Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-185/2021 20.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 oğlu və 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: xx.xx.1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində nömrəsiz fərdi evdə müvəqqəti yaşayan, barəsində 02.03.2021-ci il tarixdə “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 iyun 2020-ci il tarixdə saat 13:40 radələrində alış-veriş etmək üçün Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində, X4 Stansiyasının ərazisində yerləşən, “Kənd bazarı” adlandırılan ticarət mərkəzinə gələrək, həmin ticarət mərkəzində Zərərçəkmiş şəxs alver etdiyi piştaxtanın qarşısına gəlib ondan pomidor almaq istəyərkən, aralarında mübahisə yaranmış və qəsdən Zərərçəkmiş şəxs üz nahiyəsindən bir neçə dəfə yumruqla vurub onu yerə yıxmaqla ona sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz qapaqları və gözaltı nahiyənin qançırları, sol gözaltı, sağ diz oynağı və bel nahiyələrinin səthi əzilmiş yaraları, sol bazu, sol said, sağ bazu, bel nahiyələrinin qançırları kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, heç bir yerdə işləmir, fərdi əməklə məşğul olub əldə etdiyi gəlirlə ailəsini dolandırır. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Hadisədən sonra onu tanımışdır. Əvvəllər heç bir münasibəti olmamışdır. Aralarında eləcə də heç bir düşmənçilik, ədavət və söz-söhbət olmamışdır. Hal-hazırda isə yaxşı münasibətləri vardır. Barışmışlar və bir-birlərindən heç bir şikayətləri də yoxdur. 18 iyun 2020-ci il tarixdə saat 14 radələrində dostu Şahid4la birlikdə Bakı şəhəri, Binəqədi rayonu X4 stansiyasının ərazisində yerləşən “Kənd bazarı” ticarət mərkəzinə getmişdir. Oradan alış-veriş etmək istəmişdir. Orada həmişə bazarlıq etdiyi yerə yaxınlaşaraq pomidor almaq istəmişdir. Pomidor almamışdan qabaq satıcı qadından həmin pomidoru bıçaqla kəsmələrini xahiş etmişdir. Lakin qadının yanında olan Zərərçəkmiş şəxs onunla kobud danışmışdır. O da bir qədər səbr edib alıcı olduğunu, satıcının atası yaşda olduğunu belə danışmamasını və aldığı məhsula baxmaq istədiyini demişdir. Oradan ayrılmaq istəyən zaman Zərərçəkmiş şəxs ona kobud cavab verib təhqir etdiyi üçün (ölmüş atasını ağır formada söymüşdür) artıq o, da əsəbləşmiş və piştaxtanın arxasına keçərək Zərərçəkmiş şəxs yumruqla bir neçə dəfə vurmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs yıxılmışdır. Orada olan şəxslər isə onları aralamışlar. Həmçinin orada olan digər satıcılar ona Zərərçəkmiş şəxs içkili olduğu və ondan əvvəl də başqa şəxslə aralarnda söz-söhbət olduğunu bildirmişdirlər. Yəni dava uzun müddətli olmamışdır. Daha sonra isə o əməlindən peşman olmuşdur. Atası yeni rəhmtə getdiyi və zərərçəkmiş şəxs atasını söydüyü üçün özündən çıxaraq vurduğunu bildirmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs tapmış və onunla əlaqə yaradaraq barışmışdır. Hal-hazırda da barışmışlar. Xuliqanlıq niyyəti olmamaışdır, lakin zərərçəkmişə yüngül xəsarət yetirməsini etiraf edərək məhkəmənin tərəflər arasında barışıq olmasını nəzərə almağını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə Biləcəri qəsəbəsində yaşayır. Özü və arvadı isə X4 stansiyasının ərazisində yerləşən “Kənd bazarı” ticarət mərkəzində meyvə tərəvəz alveri ilə məşğul olub əldə etdiyi gəlirlə ailəsini dolandırır. 18 iyun 2020-ci il tarixdə səhər saatlarında işlədiyi bazara gəlmişdir. Orada arvadı Xomnaz Nəhmətova ilə birlikdə alver ilə məşğul olur. Nahar fasiləsində isə bir bakal pivə içmişdir. Saat təxminən 13:30 radələrində adını sonradan bildiyi Təqsirləndirilən şəxs yanında digər bir şəxslə o alver etdiyi piştaxtanın qarşısına gəlmişdir. Həmin şəxslər onun satdığı pomidorları seçməyə başlamışlar. Adını sonradan bildiyi Vüqar piştaxtada olan pomidorları seçməyə başlamış və o da öz növbəsində kobud formada ona “alırsan al, almırsan cəhənnəm ol çıx get” demişdir. Daha sonra ona nəsə dediyini, ondan sonra isə Vüqarın o olduğu yerə keçərək üz nahiyəsindən bir dəfə yumruqla vurduğunu və yıxıldığını bildirmişdir. Orada olan şəxslər onları aralamışlar. Vüqarla aralarında barışıq olduğunu, maddi ziyan olmadığını və hal-hazırda Vüqar barəsində heç bir şikayəti olmadığını bildirmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri X4 stansiyasının ərazisində yerləşən “Kənd bazarı” ticarət mərkəzində alverlə məşğul olur. Zərərçəkmiş şəxs və arvadını tanıyır. Zərərçəkmiş şəxs da işlədiyi bazarda alverlə məşğul olur. Aralarında yaxşı münasibətləri vardır. Talıbın arvadı xəstədir. Aralarında heç bir düşmənçilik, ədavət və söz-söhbət olmamışdır. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamış, aralarında hər hansı bir münasibət olmamışdır. 18 iyun 2020-ci il tarixdə həmişə olduğu kimi bazarda olmuşdur. Saat təxminən 14 radələrində Talıbın işlətdiyi piştaxtanın qarşı tərəfindən qəflətən səs-küy qalxmışdır. Həmin zaman adını sonradan bildiyi Vüqar adlı şəxsin Talıbın onu söyməsi nəticəsində orada mübahisəyə başladığını görmüşdür. Talıb Təhməzov həmin vaxt içkili vəziyyətdə olmuşdur. İçkili vəziyyətdə olmadığı gün demək olar ki yoxdur. Talıb Təhməzovun piştaxtası ilə onun piştaxtası arasında təxminən 3-4 metr məsafə olduğunu bildirmiş, Zərərçəkmiş şəxs Vüqar Təhmazovu ağır formada söydüyünü bildirmişdir. “Cəhənnəm ol çıx get” deyil, daha ağır formada söyüş söydüyünü eşitdiyini bildirmişdir. Zərərçəkmiş şəxs söyüşündən sonra Vüqar onu yumruqla vurmuşdur. Vüqarın həmin davadalaşdan əvvəl pomidorlara almaq üçün baxdığını bildirmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, 1 il yarımdır ki, Talıbı işlədiyimiz eyni bazardan tanıyıram. Onun içkisiz vəziyyətdə olduğu bir gün belə yoxdur. Hər gün bazarda kiminləsə mübahisəsi düşür. Öz ailəsi ilə belə söyüşlə danışır. Əvvəllər arvadı ilə birlikdə işləyirdi. Lakin arvadı şəkər xəstəsi olduğu və ayağı amputasiya olunduğundan, hazırda bazarda tək işləyir. Hadisə baş verdiyi zaman o, onların yanında idi. Təqsirləndirilən şəxs pomidorun içinin qırmızı olub-olmadığını müəyyənləşdirmək üçün Talıbın arvadından bıçaq verməsini istəmişdir. Bu zaman Talıb ona “pomidorun vəkilisən” demiş, daha sonra çox ağır söyüş söymüşdür. “Cəhənnəm ol, rədd ol” desə, daha yüngül söyüş olardı. Talıb Vüqara o, dilinə gətirə bilməyəcəyi formada söyüş söymüşdür. Bu yazığın heç bir günahı yoxdur, onun yerinə başqası olsaydı, Talıbı öldürərdi. Günah Talıbı bazarda satıcı kimi işləməsinə icazə verəndədir. Bu cür insanlar insanlara ancaq zərər yetirirlər. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 18 iyun 2020-ci il tarixdə təqsirləndirilən şəxslə bazara gəlmiş və Vüqar həmişə alış-veriş etdiyi yerdən pomidor almaq istədiyi üçün hadisənin baş verdiyi yerdəki Zərərçəkmiş şəxs olduğu piştaxtaya yaxınlaşmışdır. Təqsirləndirilən şəxs satıcı arvada ona pomidorun içərisinin qırmızı olub-olmadığını yoxlamaq üçün bıçaq verməsini xahiş etmişdir. Bu zaman Zərərçəkmiş şəxs ona kobud formada “alırsal-al almırsan get “belə-belə” ol burdan” tərbiyəsiz formada söydüyü zaman Vüqar ona “qurban olasan yanındakı arvada” deyərək oradan uzaqlaşmaq istəyəndə zərərçəkmiş şəxs onun atasına da eyni ağır formada söymüş və bununla da Vüqar onu olduğu tərəfə keçərək yumruqla vurmuşdur. Həmin vaxt orada bazarın işçiləri olmuş, kənar şəxslər olmamışdır. Mübahisə heç 1-2 dəqiqə çəkməmiş, çox qısa müddətdə baş vermişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 qzı üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməmiş, buna görə də onun məhkəməyədək icraat zamanı verdiyi ifadə məhkəmə iclasında elan edilmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 25.06.2020-ci il tarixli, 938 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı növbəti xəsarətlər müəyyən edilmişdir - sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz qapaqları və gözaltı nahiyənin qançırları, sol bazu nahiyəsinin, sol said nahiyəsinin, sağ bazu nahiyəsinin, bel nahiyəsinin qançırları, bərk küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs 19.06.2020-ci il tarixdə müayinədən keçmiş və ekspert rəyində göstərilən xəsarətin əmələ gəlmə vaxtı hadisə tarixinə uyğun gəlir. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair 2/4233 saylı, 18.06.2020-ci il tarixli protokolunda sərxoşluğun dərəcəsi yüngül olaraq qeyd edilmişdir. Cinayət işinin materiallarında olan içərisində videomüşahidə kameralarının çəkdiyi görüntülər olan diskə baxış zamanı görünür ki, hadisə 18.06.2020-ci il tarixdə saat 14 radələrində baş vermiş, hadisə zamanı Təqsirləndirilən şəxs bir neçə dəfə yumruqla Zərərçəkmiş şəxs vurması və sonuncunun yıxılması, daha sonra isə ətrafda olan şəxslərin Təqsirləndirilən şəxs aralayıb kənara çəkmələrinə baxmayaraq Təqsirləndirilən şəxs sakitləşməyərək yenidən Zərərçəkmiş şəxs üzərinə gəlməyə cəhd etməsi, onun bu hərəkətlərinə görə ətrafa çox sayda şəxslərin toplaşması və onun hərəkətlərinə diqqət yetirməsi görünür. Lakin qeyd edilən video görüntülərdə hadisənin necə və nə zaman başladığını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi KonstitusiyaMəhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Hüquq normalarının dəqiq, aydın, birmənalı və müəyyən olması, hüquqtənzimetmə sistemində onların bir-birinə uyğunluğu tələbi yuxarıda qeyd olunan konstitusion prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquq tətbiq etmə təcrübəsi yaranar. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qeyri-müəyyənliyin aradan qaldırılması üçün xuliqanlıq cinayət əməlinin (CM-in 221-ci maddəsi) tərkibi, tövsifedici əlamətləri araşdırılmalıdır. CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Lakin hazırki cinayət işinin hallarından, təqsirkarın hərəkətlərinin cəmiyyətə açıqca hörmətsizlik göstərməyə, ictimai qaydanı kobud surətdə pozmağa yönəldiyi görünmür, bu ibtidai istintaq və məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Cinayət işinin hallarından görünür ki, hadisə ani vaxtda baş vermiş və tamamlanmış, davam etməmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurduqdan sonra sonuncu yerə yıxılmışdır.Təqsirləndirilən şəxsin hərəkətləri şəxsi münasibətlər zəminində zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı qıcıqlandırıcı və etikaya uyğun olmayan hərəkətləri nəticəsində başlamış çərçivədən çıxmamışdır. Ona görə də məhkəmə hesab edir ki, baş vermiş hadisədə təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydanın pozulmasına deyil, aralarında mövcud olmuş münasibət pozğunluğuna görə şəxsi münasibətlər zəminində baş verdiyindən, əməlində CM-nın 221.1ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin tərkibi ola bilməz. Eyni zamandan həmin hadisə nəticəsində zərərçəkmiş şəxs xəsarət aldığından, təqsirləndirilən şəxs yetirdiyi xəsarətin dərəcəsinə uyğun şəxsiyyət əleyhinə törətdiyi əmələ görə məsuliyyət daşımalıdır. Məhkəmə istintaqı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs, 18.06.2020-ci il tarixdə “Kənd bazarı” ticarət mərkəzində Zərərçəkmiş şəxs döş qəfəsinin sağ tərəfinə bir dəfə təpiklə vurmaqla sonuncunun sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz qapaqları və gözaltı nahiyənin qançırları, sol bazu nahiyəsinin, sol said nahiyəsinin, sağ bazu nahiyəsinin, bel nahiyəsinin qançırlarının əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran xəsarət yetirmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurması sübuta yetmiş, lakin CM-nın 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi cinayət işinin materialları və məhkəmə istintaqı ilə kifayət qədər sübuta yetirilməmişdir. Məhkəmə istintaqında tədqiq edilənlərə və iş materiallarında olan sübutlara əsaslanan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xuliqanlıq cinayətini nəzərdə tutan CM-nın 221-ci maddəsinin dispozisiyasında, əməldə üç əsas komponentin birlikdə mövcudluğunun zəruriliyi nəzərdə tutulmuşdur. Hazırki cinayət hadisəsi üzrə təqsirləndirilən şəxslərin əməlində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərin törədilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davaranış və birgəyaşayış qaydalarının sistemi, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, Təqsirləndirilən şəxs hadisə ilə bağlı əməlində həmin əlamətləri aşkar etməmişdir. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Xüsusilə vurğulanmalıdır ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Qeyd olunanlar baxımından məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini təhlil edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli ona isnad edilən CM-nın 221.1-ci maddəsinin əlamətləri ilə üst-üstə düşmür. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23.03.2004-cü il tarixli, 1 nömrəli Qərarının 3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsi münasibətlər zəminində başlanılmış intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Göründüyü kimi qeyd olunan Plenumun qərarından aydın olur ki, təqsirləndirilən şəxsin hadisənin gedişindəki hərəkətləri sonradan açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Hazırki işin hallarından görünür ki, təqsirləndirilən şəxsin hərəkətləri səbəbli olaraq konkret yönəlmiş, ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. İbtidai istintaq orqanı özü də sübut etmişdir ki, onun ictimai qaydaya, başqalarına qarşı yönələn xuliqanlıq hərəkətləri, qeyri adi, özünü başqalarından fərli göstərən, üstünlük nümayiş etdirən və sair bu kimi davranışı olmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-nin 221.1-ci maddəsindən CMnin 128-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirlən şəxsin CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, sənədlər və iş üzrə qanuni üsullarla toplanmış, məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Cinayət işinə əlavə edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (İş.v 30) Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadədən və təqdim etdiyi ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, onun hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması məsələsinə baxılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 məhkəməyə vəsatət təqdim edərək baş vermiş hadisənin xuliqanlıq niyyəti ilə törədilmədiyini, təqsirləndirilən şəxsin əməlinin CM-nin 128-ci maddəsi ilə tövsif edilməli olmasını, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmadığını qeyd edərək CM-nin 73.1-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs barəsində 02.03.2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Məhkəmə iclasının gedişində müəyyən olundu ki, təqsirləndirilən şəxs barəsində CMnin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsi və onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilir. Törətdiyi əməldən səmimi peşmançılıq çəkməklə zərərçəkmiş şəxslə barışıq əldə etmiş, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi bağışlamış, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156,1 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını CM-nın 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. CPM-nin 39.1.11-ci maddəsində göstərilir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda CPM-nin 40.2.2-cı maddəsinə əsasən onun barəsində cinayət təqibi həyata keçirilməyə və cinayət təqibinə xitam verilə bilər. CPMnin 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 43.3-cü maddələrinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi müdafiə tərəfi də məhkəməyə ərizə ilə müraciət edərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını qanuni, ədalətli və əsaslı hesab edir. CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış baş vermiş hadisəni özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 43.1.2, 156, 193, 318.1, 344- 347, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. İş üzrə maddi sübut kimi tanınmış baş vermiş hadisəni özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-185/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-185/2021
20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver