Məhkəmə qərarları › İş №1(001)-173/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-173/2023

09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-173/2023 09.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 05 avqust 1987-ci ildə Ermənistanın Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, X18 küçəsi ev 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X20 küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.2, 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 mart 2022-ci ildə saat 14 radələrində atası Şahid1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Heydər Hüseynov küçəsində yerləşən “Borçalı” kafesinin üst hissəsində açıq və müştərilərin rahatlıqla görə bildiyi ümumi zalın daxilində taxta konstruksiya ilə quraşdırılmış və arakəsmə ilə zalın əsas hissəsindən ayrılmış 1 nömrəli kabinetində nahar edib spirtli içki qəbul edərkən zaldakı 2 nömrəli kabinetdə atası Şahid1la uca səslə danışan Zərərçəkmiş şəxs sözlə mübahisə etməsini cüzi səbəb kimi bəhanə edərək həmin anda kafenin zalında əyləşmiş müştərilərin istirahətinə və kafenin işçi personalının normal iş fəaliyyətinə mane olmaqla onların gözü qarşısında kobud şəkildə 2 nömrəli kabinetə sərxoş vəziyyətdə daxil olub ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış qaydalarını pozmaqla ətrafdakı şəxslərə etinasızlıq göstərərək onlara qarşı laqeydliklə eqoizmini nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan sol bud sümüyünün yuxarı üçdə biri sınmış və xəsarəti səbəbindən bir cüt əsa ilə piyada hərəkət etmək iqtidarında olan, bu səbəbdən heç bir müqavimət göstərmək imkanına malik olmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə qəfildən üstünə hücum edib sol əli ilə onun üz nahiyəsinə ardıcıl olaraq bir neçə dəfə qəsdən yumruq zərbələri vurmaqla sağ gözaltı nahiyənin hematoması və gözün ağlı qişasının bayır yarısına məhdud qansızma, sağ göz almasının kontuziyası, sağ almacıq nahiyyəsinin qançırı və qançır fonunda sıyrığı, burun tənəffüsünün pozulması və burunun deformasiyası ilə müşayiət olunan burun sümüklərinin cərrahi repozisiya (sınıq fraqmentlərinin cərrahi yolla yerinə oturdulması) əməliyyatına ehtiyacı olan qapalı yerdəyişmiş sınığı, burunun sağ yan çəpərinin və burun yəhərinin qançırı, üst dodağın sağ yarısının selikli qişasının ağız bucağına yaxın ətrafı qansızma ilə əhatə olunmuş sıyrığı kimi xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.2, 127.2.3 və 221.1-ci maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2008-ci ildə anası X6 vəfat etdikdən sonra atası Şahid1 ilə aralarında olan münasibətlər soyuqlaşmış və mərhum qardaşı Turanla birlikdə nənəsi X4 yanına köçmüşdür. X16 2020-ci ildə ağ ciyərında olan xəstəliklə əlaqədar vəfat etmişdir. Həmin zamandan sonra nənəsi ilə tək yaşamışdır. Binəqədi rayonu Heydər Hüseynov küçəsində, 8-ci mikrorayon kimi tanınan ərazidə böyüyüb başa çatdığından sinif yoldaşları və dostlarının çoxu həmin ərazidə olmuşdur. Münasib vaxt etdikcə zaman-zaman həmin əraziyə gedir, onlarla görüşüb söhbətləşmişdir. Bəzi vaxtlarda da atasına məxsus olan “Borçalı” kafesinə gedir, orada dostları ilə çörək yeyirmişlər. xx.xx.2022-ci il tarixdə günorta saatlarında dayısı oğlu X13 və xalası oğlu Şahid2 ilə birlikdə atası Şahid1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., Heydər Hüseynov küçəsində yerləşən “Borçalı” kafesinə getmişdir. Onların kafeyə getməkdə məqsədləri nahar etmək olmuşdur. Kafenin içərisində yerləşən kabinetlər taxta arakəsmədən ibarətdir. İçəri daxil olduqda atasının kabinetlərin birində tanımadığı bir şəxslə söhbət etdiyini görmüşdür. Atası ilə danışmadığını ətrafdakılar bilməsin deyə atasıgilin əyləşdiyi kabinetə gedib atası və həmin şəxslə salamlaşmışdır. Ayxan və Salman atasıgilin əyləşdiyi kabinetin arxa hissəsindəki kabinetdə oturduqlarından o da onların yanına keçmişdir. Daha sonralar atası ilə oturub söhbət edən şəxsin adının Elbrus olmasını bilmişdir. Atası Elbrusla sakit səslə danışsada Elbrus isə uca səslə danışır, atasına qarğış edir və nalayiq sözlər işlədirmiş. O, ilkin olaraq bu sözlərə reaksiya verməyib həmin mübahisənin tezliklə sonlanacağını, həmçinin atasının işinə qarışmamaq istəmişdir. Lakin, buna baxmayaraq Elbrus yenədə uca səslə qarğış edir və nalayiq sözlərini işlətməkdə davam edirmiş. Elbrus dəqiq olaraq atasının ünvanına nalayiq sözlər deməsədə danışdığı sözlərdə söyüş işlədirmiş. Kabinetdə qohumları Ayxan və Salmanla oturduğundan, həmçinin kafedə başqa şəxslərdə olduğundan Elbrusun atasına dediyi sözlər ona çox pis təsir etməyə başlamışdır. Yenədə səbrini gözləyib çölə çıxıb siqaret çəkmişdir. Biraz gözləyib mübahisənin başa çatdığını zənn edib yenədə kafenin içərisinə daxil olmuşdur. İçəri keçdikdə yenədə mübahisənin başa çatmadığını və Elbrusun yenədə atası ilə mübahisə etdiyini görmüşdür. O, yenədə qohumlarının yanına gedib onlarla əyləşmişdir. Bu zaman Elbrus atasının ünvanına daha sərt söyüş işlətdiyindən o, həmin sözə görə yerində otura bilməmiş və atasıgilin olduğu kabinetə getmişdir. Kabinetə daxil olan kimi atası vəziyyəti anlamış və tez yerindən qalxaraq onun qarşısını kəsib kabinetdən çıxarmışdır. Buna görə onun Elbrusu vurmaq imkanı olmamış və onu vurmamışdır. Buna baxmayaraq Elbruz atasından pul almaq məqsədilə guya onu vurması kimi ifadələr vermişdir. Heç bir cinayət törətmədiyini nəzərə alıb barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Şahid1 təxmini 3 il olar ki, tanıyır. Onunla tanışlığı Şahid1 Binəqədi rayonu H.Hüseynov küçəsində yerləşən ət mağazasını icarəyə götürmək istəyərkən yaranmışdır. Zeynalabdinlə 3 il bundan əvvəl, təxmini 2019-cu ilin oktyabr-noyabr aylarında razılaşmalarına əsasən həmin ət mağazasını 300 manat pula icarəyə götürmüşdür. İcarəyə götürdüyü mağaza təmirsiz olmuşdur. Mağazanın təmirsiz olması müştəri cəlb etmədə çətinlik yaratdığından mağazanı icarəyə götürərəkən Şahid1la razılaşmışdır ki, mağazanı təmir etdirib yeni avadanlıqlar alacaq, əgər gələcəkdə mağazadan çıxarsa yalnız mağazaya gətirdiyi avadanlıqları özü ilə birlikdə aparacaqdır. Şahid1 onun bu fikrinə heç bir etiraz etməmiş, onunla razılaşmışdır. Hətta o, Zeynalabdinə mağazanın təmiri üçün özünündə köməklik etməsini xahiş etsə də Zeynalabdin icarədar olduğunu, bunun üçündə ona heç bir aidiyyətinin olmadığını deyərək onun təklifindən imtina etmişdir. Mağazanın təmiri bir aydan artıq müddətə çəkmişdir. İcarəyə götürdüyü yer tam yararsız olduğundan kanalizasiya xətlərində də nasazlıq olmuş, mağazadan pis qoxu gəldiyindən həmin xəttidə təmir etdirib yeni 70 metr uzunluğunda yaxınlıqda yerləşən mərkəzi sistemə qoşulu kanalizasiya xətti çəkirmişdir. Ümumilikdə Şahid1 ət mağazası işlətmək üçün icarəyə götürdüyü mağazanın təmirinə avadanlıqlarla birgə 18000 manat pul xərcləmişdir. Təmirə xərclədiyi pulu icarədar Zeynalabdinə də bildirmiş, ona sadəcə olaraq mağazanı əgər gələcəkdə təhvil versə yalnız mağazaya yerləşdirdiyi ət satışı üçün ehtiyac olan avadanlıqları, yəni 1 ədəd kondisioner, 2 ədəd soyuducu, 1 ədəd ət maşını, 2 ədəd stol, 1 ədəd ət kötüyü, bıçaq, qarmaq, jalüz pərdələri və ət asmaq üçün istifadə edilən nerj durbaları özü ilə birlikdə götürəcəyini bildirmişdir. Zeynalabdin onunla razılaşmış, təklifinə heç bir etirazı olmadığını bildirmişdir. O da təmirdən sonra icarə haqqını ödəməklə həmin mağazada ət satışı həyata keçirməyə başlamışdır. Belə ki, Zeynalabdinlə razılşmaları elə olmuşdur ki, mağazanı təmir etdiyi müddətdə icarə haqqı verməyəcəkdir. O da onun təklifi ilə razılaşmışdır. Təxminən 5 ay sonra Şahid1 mağazanın icarə haqqını 300 manatdan 350 manata qaldırmışdır. O, icarə haqqının qaldırmasına səbəb kimi digər mağazalarında icarə haqqını qaldırmasını əsas gətirmişdir. Məbləğ kiçik məbləğ olduğu üçün o, etiraz etməmişdir. Üzərindən 1 il keçdikdən sonra, yəni 2021-ci ilin mart- aprel aylarında Zeynalabdin yenə onun yanına gələrək icarəyə verdiyi mağazanın icarə haqqını 50 manatda artırdığını, ümumilikdə icarə haqqının 400 manat olmasını demişdir. O, yenədə Zeynalabdinin bildirdiyi icarə haqqını ödəyəcəyinə razılaşmışdır. Mağazada işlər zəif getdiyi üçün ət satışı çox aşağı olmuş, zaman-zaman işlərin qaydasına düşəcəyini gözləsə də işlər daha pisə doğru getmiş və gündəlik olaraq ziyana getməyə başlamışdır. Bunun üçündə Zeynalabdinlə əlaqə saxlayıb mağazanı təhvil vermək istədiyini bildirmişdir. O, Zeynalabdinlə görüşmüş, qonşuların ət mağazasının içərisində kəsim aparmağa narazıçılıq etdiklərini, mağazada kəsim olmazsa müştəri cəlb etmədə çətinliklər olduğunu ona demişdir. Zeynalabdin də onu anlayışla qarşılamışdır. Heç bir problem olmadığını, mağazanı təhvil verə biləcəyini bildirmiş, lakin mağazadan ət kəsimi üçün alınan avadanlıqları mağazadan çıxarmamağı, avadanlıqlara çəkilən xərci 3 ay müddətinə ona ödəyəcəyini bildirmişdir. O, Zeynalabdinə etiraz etməmişdir, çünki aralarında həmin zamana kimi yaxın münasibət olmuşdur. Bunun üçündə o, yenədə Zeynalabdinin təklifi ilə razılaşmış və 2022-ci ilin mart ayının sonlarına kimi ödəmək şərtilə ondan ət mağazasına qoyduğu avadanlıqlara görə 6000 manat pul alacağını, lakin həmin puldan 500 manat pulu X2 cərimə yazdığı üçün həmin pula ödəyib geri qalan 5500 manat pulu ona verəcəkmiş. Onların söhbəti 2021-ci ilin oktyabr ayının əvvəllərində baş tutmuşdur. Şahid1 deməsinə görə ondan 5500 manat pulu 2022-ci ilin mart ayının sonlarında almalı imiş. Bunun üçündə yenədə Zeynalabdinlə görüşüb dediyi vaxtda ondan pulu götürəcəyinə razılaşıb uzaqlaşmışdır. O, həmin müddət ərzində Zeynalabdinə zəng etməmişdir. 2021-ci ilin oktyabr ayının 18-də fermadan qazelin üzərində dananı aşağı endirərkən dana onun üzərinə düşmüş, bunun üçündə sol budu sınmışdır. O, buna görə 2 ay yataq vəziyyətində qalmışdır. 2 aydan sonra hərəkət etsə də ayağı ağrıdığı üçün yenədə evdə olurmuş. Zeynalabdinində bundan məlumatı olmuşdur. 2022-ci ilin mart ayının sonlarında 2 dəfə Zeynalabdinə zəng etmişdir. Zeynalabdin bir dəfəsində telefona cavab verməsədə birində cavab vermiş, sabah üçün, yəni 31 mart 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsində yerləşən ət mağazasının yaxınlığına gəlməyini xahiş etmişdir. O, 31 mart 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsində Şahid1 məxsus ət mağazasının yanına getmişdir. Yenədə sərbəst yeriyə bilmədiyindən üzərində 2 ədəd yeriməyi üçün dəstək predmeti, yəni əsa olmuşdur. Çətinliklədə olsa Zeynalabdinin yanına çatmışdır. Zeynalabdin ona məxsus olan, ət mağazası ilə üzbəüzdə yerləşən Borçalı kafesinə gedib orada söhbətini davam etdirməyi təklif etdiyindən o razılaşıb birlikdə Borçalı kafesinə getmiş, taxta arakəsməli kabinetlərin birində əyləşmişlər. Zeynalabdinə pulu verməyi təklif etmişdir. Zeynalabdin isə ət mağazasına yığılan ət satışı üçün lazım olan avadanlıqların 5500 manat pul etmədiyini, sadəcə olaraq mağazadan iki ədəd soyuducunu götürə biləcəyini bildirmişdir. O, buna etiraz etmiş, mağazaya yığdırdığı digər ət satışı üçün istifadə ediləcək əşyaları da götürəcəyini Zeynalabdinə deyib sonradan həmin əşyaları satıb gəlir edə biləcəyini bildirmişdir. Zeynalabdin isə yalnız iki ədəd soyuducu verəcəyini, başqa heç bir əşya verməyəcəyini deyib nalayiq sözlə onu təhqir etmişdir. O isə bunun qarşılığında Zeynalabdinə heç bir nalayiq söz işlətmədən ona həmin sözünün qarşılığında irad bildirib yaşına uyğun söz danışmamasını demişdir. Həmin zaman anidən daha sonradan Şahid1 oğlu Orxan olduğunu bildiyi şəxs yanında əlavə olaraq iki nəfər şəxslə onların olduğu kabinetə daxil olmuşdur. Təqsirləndirilən şəxs heç bir söz demədən onun sifət nahihiyyəsinə bir neçə ədəd yumruq vurmuşdur. Orxanın ona qarşılıq verməyərək hərəkətsiz durduğunu görüb kənara çəkilmişdir. Həmin zaman Orxanın yanında olan digər iki şəxsdə onun üzərinə gəlmək istəsələrdə Zeynalabdin bunun qarşısını almışdır. Onun sol ayağında mil olduğu üçün hərəkətsiz vəziyyətdə olduğundan orada olanlara “insanın köməksiz vəziyyətindən istifadə edib bu günə qoymazlar” sözünü deyib Borçalı kafesindən çıxmışdır. Onun burun və ağız nahiyyəsindən qan gəlir, həmçinin burnunda ağrı hiss edirmiş. Bunun üçündə taksiyə əyləşib oradan uzaqlaşmışdır. Taksi sürücüsünə onu yaşadığı evə, yəni ünvan 3 ünvanına aparmasını xahiş etmişdir. Çünki özünü çox pis hiss edirmiş. Evə gedib ailə üzvlərindən biri ilə xəstəxanaya gedəcəkmiş. O, evə çatıb biraz özünə gəldikdən sonra Azərbaycan Respublikası DİN-in 102 Zəng Mərkəzinə məlumat verib onu Borçalı kafesində tanımadığı şəxsin döyməsi ilə bağlı müraciət etmişdir. Daha sonra onunla polis əməkdaşları əlaqə saxlayıb Binəqədi rayonu 5-ci Polis Bölməsinə dəvət etmişlər. O, polis bölməsində ərizə və izahat vermişdir. Almış olduğu xəsarətlərin dərəcəsini təyin etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilmiş və polis əməkdaşları ona göndəriş verib aidiyyəti üzrə Binəqədi rayonu Məhkəmə Tibbi Ekspertiza mərkəzinə getməyini bildirmişlər. Həmin gün ekspertiza mərkəzi işləmədiyi üçün 01 aprel 2022-ci il tarixdə həmin ünvana gedib ekspertizadan keçmişdir. Müayinə zamanı məlum olmuşdur ki, hadisə nəticəsində onun burun nahiyyəsinin qapalı yerdəyişən sınığı baş vermişdir. Bundan əlavə sifət nahiyyəsində müxtəlif qançırlar və göyərmələr əmələ gəlmişdir. Daha sonra oradan Travmatologiya İnstitutuna getmişdir. Müayinə zamanı həqiqətəndə burnunda sınıq olduğu və həkimlər həmin sınığın yalnız cərrahi əməliyyat yolu ilə düzələ biləcəyini demişlər. Həmin zamanlar maddi vəziyyəti aşağı olduğu üçün cərrahi əməliyyat keçirə bilməmiş, bunun üçündə burnunda olan sınıq əyri formalı bərkimişdir. Hazırda həmin hadisədən sonra tənəffüs çətinliyi yaranmışdır. Həkimlər həmin halın baş verməməsi üçün yalnız burun hissəsində cərrahi əməlliyyat keçirməyini demişlər. Həkimlərin deməsinə görə burun nahiyyəsində cərrahi əməliyyatdan sonra tənəffüs almağı normallaşacaqdır. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, fərdi sahibkarlıqla məşğuldur. Özünə məxsus ictimai-iaşə obyektlərini işlədir. Vergi ödəyicisidir. Zərərçəkmiş şəxs təxminən 4 il bundan əvvəl 2018-ci ilin sonlarından tanıyır. Elbrusla tanışlığı onun Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., Heydər Hüseynov küçəsində yerləşən ət mağazasını icarəyə götürmək istəyərkən yaranmışdır. Həmin küçədə yerləşən ət mağazası təxmini 20 m2-dir. Elbrus ilk əvvəl həmin ət mağazasında şərikli işləməyi təklif etsədə o, bununla razılaşmamış, mağazaya işçi taparaq bir nəfər adam qoymağı ona təklif etmişdir. Ət mağazasının icarəsini Elbrusla 600 manat pula razılaşmışdır. Elbrus mağazanın təmirsiz olduğunu, bu vəziyyətdə ət mağazasına müştəri cəlb etməyin çətin olacağını deyib həmin mağazanı təmir etdirmək istədiyini, bunun üçündə ilkin olaraq icarə haqqının 300 manata razılaşmalarını xahiş etmişdir. O, Elbrusun təklifi ilə razılaşmış, razılaşmalarına əsasən Elbrus mağazanı təmir etdirəcək, 1 il ərzində mağazaya 300 manat icarə haqqı verib daha sonra icarə haqqını 600 manata qaldıracaqmış. Əgər mağazadan öz istəyi ilə çıxarsa təmir üçün xərclədiyi puldan ona heç bir ödəniş etməyəcək, Elbrusun istəyi ilə mağazadan çıxarsa ona müəyyən məbləğdə pul verəcəkmiş. Mağazanı ilkin olaraq 300 manata verməyinə səbəb onun mağazaya təmir üçün çəkdiyi xərci götürməsi olmuşdur. Təxminən 1 aya yaxın müddətdə ət mağazasında təmir işləri getmiş, mağaza tam təmir olunduqdan sonra Elbrus ət satışı üçün lazım olan avadanlıqları alaraq mağazaya yığmış və işləmişdir. Mağazanın icarə haqqını təmir etdirdikdən sonra ödəməyə başlamışdır. Elbrus mağazaya 2 ədəd soyuducu, 1 ədəd kondisioner, 1 ədəd ət kötüyü, 1 ədəd nerj durbalar, 1 ədəd ət çəkən maşın və balta-bıçaq almışdır. Həmin əşyalardan kondisioner xaric digər əşyalar istifadə edilmiş əşyalar olmuşdur. Onlar bu şəkildə 1 ilə yaxın işləmişlər. Elbrusa icarə haqqını qaldırmaq istədiyini dedikdə, o təmir üçün xərclədiyi pulu hələki çıxara bilmədiyini ona demişdir. O, buna etiraz etməmişdir. Elbrusa yenədə 300 manat pula icarə haqqı ödəməklə işləyə biləcəyini bildirmişdir. Həmin dövrlərdə Elbrusla münasibəti daim yaxşı olmuşdur. Elbrus onun böyük kimi hörmətini saxlamışdır. Elbrus mağazanı icarəyə götürdükdən 2 il yarım sonra ona təmir üçün xərcləri götürdüyünü, bunun üçündə mağazanın icarə haqqının 600 manata qaldırmağı təklif etsə də Elbrus işlərin yaxşı getmədiyini, mağazanın içərisində mal kəsiminə icazə verilmədiyi üçün satışın aşağı olduğunu, bunun üçündə icarə haqqınızı az məbləğdə qaldırmağı xahiş etmişdir. O, icarə haqqını 50 manat qaldıraraq 350 manat etmişdir. Elbrus da etiraz etməyərək razılaşmışdır. Üzərindən 4 ay keçdikdən sonra mağazanın icarə haqqını 400 manata qaldırmış və Elbrusa bu barədə məlumat vermişdir. O da buna etiraz etməmiş, mağazanı işlətmişdir. İcarə haqqı 400 manata qalxdıqdan sonra Elbrus mağazanı cəmisi 2 ay işlətmişdir. Mağazanı işlədə bilməməsinə səbəb mağazada olan işçinin həmin mağazadan çıxması, mağazada mal kəsiminə icazə verilməməsi olmuşdur. 2021-ci ilin avqust ayının sonlarında Elbrusla dostcasına ayrılıb heç bir problem olmadığını, mağazanı tərk edə biləcəyini bildirmişdir. Mağaza boş qalmasın deyə 1 ay sonra o, ət mağazasına yeni icarəçi tapmışdır. Elbrusa zəng edərək mağazada olan əşyalarını gəlib götürməsini xahiş etmişdir. Elbrus isə hər dəfəsində gələcəyini desədə gəlib əşyalarını götürmür, buna görə o da mağazanı icarəyə verə bilmirmiş. Elbrusa yenədə zəng etdikdə o maşından dana düşürdərkən dananın onun üzərinə düşdüyünü və ayağının sındığını ona demişdir. Səhhətində olan problemlərə görə hərəkət edə bilmir, sağaldıqdan sonra ona zəng edərək gəlib əşyalarını götürəcəkmiş. O, mağazanı 2021-ci ilin oktyabr ayının 1-dən yeni tapdığı Elsevər adlı şəxsə icarəyə vermişdir. Təxminən 6 ay sonra, yəni 2022ci ilin mart ayının sonlarında Elbrus ona zəng edərək görüşmək istədiyini bildirmişdir. Münasib olmadığından Elbrusa zəng edərək münasib vaxtı görüşə biləcəyini demişdir. 31 mart 2022-ci il tarixdə o, Elbrusa zəng etmiş, lakin sonuncu telefonlarına cavab verməmiş, üzərindən təxminən 1 saat sonra Elbrus ona zəng edərək yatdığı üçün telefonlara cavab verə bilmədiyini, görüş üçün hara gələcəyini soruşmuşdur. O, Elbrusa ət mağazasının yanına gəlməsini demişdir. Üzərindən çox keçməmişdir ki, günorta saatlarında Elsevər ət mağazasının yaxınlığına gəlmiş və onunla görüşmüşdür. Elbrusun hər iki qolunda dəstək predmeti, yəni əsa olmuşdur, yeriyə bilmədiyi üçün həmin əsaların köməkliyi ilə hərəkət etmişdir. Elbrusun vəziyyətinin yaxşı olmadığını görüb ayaq üstə qalmasın deyə onu ət mağazasının yaxınlığında olan özünə məxsus “Borçalı” kafesinə dəvət etmişdir. Borçalı kafesinə getdikdən sonra kafedə taxta ara kəsmələrdən olan kabinetlərin birində oturmuşlar. Elbrusla hal-əhval tutduqdan sonra Elbrus ona demişdir ki, ət mağazasını yenidən ona icarəyə versin, maddi cəhətdən çətinlik çəkir, ayağı sındığı üçün işləyə bilməyib, hazırda ziyandadır, bunun üçündə yenidən ət mağazasını ona icarəyə versin. Elbrusa mağazada hazırda bir nəfər icarədarın olduğunu, buna görədə ona icarəyə verə bilməyəcəyini demişdir. Elbrus isə xahiş edərək vəziyyətinin çox pis olduğunu, aralarında olan əvvəlki münasibətə görə ona köməklik etməyini xahiş etmişdir. O, Elbrusa yalnız bir şərtlə mağazanı ona icarəyə verəcəyini demişdir. Həmin şərti mağazanı yalnız 800 manat icarə haqqı ödəməklə mağazada işləməsi olmuşdur. Elbrus ona “adam kişi olar, indiki icarədara 600 manata icarəyə vermisən mənə nəyə görə 800 manata icarəyə verirsən” sözlərini demişdir. O, həmin sözləri emosional şəkildə demişdir. Hətta onun adına deməsədə ümumi olaraq nalayiq sözlər işlətmişdir. Bu zaman digər masada əyləşən oğlu Təqsirləndirilən şəxs anidən onların olduğu taxta arakəsmədən ibarət kabinetə daxil olmuş və Elbrusla mübahisə etməyə başlamışdır. O, oğlu Orxanı kənara çəkərək onların olduğu kabinetdən uzaqlaşdırmışdır. Elbrus bu hadisənin nahaq baş verdiyini demişdir. O, Elbrusa “sən oğlum Orxanı tanıyırsan, bilirsən ki, mənim onunla münasibətim yoxdur, səhvlik edib bizim yanımıza gəlmişdir, onun burada olmasından məlumatım olmamışdır” demiş, buna görədə üzrxahlıq edib yola salmışdır. Orxanın əsəb problemləri olduğundan onunla münasibətini yaxın tutmadığı üçün kafedən çıxıb getmişdir. Axşam saatlarında Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsindən ona zəng edərək polis bölməsinə gəlməyini, baş vermiş hadisə ilə bağlı izahat verməyini bildirmişlər. O da polis bölməsinə gedib baş vermiş hadisə ilə bağlı izahatını vermişdir. X22 yumruqla vurmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. Orxan anası vəfat etdikdən sonra nənəsi X9 ilə birlikdə yaşayır. Nənəsigilin evi ilə onların ev qonşuluqda yerləşdiyindən Orxanı demək olarki gündəlik görür. xx.xx.2022-ci il tarixdə günorta saatlarında dayısı oğlu X13 və xalası oğlu Təqsirləndirilən şəxs ilə birlikdə Orxanın atasına məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci MKR, Heydər Hüseynov küçəsində yerləşən “Borçalı” kafesinə getmişlər. Onların kafeyə getməkdə məqsədi nahar etmək olmuşdur. Kafenin içərisində yerləşən kabinetlər taxta arakəsmədən ibarətdir. İçəri daxil olduqdan sonra taxta arakəsməli kabinetlərin birində əyləşmişlər. Onlar əyləşdikdə Orxanın atası Zeynalabdinin bir nəfər şəxslə söhbət etməsini görmüşlər. Daha sonra onlar nahar üçün müəyyən sifarişlər vermişlər. Orxan özü üçün isə spirtli içki gətirilməsini xahiş etmiş və çörək yeməyə başlamışlar. Orxan spirtli içkidə qəbul etmiş, o və dayısıoğlu Ayxan spirtli içki qəbul etmirmişlər. Şahid1 ilə söhbət edən şəxsin səsi ucadan gəlirmiş, onların söhbətindən belə başa düşmüşdür ki, Zeynalabdinlə mübahisə etdiyi şəxsin arasında pul məsələsi vardır. Həmin şəxs Zeynalabdindən pulunu tələb edir, Zeynalabdin isə ona borcunun olmadığını bildirirmişdir. Buna görədə mübahisə daha da böyümüş, səsləri birazda yüksəldikdə bu zaman xalasıoğlu Orxan kabinetdən çıxmış, az sonra atasigilin kabinetindən onun səsinin gəldiyini və mübahisə yarandığını eşitmişdir. Onlar həmin mübahisənin Orxanla atası arasında baş verdiyini düşünüb buna görədə onların kabinetinin yanına getdikdə Zeynalabdinin Orxanı çölə çıxarmasını görmüşlər. Orxanla atası Zeynalabdinin münasibəti yaxşı olmadığından mübahisənin Zeynalabdinlə Orxanın arasında baş verdiyini düşünmüşdür. Saat 17 radələrində Borçalı kafesinə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları onların olduğu kabinetə yaxınlaşıb Orxana onlarla birlikdə polis bölməsinə getməli olduğunu bildirmişlər. Polis Bölməsində olarkən onlara məlum olmuşdur ki, günorta saatlarında “Borçalı” kafesində nahar edərkən Zeynalabdinlə mübahisəsi yaranmış və onunla ucadan danışan şəxsi Orxan vuraraq xəsarət yetirmişdir. Həmin şəxsdə şikayət etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə 05 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1-3). Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 31 mart 2022-ci il tarixdə sözügedən hadisə Bakı şəhəri, Binəqədi rayonu, Heydər Hüseynov küçəsində yerləşən “Borçalı” kafesinin taxta arakəsmələrdən ibarət olan 2-ci kabinetində baş vermişdir (cild 1, i.v 19-24). Məhkəmə-tibbi ekspertizasının 01 aprel 2022-ci il tarixli 588 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət sağ gözaltı nahiyənin hematoması və gözün ağlı qişasının bayır yarısına məhdud qansızma, sağ gözalmasının kontuziyası, sağ almacıq nahiyyəsinin qançırı və qançır fonunda sıyrığı, burun tənəffüsünün pozulması və burunun deformasiyası ilə müşayiət olunan burun sümüklərinin cərrahi repozisiya (sınıq fraqmentlərinin cərrahi yolla yerinə oturdulması) əməliyyatına ehtiyacı olan qapalı, yerdəyişmiş sınığı, burunun sağ yan çəpərinin və burun yəhərinin qançırı, üst dodağın sağ yarısının selikli qişasının ağız bucağına yaxın ətrafı qansızma ilə əhatə olunmuş sıyrığı bərk küt əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 31 mart 2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər (cild 1, i.v 39- 41). Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 05 dekabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azrbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.2.2, 127.2.3 və 221.1-ci maddələrinə tövsif edilmişdir (cild 1, i.v 140). Şübhəli şəxs qismində tutma haqqında 06 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 127.2.2, 127.2.3 və 221.1-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 162). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 08 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona Azərbaycan Respublikası CM-in 127.2.2, 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v 178-179). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 202-209). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 12 avqust 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsihin 263.1-1 maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmiş, 01 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzanın qalan hissəsindən azad edilmişdir (cild 1, i.v 124-125). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 127.2.2, 127.2.3 və 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi qismən özünün ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddələr ilə ittiham irəli sürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətmədiyi kimi ifadəsində göstərdiklərini əsassız hesab edir və özünü müdafiə xarakterli qiymətləndirib rədd edir. Belə ki, cinayət nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı verdiyi eyni məzmunlu ifadələrində bildirmişdir ki, hadisə günü “Borçalı” kafesində Şahid1la söhbət edərkən sonuncu onu təhqir etmiş, buna görə Zeynalabdinə irad tutduqda anidən oğlu Orxan onların olduğu kabinetə daxil olmuş, heç bir söz demədən onun sifət nahihiyyəsinə bir neçə ədəd yumruq vurmuşdur. Aldığı zərbələrdən yerə yıxılıb qalmış, burnundan qan açılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətmədiyi kimi ifadəsində göstərdikləri həmin halların yoxlanılması zamanı öz təsdiqini tapmamış, onun ittiham olunduğu cinayətdə təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs X7 ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Onunla barışmışdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsaslanmaqla zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, CM-in 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxsnın cəzasını ağırlaşdıran hal kimi müəyyən etmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib aşağıdakılara qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etmiş, cinayət nəticəsində ona dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs ərizə verərək təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirmişdir. Cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzanın yuxarı həddə təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın məhz yuxarı həddə təyin edilməsinin zəruriliyi barədə qərarını onunla əsaslandırır ki, o, hökmün təsviri hissəsində sadalanmış təkzibedilməz sübutlara baxmayaraq təqsirini etiraf etmir, əsaslı arqumentlər gətirmədən ittiham olunduğu cinayəti törətmədiyini bildirir. Peşmançılıq hissi keçirmir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.2, 127.2.2 və 221.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, hökmün icrası onun yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi və yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə xərci və maddi sübut yoxdur. Cinayət işinə əlavə edilmiş vəkil X10 tərəfindən məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X11 cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 40 (qırx) saat müddətində hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.2 və 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət (cəmi 3 ay 3 gün) azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini (Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X20 küçəsində nömrəsiz fərdi yaşayış evi) gecə saat 2300-dan səhər saat 0700-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X8 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 240 (iki yüz qırx) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar