Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-181/2020 28.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Binəqədi RPİ-nin İŞ-də istintaq olunan ********* nömrəli cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, istintaqa məlum olmayan mənbədən Nəsimi rayonu “Papanin” adlanan ərazidən 20 manata satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0.162 qram çəkidə psixotrop maddə olan metafetamini əldə edib özündə saxlayaraq, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Ağsaray” şadlıq evinin yanında “Seval“ marketin yaxınlığınadək daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 04:30 radələrində Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən həmin ünvanda saxlanılaraq, Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında polis əməkdaşları tərəfindən üstünə baxış keçirilərkən əynində olan qəhvəyi rəngli isti gödəkcənin sağ yan cibindən 01(bir) ədəd siqaretin bir tərəfi qara bir tərəfi ağ kağızına bükülmüş təmiz çəkisi 0.162 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamin aşkar edib götürmüşlər. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkomaniyadan əziyyət çəkdiyi üçün bir neçə il olar ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 17 radələrində Nəsimi rayonu, “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 20 (iyirmi) manat verərək öz istifadəsi üçün psixotrop maddə almışdır. Səhəri gün, yəni xx xxxxxx 2020-cu il tarixdə təxminən saat 04 radələrində polis əməkdaşı ona yaxınlaşaraq xidməti polis vəsiqəsini göstərib narkotik vasitəni qanunsuz olaraq üzərində saxlamaqda şübhəli olduğu üçün əllərini cibinə salmağa imkan verməyərək avtomobilə əyləşdirib Binəqədi RPİ-nin 6-cı PBnə aparmışlar. Polis bölməsinin binasında olan xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Bundan sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkiliş vasitəsilə axtarış keçirilərkən əynindəki qəhvəyi rəngli gödəkcənin sağ yan cibində olan psixotrop maddəəni çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan başqa onun üzərində hər hansı bir qanunsuz maddə aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş psixotrop maddə bir ədəd zərfdə qablaşdırılaraq bu barədə protokol tərtib olunmuşdur. Daha sonra o və iştirakçılar protokolun doğruluğunu və zərfləri imzaları ilə təsdiq etmişlər. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, ona İlqar adlı şəxsin mütəmadi olaraq qanunsuz narkotik vasitələri gəzdirməsi, saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə İlqar adlı şəxsin ifşa olunması istiqamətində əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 04 radələrində məlumat əsasında əməliyyat qrupunun üzvləri olan Binəqədi RPİ-nin PPXBnün polis nəfəri polis serjantı Şahid2 və X2 ilə birlikdə İlqar adlı şəxsin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Ağsaray” şadlıq evinin yanı, “Seval” marketin yaxınlığında olan zaman İlqar adlı şəxsin zahiri əlamətlərinə oxşar, bir nəfər şəxsin olduğunu görərək ona yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirdikdən sonra həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra Nəsirov X4 RPİ-nin 6-cı PB-nin inzibati binasına gətirilmiş və iş otaqlarından birində həmin tarixdə videoçəkiliş ilə 11 saylı vəkil bürosunun vəkilinin iştirakı ilə üzərində axtarış aparılmasına Təqsirləndirilən şəxs heç bir etiraz etmədiyini bildirmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli isti gödəkcənin sağ yan cibindən bir ədəd siqaretin kağızına bükülmüş içərisində şəffaf rəngli toz şəklində maddə olan büküm aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bükülünün içində nə olduğu soruşulmuş və sonuncu bükülünün içərisində psixotrop maddə metafetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni haradan əldə etdiyi və hansı məqsədlə saxladığı soruşulduqda sonuncu həmin metafetamini bir neçə saat əvvəl Nəsimi rayonu “Papani” adlanan ərazidən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş psixotrop maddəyə bənzər kütlə qablaşdırırlaraq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin PPXB-nün, polis serjantı Şahid2, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda üzərində psixotrop maddə olan metafetamin əldə edib saxlaması və daşıması faktına görə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, “İlqar” adlı şəxsin qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə Binəqədi RPİ-nin 6-cı PB-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis bölməsinə gətirilmiş və bölmədə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli isti gödəkcənin sağ yan cibindən bir ədəd siqaret kağızına bükülmüş maddə aşkar edilərək götürülmüşdür. xx.xx.2020-ci il tarixli, 34 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş...” və s. qeydlər olan zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 0,162 qram olan ağ rəngli, kristal hissəciklərdən ibarət maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,162 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,112 qram. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2020-ci il tarixli video diskə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı X3, polis əməkdaşlarının və 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılır və axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən bir ədəd siqaret kağızına bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoyaraq polis əməkdaşlarına təqdim edir. Bükülü açıldıqda içərisində ağ rəngli, kristal hissəciklərdən ibarət olan maddənin psixotrop maddə olan metafetamin olduğunu bildirir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 5(001)-8/2020 nömrəli qərarından görünür ki, Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qanuni hesab edilmişdir. xx.xx.2020-ci il tarixli, 183 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,162 qram psixotrop maddə olan metafetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra metafetaminin 0,112 qram qalmış qalığı saxlanması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİnin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, metafetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı, nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 04:30-da Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq 6-cı Polis bölməsinə aparılmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 05:15-də şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin MSY-də Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 09:40dan 10:30-dək şübhəli şəxs qismində dindirilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Əli İsmayılov tərəfindən verilmiş vəsatət rədd edilmiş və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Sadalanan iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı azadlığı faktiki xx.xx.2020-ci il tarixdə saat 04:30-da məhdudlaşdırılaraq həmin tarixdə saat 05:15-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2020-ci il tarixdə saat 09:40-dan 10:30-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət və təqdimatla məhkəməyə müraciət edilmiş, məhkəmə tərəfindən vəsatət təmin edilməyərək Təqsirləndirilən şəxs məhkəmə iclas zalından azad edilmiş və bundan sonra sonuncu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə qeyd olunanlara əsasən və təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulma müddətinin 2 (iki) gün olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-368/2020 nömrəli qərarından görünür ki, Binəqədi RPİ-nin İstintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. CPM-in 155.3 və 155.3.3-cü maddələrinə əsasən həbs qətimkan tədbiri yalnız əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. CPM-in 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi təmiz çəkisi 0,112 qram psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə 1 (bir) ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 108,46 (bir yüz səkkiz manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 35 (otuz beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,112 qram psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 108,46 (bir yüz səkkiz manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-181/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-181/2020
28.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver