Məhkəmə qərarları › İş №1(001)-184/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-184/2020

24.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-184/2020 24.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsində yerləşən inzibati binada qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq cəmi 0,528 qram çəkidə psixotrop maddə metamfetamin, 0,08 qram çəkidə narkotik vasitə metadon, bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən 2,88 qram çəkidə qurudulmuş marixuana, narkotik vasitəyə və psixotrop maddəyə aid olmayan 1,35 qram çəkidə güclü təsiredici preqabalini əldə edərək üstündə saxlayaraq daşımış, xx.xx.2019-cu il tarixdə saat 21:00-da Bakı şəhəri, Binəqədi rayonu, Ordubadi küçəsi “Abidə“ adlanan yerdə Binəqədi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq polis idarəsinə aparılmış və orada xidməti otaqların birində üzərinə baxış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarın sağ yan çöl cibindən 1 ədəd qara dəridən olan portmanatın içərisindən 2 ədəd kibrit qutusunda və rəngli kağızın içərisində olan təmiz çəkisi 2,88 qram olan qurudulmuş marixuana, 1 ədəd şəffaf sellofanın içərisində 0,528 qram metamfetamin, əynində olan tünd göy cins şalvarın cibindən 0,08 qram metadon və 1.35 qram güclü təsiredici preqabalin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.2 və 240.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan yaşayış massivində tanımadığı şəxsdən 100 manata satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə metamfetamin, metadon, qurudulmuş marixuana əldə etmiş və üstündə saxlamışdı ki, ağrıları olanda istifadə etsin. Belə ki, o, xərçəng xəstəliyindən əziyyət çəkir və xəstəliyi nəticəsində bədənində baş vermiş ağrıları azaltmaq üçün narkotik vasitədən istifadə edir. Bundan başqa o, həmin xəstəliklə bağlı Abşeron rayonu, Xırdalan şəhər poliklinikasında qeydiyyatdadır və həkim göstərişi əsasında preqabalin adlı həbdən istifadə etmişdir. O, preqabalin adlı həbi həkim tərəfindən yazılmış resept əsasında müxtəlif apteklərdən almışdır. xx.xx.2019-cu il tarixdə saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ordubadi küçəsi “Abidə“ adlanan ərazidə olan zaman bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib, üzərində narkotik maddə gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Polis Əməkdaşları ona Binəqədi RPİnə getməyi təklif etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək polis idarəsinə getmişdir. Polis idarəsində şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah edilmiş, dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları ona, üzərində saxlanılan əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişlər. Bundan sonra o, əynindəki cins şalvarın sağ yan cibindən 1 ədəd alışqan, 1 ədəd qulaqcıq, 1 ədəd portmanatı çıxarıb polis əməkdaşlarına təqdim etmişdi. Həmin portmanatın içərisində 2 ədəd kibrit qutusunun içərisində ota bənzər kütləni, 1 ədəd şəffaf sellofanın içərisində olan kristal maddəni, 1 ədəd rəngli kağıza bükülmüş içərisində yaşıl rəngli ota bənzər maddəni, siqaretin gümüşü kağızına bükülmüş içərisində 2 ədəd yaddaş kartı və bir ədəd “Bakcell” nömrəni təqdim etmiş, sonra əynində olan cins şalvarın sol yan cibindən şəffaf sellofanın içərisində olan 2 ədəd qəhvəyi rəngli həb və 09 ədəd zülləvari formada olan ağ rəngli həbləri çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində şəxsi axtarış aparılmış və üzərində hər-hansı bir əşya aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar edilmiş narkotik vasitə, psixotrop maddə və preqabalin həbi qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra onun tərəfindən imzalanmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, heç kimə narkotik vasitə, psixotrop maddə və güclü təsir edən dərman satmamış, ittihamda qeyd edilən narkotik vasitə, psixotrop maddəni öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirmişdir. Xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün preqabalin adlı həbi həkim tərəfindən yazılmış resept əsasında müxtəlif apteklərdən alaraq istifadə etmişdir. O, Şahid3 tanımır və sonuncu ilə istifadəsində ola mobil telefonun “whtsapp” proqramı vasitəsi ilə yazışmamış, sonuncuya heç bir qanunla qadağan edilmiş maddə satmamışdır. Şahid4 onun tanışıdır, lakin ona da heç vaxt qadağan edilmiş maddə satmamışdır. Şahid4 tanışı olduğundan onun xərçəng xəstəliyindən əziyyət çəkdiyini və bununla bağlı ağrıkəsici dərmanlar qəbul etdiyini bilmişdir. Buna görə də, Şahid4 onunla bir neçə dəfə istifadəsində olan mobil telefonun “whtsapp” proqramı vasitəsi əlaqə saxlayıb, anasının axır xəstə olmasını deyib ondan anası üçün ağrıkəsici tərkibli, “Alyse” adı ilə tanınan preqabalin həbindən istəmişdir. O, da Şahid4 təxminən iki dəfə preqabalin həbini təmənnasız vermişdir. İstifadəsində olan mobil telefonun “whtsapp” proqramı vasitəsi heç kimlə heç kimə narkotik vasitə, psixotrop maddə və güclü təsir edən dərman alğı-satqısı söhbətlər etməmiş və yazışmamışdır. Göstərilənləri və İİİ qrup əlil olmasını, xərçəng xəstəliyindən əziyyət çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə Binəqədi RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinə Biləcəri qəsəbəsində yaşayan Emil adlı şəxsin mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zərurəti yarandığından əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair müvafiq qərar qəbul edilmişdi. xx xxxxxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 21.00-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi “Abidə “ adlanan yerdə Emil adlı şəxsə yaxınlaşaraq özlərini polis etdikdən sonra, sonuncunun özünü təqdim etməsini bildirmişlər. Sonuncu özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra sonuncuya üzərində narkotik maddə gəzdirməsində şübhəli olduğunu, bildirib Binəqədi RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs təklifə etiraz etməyərək onlarla birlikdə Binəqədi RPİ-nin inzibati binasına gəlmişdir. Polis idarəsinin inzibati binasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş, dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncuya təklif etmişlər ki, üzərində saxlanılan əşyaları könüllü olaraq təqdim etsin. Bundan sonra, Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sağ yan cibindən 1 ədəd alışqan, 1 ədəd qulaqcıq, 1 ədəd portmanatı çıxarıb təqdim etmişdir. Həmin portmanatın içərisində 2 ədəd kibrit qutusunun içərisində ota bənzər kütləni, 1 ədəd şəffaf sellofanın içərisində olan kristal maddəni,1 ədəd rəngli kağıza bükülmüş içərisində yaşıl rəngli ota bənzər maddəni, siqaretin gümüşü kağızına bükülmüş içərisində 2 ədəd yaddaş kartı və bir ədəd “Bakcell” nömrəni təqdim etmişdir. Sonra əynində olan tünd göy rəngli cins paltarının sol yan cibindən şəffaf sellofanın içərisində olan 2 ədəd qəhvəyi rəngli həb və 09 ədəd zülləvari formada olan ağ rəngli həb çıxardaraq masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, sonuncu üzərində başqa hər hansı bir əşya olmadığını bildirmişdi. Daha sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və sonuncunun üzərindən heç bir əşya aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaların adını deməklə təqdim etməyə başlamışdı. Belə ki, Təqsirləndirilən şəxs üzərindən 2 ədəd kibrit karobkasında içərisində ota bənzər kütlənin narkotik vasitə olan marixuana olduğunu,1 ədəd şəffaf sellofanın içərisində olan kristal maddəni narkotik maddə olan “Şüşə” adlandırdığı maddə olduğunu,1 ədəd rəngli kağıza bükülmüş içərisində yaşıl rəngli ota bənzər maddənin narkotik vasitə hesab edilən marixuna olduğunu, şəffaf sellofanın içərisində olan 2 ədəd qəhvəyi rəngli həbin narkotik vasitə olan metadon, metamfetamin və 09 ədəd zülləvari formada olan ağ rəngli həbin güclü təsiredici maddə olan “Lirika” yəni preqabalin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs həmin maddələri haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual edilmiş, sonuncu həmin maddələri xx.xx.2019-cu il tarixdə Nəsimi rayonu “Papanin” deyilən ərazidə tanımadığı şəxsdən özünün istifadəsi üçün 100 manata aldığını, uzun müddətdir narkotik vasitədən istifadə etdiyini və şəxsi istifadə üçün üzərində saxladığını bildirmişdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr qablaşdırlaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmişdi. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid2 ilə oxşar məzmunda ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2019-cu ilin yanvar ayında tanış olmuş və sonuncu ilə münasibəti yaxşı olmuşdur. O, sonradan Təqsirləndirilən şəxs xərçəng xəstəliyindən əziyyət çəkməsini və bununla bağlı güclü ağrıkəsici dərmanlar qəbul etməsini öyrənmişdir. Bundan bir müddət sonra anası Talehə insult keçirmişdir. Anası xəstə olduğu müddət ərazində ağrıları artmış və həkim tərəfindən anasının “Alyse” adı ilə tanınan ağrıkəsici dərmandan istifadə etməsi məsləhət görülmüşdür. O, ilk əvvəl həmin dərmanı apteklərdən tapa bilsə də, sonradan bu mümkün olmamışdır. Bundan sonra o, Təqsirləndirilən şəxslə “whtsapp” proqramı vasitəsi ilə əlaqə saxlayıb anasının vəziyyəti barədə danışıb “Alyse” adlı dərmandan olub-olmamasını soruşmuş və sonuncuya həmin dərmanın anası üçün lazım olduğunu demişdir. Emil Razyev həmin dərmandan istifadə etdiyini və ona verə biləcəyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxslə görüşmü və sonuncu ona “Alyse” adlı ağrıkəsici dərmandan vermişdir. O, ümumilikdə Təqsirləndirilən şəxs təxminən iki-üç dəfə həmin dərmandan almışdır. O, bunun müqabilində Təqsirləndirilən şəxs pul verməmiş və sonuncu da, ondan pul tələb etməmişdir. Sonradan o, Təqsirləndirilən şəxs tutulması xəbərini eşitmişdir. Təxminən 2019-cu ilin noyabr ayında Binəqədi RPİ-nə dəvət edilmiş və ondan ifadə alınmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, ibtidai istintaqa hazırda verdiyi kimi ifadə vermiş, lakin müstəntiq tərəfindən edilmiş təzyiqə əsasən Təqsirləndirilən şəxs guya ona “lirika” kimi tanınan maddəni satması barədə ifadə yazmışdır. Əslində bu həqiqəti əks etdirmir və Təqsirləndirilən şəxs ona narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr satmamış, nə də o, pul müqabilində sonuncudan hər-hansı bir maddə almamışdır. O, Emillə yazışan zaman və hazırda da istifadəsində ********** saylı mobil telefon nömrəsi olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır və sonuncu ilə heç bir şəxsi qərəzliyi, ədavəti yoxdur. 2019cu ilin avqust ayında Sumqayıt şəhərində yaşayan dostu Zakirin yanında olan zaman sonuncu ona Emil alı bir şəxsin olmasını və sonuncunun psixotrop maddə, güclü təsir edici vasitə satdığını deyərək ondan xahiş etmişdir ki, öz istifadəsində olan mobil telefonun “whtsapp” proqramı vasitəsi ilə Emilin istifadəsində olan mobil telefonun “whtsapp” proqramına yazıb sonuncudan “lirika” adı ilə tanınan, güclü təsir edən maddənin olub-olmamasını soruşsun. O da dostu Zakirin xahişinə əsasən öz istifadəsində olan mobil telefonun “whtsapp” proqramı vasitəsi ilə Emilin istifadəsində olan mobil telefonun “whtsapp” proqramına yazaraq sonuncudan 300-lük “lirika” adı ilə tanınan, güclü təsir edən maddənin olub-olmamasını soruşmuş, Emil isə hazırda 150-lik “lirika” adlı maddənin və “M40” adı ilə tanınan narkotik vasitə metadon olmasını ona demişdir. O, dostu Zakirin xahişi ilə cəmi iki dəfə Emilə yazmış, lakin sonuncu ilə heç vaxt şəxsən görüşməmiş, ondan heç bir narkotik vasitə, psixotrop maddə və güclü təsir edən dərman almamış, eləcə də dostu Zakirin nə vaxtsa Emillə görüşüb-görüşməməsindən və sonuncudan narkotik vasitə almasından məlumatı olmamışdır. Emilin narkotik vasitənin, psixotrop maddənin və güclü təsir edən dərmanın satışı ilə məşğul olması ona Zakir dedikdən sonra məlum olmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq dostu Zakirin adını istintaqa verməmək üçün ibtidai istintaq zamanı verdiyi ifadəsində Emildən pul müqabilində “lirika” adı ilə tanınan, güclü təsir edən maddəni özü üçün aldığını bildirmişdir. O, Emillə yazışan zaman və hazırda da istifadəsində ********** saylı mobil telefon nömrəsi olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə, psixotrop və güclü təsiredici maddələri əldə edib üzərində saxlaması və daşıması faktına görə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, “Emil” adlı şəxsin üzərində mütəmadi olaraq narkotik vasitə gəzdirməsi barədə Binəqədi RPİ-nin 6-cı PB-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis bölməsinə gətirilmiş və bölmədə onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli cins şalvarın sağ yan çöl cibindən bir ədəd qara dəridən olan portmanatın içərisindən iki ədəd kibrit qutusunda və rəngli kağızın içərisindən, bir ədəd şəffaf sellofanın içərisindən və əynində olan tünd göy cins şalvarın cibindən bükülülər aşkar edilərək götürülmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 5(001)-895/2019 nömrəli qərarından görünür ki, Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair xx.xx.2019-cu il tarixli qərar qanuni hesab edilmişdir. xx.xx.2019-cu il tarixli, 26890 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş maddi sübut» yazısı olan zərfdəki 01 (bir) ədəd şəffaf sellofanın içərisində təmiz çəkisi 0,528 qr olan ağ rəngli kristaldan ibarət maddə kustar üsulla hazırlanmış psixatrop maddə-metamfetamindir. 2 (iki) ədəd, üzərlərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər zavod üsulu ilə hazırlanmış metadon tərkibli dərman preparatıdır və üzərində «Alyse 150 mq (preqabalin)» yazısı olan bir ədəd konvalyutada 9 ədəd ağ rəngli kapsul zavod üsulu ilə hazırlanmış preqabalin tərkibli dərman preparatıdır. 2 ədəd həblərdə təsiredici maddəsi metadonun ümumi miqdarı 0,08 qr (bir həbdə 0,04qr metadon olmaqla) və 9 ədəd kapsuldan ibarət təsir edici maddəsi preqabalinin ümumi miqdarı 1,35 qr təşkil edir. (hər kapsulda 0,15 qr preqabalin olmaqla). Metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına, metadon «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in İİ siyahısına və preqabalin «Güclü təsir edən maddələrin və onların külli miqdarı»nın siyahısına daxildirlər. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,528 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,478 qram, 2 ədəd həbdən və 9 ədəd kapsuldan 1 həb və kapsul tədqiqata sərf edildi, qalıq 1 həb və 8 kapsul. xx.xx.2019-cu il tarixli, 26891 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş» sözləri yazılmış zərfdə 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 2,163 qram, 2) 0,525 qram və bir ədəd kağız bükülüdə təmiz çəkisi, 3) 0,192 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla həzarlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 2,88 qramdır. Qeyd: Marixuananın təmiz çəkisi – 2,88 qram, tədqiqata sərf edildi – 0,15 qram (hər 1-3 nömrəli obyektdən 0,05 qram götürüldü), qalıq – 2,73 qram. xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi bir ədəd qara rəngli, “İphone 5” modelli mobil telefona baxış keçirilmiş və baxış zamanı sonuncunun müxtəlif vaxtlarda şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsiredici maddələrin satışı barədə söhbətlər aparmışdır. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2019-cu il tarixli, 2849 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2 və 240.1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.2 və 240.1-ci maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(011)-94/2012 nömrəli hökmü ilə CM-in 29,177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 200 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə, psixotrop maddə və güclü təsiredici maddələr maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatında sonra təmiz çəkisi 2,73 qram qalmış narkotik vasitə olan qurudulmuş marixuana, 0,478 qram metamfetamin, 1 ədəd həb və 8 ədəd kapsul saxlanması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, iş üzrə şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş bir ədəd disk və Təqsirləndirilən şəxs məxsus bir ədəd “İphone 5” markalı mobil telefon sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X3 adlı və xx.xx.2011-ci il təvəllüdlü X5 adlı iki azyaşlı uşağı vardır. xx.xx.2020-ci il tarixli Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(011)-94/2012 nömrəli hökmü ilə 200 manat məbləğində cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə cəzasından Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2013-cü il tarixli qərarı ilə xx.xx.2013-cü il tarixdə azad olunmuşdur. xx.xx.2020-ci il tarixli, 1445 nömrəli “Abşeron rayon Mərkəzi xəstəxanası” Publik Hüquqi şəxsin sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən Abşeron rayon poliklinikasında “Sol xayanın xərçəngi İ mərhələ. Soltərəfli orxeoektamiyadan sonrakı vəziyyət” diaqnozu ilə, xx.xx.2018-ci il tarixdən isə “Dismetobolik polineyropatiya. İsteriyaya bənzər sindirom” diaqnozu ilə dispanser qeydiyyatındadır. Həkim nevropatoloq tərəfindən ona “tabletka preqabalin” dərman preparatı təyin edilmişdir. Sonuncu dəfə həmin dərman təyinatı xx.xx.2019-cu il tarixdə olmuşdur. Məhkəmənin portal çıxarışından görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup əlildir və buna görə 110 manat sosial ödəniş alır. Məhkəmə istintaqı zamanı dövlət ittihamçı tərəfindən verilmiş vəsatət əsasında ibtidai istintaq orqanı tərəfindən iş üzrə sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus “İphone 5” markalı mobil telefonda olan xüsusi proqram (whatsapp) vasitəsilə aparılmış yazışmalara baxış keçirilən zaman müəyyən edilmişdir ki, müxtəlif şəxslər tərəfindən ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs narkotik vasitələr, psixotrop maddələr və güclü təsiredici maddələrin sifarişi ilə bağlı mətnlər vardır. Həmin mətnlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələr, psixotrop maddələr və güclü təsiredici maddələrin sifarişlərini qəbul edərək həmin maddələrin satışını həyata keçirmişdir. Bundan başqa müəyyən edilmişdir ki, iş üzrə şahid qismində dindirilmiş Şahid3 xx xxxxxx 2019-cu il tarixdə və xx xxxxxx 2029-cu il tarixdə Təqsirləndirilən şəxs mesaj yazaraq sonuncuya “lirika” adı ilə tanınan, güclü təsir edən maddəni sifariş etmiş, hətta Təqsirləndirilən şəxs Şahid3 M40” adı ilə tanınan narkotik vasitə metadon təkilf etmişdir. Bununla yanaşı müəyyən edilmişdir ki, iş üzrə şahid qismində dindirilmiş Şahid4 dəfələrlə Təqsirləndirilən şəxs mesaj yazaraq pul müqabilində sonuncuya narkotik vasitələr, psixotrop maddələr və güclü təsiredici maddələri sifariş etmiş, Təqsirləndirilən şəxs həmin sifarişləri qəbul etmiş, hətta bir neçə dəfə sonuncunun göndərdiyi bank hesabına pul köçürmüşdür. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs CM-in 234.2 və 240.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəmə iclasında verdiyi narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin satışı ilə məşğul olmaması barədə ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində Təqsirləndirilən şəxs anası xəstə olduğu üçün təmənnasız təxminən 2-3 dəfə “Alyse” adlı ağrıkəsici dərman almış, bundan başqa sonuncudan pul müqabilində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr almamışdır. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məxsus “İphone 5” markalı mobil telefonda olan xüsusi proqram (whatsapp) vasitəsilə aparılmış yazışmalara baxış keçirilən zaman Şahid4 dəfələrlə Təqsirləndirilən şəxs mesaj yazaraq pul müqabilində sonuncuya narkotik vasitələr, psixotrop maddələr və güclü təsiredici maddələri sifariş etməsi, Təqsirləndirilən şəxs həmin sifarişləri qəbul etməsi, hətta bir neçə dəfə sonuncunun göndərdiyi bank hesabına pul köçürməsi müəyyən edilmişdir. Bununla da, Şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edilmişdir. Ona görə də, məhkəmə Şahid4 həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan ifadə kimi qəbul edib sübut kimi qiymətləndirmir. Eyni zamanda qeyd olunan hal Şahid4 məhkəmə istintaqı zamanı biləbilə yalan ifadə verməsinə əsaslı şübhələr doğurur. Bununla yanaşı məhkəmə, toplanmış sübutlara məhkəmə araşdırması nəticəsində əldə edilmiş yeni hallarla birlikdə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə sonuncunun təqsiri sübuta yetirilsə də, iş üzrə sübut kimi qiymətləndirilmiş Təqsirləndirilən şəxs məxsus “İphone 5” markalı mobil telefonda olan xüsusi proqram vasitəsi ilə aparılan yazışmalarla bağlı müstəntiq tərəfindən zəruri araşdırma aparılmamışdır. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus “İphone 5” markalı mobil telefonda olan xüsusi proqram vasitəsilə aparılmış yazışmalara baxış keçirilən zaman müəyyən edilmişdir ki, müxtəlif şəxslər tərəfindən ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs narkotik vasitələr, psixotrop maddələr və güclü təsiredici maddələrin sifarişi ilə bağlı mətnlər vardır. Ona gör də, Təqsirləndirilən şəxs məxsus “İphone 5” markalı mobil telefonda olan xüsusi proqram vasitəsilə aparılmış yazışmalara dair digər şəxslərin əməllərində cinayət və ya inzibati hüquq pozuntularının olub-olmamasının arşdırlmasını zəruri hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.2 və 240.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.2 və 240.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (İİİ qrup əlilliyinin olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.2 və 240.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(001)-857/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbirinin seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 205.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya digər qəbul edilmiş müraciət formasında olmalıdır. CPM-in 208.0 və 208.0.5-ci maddələrinə əsasən məhkəmə cinayət haqqında məlumatı ədalət mühakiməsinin hər hansı icraatı üzrə həyata keçirilməsi zamanı öz səlahiyyətlərini yerinə yetirərkən aldıqda törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi cinayət işinin başlanmasına səbəb olur. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmədə bilə-bilə yalan ifadə verməsinə, yəni CM-in 297.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə əsaslı şübhələr olduğundan hökm qanuni qüvvəyə mindikdən sonra surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məxsus “İphone 5” markalı mobil telefonda olan xüsusi proqram vasitəsi ilə narkotik vasitələr, psixotrop və güclü təsiredici maddələrin alğı-satqısı ilə əlaqədar digər şəxslərin müəyyən edilərək əməllərində cinayət və ya inzibati hüquq pozuntularının olub-olmaması ilə bağlı araşdırmanın aparılması üçün hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq materialla birlikdə surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkiləri 2,73 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,478 qram psixotrop maddə olan metamfetamin, üzərində “F/M40” yazısı həkk olunmuş 1 (bir) ədəd zavod üsulu ilə hazırlanmış metadon tərkibli həb və üzərində “Alyse 150 mq (preqabalin)” yazısı olan 8 (səkkiz) ədəd zavod üsulu ilə hazırlanmış preqabalin tərkibli kapsul hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, eləcə də axtarış və götürmənin görüntülərini özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda iş üzrə sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus “İphone 5” markalı mobil telefonda olan xüsusi proqram (whatsapp) vasitəsilə aparılmış yazışmalarla bağlı zəruri araşdırmanın aparılması üçün prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat veriləcəyindən, sözügedən telefon müvafiq araşdırma yekunlaşdıqdan sonra sahibi Təqsirləndirilən şəxs və ya onun yaxın qohumlarına qaytarılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 203 (iki yüz üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 45 (qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 205, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 (üç) il müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmədə bilə-bilə yalan ifadə verməsinə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə əsaslı şübhələr olduğundan hökm qanuni qüvvəyə mindikdən sonra surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs məxsus “İphone 5” markalı mobil telefonda olan xüsusi proqram vasitəsi ilə narkotik vasitələr, psixotrop və güclü təsiredici maddələrin alğı-satqısı ilə əlaqədar digər şəxslərin müəyyən edilərək əməllərində cinayət və ya inzibati hüquq pozuntularının olub-olmaması ilə bağlı araşdırmanın aparılması üçün hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq materialla birlikdə surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkiləri 2,73 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,478 qram psixotrop maddə olan metamfetamin, üzərində “F/M40” yazısı həkk olunmuş 1 (bir) ədəd zavod üsulu ilə hazırlanmış metadon tərkibli həb və üzərində “Alyse 150 mq (preqabalin)” yazısı olan 8 (səkkiz) ədəd zavod üsulu ilə hazırlanmış preqabalin tərkibli kapsul hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus “İphone 5” markalı mobil telefonda olan xüsusi proqram (whatsapp) vasitəsilə aparılmış yazışmalarla bağlı zəruri araşdırmanın aparılması üçün prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verildiyindən, sözügedən telefon müvafiq araşdırma yekunlaşdıqdan sonra sahibi Təqsirləndirilən şəxs və ya onun yaxın qohumlarına qaytarılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 203 (iki yüz üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar