Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-173/2025 05.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilməmiş, Cəbrayıl rayonu, Əmirvarlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan təbdiri Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 20 aprel 2024-cü il tarixdə tanışı X1 məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,396 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 10 manat müqabilində 01 ədəd şəffaf rəngli sellofan bükümündə əldə edərək əynində olan qara rəngli cins şalvarının sol yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 04:00-də Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında yerləşən “İstanbul” marketin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə, saat 06:00-da üzərinə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,396 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə aydır ki, psixotrop maddə istifadəçisidir, psixotrop maddənin “patı” kimi tanıdığı növündən istifadə edir. X7 onun tanışıdır və tutulan zaman onu qısa müddətdir ki, tanımışdır. Belə ki, X7 onun yaşadığı Mehdiabad qəsəbəsində yaşamış və tanışlıqları oradan yaranmışdır. Tutulmazdan bir neçə gün əvvəl X7 ilə Mehdiabad qəsəbəsində görüşən zaman sonuncudan özü üçün psixotrop maddə istədikdə Həsən Abdullayev hal-hazırda psixotrop maddənin olmadığını, xx.xx.2024-cü il tarixdə əldə edəcəyini və ona da həmin vaxt sata biləcəyini, bu səbəbdən xx.xx.2024-cü il tarixdə, saat 04 radələrində ünvan 2 ünvanında yerləşən “İstanbul” marketin yaxınlığına gəlməyini bildirmişdir. Bu səbəbdən o, xx.xx.2024-cü il tarixdə, saat təxminən 03:50 radələrində ünvan 2 ünvanında yerləşən “İstanbul” marketin yaxınlığına qeydiyyat nişanını və markasını xatırlamadığı taksi ilə getmişdir. Həmin ünvanda X7 ilə görüşərək bir neçə dəqiqə söhbət etdikdən sonra sonuncuya 10 manat pul vermişdir. X7 da 10 manat pulun qarşılığında ona bir ədəd şəffaf sellofan bükümdə “patı” kimi tanıdığı psixotrop maddəni təqdim etmişdir. Bundan sonra o, X6 təqdim etdiyi “patı” kimi tanıdığı psixotrop maddəni əynində olan qara rəngli cins şalvarın sol yan cibinə qoyaraq sonradan istifadə etməyi planlaşdırmışdır. X2 ayrılaraq bir neçə metr hərəkət etdikdə tanımadığı mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb özlərini və vəsiqələrini təqdim edib, polis əməkdaşları olmalarını bildirmişlər. Sonra polis əməkdaşları onlara narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində, üzərlərində saxlayıb gəzdirmələrində şübhəli olduqlarını bildirərək Binəqədi RPİ-nin 43-cü PB-nə getməyi təklif etmişlər. Onlar da polis əməkdaşlarına etiraz etməyib birlikdə 43-cü polis bölməsinə getmişlər. 43-cü PB-nə aparıldıqdan sonra X7 ilə ayrı-ayrı otaqlara dəvət olunmuşlar. Bölmədə inzibati otaqların birində ona təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, sonra hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra video çəkilişlə üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Bu zaman ərizə ilə müraciət edib üzərinə baxış keçirilməsində müdafiəçisinin iştirak etməməsini xahiş etmişdir. Daha sonra üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə içərisində “patı” kimi tanıdığı psixotrop maddəni çıxarıb təqdim etmişdir. Bundan sonra həmin üzərindən aşkar olunmuş maddənin təxmini çəkisi elektron tərəzidə ölçülən zaman 0,46 qram olduğu müəyyən edilmişdir. Daha sanra təqdim etdiyi həmin maddə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona azadlıqdan məhrumemə ilə bağı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, polis baş leytenantı rütbəsindədir. Etimad doğuran və qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1991-ci ildə Cəbrayıl rayonunda anadan olmuş Təqsirləndirilən şəxs və xx.xx.1990-cı ildə Beyləqan rayonunda anadan olmuş X6 qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlayaraq gəzdirməsi bildirildiyindən həmin əməliyyat məlumatını yoxlamaq məqsədilə özü tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də xx.xx.2024-cü il tarixdə onun rəhbərliyi ilə və Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Binəqədi RPİ-nin NMBnin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 və Binəqədi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra qrup üzvləri ilə birlikdə məlumat əsasında xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “İstanbul” marketin yaxınlığına getmiş və həmin gün, saat 04:00 dəqiqədə xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs və X6 əlamətləri ilə üst-üstə düşən iki nəfər şəxsin olmasını və özləri şübhəli apardığını görüb, həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxslərdə də özlərini təqdim etməsini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs və X7 olmasını bildirmişlər. Sonra həmin şəxslərə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşımasında şübhəli olduğunu bildirib saxlamış, özləri ilə Binəqədi RPİ-nin 43-cü PB-nə aparmışlar və raportla Binəqədi RPİ-nin 43-cü PB-nin növbətçi hissəsinə təhvil vermişlər. Daha sonra təhqiqatçı Nahid Məmmədov tərəfindən ilk olaraq Təqsirləndirilən şəxs hüqüq və vəzifələri izah edilərək hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmiş və Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyi barədə ərizə verdikdən sonra onun və Binəqədi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya vardırsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da bu təklifdən sonra əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellefona bükülmüş kütləni çıxarıb təqdim etmişdir. Həmin bükülüyə baxıldıqda içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün təxmini çəkisi elektron tərəzidə ölçülən zaman 0,46 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində başqa qanunsuz bir əşya aşkar edilməmişdir. Məhkəmə iclasına çağırılmış Binəqədi RPİ-nin 43-cü PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasına çağırılmış şahidlər Bakı şəhəri Binəqədi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin sahə rəisi, polis polkovnik-leytenantı Şahid4 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuş və tədqiq edilmiş hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 05:30-da Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Binəqədi RPİ-nin 43-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PŞ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, ekspert 6/2158 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,396 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir. “Videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş büküm aşkar edilərək götürülmüşdür. həmin bükülünün içərisindəki maddəni ünvan 2 ünvanında yerləşən “İstanbul” marketin yaxınlığında tanışından 10 manat müqabilində şəxsi istifadəsi məqsədilə aldığını bildirmiş, bundan başqa X9 üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Nicat Həsənlinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Hüseynov X10 RPİ-nin MSY-dən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respubika Narkoloji X14 şəxsi Ambulator X4 xx.xx.2024-cü il tarixli, 2649 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN BƏSİİ əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. “Sübutların qiymətləndirilməsi və maddi sübutun tanınması” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 0,346 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, iş üzrə ekspertiza rəyləri, dindirilmiş şəxslərin ifadələri, müvafiq protokollar və şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd DVD disk sübut əhəmiyyəti kəsb etdiyindən, iş üzrə maddi sübut kimi tanınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)- 718/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarından yayındığı üçün barəsində məcburi gətirilmə tətbiq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)- 718/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. AR Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-173/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 20043-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşmançılığını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, daha əvvəllər cinayət törətməməsi və məhkumluğunun olmamasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 20 aprel 2024-cü il, saat 04:00-da şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən dərhal azad edilmiş, 21 aprel 2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, təqsirləndirilən şəxs qismində həmin gün saat 11:50-dən 12:40-a kimi dindirilmişdir. 21 aprel 2024-cü il tarixli qərar ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Nicat Həsənlinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Elə həmin gün Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-718/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. AR Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubu ilə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına gətirilməsi müəyyən edilmiş və 24 yanvar 2025-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 20 aprel 2024-cü il tarixdən 21 aprel 2024-cü il tarixə qədər şübhəli və təqsirləndirilən şəxs qismində saxlanılmış, xx.xx.2025-ci il tarixdən hazırki vaxta qədər həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 20 aprel 2024-cü il tarixdən 21 aprel 2024-cü il tarixə kimi şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu, eyni zamanda 21 yanvar 2025-ci il tarixdən hazırki vaxta qədər həbsdə olduğu ümumilikdə 17 (on yeddi) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiriilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,346 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.3-cü maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün, eyni zamanda 15 (on beş) gün həbsdə saxlanıldığı müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02(iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0,311 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X8, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-173/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-173/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver