Məhkəmə qərarları › İş №1(001)-174/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-174/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-174/2024 25.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş (məhkumluğu ödənilməmiş və ya götürülməmiş), Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəis ev 51-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, korpus 88 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 18 avqust 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu Məsçidin yanı adlanan yerdə naməlum şəraitdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,710 qram narkotik vasitə olan heroini 10 manat pul müqabilində əldə edib daşıyaraq üzərində saxlamış, 18 avqust 2023-cü il tarixdə saat 15:20-də Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, 88-ci korpusda yerləşən yaşayış sahəsinin yaxınlığında saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayonu, G.Ramazanov 36/1 ünvanında yerləşən 43-cü PB-nə gətirilib, həmin gün orada saat 16:25-də xidməti otaqların birində üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş halda təmiz çəkisi 0,710 qram olan açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 avqust 2023-cü il tarixdə səhər saatlarında Binəqədi rayonu “Məscidin yanı” adlanan yerdə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manat müqabilində bir ədəd ağ rəngli kağız bükümdə olan narkotik vasitə alaraq üzərində saxlamışdır. Həmin gün yaşadığı evin yaxınlarında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib onu 43-cü Polis Bölməsinə dəvət etmişlər. Bölmədə üzərində şəxsi axtarış keçirilmiş və üzərindən narkotik vasitə olan heroin aşkar edilmişdir. Törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, 18 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, 88-ci korpus yaxınlığında əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs tərəfilərindən saxlanılmışdır. Həmin şəxsə özlərini təqdim edib, psixotrop maddələrin və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə onlar şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşyaları könüllü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş bükümü masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin masanın üzərinə qoyduğu maddənin deməsi təklif olunduqda, o, ağ rəngli kağız bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələri və ya narkotik vasitələri əldə edərək zərində saxlaması barədə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azdlığı 18 avqust 2023-cü il tarixdə saat 15:20-də məhdudlaşdırılaraq həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq bölməyə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə olan açıq qəhvəyi rəngli tozşəkilli maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/1-6/4443 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...”sözləri yazılmış 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,710 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə Təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 0,710 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 0,610 qram. Şübhəli şəxsin MSY-dən azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək şübhəli şəxs statusu saxlanılmışdır. Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəri altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Diskə baxış keçirilməsi haqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin inzibati otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş və o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümü masanın üzərinə qoyub, həmin bükümün içində narkotik vasitə olan heroin olduğunu, onu tanımadığı şəxsdən şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya aşkar edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin xx.xx.2023-cü il tarixli, 5393 nömrəli Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən, eləcə də müvafiq hökm və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə CM-in 76 maddəsinə əsasən cəzasının çəkilməmiş qalan 8 ay 12 gününü çəkməkdə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(011)-338/2021 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 8 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 09 avqust 2021-ci il tarixdən hesablanmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmış və cəzasını çəkmiş hesab edilərək cəzadan azad edilmişdir. Sübutların qiymətləndirilməsi və maddi sübutun tanınması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 0,710 qram narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmış və onun tədqiqatdan sonra qalıq qalmış 0,610 qramı saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan bir ədəd disk sübut növü kimi qiymətləndirilərək, cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-174/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək, barəsində axtarı.ş verilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq, həmin tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(011)-338/2021 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 8 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 09 avqust 2021-ci il tarixdən hesablanmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmış və cəzasını çəkmiş hesab edilərək cəzadan azad edilmişdir. Hazırda baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini isə 18 avqust 2023-cü il tarixdə, yəni qeyd olunan cinayət işi üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və sonuncu qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olmasını, əvvəllər cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və həmin məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 18 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 20 avqust 2023-cü il tarixdə müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 18 avqust 2023-cü il tarixdən 20 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-174/2024 nömrəli qərarı ilə barəsində seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək axtarış elan edilmiş Təqsirləndirilən şəxs həmin qərar əsasında 18 may 2024-cü il tarixdə tutularaq, Bakı İstintaq Təcridxanasına təhvil verilmiş və hazırkı vaxtadək həbsdə saxlanılmışdır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 18 may 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,610 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 43 (qırx üç) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 43 (qırx üç) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 43 (qırx üç) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 258 (iki yüz əlli səkkiz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 avqust 2023-cü il tarixdən 20 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 18 may 2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,610 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 43 (qırx üç) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 258 (iki yüz əlli səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar