Məhkəmə qərarları › İş №1(001)-176/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-176/2025

19.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-176/2025 19.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Xok kəndində doğulmuş, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Xof kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,313 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf selofan bükümdə əldə edərək əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 14:30-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən “333 xəngəl evi” adlanan kafenin qarşısında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, X16 küçəsi 6 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə, saat 15:40da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,313 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir neçə il olar ki, bədənində ağrılar olduğu üçün psixotrop maddə olan metamfetamindən istifadə edir. 19 iyul 2024-cü il tarixdə, səhər saatlarında o, metamfetamin əldə etmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisinə getmişdir. Orada o, əvvəllər tanımadığı, lakin zahiri görünüşündən narkotik vasitə istifadəçisinə oxşar bir şəxsə yaxınlaşaraq həmin şəxsə, bədənində ağrılar oduğunu və buna görə də psixotrop maddəyə ehtiyacının olduğunu bildirmişdir. Həmin şəxs ona, 20 manata bir büküm meamfetamin verə biləcəyini bildirmişdir. O razılaşaraq həmin şəxsə 20 manat pul verib qarşılığında şəffaf sellofona bükülmüş halda olan metamfetamini əldə edərək əynində olan şalvarının sağ yan cibinə qoymuş və gecə vaxtı yaşadığı evdə istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Həmin tarixdə, saat 14:30 radələrində o, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən “333 xəngəl evi” adlanan kafenin qarşısında olarkən ona, iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini təqdim etmiş, Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinin əməkdaşları olduqlarını və onun qanunsuz olaraq psixotrop maddə əldə edib, üzərində saxlamaqda şübhəli bilindiyini bildirərək onu 5-ci polis bölməsinə dəvət etmişlər. O, etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində olarkən təhqiqatçı tərəfindən ona müdafiə hüquqları izah edilmiş və o, maddi imkanı olmadığı üçün dövlət hesabına pulsuz müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra ona, Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş və o, həmin siyahıda adları qeyd olunan istənilən vəkil tərəfindən müdafiə olunmağına etiraz etmədiyini bildirmişdir. Bir müddət sonra təhqiqatçı tərəfindən ona, 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim edilmişdir. O, həmin vəkillə tanış olduqdan sonra hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Təhqiqatçı tərəfindən buna dair protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Bundan sonra təhqiqatçı tərəfindən onun şübhəli şəxs qismində tutulmağı haqqında qərar qəbul edilmiş, həmin qərarın surəti təqdim edilmiş, o cümlədən, şübhəli şəxs kimi bütün hüquq və vəzifələri ona izah edilmişdir. O, şübhəli şəxs qismində tutulduqdan sonra təhqiqatçı tərəfindən ona, barəsində şəxsi axtarış və götürmə aparılacağı bildirilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə barəsində şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Proses başlamadan öncə təhqiqatçı tərəfindən ona, eləcə də digər iştirakçılara, həmin prosesin video çəkilişlə baş tutacağı bildirilmiş və heç biri buna etiraz etməmişlər. Bundan sonra təhqiqatçı ona, üzərində psixotrop maddə və ya daşınması qanunla qadağan edilmiş digər əşya vardırsa həmin əşyaları təqdim etməyi təklif etmişdir. Bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı, içərisində psixotrop maddə metamfetamin olan, şəffaf sellofana bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində axtarış aparılmış və başqa heç bir əşya aşkar olunmamışdır. Sorğu zamanı o, təhqiqatçıya, masanın üzərinə qoyduğu bükümün içərisində olan kütlənin metamfetamin olduğunu, bir neçə il olar ki, psixotrop maddədən istifadə etdiyini, həmin psixotrop maddəni də həmin gün, səhər saatlarında Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manata əldə etdiyini, sonra istifadə etmək məqsədi ilə üzərində saxladığını, lakin həmin tarixdə, saat 14:30 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığı üçün istifadə edə bilmədiyini bildirmişdir. Onun təqdim etdiyi və içərisində psixotrop maddə olan büküm elektron tərəzi vasitəsi ilə çəkildikdən sonra təhqiqatçı tərəfindən zərfə qoyulmuş, zərf möhürlənmiş, onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra təhqiqatçı ona, üzərindən aşkar edilmiş bükümün içərisindəki kütlənin psixotrop maddə olub-olmamasının və çəkisinin müəyyən edilməsi üçün məhkəmə-kimyəvi ekspertizasına göndəriləcəyini bildirmişdir. Yekunda təhqiqatçı tərəfindən onun barəsində şəxsi axtarış və götürmə aparılmasına dair protokol tərtib edilmiş və o, həmin protokolu oxuyaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. O saxlanılarkən, polis bölməsinə gətirilərkən, eləcə də, üzərində şəxsi axtarış aparılarkən heç bir psixi və fiziki təsirə məruz qalmamışdır. O, heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, narkotik vasitələrdən yalnız özünün şəxsi istifadəsi üçün istifadə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu nəzərə alaraq, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 oğlu ifadəsində göstərmişdir ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis mayoru rütbəsini daşıyır. 19 iyul 2024-cü ildə işlədiyi Binəqədi RPİ-nin 5-ci PB-nə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatında xx.xx.1969-cu il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, məhkumluğu olan, fərdi əməklə məşğul olan, orta təhsilli, Naxçıvan MR, Kəngərli rayonu, Xok kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması bildirilmişdir. Bu əməliyyat məlumatının yoxlanılması, həmçinin Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Binəqədi RPİ-nin 5-ci PB-nin rəhbərliyinə raportla məlumat verilmiş və rəhbərliyin icazəsini aldıqdan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edərək, rəhbərlik etdiyi, Binəqədi RPİ-nin 5-ci PB-nin sahə inspektoru, polis mayoru Şahid2 da daxil olduğu əməliyyat qrupunu təşkil etmişdir. Üzərində psixotrop maddələri daşımaqda şübhəli bilinən şəxsin müəyyən edilərək yaxalanması və psixotrop maddələrin dövriyyədən çıxarılmasının təmin edilməsi məqsədi ilə əməliyyat qrupunun üzvü Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs xarici əlamətlərindən oxşayan şəxsi bir müddət müşahidə edib izlədikdən sonra 19 iyul 2024-cü il tarixdə, saat 14:30-da Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən “333 xəngəl evi” adlanan kafenin qarşısdında piyada olan zaman əlverişli şərait yarandığından saxlayaraq xidməti vəsiqələrini nümayiş etdirməklə ona özlərini təqdim etmiş və şəxsiyyəti ilə maraqlanmışlar. Həmin şəxs, həqiqətən də, Təqsirləndirilən şəxs olduğunu təsdiq etmiş və bundan sonra onlar, həmin şəxsə, psixotrop maddələri əldə edib, üzərində saxlayaraq daşımasında və istifadəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib, üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların dəvətinə etiraz etmədiyindən birlikdə xidmət etdikləri polis bölməsinə gəlmişlər. Orada əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair olan sənədlər Binəqədi RPİ-nin 5-ci polis bölməsinin təhqiqatçısı, polis leytenantı Amil Şirinliyə təqdim edilməklə araşdırmanın aparılması da ona həvalə edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 11 saylı Vəkil Bürosundan vəkil dəvət edilmiş və təhqiqatçı tərəfindən əməliyyat qrupu üzvlərinin iştirakı ilə Binəqədi RPİ-nin 5-ci PB-nin inzabati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim olunması təklif olunduqda o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs bununla bağlı bildirmişdir ki, o, bir neçə il olar ki, psixotrop maddələrdən istifadə edir, üzərindən aşkar olunmuş bükümün içərisində psixotrop maddə metamfetamindir, o, həmin psixotrop maddəni həmin tarixdə, səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində, tanımadığı şəxsdən 20 manat müqabilində, özü istifadə etmək məqsədi ilə alaraq üzərində saxlayıb daşımışdır. Bundan sonra, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq paltarlarına, ciblərinə və ayaqqabılarına baxış keçirilmiş, lakin başqa heç bir predmet və ya əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristalşəkilli kütlə sübut əhəmiyyətinə malik olduğundan baş təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış və üstü Daxili İşlər Nazirliyinin müvafiq möhürü ilə möhürlənərək götürülmüşdür. Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin təhqiqatçısı polis leytenantı Amil Şirinli tərəfindən video çəkilişdən istifadə edilməklə keçirilmiş istintaq hərəkəti başa çatdıqdan sonra müvafiq protokol tərtib edilərək uca səslə oxunmuş və bütün iştirakçılar, o cümlədən, Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman və Binəqədi RPİ-nin 5-ci polis bölməsinə gətirildikdən sonra ona qarşı heç bir mərhələdə heç bir fiziki, psixi və ya hər hansı bir digər formada təsir olunmamışdır. Məhkəmə iclasına çağırılmış şahid Bakı şəhəri Binəqədi RPİ-nin sahə rəisi, polis mayoru Şahid2 digər Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilməsinə dair sonuncu barəsində CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Binəqədi RPİ-nin MSY-də saxlanılan şəxslərin uçotu kitabından çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:40-da MSY-nə daxil olmuşdur. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:30-da Binəqədi RPİ-nin 5-ci PB-nin inzibati otaqlarının birində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 5-ci PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman, sonuncunun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş büküm aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixli, 6/3718 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 0,313 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrinin” siyahısına (Siyahı İ) daxildir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə CMnin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi barədə Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi İlkin İsmayılovun vəsatətinin müdafiə edilməsindən imtina olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin 5-ci PB-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş maddəni təqdim edib, həmin bükülünün içərisində “metamfetamin” olduğunu bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş qalıq çəkisi 0,263 qram olan metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nin X10 Kamerasına təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, 4955 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-239/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş qalıq çəkisi 0,263 qram olan metamfetamin, cinayət işi üzrə ekspertiza rəyləri, şahid ifadələri, müvafiq protokollar, şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-649/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-176/2025 saylı qərarından görünür ki, cinayət işi üzrə istintaq təzələnmişdir. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən ona təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2025-ci il tarixə çəkilməmiş hissəsi 02 ay 07 gün təşkil edir. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Zeyniyev X12 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5000 manat cərimə cəzasına məhkum edilmiş və o, Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli amnistiya qərarının təsiri altına düşdüyündən cərimə cəzasından azad edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X15, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X1 Azad Əli oğlunun övladlarıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını və 3 azyaşlı övladı olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər də eyni xarakterli əmələ görə məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bununla yanaşı məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 ay 07 gün hissəsi, azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməklə, 01 ay 04 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirməklə qəti cəza təyin edir. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 19 iyul 2024-cü il tarixdə, saat 14:30-da məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş və 21 iyul 2024-cü ildə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin gün saat 10:30-dan 11:10-dək təqsirləndirilən şəxs qismində dindirilmişdir. Həmin gün Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-724/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilməklə iş üzrə icraat dayandırılmışdır. Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən bu günə kimi həbsdə saxlanılmışdır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 19 iyul 2024-cü il tarixdən 21 iyul 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 10 mart 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,263 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 ay 07 gün hissəsi, CM-in 68.1.1-1ci maddəsinə əsasən 01 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 iyul 2024-cü il tarixdən 21 iyul 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 10 mart 2025-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,263 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar