Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-172/2021 31.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Ağstafa rayonu, Pirili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Gəyəli kəndində qeydiyyatda olmaqla, ünvan 1 mənzil 112 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx xxxxxx 2020-ci il tarixdə saat 21:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsi A.Gəraybəyli küçəsi ilə S.Bəhlulzadə küçələrinin kəsişməsində, Azərbaycan Dövlət İqtisad Universitetinin 3 saylı yataqxanasının qarşısında Zərərçəkmiş şəxs məxsus və içərisində 02 (iki) manat danışıq balansı və 05 (beş) manat dəyərində nömrə sim kartı yüklü bir ədəd 220 (iki yüz iyirmi) manat dəyərində “Samsung” markalı “SM-A505FN/DS” (Galaxy A50) model, 354423/10306879/3 və 3544xx/xx/306879/1 imei kodlu mobil telefon aparatı olan 02 (iki) manat dəyərində qara rəngli süni dəri materialdan olan qadın üçün pul kisəsini əlindən alıb qaçaraq açıq talayıb Zərərçəkmiş şəxs cəmi 229 (iki yüz iyirmi doqquz) manat məbləğdə maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 180.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olmuş, hadisədən təxminən 10 gün əvvəl avtomobili xarab olmuş və bunun nəticəsində o, işsiz və pulsuz qalmışdır. xx xxxxxx 2020ci il tarixində saat təxminən 21 radələrində yaşadığı evdən çıxaraq Dərnəgül qəsəbəsinə doğru getmişdir. O, məhəllələrin arasında gəzən zaman əlində 02 ədəd sellofan torba və pul kisəsi olan 55-60 yaşlı bir qadının tək taksidən endiyini və ətrafda heç kimin olmadığını görmüşdür. O, pulu olmadığı üçün anidən həmin pul kisəsini qadının əlindən oğurlamaq fikrinə gəlmiş və sakitcə arxadan yaxınlaşıb pul kisəsini qadının əlindən alıb qaçmağa başlamışdır. Bu zaman həmin qadın onun arxasından qışqırmağa başlamış və o, həyacanlı olduğundan tanımadığı bloka girib yuxarıya doğru qaçmışdır. Bu zaman o, orada olan tanımadığı şəxslərin onu tutacağından qorxub pul kisəsini yerə atmış və orada olan vətəndaşlar onu tutub polisə təhvil vermişlər. Hazırda törətdiyi cinayət əməlindən peşmandır, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində yeznəsi Yunisgildən taksi ilə çıxıb yaşadığı ünvana getmiş, yaşadığı evin yaxınlığında, yəni Binəqədi rayonu Dərnəgül qəsəbəsi 3 saylı İqtisad Universitetinin yatqxanasının binasının qarşısında taksidən düşmüşdür. Həmin vaxtı əlində iki ədəd sellofan torba və pul kisəsi olmuş, ani bir məqamda arxadan qırmızı papaqlı bir nəfər ona yaxınlaşıb əlində saxladığı pul kisəsini alıb qaçmışdır. O, əvvəlcə həmin şəxsin oğlu olmasını zənn etmiş, lakin sonra həmin şəxsin qaçdığını gördükdə, başa düşmüşdür ki, oğrudur və dərhal qışqırıb kömək istəmişdir. Həmin şəxs binaların arasına qaçıb getmiş, təxminən 5-10 dəqiqə sonra orada yaşayan tanımadığı məhəllə uşaqlarından biri pul kisəsini gətirib ona qaytarmış və onun pul kisəsini oğurlayan şəxsi də saxlayıb polisə təhvil vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, hadisə nəticəsində ona dəymiş zərər tam olaraq ödənilmiş və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs məhəllə sakini kimi tanımışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində o, şəxsi işləri ilə əlaqədar olaraq, Dərnəgül qəsəbəsində olan zaman ara məhəllədən qadın qışqırığı səsi eşitmiş, cəld qışqırıq səsinin gəldiyi yerə qaçarkən qadının bir nəfər qaçan şəxsin arxasınca qışqırdığı üçün həmin şəxs tərəfindən qadına qarşı hər hansı bir hadisə törədildiyini anlamış və cəld həmin şəxsin arxasından qaçmağa başlamışdır. Həmin oğlanın bir əlində qara rəngli qadın pul kisəsi gördüyü üçün pul kisəsinin həmin qadına məxsus ola biləcəyini düşünmüşdür. Həmin oğlan məhəllədəki binaların birinin blokuna qaçıb girmiş, pilləkənlərlə yuxarıya qalxmağa başlamışdır. Bu zaman həmin şəxs əlindəki pul kisəsini yerə atmışdır. O, həmin şəxsin arxası ilə gedib onu tutub saxlamış, özünə tərəf çəkib aşağı pilləkənlərə endirmiş və özü ilə birlikdə məhəlləyə tərəf aparmışdır. Blokun içərisində olarkən yolda qara rəngli pul kisəsini də özü ilə götürmüş və Xalidə xanıma təhvil vermişdir. Bundan sonra o, polisə məlumat verməklə həmin şəxsi Binəqədi RPİ-nin 5-ci PB-nə təhvil vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus pul kisəsinin açıq talanması fakta görə CM-in 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə olan oğurluq hadisəsi Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsi A.Gəraybəyli küçəsi ilə S.Bəhlulzadə küçələrinin kəsişməsində, Azərbaycan Dövlət İqtisad Universitetinin 3 saylı yataqxanasının qarşısında baş vermişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi “Samsung” markalı, “Galaxy A50” modelli, “SM-A505FN/DS” 354423/10306879/3 və 3544xx/xx/306879/1 imei kodlu mobil telefon aparatı və pul kisəsi götürülmüşdür. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-948/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zəngilan rayon İHB-nın Şayıflı kənd İƏD-sı üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-82/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1 ay müddətinə uzadılmışdır. xx.xx.2021-ci il tarixli, 9/568 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların işlənmə dərəcəsi nəzərə alınmaqla 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 222,00 manat müəyyən edilir. O cümlədən, 1 ədəd Vyetnam istehsalı olan “Samsung” markalı “SM-A505FN/DS” (Galaxy A50) model, 354423/10306879 /3 və 3544xx/xx/306879/1 imei kodlu plastmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı, rəqəmsal fotokameralı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla - 220,0 manat; 1 ədəd markalanmasına dair heç bir məlumat olmayan parlaq qara rəngli süni dəri materialdan olan, zəncirbəndlə açılıb-bağlanan pul kisəsi - 2,00 manat. Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, “Samsung” markalı, “Galaxy A50” modelli, “SM-A505FN/DS” 354423/10306879/3 və 3544xx/xx/306879/1 imei kodlu mobil telefon aparatını və pul kisəsini təhvil almışdır. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, “Samsung” markalı, “Galaxy A50” modelli, “SM-A505FN/DS” 354423/10306879/3 və 3544xx/xx/306879/1 imei kodlu mobil telefon aparatı və pul kisəsi maddi sübut kimin tanınmışdır. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan yeni ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-169/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15 gün müddətinə uzadılmışdır. Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixli ərizəsində görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş və onun təqsirləndirilən şəxsdən heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 180.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 180.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 mənzil 112 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə baxışı zamanı iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-948/2020 nömrəli qərarı ilə barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Bundan başqa, müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-82/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1 ay müddətinə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-169/2021 nömrəli qərarında əsasən həbsdə saxlama müddəti 15 gün müddətinə uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən hazırkı vaxtadək, yəni 4 (dörd) ay 3 (üç) gündür ki həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı həbsdə olduğu 4 (dörd) ay 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə zalından həbsdən azad edilməli və Təqsirləndirilən şəxs barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd “Samsung” markalı, “Galaxy A50” modelli mobil telefonun və 1 (bir) ədəd qara rəngli süni dəridən olan qadın pul kisəsinin saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 100 (yüz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 80 (səksən) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 80 (səksən) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 480 (dörd yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən hazırkı vaxtadək həbsdə olduğu 4 (dörd) ay 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 mənzil 112 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd “Samsung” markalı, “Galaxy A50” modelli mobil telefonun və 1 (bir) ədəd qara rəngli süni dəridən olan qadın pul kisəsinin saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərdiyi cəmi 80 (səksən) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 480 (dörd yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-172/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-172/2021
31.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver