Məhkəmə qərarları › İş №1(001)-171/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-171/2022

19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-171/2022 19.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1966-cı il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13.09.2021-ci il tarixdə saat 01 radələrində, vət.Zərərçəkmiş şəxs1 məxsus Binəqədi rayonu, İsfahani küçəsində yerləşən həyət evinə, həyətyanı hasarından aşaraq, evin giriş qapısının kilidini, özü ilə gətirdiyi dəmir vasitəsi ilə zor tətbiq edib sındırmaq yolu ilə qanunsuz olaraq daxil olub, oradan 01 ədəd “Hidroterm” markalı 50 manat dəyərində direli, 01 ədəd boz rəngli 40 manat dəyərində direli, 01 ədəd 65 manat dəyərində laqondanı, 30 metr uzunluğunda olan 25 manat dəyərində uzadıcını, 275 manat dəyərində istifadə edilməmiş reduktoru, iki ədəd qutunun içərisində olan hər birinin qiyməti 20 manat olmaqla 40 manat dəyərində elektrik naqilləri olmaqla təmir materiallarını gizli yolla talayıb zərərçəkmiş şəxsə 495 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, 25.09.2021-ci il tarixdə saat 02:30 radələrində təkrarən vət.Zərərçəkmiş şəxs2 məxsus Binəqədi rayonu, Fatmaye bağlarında yerləşən həyət evinə həyətyanı hasardan aşaraq, evin zirzəmisinin pəncərəsindən qanunsuz olaraq daxil olub oradan tavanda olan 700 manat dəyərində taxtaları, həmçinin evin həyətyanı hasarının yanında olan elektrik paylayıcı transformatorun içərisindəki ümumilikdə qiyməti 1000 manat dəyərində olan misləri və motoru gızli yolla talayıb, zərərçəkmiş şəxsə 1700 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, 01.10.2021-ci il tarixdə saat 01:30 radələrində təkrarən vət.Zərərçəkmiş şəxs3 məxsus Binəqədi rayonu, Görədil qəsəbəsində yerləşən həyət evinə qanunsuz olaraq daxil olub oradan 01 ədəd 150 manat dəyərində olan Bosch GWS 26-180 H Professional markalı laqondanı və 01 ədəd 50 manat dəyərində bosch markalı laqondanı, 01 ədəd 100 manat dəyərində bosch markalı direli, 01 ədəd markası istintaqa məlum olmayan 20 manat dəyərində direli, 01 ədəd bosch markalı 200 manat dəyərində prefaratoru və 02 ədəd 150 manat dəyərində işlənməmiş markası istintaqa müəyyən olmayan avtomobil təkərini, evin həyətində yerləşən əl damından isə 100 manat dəyərində 50 metr uzunluğunda top kabeli, gizli yolla talayıb zərərçəkmiş şəxsə 770 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyək göstərmişdir ki, alimentlə bağlı icra sənədini icra edə bilmədiyindən keçmiş həyat yoldaşı onu həbs etdirməyə çalışır. Bu səbəbdən müstəntiqdən xahiş etmişdir ki, onun barəsində xırda talama ilə bağlı inzibati xəta haqqında protokol tərtib etsin. Bu yolla o aliment ödənişindən yayınmaq istəmişdir. Buna görə ilkin ifadələrində cinayət əməllərini bütün epizodlar üzrə etiraf etmişdir. Qeyd etdiyi hallara əsasən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən həyət evi ona məxsusdur. Hal– hazırda həmin evdə təmir işləri aparılması ilə bağlı yaşayış yoxdur. Lakin o evə baş çəkmək üçün 2-3 gündən bir ora gedir. Həyət evinin qapısı və pəncərələri təmir edilmiş və bağlı vəziyyətdədir. Həmin evin həyətyanı hasarı da çəkilmişdir. Belə ki evə kənar şəxsin daxil olması mümkün deyildir. 11.09.2021-ci il o yenə səhər saat 10 radələrində həmin evə gəlmişdir və özü də orada ustalarla birlikdə işləməyə başlamışdır. Onlar həmin gün saat 18 radələrinə kimi evdə işləmiş və iş bitdikdən sonra ustalar özlərinə məxsus olan təmir alətlərini götürüb çıxıb getmişlər və o da evdən çıxıb qapısını bağlayıb müvəqqqəti yaşadığım Sumqayıt şəhərində yerləşən evə getmişəm. Evdə həmin vaxt təmir üçün istifadə etdiyi özünə məxsus olan təmir alətləri olmuşdur. O evdən çıxan zaman təmirdə istifadə etdiyi direli, reduktoru, uzadıcını və s. kimi əşyaları evdə otaqların birində bir kənarda yerdə yığıb getmişdir. 12.09.2021-ci il tarixdə o, bazar günü olduğundan işləməmək və istirahət etmək qərarına gəlmişdir. Bu səbəbdən o həmin evə gedib baxa bilməmişdir. 13.09.2021-ci il tarixdə, o evə baş çəkmək üçün təxminən saat 20:40 radələrində həmin evə gəlmişdir. Evin həyətyanı hasarının qapısını açıb həyətə daxil olub evə yaxınlaşanda müəyyən etmişdir ki, evin qapısı açıq vəziyyətdədir. O, qapıya baxanda müəyyən etmişdir ki, evin qapısını hər hansı bir dəmir vasitəsi ilə zor tətbiq edib açıblar. Bundan sonra evə daxil olub otaqlara baxanda müəyyən etmişdir ki, evdə özünə məxsus olan bir kənarda yığıb getdiyi 01 ədəd “Hidroterm” markalı 120 manat dəyərində direlin, 01 ədəd boz rəngli 175 manat dəyərində direlin, 01 ədəd 65 manat dəyərində laqondanın, 30 metr uzunluğunda olan 25 manat dəyərində uzadıcının, 275 manat dəyərində istifadə edilməmiş reduktorun, iki ədəd qutunun içərisində olan hər birinin qiyməti 20 manat olmaqla 40 manat dəyərində elektrik naqillərinin yerində olmadığını müəyyən etmişdir və bu barədə 102 xidmətinə məlumat vermişdir. Hadisə nəticəsində ona 700 manat dəyərində maddi ziyan dəydiyini qeyd etsə də əslində ona vurulmuş ziyan o məbləğdən çoxdur. 02 ədəd direl ona qaytarılmışdır. Dəymiş ziyan ödənilməmişdir və hazırda şikayəti vardır. Əlavə olaraq bidirmişdir ki, istintaq orqanı tərəfindən hadisə yerinə baxış keçirilən zaman onun iştirakı təmin edilməmişdir. Məhkəmə istintaq zamanı ibtidai istintaq dövründə verdiyi ifadənin nəzərə alınmasını xahiş edən Zərərçəkmiş şəxs2 ona vurulmuş ziyanın ödənilmədiyini bildirmişdir. O, ifadəsində göstərmişdir ki, Binəqədi rayonu Fatmayı bağ massivi 0029 ünvanında yerləşən yarımtikili həyət evi və evin içərisindən oğurlanmış əşyalar ona məxsusdur. 25.09.2021-ci il tarixdə həmin bağ evinə gələrkən müəyyən etmişdir ki, evin qapısının dəstəyi yerində deyil. O bundan şübhələnmiş və həyətdə olan elektrik qovşağının içərisindən misin və motorun sökülərək oğurlanmasını müəyyən etmişdir. Daha sonra evə daxil olmuş və evi axtarmağa başlamışdır. Evin yuxarı mərtəbəsində tavanda olan tikinti üçün aldığı taxtaların yerində olmadığını müəyyən etmişdir. O başa düşmüşdür ki, evdən oğurluq edilmişdir. Bu barədə atası Məzahim öz mobil telefonu ilə 102 xidmətinə məlumat vermişdir. Oğurluq hadisəsi zamanı oğurlanmış taxtalara görə ona 700 manat, elektrik qovşağının motorunun və içərisində olan misin oğurlanmasına görə isə ona 1000 manat olmaqla ümumilikdə 1700 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 27.09.2021-ci il tarixdə o saat 08 radələrində oğlunun yas mərasimi üçün yaşadığı evdən çıxıb Şabran rayonuna getmişdir. O, 06 gün müddətində rayonda olmuş və həmin müddət ərzində evdə heç kim olmamışdır. O evdən çıxıb gedərkən hər zaman evin açarını qapının yanında gizlədib gedir. Bu dəfə də həmin qaydada qapını bağlayıb və evin həyətyanı hasarının qapısını da məftil vasitəsi ilə bağlayıb getmişdir. O, işi ilə bağlı olaraq usta olduğu üçün evində təmir alətləri olmuşdur. O direl və laqonda kimi əşyaları evdə saxlayır. 02.10.2021-ci il tarixdə saat 19 radələrində o Şabran rayonundan qayıdıb yaşadığı evə gəldikdə müəyyən etmişdir ki, evi hasarının qapısı açıq vəziyyətdədir. O, həyətə keçib evin qapısına yaxınlaşanda görmüşdür ki, evin qapısıda açıq vəzziyyətdədir. Evin qapısı açar vasitəsi ilə açılmışdır. Qapıda hər hansı zor tətbiqi yoxdur. O, oğurluq olmasından şübhələnib içəri daxil olmuşdur və evi nəzərdən keçirdikdə, evdə özünə məxsus olan 01 ədəd 80 manat dəyərində olan və 01 ədəd 50 manat dəyərində bosch markalı laqondaların və 01 ədəd 100 manat dəyərində bosch markalı və 01 ədəd markasını dəqiq xatırlamadığı 20 manat dəyərində direlin, 01 ədəd bosch markalı 200 manat dəyərində prefaratorun və 02 ədəd 150 manat dəyərində işlənməmiş markasını bilmədiyim avtomobil təkərinin, evin həyətində yerləşən əl damına baxdıqda isə 100 manat dəyərində 50 metr uzunluğunda top kabelin olmadığını naməlum şəxs tərəfindən oğurlanmasını müəyyən etmişdir. Bu barədə dərhal 102 xidmətinə müraciət etmişdir. Hadisə nəticəsində ona 700 manat dəyərində ziyan dəymişdir. Ona bir ədəd Bosch markalı laqonda qaytarılmışdır. Dəymiş ziyan ödənilməmişdir və hazırda şikayəti vardır. O şəhid atası olduğunu bildirmiş və oğlunun yas mərasimi ərəfəsində bu hadisəin baş verməsi ona mənəvi pis təsir etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, Binəqədi rayonu ərazsisində metal alıb satmaqla məşğul olur. 24.09.2021-ci il tarixdə bu məqsədlə binəqədi rayonu ərazisində bir neçə evin qapısını döyərək satılası metal varsa almaq istədiyini bildirmişdir. Tanımadığı bir evin qapısını döymüş və orada yaşayan bir nəfər şəxs qapıya çıxaraq ona özünə məxsus olan satılası misi olduğunu bildirmişdir. O, ondan həmin satmaq istədiyi misi almışdır. Misin çəkisi təxminən 3 kilo olmuşdur. O ümumilikdə 24 manat verməklə həmin misi ondan almışdır. Metal alarkən alqı-satqı etdiyi şəxslərin şəxsiyyyət vəsiqəsini mobil telefonu ilə şəkilini çəkdiyini lakin həmin şəxsin şəxsiyyət vəsiqəsinə ehtiyac duymamışdır. Çünki həmin şəxsi yaşadıqları ərazidən üzdən tanıyırdı. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06.10.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. 06.10.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 06.10.2022-ci il tarixdə tutulmuşdur. 08.10.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri üzrə ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.10.2022-ci il tarixli, 4(001)-10612022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 24.12.2021-ci il tarixli 9/8447 saylı məhkəmə - əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 2021-ci ilin avqust-sentyabr aylarına olan orta bazar qiyməti üzrə ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd üzərində Hidroterm yazısı olan istifadə edilmiş əl direlinin qiyməti 50,00 manat, 01 ədəd üzərində markasına dair yazı olmayan açıq boz rəngli istifadə edilmiş əl direlinin qiyməti 40,00 manat, 01 ədəd üzərinə Bosch yazılmış laqondanın qiyməti 150,00 manat müəyyən edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə edilən sorğu nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Kirov rayon Xalaq əhkəməsinin 26.07.1985-ci il tarixli hökmü ilə AZSSR Cinayət Məcəlləsinin 207.3-cü maddəsi ilə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26.11.1992-ci il tarixli hökmü ilə AR CM-nin 95-ci maddəsi ilə təqsirli bilinərək barəsində 07 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 26.03.2001-ci il tarixli hökmü ilə AR CM-nin 234.1, 93.1.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25.06.2004-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhruimetmə cəzasına, Binəqədi rayon Məhkəməsinin 30.06.2011-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına, sonuncu dəfə isə Bakı şəhər Binəqədi rayon məhkəməsinin 23.06.2016-cı il tarixli hökmü ilə məhkum olunmuş və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il, 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 13.06.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Hazırda məhkumluğu ödənildiyindən məhkumluğu yoxdur. İş materialalrında olan 27.12.2021-cil il tarixdə Zərərçəkmiş şəxs1 tərəfindən imzalanmış qəbzdən görünür ki, o, 1 ədəd üzərində hidroterm yazısı olan və 01 ədəd üzərində yazı olmayan istifadə edilmiş əl direlini Binəqədi RPİ-nin İstintaq Şöbəsindən təhvil almışdır. İş materialalrında olan 28.12.2021-cil il tarixdə Zərərçəkmiş şəxs3 tərəfindən imzalanmış qəbzdən görünür ki, o, 1 ədəd Bosch markalı laqondanı Binəqədi RPİ-nin İstintaq Şöbəsindən təhvil almışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin izhatına, zərər çəkmiş şəxslərin və şahidin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə və 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. AzərbaycanRespublikasıCinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğunolmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədiilətətbiqedilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs əvvəlki cinayətinə görə o cəzanı çəkib qurtardığı gündən 02 ildən artıq müddət keçdiyindən onun məhkumluğu ödənilmiş hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilməsi və hazırki cinayət işi üzrə zərərçəkmişlərə vurulmuş ziyanın ödənilməməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir . Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 oktyabr 2021-ci il tarixdən 06 dekabr 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) ay müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 il (bir) 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu tarixdən, yəni 19 may 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalıdır. İş üzrə maddi sübut - 01 ədəd markası müəyyən olmayan boz rəngli əl direli və 01 ədəd hidroterm yazılmış direlin qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılması, 01 ədəd Bosch yazılı laqondanın qanuni sahibi Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd kəlbətin və 01 ədəd dəmir ling Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 420 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 oktyabr 2021-ci il tarixdən 06 dekabr 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) ay müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 il (bir) 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 19 may 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan - 01 ədəd markası müəyyən olmayan boz rəngli əl direli və 01 ədəd hidroterm yazılmış direlin qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan - 01 ədəd Bosch yazılı laqondanın qanuni sahibi Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan 01 ədəd kəlbətin və 01 ədəd dəmir ling əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba) keçirilsin Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar