Məhkəmə qərarları › İş №1(001)-178/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-178/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-178/2024 07.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində azyaşlı uşaqları olan, orta təhsilli, məhkumluğu olmayan, taksi sürücüsü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 04 iyul 2023-cü il tarixdə saat 12 radələrində nəqliyyat vasitəni idarə etmək hüququ verən “BC” kateqoriyalı BB 326488 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kia Cerato” markalı, AZ **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi-Fatmayı bağlar avtomobil yolu ilə Bakı şəhəri Sabunçu rayonu istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və bu tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu tələblərə əməl etməyib Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlarında yerləşən Goradil 2 №-li poçtun qarşısında yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ təkər hissəsi ilə vurub ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs kompartman sindromu ilə müşayiət olunan sol İİİ-V ayaq darağı sümüklərinin və qayığabənzər sümüyünün açıq sınıqlarından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olan bədən xəsarətləri yetirib yol hərəkəti qaydaları pozaraq yol-nəqliyyat hadisəsi törətmiş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalı, yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli olduğu halda həmin Qanunun tələblərini pozaraq hadisədən dərhal sonra idarə etdiyi “KİA Cerato” markalı, AZ **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətini davam etdirib hadisə yerini tərk etməklə yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bununla da, Təqsirləndirilən şəxs CM-in 263.1 və 264-cü maddələrində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 1(001)-178/2024 nömrəli qərarı ilə cinayət əməlini törətmiş şəxs zərərçəkmiş şəxslər barışdığından və ona dəymiş ziyanı ödədiyindən CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməklə, barəsində olan cinayət təqibinə xitam verilmiş və onun əməlində inzibati xəta tərkibinin əlamətlərinin olması ilə əlaqədar qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünə məxsus etdiyi “KİA Cerato” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində o, Fatmayı bağlarına müştəri aparmışdır. Goradil bağları adlanan ərazidə o, yolu keçmək istəyən piyada, adını sonradan bildiyi Zərərçəkmiş şəxs görmüş, lakin idarə etdiyi avtomobilin sonuncuya dəyməsini hiss etməmişdir. Onu polis idarəsinə çağırdıqdan sonra videogörüntülərə baxarkən idarə etdiyi görüntüdə olan avtomobilin ona məxsus olduğunu, onun tərəfindən idarə edildiyini bildirmişdir. Hadisədən sonra onun qohumları zərərçəkmiş şəxslə görüşmək istəsə də, sonuncu bundan imtina etmişdir. Lakin sonradan zərərçəkmiş şəxslə barışmış, sonuncuya dəymiş zərər onun tərəfindən ödənilmişdir. O, ümumiyyətlə hadisənin necə baş verdiyini görmədiyi üçün hadisə yerindən qaçmamışdır. Qeyd edilən halları nəzərə alınaraq CM-in 264-cü maddəsi ilə ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində o, xidməti işi ilə əlaqədar Goradil bağları adlanan ərazidə olmuşdur. O, poçtdan çıxıb, yolun digər tərəfində saxladığı avtomobilinin yanına getmək istəyərkən uzaqdan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin gəldiyini görmüş və avtomobil çatana kimi yolu rahat keçə biləcəyini düşünmüşdür. Yolun orta hissəsinə çatdıqda avtomobilin sürətlə gəldiyini görüb hərəkət sürətini bir az da artırmışdır. O, yolu keçib bitirərkən həmin avtomobil onun sol ayağından vurmuşdur. O, ağrı hiss etdiyi üçün möhkəm qışqırmışdır. Təqsirləndirilən şəxs təxminən 10 metr irəlidə sürətini azaltmış, lakin avtomobili tam dayandırmamışdır. Həmin vaxt orada olmuş şəxslər də qışqırmışlar. Bu vaxt Təqsirləndirilən şəxs sürəti artırıb oradan uzaqlaşmışdır. Bundan sonra onu təcili tibbi yardım xəstəxanaya aparmışdır. O, xəstəxanada əməliyyat olunduqdan sonra 4 gün qalıb müalicə olunmuş, xəstəxanandan çıxdıqdan sonra müalicəsi evdə davam etdirilmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan tam şəkildə ödənilmiş və sonuncudan şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, hadisənin baş verdiyi ərazidə təmizlik işçisi işləyir. Şahid1 da onunla eyni ərazidə işləyir. xx.xx.2023cü il tarixdə saat 12 radələrində onların işlərinə nəzarət edən Zərərçəkmiş şəxs həmin əraziyə gəlmişdir. Zərərçəkmiş şəxs orada yerləşən poçta daxil olmuş, poçtdan çıxdıqdan sonra bir qədər onlarla söhbət etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs yolun əks tərəfində yerləşən avtomobilinə əyləşmək üçün yolu keçməyə başlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs yoldan keçən ağ rəngli “KİA” markalı avtomobil toxunmuş, sonuncunun ayaqqabısı ayağından çıxmışdır. Həmin avtomobil 100-150 metr getdikdən sonra sürətini azaltmış, sonra uzaqlaşıb getmişdir. O, həmin avtomobili sürən şəxsi, avtomobildə olan şəxlsəri görməmişdir. Onlar Zərərçəkmiş şəxs yolun kənarında oturdub su vermiş, təcili tibbi yardım çağırmışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 digər Şahid2 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının vəsatəti əsasında əlavə dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, baş vermiş hadisəni xatırlayır. O, hadisədən sonra Zərərçəkmiş şəxs yaxınlaşmış, sonuncu ayağını tutub ağrıdan qışqırdığı üçün, avtomobilin sürücü qapısını açmış, Zərərçəkmiş şəxs avtomobilindən düşürmüşdür. Zərərçəkmiş şəxs yol kənarında oturtduqdan sonra poçtdan su gətirmişlər. O, Zərərçəkmiş şəxs “KİA” markalı avtomobilin vurduğunu görmüşdür. O, hadisədən sonra hadisəni törətmiş sürücünün arxasınca qışqırıb çağırmamışdır. Hadisədən sonra hadisəni törətmiş sürücünün avtomobilin sürətinin aşağı saldığını zənn edir. Lakin həmin avtomobilin sürücüsü avtomobili dayandırmamışdır. Həmin avtomobillə Zərərçəkmiş şəxs vurulduqdan sora yerə yıxılmamış, ayaqüstə qalmışdır. O, hesab edir ki, avtomobil təxminən 20-30 metr uzaqlaşdıqdan sonra sürətini azaltmışdır. O, avtomobilin əyləc işıqlarının yanmasını görməmişdir. O, hadisənin videogörüntüsünə baxarkən hadisədən sonra yolu keçən şəxsin özü olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının vəsatəti əsasında əlavə dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs hadisə vaxtı yolu keçərkən sonuncuya avtomobil toxunmuş, o, Şahid1la birlikdə Zərərçəkmiş şəxs köməklik göstərmiş, təcili tibbi yardım çağırmışlar. O, Zərərçəkmiş şəxs vuran avtomobilin ağ rəngli olduğunu görmüşdür. Həmin avtomobil hadisədən sonra bir qədər irəli getdikdən sonra sürəti azalmışdır. O, avtomobilin əyləc işıqlarının yandığını görməmiş, avtomobilin sürətinin azaldığını hiss etmişdir. Avtomobil təxminən 30-40 metr getdikdən sonra sürəti azaltmışdır. O, həmin avtomobilin dövlət qeydiyyat nişanını görməmişdir. O, hadisənin videogörüntüsünə baxdıqdan sonra hadisədən əvvəl yolun kənarında, poçtun qarşısında duran şəxs olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CMin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan, həmçinin ona əlavə edilmiş sxemdən görünür ki, yol-nəqliyyat hadisəsi 04 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi, 2 saylı poçtun qarşısından keçən avtomobil yolunda baş vermiş və baxış zamanı hadisəni özündə əks etdirən görüntülər diskə köçürülərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli, 1303 nömrəli Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik hüquqi şəxsin rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kompartman sindromu ilə müşayiət olunan sol İİİ-V ayaq darağı sümüklərinin və qayığabənzər sümüyünün açıq sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanası” X5 müraciət etdiyi xx.xx.2023-cü il saat 19:57-dən bir qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və eləcə də şəxsin öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri inandırıcı deyildir. xx.xx.2023-cü il tarixli, 8/2133 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, “Kia Cerato” markalı 77- HK-087 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən piyada məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadanın hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətləridin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisənin görüntülərinin qeydə alındığı disk baxış keçirilmiş və xx.xx.2023-cü il tarixdə saat 12:00-də qeydə alınmış kadrda ağ rəngli “Kia Cerato” markalı, AZ **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin Binəqədi-Fatmayı avtomobil yolu ilə Sabunçu rayonu istiqamətində hərəkət etməsi, avtomobilin qabaq sağ təkər hissəsi ilə həmin vaxt yolu soldan sağa keçən piyadanı sol daban hissəsindən vuraraq hadisə yerindən uzaqlaşması, piyadanın isə əli ilə sol ayağını tutması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2023-cü i tarixli məktubundan görünür ki, BDYPİ-nin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə BB 335863 nömrəli, “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeyd alınmamışdır. “KİA CERATO” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən Təqsirləndirilən şəxs adında qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 1(011)-287/2008 nömrəli hökmü ilə CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CMin 263.1-ci maddəsindən həmin məcəllənin 263.1 və 264-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.1 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, olan “Kia Cerato” markalı, AZ **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü sahibinə qaytarılması nəzərə alınmış, hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. AA1872541 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, AZ-İV №256787 və AZ-İV №744883 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X4 adlı üç azyaşlı uşağı var. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı hər hansı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə istintaqı zamanı hadisənin görüntülərini özündə əks etdirən diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, görüntülər cəmi 8 saniyə vaxtı əhatə edir. Görüntülərin 1-ci saniyəsində “KİA CERATO” markalı, ağ rəngli minik avtomobilinin asfalt yol üzərində hərəkət etməsi, 3-cü saniyədə Zərərçəkmiş şəxs yolu keçərkən həmin avtomobilin sağ təkəri ilə Zərərçəkmiş şəxs ayağının arxa hissəsisinin üzərindən keçməsi və hadisədən sonra yol kənarında olan iki nəfər şəxsin Zərərçəkmiş şəxs yaxınlaşması müşahidə edilir. Həmçinin hadisə vaxtı “KİA CERATO” markalı avtomobilin sağ yan şüşələri bağlı vəziyyətdə olması, baş vermiş hadisədən sonra avtomobilin dayanmaması və ya sürətinin aşağı salınmaması, əyləc işıqlarının yanmaması müəyyən edilir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərmişdir ki, CPM-in 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bundan başqa həmin qərarda göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli 4 saylı qərarında göstərilmişdir ki, yol-nəqliyyat hadisəsi daha ağır nəticələrə səbəb olduqda isə ictimai münasibətlər artıq cinayət qanununun müddəaları ilə tənzimlənir. Belə ki, CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, cinayət məsuliyyəti yaranır. Bununla yanaşı, həmin Məcəllənin 264-cü maddəsi bu Məcəllənin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçmasını cinayət əməli kimi müəyyən edir. CM-in 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yolnəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Bununla da, yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulmuş zərərçəkmiş şəxsə yol-nəqliyyat vasitəsini idarə edən şəxs barəsində dərhal düzgün məlumatı əldə etmək imkanı verilir. Müvafiq olaraq, cinayət qanununun həmin müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımi məlumatları bildirsin. Belə məlumatlar sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda isə, onun maraqlarını təmin edəcək digər şəxsə verilməlidir. CM-in 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına” dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı həm də CM-nin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, CMnin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenum qərarlarında ortaya qoyulan mövqedən aydın olur ki, yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirkar olan sürücü məsuliyyətdən kənarda qalmaq məqsədi ilə hadisə yerindən yayındıqda CM-in 264-cü maddəsi üzrə məsuliyyət mövcud olur. Yayınma belə məqsəd olmadan digər zərurətlə bağlı olduqda isə bu maddə üzrə məsuliyyət istisna edilir. CM-in 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən cinayət əməlinin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olan ictimai münasibətlərdir. CM-in 264cü maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhəti CM-in 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulması, zərərçəkmiş şəxsin ölümü, yaxud iki və ya daha çox şəxsin ölümü baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçmasında ifadə olunur. Cinayət qanunvericiliyin tələblərinə əsasən qeyd edilən cinayət əməli subyektiv cəhətdən təqsirin qəsd forması ilə törədilir. CM-in 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət dedikdə, qanunla qadağan edilən, ictimai təhlükəli, təqsirli, cəzalanmalı olan əməl başa düşülür. Göründüyü kimi, əməlin cinayət sayılması üçün mühüm şərtlərdən biri də əməlin təqsirli olaraq törədilməsidir. Digər sözlə şəxsin törətdiyi əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti müəyyən edildikdə o, təqsirli hesab edilərək cinayət məsuliyyətinə cəlb edilə bilər. CM-in 24.1-ci maddəsinə əsasən əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. Göründüyü kimi, təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti başa düşülür. Yəni cinayət qanunvericiliyinə görə şəxs yalnız o cinayət törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törətməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, CM-in 263 və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs yol-nəqliyyat hadisəsini törətdiyini və hadisə yerindən qaçdığını dərk etməlidir. Sürücü yol-nəqliyyat hadisəsinin baş verdiyini və belə hadisənin CM-in 263 və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olduğunu dərk etməmişdirsə, həmin şəxs CM-in 264-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, yol-nəqliyyat hadisəsi yerindən qaçma qəsdən törədilən cinayət olmaqla onu törətmiş şəxsin mülki və ya cinayət məsuliyyətindən yayınmaq məqsədilə şəxsiyyətini məlum etməyə imkan vermədən hadisə yerini bilə-bilə tərk etmək iradəsini nəzərdə tutur. Lakin ibtidai istintaq orqanı tərəfindən iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilmədən Təqsirləndirilən şəxs CM-in 264-cü maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 04 iyul 2023-cü il tarixdə saat 12 radələrində nəqliyyat vasitəni idarə etmək hüququ verən “BC” kateqoriyalı BB 326488 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kia Cerato” markalı, AZ **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi-Fatmayı bağlar avtomobil yolu ilə Bakı şəhəri Sabunçu rayonu istiqamətində hərəkət edərkən Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlarında yerləşən Goradil 2 №-li poçtun qarşısında yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ təkər hissəsi ilə vurub ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs kompartman sindromu ilə müşayiət olunan sol İİİ-V ayaq darağı sümüklərinin və qayığabənzər sümüyünün açıq sınıqlarından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsinin baş verməsinin və Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması bilməmiş, bu səbəbdən yol-nəqliyyat hadisəsi baş verdikdən hadisə yerində dayanmadan həmin yerdən uzaqlaşıb getmişdir. Qeyd edilənlər məhkəmədə ifadə vermiş təqsirlədirilərən şəxsin, həmçinin baş vermiş hadisənin görüntülərini əks etdirən diskə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Bundan əlavə məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 ilkin ifadəsində baş vermiş yol-nəqliyyat hadisəsindən sonra hadisəni törətmiş sürücünün hadisə yerindən 100-150 metr uzaqlaşdıqdan sonra sürətini azaltdığını, məhkəmə iclasında hadisənin görüntülərinə baxdıqdan sonra isə sürücünün hadisə yerindən 30-40 metr uzaqlaşdıqdan sonra sürətini azaltdığını hiss etdiyini bildirmişdir. Göründüyü kimi Şahid2 məhkəmə iclaslarında sürücünün hadisədən sonra uzaqlaşdığı məsafə ilə bağlı fərqli məsafələr bildirimişdir. Həmçinin məhkəmə iclasında Şahid1 və Şahid2 yol-nəqliyyat hadisəsindən sonra sürücünün bir qədər məsafə gedib irəlidə sürətini azaldığını bildirsələr də, avtomobilin əyləc işıqlarının yandığını görmədiklərini, avtomobilin dayandırılmadığını bildirmişlər. Qeyd edilənlərdən göründüyü kimi hər iki şahid zərərçəkmiş şəxsin rəhbərlik etdiyi qurumun işçiləri olduğundan və zərərçəkmiş şəxsin tabeliyində işlədiklərindən ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı ifadə verərkən hadisəni törətmiş sürücünün hadisə yol-nəqliyyat hadisəsini törətdikdən sonra idarə etdiyi avtomobili saxlamadan hadisə yerindən uzaqlaşdıqdan sonra avtomobilin sürətini azaltmasını bildirmələri, təqsirləndirilən şəxsin CM-in 264-cü maddəsində nərədə cinayət əməlini törətməsində mötəbər sübut kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə, ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı toplanmış sübutları əhatəli şəkildə tədqiq edərək qanunvericiliyin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs məsuliyyətdən kənarda qalmaq məqsədi ilə hadisə yerindən yayınmamışdır. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs CM-in 264-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Bundan başqa məhkəmə istintaqı zamanı dövlət ittihamçısı tərəfindən ibtidai istintaq orqanının gəldiyi nəticəni təsdiq edən sübutlar təqdim edilməmişdir. Ona görə də, məhkəmə istintaqı zamanı toplanmış sübutları Təqsirləndirilən şəxs xeyrinə həll etmək qənaətinə gəlmişdir. CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. CPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-in 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-in 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 264-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ittiham üzrə Təqsirləndirilən şəxs bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar