Məhkəmə qərarları › İş №1(001)-175/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-175/2020

22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-175/2020 22.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, yetkinlik yaşına çatmayan, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tanışları təmir işlərində birgə işlədiyi Zərərçəkmiş şəxs ilə Şahid2 müvəqqəti yaşadığı Binəqədi rayonu, S.S.Axundov küçəsi 3123-cü məhəllə, mənzil 1710 saylı mənzildə onların razılığı ilə xx.xx.2019-cu il tarixdə gecələməyə qalmış və xx.xx.2019-cu il tarixdə saat 07 radələrində Zərərçəkmiş şəxs və Şahid2 yatmasından istifadə edərək mənzildəki masanın üzərindən Zərərçəkmiş şəxs məxsus dəyəri 320 manat olan 01 ədəd “Samsung Galaxy J2 Prime” markalı mobil telefonu, mobil telefonun üzərində olan 8 manat dəyərində “Azercell” və “Bakcell” mobil operatorlarına aid ***-***-**-** və ***-***-**-** mobil telefon nömrə sim kartlarını və balansında 7 manat məbləğində olan danışıq konturunu, dəyəri 160 manat olan 01 ədəd “İphone 5S” markalı mobil telefonu, mobil telefonun üzərində olan 10 manat dəyərində “Azercell” mobil operatoruna aid ***-***-**-** mobil telefon nömrə sim kartı və balansında 5 manat məbləğində olan danışıq konturunu, 5 manat dəyərində ekran qoruyucusunu, 01 ədəd 240 manat dəyərində olan gümüş təsbehi, 01 ədəd müalicə ilə təyinatlı 75 manat dəyərində olan eynəyi, divardan asılmış asılqandakı şalvarının cibindən 150 manat nağd pulu tamah məqsədilə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 980 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Rayonda iş tapa bilmədiyi üçün işləmək məqsədi ilə Bakı şəhərinə gəlmişdir. O, 2019-cu ilin yay aylarında Bakı şəhərinə gəlmiş və özünə iş axtarmağa başlamışdır. 2019-cu ilin iyun ayında “Dərnəgül” metrostansiyasında olan zaman adının sonradan Rafiq olduğunu bildiyi şəxs ona yaxınlaşaraq ondan burada nə iş gördüyünü maraqlanmış və o, sonuncuya iş axtardığını demişdir. Rafiq ona yanında fəhlə kimi işləməyi təklif etmiş, o da Rafiqin bu təklifi ilə razılaşmışdır. Burada sonra o, Rafiq ilə birlikdə Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən ünvanı tam dəqiq xatırlamadığı mənzilə gəlmişdirlər. Rafiq ona qeyd olunan ünvanda yerləşən mənzildə işlədiyini və onunda burada işləməsini bildirmişdir. O, qeyd olunan mənzildə bir neçə saat oturduqdan sonra oradan Rafiqə işlərinin olduğunu deyib oradan ayrılmışdır. Səhərisi gün o, yenidən Rafiqlə görüşmüş və evin işlərinin görülməsində sonuncuya köməklik etmişdir. Bu zaman Rafiqlə birlikdə adının Orxan olduğunu öyrəndiyi şəxslə də tanış olmuşdur. xx xxxx 2019cu il tarixdə işlədiyi mənzildə qalmış, səhəri günü saat 07 radələrində yuxudan oyanmışdır. O, həmin zaman oğurluq etmək qərarına gəlmiş və Rafiqin yatmasından istifadə edərək masanın üzərində sonuncuya məxsus 01 ədəd gümüş təsbehi, 150 manat nağd pulu, 01 ədəd “Samsung Galaxy J2 Prime” və 01 ədəd “İphone 5S” markalı mobil telefonları, 01 ədəd eynəyi götürüb dərhal evdən çıxıb oradan uzaqlaşmışdır. Qeyd olunan tarixdə saat 15 radələrində o, tanışı Hüseynlə “Xəqani bağı” adlı yerdə görüşmüş və oğurladığı təsbehi özünə məxsus olmasını deyib sonuncuya satmışdır. Daha sonra isə o, Cəlilabad rayonuna yollanmış və orada oğurladığı “Samsung Galaxy J2 Prime” mobil telefonu özünə məxsus kimi təqdim edib tanışı Xəqaniyə 60 manata satmışdır. Bundan başqa o, oğurladığı “İphone 5S” markalı telefonu Xəqaniyə verib ondan digər markalı mobil telefon almışdır. Daha sonra pula ehtiyacı olduğu üçün həmin telefonu da satmışdır. Hazırda maddi imkanı yaxşı olmadığı üçün zərərçəkmiş şəxsə dəymiş zərəri ödəyə bilməmişdir. Törətdiyi cinayət əməlindən peşmandır və ona görə barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İbtidai istintaq zamanı ifadəsi alınmış Zərərçəkmiş şəxs məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, ailəlidir və üç azyaşlı övladı vardır, hal-hazırda sifariş əsasında evlərin təmiri işi ilə məşğul olur. Hadisə ilə bağlı bildirmişdir ki, xx xxxx 2019-cu il tarixdə sifariş əsasında Binəqədi rayonu, S.S.Axundov küçəsi 3123-cü məhəllə, mənzil 1710 saylı ünvanda mənzil təmiri işini görməyə başlamışdır. xx.xx.2019-cu il tarixdə “Dərnəgül” metrostansiyasının qarşısında olan zaman bir nəfər şəxs ona yaxınlaşıb ac olduğunu və ondan yemək almasını xahiş etmişdir. O da buna etiraz etməmiş və adını sonradan Elgiz kimi ona bildirən şəxslə birlikdə “20 Yanvar” dairəsinin yaxınlığında kafelərin birində əyləşib yeyib-içmişdirlər. Bu zaman həmin şəxs adını Elgiz olduğunu, 17 yaşı olduğunu, Cəlilabad rayonunda yaşadığını və Bakı şəhərində özünə uyğun iş axtardığını bildirmişdir. Onun Elgizə bir insan kimi yazığı gəlmiş və ona yanında işlə bağlı köməklik etməsini təklif etmiş, Elgiz də onun bu təklifi ilə razılaşmışdır. Qeyd olunan ünvandan çıxıb Elgizlə birlikdə işlədiyi mənzilə yəni Binəqədi rayonu, S.S.Axundov küçəsi 3123-cü məhəllə, 1710-cu mənzilə yollanmışdırlar. Həmin gün Elgiz onunla birlikdə mənzildə qalmışdır. Səhərisi gün evin təmiri işlərində ona köməklik etmişdir. Daha sonra isə o, Elgizə demişdir ki, şəxsi işi ilə bağlı Naxçıvan MR-nə gedib iyul ayının 1-də geri qayıdacaq. Elgiz də ona dost-tanışlarının yanında qalacağını, daha sonra isə onun yanına qayıdacağını bildirmişdir. xx xxxx 2019-cu il tarixdə o, Bakı şəhərinə qayıtmışdır. xx xxxx 2019-cu il tarixdə Bakıda olan zaman əvvəllər tanıdığı Şahid2 işləri ilə bağlı yanına çağırmışdır. xx xxxx 2019-cu il tarixdə qeyd olunan mənzildə iş görən zaman Elgiz ona tanımadığı nömrədən zəng vuraraq Bakıda olub-olmadığını maraqlanmış və o, sonuncuya Bakıda olduğunu bildirmişdir. Həmin tarixdə saat 21 radələrində mənzildə tanışı Orxanla birlikdə iş görən zaman Elgiz mənzilə gələrək qalmağa yeri olmadığını və əlavə olaraq yanında işləmək istədiyini bildirmiş və o, Elgizin işlədiyi mənzildə qalmasına icazə vermişdir. xx xxxx 2019-c il tarixdə saat 07 radələrində yuxudan durmuş və Elgizi oyaq vəziyyətdə görmüş, o, sonuncuya çay hazırlamasını demişdir. Daha sonra isə o, yatmışdır. Təxminən saat 09 radələrində yuxudan oyanan zaman Orxanın yatdığını, lakin Elgizin evdə olmadığını görmüşdür. Yerindən ayağa qalxıb otaqlara baxmışdır, lakin Elgizi evdə tapa bilməmişdir. Bundan sonra otaqda yerləşən masanın üzərinə baxarkən orada olan ona məxsus 01 ədəd “Samsung Galaxy J2 Prime” və “İphone 5S” markalı mobil telefon, 01 ədəd gümüş təsbeh, 01 ədəd müalicə ilə bağlı olan eynək, 150 manat nağd pulunun yerində olmadığını aşkar etmiş, ona aydın olmuşdur ki, qeyd olunan əşyaları pullarla birlikdə Elgiz oğurlamışdır. Baş vermiş oğurluq hadisəsi ilə bağlı yaxınlıqda yerləşən tanışı Orxanla birlikdə Binəqədi RPİ-nin 5-ci PB-nə müraciət etmişdir. İstintaq zamanı o, “İphone 5S” markalı mobil telefonu müvəqqəti istifadə etmək məqsədilə tanışı Orxana verdiyini və qeyd olunan mobil telefonun Orxana deyil, özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasına dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxsla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən mənzillərin birində təmiri işi ilə məşğul olmuşdur. Rafiqlə birlikdə işlədiyi müddət ərzində sonuncu ona müvəqqəti işlətmək üçün özünə məxsus “İphone 5S” markalı mobil telefonu vermişdir. xx.xx.2019-cu il tarixdə Rafiq ona zəng vuraraq ev təmiri ilə bağlı işləməyə dəvət etmiş və o, sonuncunun bu təkliflə razılaşmışdır. Belə ki, o, Binəqədi rayonu, S.S.Axundov küçəsi ev 3123-cü məhəllə, mənzil 1710 ünvanda işlərini bitirdikdən sonra orada da qalmışdır. xx.xx.2019-cu il tarixdə Rafiq ona Elgiz adlı bir şəxsin də gəlib işdə köməklik edəcəyini bildirmiş və qeyd olunan tarixdə saat 21 radələrində Elgiz kimi adını bildiyi şəxs işlədikləri mənzilə gəlmiş və birlikdə onlarla qalmışdır. Növbəti gün səhər saat 09 radələrində Rafiq onu yuxudan oyadıb Elgizin evdə olmadığını və özünə məxsus olan “Samsung J2 Prime” və “İphone 5S” markalı mobil telefonların, 01 ədəd gümüş təsbeh, 01 ədəd müalicə ilə bağlı olan eynək, 150 manat nəğd pulunun yerində olmadığını və həmin əşyaları Elgizin oğurladığını bildirmişdir. O, dərhal yerindən ayağa qalxmış və divardakı asılqanda olan şalvarın cibindəki 5 manat pulu tapa bilməsə də sonradan diqqətlə şalvarına yenidən baxdıqdan sonra 5 manat pulu tapmışdır. Nəticədə isə Rafiq Elgizin barəsində Binəqədi RPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasına dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən iki ildir tanıyır və həmin şəxslə bu vaxta kimi ədavət və düşmənçiliyi olmamışdır. Mobil telefonunda nasazlıq olduğu üçün özünə uyğun başqa bir mobil telefon almaq istəmiş və bu barədə Elgizə demişdir. 2019-cu ilin avqust ayında çalışdığı şadlıq evində işdə olan zaman Elgiz onun yanına gələrək mobil telefonun donduğunu və mobil telefonu dəyişmək istədiyini bildirmişdir. O, səhəri gün Elgizlə görüşmüş və sonuncu ona telefonlarını dəyişməyi təklif etmişdir. O, da Elgizin ona etmiş olduğu təkliflə razılaşmış və üzərində ona məxsus olan “Big” markalı mobil telefonu “İphone 5S” markalı mobil telefonla dəyişmişdir. Telefonu işlədən zaman bir sıra problemlərin olduğunu görmüş və növbəti gün Elgizlə görüşüb vermiş olduğu mobil telefonu qaytarmaq istəyən zaman sonuncu ona mobil telefonu satdığını demişdir. Həmin zaman Elgiz ona təklif etmişdir ki, onda “Samsung J2 Prime” markalı mobil telefon var və həmin telefonu ona sata bilər. O, Elgizin bu təklifi ilə razılaşmış Elgizdən “Samsung J2 Prime” markalı mobil telefonu 60 manata almışdır. xx xxxxxx 2019-cu il tarixdə evdə olan zaman polis bölməsindən ona zəng olunaraq Elgizdən almış olduğu mobil telefonların oğurluq olması bildirilmiş və bu barədə onu Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət etmişlər. O, hadisə barədə polis əməkdaşlarına məlumat vermiş və Təqsirləndirilən şəxs aldığı “Samsung J2 Prime” markalı mobil telefonu polisə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizli talama məqsədilə xx xxxx 2019-cu il tarixdə Binəqədi rayonu, S.S.Axundov küçəsi 3123cü məhəllə, mənzil 1710 saylı ünvandan oğurluq etməsi faktına görə CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx xxxx 2019-cu il tarixdə olan oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3123-cü məhəllə, 1710 saylı mənzildə baş vermişdir. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti aparılan zaman Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini hadisə yerində bir daha təsdiq edərək, hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi 01 ədəd “Samsung J2 Prime” markalı mobil telefon iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Şahid1 satılmış və sonuncudan götürülmüş “Samsung” markalı mobil telefonu Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş və o, tanınmaya təqdim olunmuş mobil telefonlar arasında öz telefonunu formasından və üzərində cızıq olmasından tanımışdır. xx.xx.2019-cu il tarixli, 28469 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Samsung” markalı, “SM-G 532F/DS” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq, 2019-cu ilin iyul ayına olan orta bazar qiyməti təxminən 120.00 manat müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Samsung” markalı, “SM-G 532F/DS” modelli mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınaraq saxlanması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli teleqramdan görünür ki, Zərərçəkmiş şəxs məhkəmə teleqram ünvanlayaraq, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənilmədiyindən sonuncudan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini və həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini (yetkinlik yaşına çatmayan şəxs olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. CM-in 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. CM-in 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər. CM-in 85.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növləri təyin edilir. CM-in 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. CM-in 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2008-ci il tarixli 4 №-li qərarının 11-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdır ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Azərbaycan Respublikası tərəfindən xx xxxx 1993-cü il tarixdə qoşulmuş BMT-nin Baş Məclisi tərəfindən 1985-ci il noyabrın 29-da qəbul olunmuş “X1 yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə aid minimal standart qaydaları”nın məhkəmə qərarı çıxarılmasının rəhbər prinsipləri və təsir tədbirlərinin seçilməsi haqqında olan 17-ci bəndində qeyd edilmişdir ki, səlahiyyətli orqan təsir tədbirləri seçərkən təsir tədbirləri həmişə təkcə qanun pozuntusunun şəraiti və ağırlığı ilə deyil, yetkinlik yaşına çatmayanın vəziyyəti və tələbatı, həmçinin cəmiyyətin tələbatı ilə ölçülməsi, yetkinlik yaşına çatmayan şəxsi azadlığını məhdudlaşdırmaq haqqında qərar yalnız məsləyə diqqətlə baxıldıqdan sonra çıxarılmalı və məhdudiyyət mümkün qədər minimuma endirilməsi, yetkinlik yaşma çatmayan qanun pozucusu yalnız başqasına qarşı zor işlətməklə ciddi qanun pozuntusunda günahkar sayıldıqda, həmçinin digər müvafiq təsir növü olmadıqda azadlıqdan məhrum edilə bilməsi prinsiplərini rəhbər tutmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 435.4-cü maddəsində qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Yuxarıda sadalanan hallara əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun yetkinlik yaşına çatmayan şəxs olması, eləcə də ilk dəfə cinayət törətməsi, heç bir yerdə işləməməsi, zərərçəkmiş şəxslə barışıq əldə edilməməsi və dəymiş ziyanın ödənilməməsi nəzərə alınmaqla qanunvericiliyin tələblərinə əsasən ədalətli həddə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan 1 ədəd “Samsung” markalı, “SM-G 532F/DS” modelli mobil telefon sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 49 (qırx doqquz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 49 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 49 (qırx doqquz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 294 (iki yüz doxsan dörd) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs cinayət hadisəsi zamanı onlara vurulmuş ziyanın ödənilməməsi ilə bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişdir. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməmiş hissəsinin ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan 1 ədəd “Samsung” markalı, “SM-G 532F/DS” modelli mobil telefon sahibi Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs oğluna göstərdiyi cəmi 49 (qırx doqquz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 294 (iki yüz doxsan dörd) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməmiş hissəsinin ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar