Məhkəmə qərarları › İş №1(001)-18/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-18/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-18/2024 20.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, xüsusi ittihamçı X10, təqsirləndirilən şəxs Əliyeva Nərmin Rafiq qızı və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Əliyeva Nərmin Rafiq qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Məcəlləsinin (bundan sonra - CM) 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X20 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, “İnstagram” sosial internet şəbəkəsində təhqir və böhtan xarakterli məlumatları yayaraq onu təhqir etdiyinə görə Əliyeva Nərmin Rafiq qızının CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, o, 2015-ci ildə nikahı rəsmi qaydada qeyd etdirməklə X13 ilə ailə qurmuş, birgə nikahlarından 15 dekabr 2016-cı ildə X21 və X17 adlı iki övladı dünyaya gəlmişdir. İlk vaxtlar səmimi ailə münasibətlərində yaşasa da, sonradan kənar şəxslərin, həyat yoldaşının ailə üzvlərinin təsiri nəticəsində ailəsində müəyyən problemlər yaranmışdır. Belə ki, artıq bir-neçə ildir ki, onun ailəsinə qayınatası Rafiq Ramazanov, qaynanası Ziyafət Ramazanova, baldızı- Nərmin Əliyeva və həyat yoldaşı Rüfət Əliyev tərəfindən müdaxilə olunmuşdur. Onlar müxtəlif bəhanələrlə həyat yoldaşını ona qarşı doldurmuş və ona qarşı aqresiya yaratmışlar. Bu səbəbdən də o, həyat yoldaşı ilə faktiki olaraq ayrılmışdır. O, musiqiçi olmaqla Şəki şəhərində fəaliyyət göstərən “Xan qrupu” adlı musiqi ansamblının üzvüdür. “İnstaqram” sosial şəbəkəsində həmin ansamblın solisti olan X6 məxsus “gulten bekırli” istifadəçi adı ilə səhifə mövcuddur ki, həmin səhifəni də, aktiv şəkildə təxminən 8691 nəfər izləyir. X11 tərəfindən həmin səhifədə müxtəlif məclislərdən şəkillər paylaşılır. Həyat yoldaşının bacısı (baldızı) olan Əliyeva Nərmin Rafiq qızı müxtəlif vaxtlarda özünə aid “nargizaliyevs” adlı “İnstaqram” səhifəsi ilə onun də şəkilləri olan Gültən Bəkırovanın paylaşımlarının altında onun barəsində müxtəlif təhqir və böhtan xarakterli yazılar yazmış, həmçinin onu ağır cinayət törətməkdə ittiham etməklə ona böhtan atmış və həmin məlumatları internet informasiya ehtiyatında kütləvi nümayiş etdirərək şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etmişdir. Əliyeva Nərmin Rafiq qızı tərəfindən adı çəkilən yazılarında 09 aprel 2022-ci ildə və 16 aprel 2022-ci ildə barəsində böhtan işlədilmişdir. 09 aprel 2022-ci ildə "Zaur şərəfsizini, namusdan danişib namussuz edən arvad döyən, ləyaqətsizi niyə saxlayırsız ansamblınızda. Heç yaraşmır ora”, 16 aprel 2022-ci ildə “Xan qrupu Zaur kimi alçağı o ansamblda kisi yerinə qoyub otuzdurublar. Yubka yaraşır ona şalvar yox. Kisi şalvar geyinir o Yox ”, 16 aprel 2022-ci ildə “Özünü asmaq istəməyin, qaçırmaq istədiyin qızın ailəsinin sənə elədikləri hələ nələr var nələəəəəər. Hamısı tezliklə ”, 16 aprel 2022-ci ildə ”Dalda oturan alçaq Zaur. Az qalıbe biyabırçılıqlarin üzə çıxır. Youtubda, Facebook da. Az qalıb səni bütün Azərbaycan tanıyacaq. Sənin də Heç bilmədiyin çəkilişlərin ortaya çıxdı ay bədbəxt”, 16 aprel 2022-ci ildə "Ar olsun ona. Namussuza ”, 16 aprel 2022-ci ildə “O Zauru rədd edin ordan. O arvad döyən, arvadının əlinə qaynar su töküb yandıran, Elnarə adlı biriylə arvadına xəyanət edən 2 uşaq atası, namusu olmayan biridir o, Elə insanlara ölüm cəzası kəsilsin.” Həmçinin bu Əliyeva Nərmin Rafiq qızının ilk əməli də deyildir. Belə ki, 21 oktyabr 2018-ci ildə onun xalası X2 zəng edərək onun barəsində “o qəhbədən olan Zauru polisə verəcəyik” ifadəsini və başqa ifadələr də işlətmişdir. Mətnlərin məzmunundan göründüyü kimi Əliyeva Nərmin Rafiq qızı sosial şəbəkədə özünə məxsus profildə həqiqətə uyğun olmayan, qərəz və yalanlardan ibarət, böhtan xarakterli, uydurma, şəxsiyyətin şərəf və ləyaqətini ləkələyən və onu ictimaiyyət qarşısında nüfuzdan salan yazını paylaşaraq, yalan məlumatları kütləvi informasiya vasitəsi olan sosial şəbəkələrdə yayaraq ona böhtan atmış və eyni zamanda onu təhqir etmişdir. Onun həmin yazılardan 16 may 2022-ci ildə saat 13:00-da “gultenbekirli” “İnstagram” səhifəsinin sahibi X11 ona zəng edərək məlumat verdikdən sonra xəbəri olmuşdur. Əliyeva Nərmin Rafiq qızının tərəfindən qeyd olunan əməllər CM-nə əsasən məsuliyyətə səbəb olduğundan onun tərəfindən Nərmin Əliyevanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün Xüsusi İttiham qaydasında şikayət ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş, Binəqədi Rayon Məhkəməsinin (hakim Fərid Əmirəliyev) 24 iyun 2022-ci il tarixli, 1(001)-435/2022 nömrəli qərarı ilə xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərarda imtinanın əsası kimi göstərilmişdir ki, tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Daha sonra o, Binəqədi Rayon Məhkəməsinin (hakim Fərid Əmirəliyev) 24 iyun 2022-ci il tarixli, 1(0010-435/2022 nömrəli qərarında göstərilən nöqsanları aradan qaldırmaqla yenidən xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin (hakim Abbas Rzayev) 14 dekabr 2022-ci il tarixli, 1(001)-757/2022 nömrəli qərarı ilə Əliyeva Nərmin Rafiq qızının CM-in 148 və 147.1-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərarda isə imtinanın əsası kimi göstərilmişdir ki, xüsusi ittiham qaydasında şikayət verilən şəxsin yaşadığı ünvan düzgün göstərilmədiyindən və tələb dəqiq göstərilmədiyindən Əliyeva Nərmin Rafiq qızının CM-in 148 və 147.1-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayət ərizəsində - barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Əliyeva Nərmin Rafiq qızının ünvanı -Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon 70 kimi göstərilmişdir. Halbuki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 113/22 saylı, 08 dekabr 2022-ci il tarixli arayışla məlum olur ki, X12 ünvan 3 ünvanda yaşayır. Beləliklə də, məlum olur ki, şikayət ərizəsində barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 ünvanı səhv göstərilmişdir. Bundan başqa, şikayət ərizəsində tələb düzgün göstərilməmişdir. Belə ki, xüsusi ittihamçı X1 Nərmin Rafiq qızının CM-in 147.1 və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmçinin ona dəymiş maddi ziyanın əvəzi kimi 1000 (on min) manatın, mənəvi ziyanın əvəzi kimi 20 000 (iyirmi min) manatın Əliyeva Nərmin Rafiq qızından alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Halbuki, CM-in 147.1 və 148-ci maddələrində yalnız təqsirləndirilən şəxsə cəza verilməsi nəzərdə tutulmuş, dəymiş maddi ziyan və mənəvi ziyanın tutulması nəzərdə tutulmamışdır. Hal-hazırda o, həmin qərarda da göstərilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə müraciət etmişdir. Belə ki, Əliyeva Nərmin Rafiq qızı onu cinayət törətməkdə ittiham etməklə ona böhtan atmış, onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələmişdir. Belə ki, Nərmin Əliyeva ona böhtan atmaqda, şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələməkdə və onu cinayətkar, həmçinin cəmiyyətə yararsız biri olaraq ictimaiyyətə tanıtmaqdadır. Əliyeva Nərmin Rafiq qızı kütləvi informasiya vasitəsi hesab olunan sosial şəbəkə vasitəsi ilə onu CM-in 19-cu fəslində nəzərdə tutulmuş “Şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər” törətməkdə günahlandırmaqla ona böhtan atmış və onu təhqir edərək CM-in 147.1 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bununla da Əliyeva Nərmin Rafiq qızı bu yazılı paylaşımlarda onu mənfi qiymətləndirməklə onun şərəf və ləyaqətini aşağılamış, ona böhtan ataraq və eyni zamanda cinayətdə ittiham etməklə onu öz doğmalarının, dostlarının, tanışlarının, eləcə də kütləvi səkildə insanların, ümumiyyətlə hamının yanında nüfuzdan salmışdır. Odur ki, sosial şəbəkələrdə böhtan xarakterli məlumatları yayaraq onu təhqir etdiyinə görə xx.xx.1988-ci ildə Şəki şəhərində anadan olmuş, ailəli, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon 70 ünvanında yaşayan Əliyeva Nərmin Rafiq qızının CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs Əliyeva Nərmin Rafiq qızı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bağıyev Zaur onun bacısının həyat yoldaşı olmuş, birgə nikahlarından iki əkiz övladları doğulmuşdur. Onun bacısı sonuncu dəfə Zaurla birlikdə 2021-ci il də bir yerdə yaşamışdır. Sonuncu dəfə bacısı Zaur tərəfindən pis vəziyyətdə döyüləndən sonra evə gəlmiş və onlar bir daha bacısını getməyə qoymamışlar. Zaurun iddia etdiyi hansı ki, ona məlum olmayan profildən yazıların yazılmasından ümumiyyətlə onun məlumatı olmamışdır. Zaur Bağıyevin təqdim etdiyi şəkillər onun evində çəkilmiş, yəni həmin şəkildə olan əşyaları o, çəkmiş, lakin heç bir sosial şəbəkəyə yerləşdirilməmişdir. Həmin əşyaların şəkillərini bacısı ilə Zaur bir yerdə yaşadıqları zaman o, Zaura göndərmişdir ki, Şəki şəhərindən ehtiyacı olan ailələrə versinlər. Onun kifayət qədər maddi imkanı olduğu üçün o, hər hansı satışla məşğul olmamış, səhifə açaraq orada satış etməmişdir. Həmin şəkilləri o, şəxsən Zaura özü göndərmişdir. Bacısı həmin zamanlar telefon işlətməmişdir. Həmin yazıların heç biri onun tərəfindən yazılmamışdır. O, Gültən Bəkirli adlı şəxsi tanımamışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zaur Bağıyevə şəkilləri hansı mobil nömrədən göndərilməsini xatırlamır, onun “nargizaliyevs” adlı “İnstaqram” səhifəsi olmamış, lakin qeyd edilən səhifədə yerləşdirilmiş satışa çıxarılan əşyaların şəkilləri onun tərəfindən çəkilərək Zaur göndərilmişdir. “Nargizaliyevs” adlı “İnstaqram” səhifəsi kim tərəfindən yaradılmas və həmin səhifədən kimin Zaur Bağıyevin təhqir edərək böhtan atması barədə məlumatı yoxdur. Bununla “nargizaliyevs” adlı “İnstaqram” səhifəsində qeyd edilmiş ********** saylı mobil telefon nömrəsi onun istifadəsində olan mobil telefon nömrəsidir. Odur ki, qeyd edilənləri nəzərə alaraq məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş xüsusi ittihamçı X20 ifadəsində göstərmişdir ki, Əliyeva Nərmin Rafiq qızı “İnstagram” sosial şəbəkəsində yazdığı yazılarla onu cinayət törətməkdə ittiham etməklə ona böhtan atmış, onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələmişdir. Əliyeva Nərmin Rafiq qızı ona böhtan atmaqda, şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələməkdə və onu cinayətkar, həmçinin cəmiyyətə ictimaiyyətə yararsız biri olaraq tanıtmaq istəmişdir. Əliyeva Nərmin Rafiq qızı sosial şəbəkədə yazdığı yazılarda onu mənfi qiymətləndirməklə şərəf və ləyaqətini aşağılamış, ona böhtan ataraq və eyni zamanda cinayətdə ittiham etməklə onu öz doğmalarının, dostlarının, tanışlarının, eləcə də digər şəxslərin yanında nüfuzdan salmışdır. “Nargizaliyevs” adlı “İnstaqram” səhifəsində Nərmin Əliyevanın adının, mobil telefon nömrəsinin qeyd edilməsi, eləcə də ona məxsus əşyaların həmin səhifədə yerləşdirilməsi onu sübut edir ki, “gulten bekırli” adlı “İnstagaram” səhifəsinə “nargizaliyevs” adlı “İnstaqram” səhifəsindən yazılan yazılar məhz Əliyeva Nərmin Rafiq qızı tərəfindən yazılmışdır. Odur ki, Əliyeva Nərmin Rafiq qızının Əliyeva Nərmin Rafiq qızının CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinı və cəzalandırlmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X18 ifadəsində göstərmişdir ki, o, Bağıyev Zauru birgə işlədikləri 4 saylı uşaq musiqi məktəbindən tanımışdır. O, nağarada ifa etmiş, Zaurla birlikdə el şənliklərinə və tədbirlərə getmişdir. Ümumilikdə Zauru 15 ildən bir qədər də artıq müddətdir ki, tanımış aralarında dostluq münasibətləri olmuşdur İştirak etdikləri ansamblın müğənnisi olan Gültən Bəkirlinin “İnstagram” sosial şəbəkəsində özünə məxsus səhifəsində ansamblın konsertləri, şənliklər və tədbirləri barədə paylaşmış olduğu şəkillərin altında “nargizaliyevs” profili ilə bir nəfər şəxsin Zauru təhqir etməsinin şahidi olmuşdur. Həmin yazılar haqqında məlumatı olsa da ilk öncə onlar bu məsələyə Zaurun özünün münasibət bildirməsi üçün gözləmişlər. Zaur sonradan özü bu məsələnin ailə daxili məsələ olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid X14 ifadəsində göstərmişdir ki, o, Bağıyev Zauru birgə işlədikləri ansambldan tanımışdır. O, həmin ansamblda xanəndə kimi iştirak emişdir. Zaurla ümumilikdə 6 illik tanışlığı olmuş, aralarında dostluq münasibətləri olmuşdur. Ansamblın digər müğənnisi Gültən Bəkirli “İnstangram” sosial şəbəkəsində olan səhifəsində ansamblın konsertləri, şənliklərdə iştirakı, eləcə də tədbirdə çəkilmiş şəkilləri paylaşmışdır. O, həmin şəkillərin şərh bölməsində “nargizaliyevs” profili ilə bir nəfər şəxsin Zaur Bağıyevi təhqir etməsini görmüşdür. Həmin sosial şəbəkədə olan səhifəni onlar da izlədikləri üçün həmin şərhləri onlar da görmüşlər. Bundan başqa həmin səhifə 9 mindən artıq şəxs tərəfindən izləndiyindən və Şəki balaca şəhər olduğundan bu barədə hər kəsin məlumatı olmuşdur. O, həmin şəxsin qadın olmasını bilmiş ancaq kim olması barədə onda məlumat olmamışdır. Sonradan Zaur özü həmin məsələnin ailə daxili məsələlər ilə bağlı olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, Bağıyev Zaur onun doğma bacısı oğludur. O, 2018-ci il tarixdə Şəki şəhərində olan zaman Nərmin ona zəng edərək bacısı Aytənin Zaurla münaqişələrinin düşdüyünü və həmin dava zamanı Zaurun Aytəni döydüyünü, ağzının qan olmasını, ağzında olan dişlərinin töküldüyünü bildirmişdir. O, Nərminin zəngindən sonra dərhal Zaurgilin evlərinə getməyə başlamış, yolda olanda Nərmin ona ikinci dəfə zəng edərək Zauru və bacısını yəni Zaurun anasını təhqir etməyə başlamışdir. O, həmin zaman hələ Zaurun qaldığı evə çatmadığını, çatandan sonra dəqiqləşdirib zəng edəcəyini bildirmişdir. Belə ki, Zaur ailədə öz anası və atası ilə birlikdə yaşamışdır. Zaurun anası ilə onun yaşadığı evin arasında piyada olaraq 15 dəqiqəlik məsafə olmuşdur. O, həmin zaman evə çatanda Aytənin evdə divanın üzərində oturduğunu və ağzında hər hansı qanın olmadığını, dişlərinin də yerində olduğunu görmüşdür. O, Aytəndən nə baş verdiyini və Zaurun harada olmasını soruşan zaman Zaurla dava etdiyini və harada olmasını bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid X13 ifadəsində göstərmişdir ki, o, Bağıyev Zaurla 2015-ci il tarixdə ailə qurmuş və həmin nikahdan əkiz iki övladı doğulmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da sonradan uşaqların 1 yaşı tamam olandan sonra yəni 2018ci il tarixdən başlayaraq Zaur mütəmadi olaraq onu döymüş və müxtəlif bədən xəsarətləri yetirmişdir. Həmin xəsarətlər ilə bağlı o, sübutlarını məhkəməyə təqdim etmişdir. Bununla bağlı aralarında dəfələrlə söhbətlər olmuş, o, Zaur Bağıyevin barəsində Şəki şəhər Polis İdarəsinə şikayət etmiş və bu şikayətdən sonra Zaur Bağıyev 300 manat cərimə olunmuşdur. Bundan sonra o, ata evinə getsə də Zaur onun ata evinə gəlmiş və yalvararaq bağışlanmağını xahiş etmişdir. Bundan sonra o, məhkəmədə Zaurla bağlı şikayətini geri götürmüşdür. Lakin sonradan Zaurla evə gələndə evin içərisində 9 kamera gördükdə bunun nə olduğunu soruşmuş, Zaur da bunu onun üçün sürpriz elədiyini bildirmişdir. Bu hadisə 2021-ci ilin sonlarına təsadüf etmişdir. O, da bundan sonra bir dəfəlik ata evimə geri qayıtmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X20 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, “İnstagram” sosial internet şəbəkəsində təhqir və böhtan xarakterli məlumatları yayaraq onu təhqir etdiyinə görə Əliyeva Nərmin Rafiq qızının CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. “İnstagram” sosial şəbəkəsinə aid ekran görüntülərindən görünür ki, “gulten_bekirli” adı ilə qeydiyyatdan keçmiş şəxsin paylaşdığı şəkillərin altında “nargizaliyevs” adı ilə qeydiyyatdan keçmiş şəxs tərəfindən müxtəlif vaxtlarda "Zaur şərəfsizini, namusdan danişib namussuz edən. arvad döyən, ləyaqətsizi niyə saxlayırsız ansamblınızda. Heç yaraşmır ora”, “Xan qrupu Zaur kimi alçağı o ansamblda kişi yerinə qoyub otuzdurublar. Yubka yaraşır ona şalvar yox. Kişi şalvar geyinir o Yox ”, Özünü asmaq istəməyin, qaçırmaq istədiyin qızın ailəsinin sənə elədikləri hələ nələr var nələəəəəər. Hamısı tezliklə”,”Dalda oturan alçaq Zaur. Az qalıbe biyabırçılıqların üzə çıxır. Youtubda, Facebook da. Az qalıb səni bütün Azərbaycan tanıyacaq. Sənində Heç bilmədiyin çəkilişlərin ortaya çıxdı ay bədbəxt ”, "Ar olsun ona. Namussuza”, “O Zauru rədd edin ordan. O arvad döyən, arvadının əlinə qaynar su töküb yandıran, Elnarə adlı biriylə arvadına xəyanət edən 2 uşaq atası, namusu olmayan biridir o. Elə insanlara ölüm cəzası kəsilsin ” rəyləri yazılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-202/2023 nömrəli qərarından görünür ki, X10 Əliyeva Nərmin Rafiq qızı barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilmiş, Əliyeva Nərmin Rafiq qızı CM-in 147.1 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, X20 xüsusi ittihamçı qismində tanınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-202/2023 nömrəli qərarından görünür ki, Əliyeva Nərmin Rafiq qızının istifadəsində olmuş ***-***-**- ** saylı mobil telefon nömrəsinə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək daxil olan və çıxan SMS-lərin mətnləri barədə, həmin SMS-ləri qəbul edən və göndərən nömrələrin sahiblərinə dair məlumatların ələ keçirilməsi barədə qərar qəbul edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-202/2023 nömrəli qərarından görünür ki, Əliyeva Nərmin Rafiq qızının CM-in 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə ilkin məhkəmə kompüter-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, 1(001)-202/2023 nömrəli iş üzrə 17 noyabr 2023-cü il tarixdə təyin edilmiş məhkəmə kompüter-texniki ekspertizasının aparılması və rəyin verilməsi mümkün olmamışdır. Ekspert qarşısında qoyulmuş “xx.xx.1998-ci il tarixdə Şəki rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, ünvan 6n X8 “İnstagram” sosial şəbəkəsində hesabı (profili) vardırmı?” sualın cavablandırılması hər hansı texniki qeyd və ya rəqəmsal izlərlə müəyyən edilməməsi səbəbindən məhkəmə kompüter-texniki ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir. Ekspert qarşısında qoyulmuş sualda qeyd olunan “İnstagram” sosial şəbəkələrinə aid olan “nargizaliyevs” adlı profilin hansı İP ünvan vasitəsilə sistemə daxil edilməsinin müəyyən edilməsi “İnstagram" sosial şəbəkəsinə aid serverdəki müvafiq istifadəçi profilinə məxsus texniki qeydlər əsasında mümkündür. Lakin hal-hazırda server ölkə xaricindədir və həmin serverə qoşulma texniki imkanlar çərçivəsində deyildir. Bu səbəbdən qeyd olunan istifadəçi profillərinin hansı İP ünvan üzərindən qeydiyyatdan keçməsinin müəyyən edilməsi mümkün deyildir. Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16-16/2-4/1973 nömrəli rəyin görünür ki, iş materiallarına əlavə olunmuş, “İnstaqram” sosial şəbəkəsində X20 barəsində yayılmış məlumatlarda işlədilmiş (“Zaur şərəfsizini, namusdan danışıb namussuz edən, arvad döyən, ləyaqətsizi niyə saxlayırsız ansamblınızda. Heç yaraşmır ora”, “Xan qrupu Zaur kimi alçağı o ansamblda kişi yerinə qoyub otuzdurublar. Yubka yaraşır ona şalvar yox. Kişi şalvar geyinir o Yox. ”, “Özünü asmaq istəməyin, qaçırmaq istədiyin qızın ailəsinin sənə elədikləri hələ nələr var nələəəəəər. Hamısı tezliklə. ”, “Dalda oturan alçaq Zaur. Az qalıbe biyabırçılıqların üzə çıxır Youtubda, Facebookda. Az qalıb səni bütün Azərbaycan tanıyacaq. Sənində Heç bilmədiyin çəkilişlərin ortaya çıxdı, ay bədbəxt.”, “Ar olsun ona. Namussuza. ”, “O Zauru rədd edin ordan. O arvad döyən, arvadının əlinə qaynar su töküb yandıran, Elnarə adlı biriylə arvadına xəyanət edən 2 uşaq atası, namusu olmayan biridir o. Elə insanlara ölüm cəzası kəsilsin.”) kimi söz və ifadələr X10 şərəf və ləyaqətini ləkələyən,-şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakıların yanında nüfuzdan salan məlumatlar hesab olunur. Məlumatlarda işlədilmiş “alçaq”, “namussuz”, “namusu olmayan”, “şərəfsiz”, “ləyaqətsiz", “Yubka yaraşır ona şalvar yox. Kişi şalvar geyinir o Yox” kimi söz, söz birləşməsi və ifadələr təhqiredici xarakterə malikdir. Qeyd olunan cümlələrdə neqativ xarakterli məlumatlar təsdiq və əminlik formasında ifadə olunmuşdur. "xxxx" MMC-dən daxil olmuş telefon məlumatlarının əks olunduğu diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin diskdə 2 faylar var. Həmin fayllardan biri zənglərlə, digər sms-lərlə bağlıdır. Qeyd edilən fayllarda iş üçün əhəmiyyət kəsb edən heç bir məlumat, yəni “İnstaqram” sosial şəbəkəsindən qeyd edilən mobil telefon nömrəsinə sms daxil olması aşkar edilməmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(075)-577/2021 nömrəli qərarından görünür ki, X7 X20 tərəfindən döyülməsi ilə bağlı müraciəti əsasında Şəki Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılaraq xx.xx.2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, həmin qərar əsasında X20 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 300 manat cərimə olunmuş, X13 ilə X20 barışdıqları üçün sonuncunun şikayət ərizəsi əsasında məhkəmənin xx.xx.2021-ci il tarixli, 3(075)-577/2021 nömrəli qərarı ilə xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, xüsusi ittihamçının və şahid ifadələrinin, ekspertiza rəyinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Əliyeva Nərmin Rafiq qızı tərəfindən CM-in 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsassız olmaqla, onun hərəkətlərində CM-in 147.1 və 148-ci maddələrinin tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmədə “İnstagram” sosial şəbəkəsində , “gulten_bekirli” adı ilə qeydiyyatdan keçmiş şəxsin paylaşdığı şəkillərin altında “nargizaliyevs” adı ilə qeydiyyatdan keçmiş şəxs tərəfindən müxtəlif vaxtlarda yazılmış rəylərin Əliyeva Nərmin Rafiq qızı tərəfindən yazılması sübuta yetirilməmişdir. Belə ki, X20 xüsusi ittiham qaydasında şikayətində Əliyeva Nərmin Rafiq qızının müxtəlif vaxtlarda özünə aid “nargizaliyevs” adlı “İnstagram” səhifəsi ilə onun da şəkilləri olan Gültən Bəkirovanın paylaşımlarının altında onun barəsində müxtəlif təhqir və böhtan xarakterli yazılar yazmasını, həmçinin onu ağır cinayət törətməkdə ittiham etməklə ona böhtan atmasını və həmin məlumatları internet informasiya ehtiyatında kütləvi nümayiş etdirərək şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etməsini bildirsə də, məhkəmə istintaq zamanı təyin edilmiş məhkəmə kompüter-texniki ekspertizası ilə, həmçinin Əliyeva Nərmin Rafiq qızının istifadəsində olmuş telefon nömrəsi ilə bağlı məlumatların mobil operator şirkətindən götürülməsi ilə “nargizaliyevs” adlı “İnstagram” səhifəsinin Əliyeva Nərmin Rafiq qızının istifadəsində olmuş telefon nömrəsindən istifadə edilməklə qeydiyyatdan keçirilməsi müəyyən edilməmişdir. Həmçinin “İnstagram” sosial şəbəkəsində “nargizaliyevs” adlı səhifə tərəfindən paylaşılmış satış elanlarında olan əşyaların Əliyeva Nərmin Rafiq qızına məxsus olması məhkəmədə öz təsdiqini tapsa da, həmin paylaşımların Əliyeva Nərmin Rafiq qızı tərəfindən icra edilməsini sübut etmək mümkün olmamışdır. CPM-in 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 32-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. Bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. CPM-in 42.1-ci maddəsinə əsasən çəhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-in 138-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. İttihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. CPM-in 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Əliyeva Nərmin Rafiq qızına qarşı CM-in 147.1 və 148-ci maddələri ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, CPM-in tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Əliyeva Nərmin Rafiq qızına qarşı CM-in 147.1 və 148-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün ona CPM-in 42.1.4-cü maddəsinə əsasən bəraət verilməlidir. CPM-in 198.5-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında təqib olunan şəxsə bəraət verildikdə və ya xüsusi ittihamçı məhkəmədə ittihamın müdafiəsindən imtina etdikdə, məhkəmə bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə məsrəflərini tam və ya qismən xüsusi ittihamçının üzərinə qoymağa haqlıdır. Xüsusi ittiham qaydasında təqib olunan şəxslə xüsusi ittihamçı arasında əldə olunmuş barışıq nəticəsində cinayət təqibinə xitam verildiyi halda, məhkəmə həmin məsrəfləri tam və ya qismən cinayət prosesi tərəflərindən birinin və ya hər ikisinin üzərinə qoymağa haqlıdır. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında təqib olunan şəxsə bəraət verildiyindən məhkəmə məsrəfləri tam xüsusi ittihamçının üzərinə qoyulmalı, ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti X9 tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 65 (altmış beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 65 (altmış beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Əliyeva Nərmin Rafiq qızına göstərdiyi cəmi 65 (altmış beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 390 (üç yüz doxsan) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham üzrə Əliyeva Nərmin Rafiq qızına bəraət verilsin. Əliyeva Nərmin Rafiq qızından məhkəmə xərcləri tutulmasın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti X9 tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Əliyeva Nərmin Rafiq qızına məhkəmə iclaslarında göstərdiyi cəmi 65 (altmış beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 390 (üç yüz doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhər Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar