, ağ rəngli şalvar və ağ rəngli ayaqqabı olan kişi cinsli bir şəxsin oturduğu müşahidə olunur. Həmin şəxs əlində olan göy rəngli salafanla mağazanın işləməyən kassanın arxasından keçərək mağazanın çıxışına doğru yönəlir və daha sonra mağazadan çıxır onun ardınca isə əynində qara şalvar, göy rəngli qısaqol köynək geyinmiş şəxs çıxaraq marketin qarşısında onu saxlayır. Baxış zamanı X5 bildirdi ki, baxış keçirilən videogorüntüdə əks olunan otaqda stulda əyləşən şəxs onun özüdür. Həmin zaman mühafizəçinin və digər mağaza işçilərinin diqqətsizliyindən istifadə edərək göy rəngli əlində tutduğu sellofanın içərisində iki ədəd 5 kiloqramlıq “Anchor” yağını oğurlamışdır. DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və cinayət işinə əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoyur. Şübhəli şəxs Təqsirləndirilən şəxs, üzərində başqa hər hansı əşyanın olub-olmaması sual edildikdə, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılır. İlk öncə onun geyindiyi paltarların ciblərinə baxılır, lakin hər hansı bir əşya aşkar edilmir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üst-başını səliqəyə salmaq tələb edilir. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd qızılı rəngli kağıza bükülmüş bükümün “Heroin” deyilən narkotik vasitə olduğunu bildirir. Ondan həmin bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyi soruşulduqda narkotik vasitə istifadə etməsini, həmin bükümü tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata Nəsimi rayonu “Papanin” adlanan yerdə alarq üzərində gəzdirdiyini bildirir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm boz rəngli elektron tərəzidə çəkilir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 29,177.1, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Biəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-1005/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək həbsdə saxlanılma müddətinin əvvəli 29 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə əqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının 1 il 1 ay 2 gününü çəkmədən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-in 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə xx.xx.2018-ci il tarixdə azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(005)-221/2019 nömrəli hökmü ilə CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə xx.xx.2021-ci il tarixdə azad olunmuşdur. Təqsirləndirilən şəxs hazırda baxılan cinayət iş üzrə cinayət əməllərini törədən zaman ödənilməmiş və ya götürülməmiş məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin xx.xx.2023-cü il tarixli, 7657 nömrəli Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş 0,526 qram çəkidə olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış, narkotik vasitə olan heroinin tədqiqata sərf edildikdən sonra 0,476 qram qalmış qalığı saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının görüntüləri olan 1 (bir) ədəd disk, eləcə də “Zebra” markalı əl terminalının və “Anchor” markalı yemək yağının oğurlanması zamanı hadisə yerindən çəkilmiş videogörüntünün əks olunduğu 2 (iki) ədəd disk, ümumilikdə 3 (üç) ədəd disk sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)- 1220/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni 18 yanvar 2024-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-170/2024 nömrəli qərarından görünür ki, iş üzrə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs nümayəndəsi X3 tərəfindən məhkəmə istintaqı zamanı verilmiş iddia ərizəsi üzrə dövlət rüsumu olmadığından müraciət geri qaytarılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyi, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxışında Təqsirləndirilən şəxs CM-in 29,177.1, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə sonuncuya irəli sürülmüş ittihamdan rəqəmlə ifadədə həmin Məcəllənin 29,177.1-ci maddəsinin xaric edilməsini təklif etmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 29,177.1, 177.2.2 və 234.1-ci maddələri ilə irəli sürülmüş ittihamdan rəqəmlə ifadədə həmin Məcəllənin 29,177.1-ci maddəsi xaric edilməlidir. Çünki CM-in 177.2.2-ci maddəsinin tərkibinin yaranması üçün CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tələb olunur, yəni CM-in 177.2.2-ci maddəsi həmin Məcəllənin 177.1-ci maddəsini əhatə edir. Oğurluq cinayətində CM-in 177.2-ci maddəsinin bir neçə tövsifedici əlamətləri olduqda, əməl bu əlamətlərin hamısı ilə tövsif edilməlidir. Cəza isə hər bir tövsifedici əlaməti nəzərdə tutan maddələrlə ayrı-ayrılıqda bir neçə dəfə deyil, əlamətlərin hamısı sadalanmaqla bir dəfə təyin edilməlidir. Cəza təyin edilərkən bu hallar əməlin xarakterini və ictimai-təhlükəlilik dərəcəsinin yüksək olmasını əks etdirən hallar kimi qiymətləndirilməlidir. Bu baxımdan Təqsirləndirilən şəxs rəqəmlə ifadədə CM-in 29,177.1ci maddəsi ilə ittiham irəli sürülməsinə ehtiyac qalmır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. CPM-in 38.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. CPM-in 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. CPM-in 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2 və 234.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən halla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olmasını, əvvəllər də eyni xarakterli cinayət əməllərini törətməyə görə məhkum olunmasını, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 25 sentyabr 2023-cü il tarixdə saat 09:00-da məhdudlaşdırılaraq həmin tarixdə saat 09:55-də şübhəli şəxs qismində tutulmuş və 26 sentyabr 2023-cü il tarixdə saat 10:05-də təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Bakı şəhəri Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs saat hesabı ilə 24 saatdan artıq müddətdə, yəni 1 (bir) gündən artıq müddətdə şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə, Təqsirləndirilən şəxs hüquqların pozulmaması və onun vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə faktiki azadlığının məhdudlaşdırıldığı 25 sentyabr 2023-cü il tarixdə saat 09:00-dan təqsirləndirilən şəxs qismində cəlb edildiyi 26 sentyabr 2023-cü il tarixdə saat 10:05-dək olan müddətin 2 (iki) gün olaraq nəzərə alınmasını məqbul hesab etmişdir. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(001)-1005/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 29 sentyabr 2023-cü il tarixdən hesablanmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-1220/2023 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 20 gün, yəni 18 yanvar 2024-cü il tarixədək uzadılmış və sonuncu 29 sentyabr 2023-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 29 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatlarından sonra qalıq qalmış təmiz çəkisi 0,476 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində olan pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsnə cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 35 (otuz beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.1, 177.2.2 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamdan rəqəmlə ifadədə həmin Məcəllənin 29,177.1-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 29 sentyabr 2023-cü il tarixdən hesablanmaqla, həbsdə saxlanılma müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,476 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş ümumilikdə 92 (doxsan iki) manat məbləğində olan pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsnə cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar