Məhkəmə qərarları › İş №1(001)-185/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-185/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-185/2025 13.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Yaşıllaşdırma xidmətində bağban işləyən, əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,254 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 12 iyul 2024-cü ildə saat 18:10-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Rahat marketin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 19:30-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,254 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən istifadə edir. 12 iyul 2024-cü ildə saat 18:10-da Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Rahat marketin yaxınlığında olan zaman bir neçə şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ona üzərində narkotik vasitə və psixotrop maddələri saxlamaqda, narkotik vasitə və psixotrop maddələrdən istifadə etməkdə şübhəli olduğunu bildirib onu 40-cı polis bölməsinə gətirmişlər. Polis bölməsində xidməti otaqda olan zaman polis əməkdaşı tərəfindən ona huquq və vəzifələri izah edilmiş, dövlət hesabına müdafiəçi ayrılmışdır. Xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə onun üzərində axtarış aparılmışdır. Axtarış aparılan zaman polis əməkdaşı ondan üzərində narkotik vasitə və psixotrop maddə və ya hər hansı bir qanunsuz əşya olub-olmamasını soruşub, olduğu halda könüllü təqdim etməsini təklif etmişdir. O, üzərində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin bükümün içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Həmin bükümün içərisi açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış aparılmış, başqa narkotik vasitə və psixotrop maddə və ya hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Polis əməkdaşına təqdim etdiyi həmin narkotik vasitə heroin şəffaf sellofan bükümdə polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmişdir. Sonra həmin heroin ağ zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini 12 iyul 2024-cü ildə günorta saatlarında Papanin adlanan yerdə tanımadığı şəxsdən 10 manata almışdır. Əməlindən peşmandır. Ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi və Binəqədi rayonu ərazisində üzərində gəzdirməsi barədə 12 iyul 2024-cü ildə polis bölməsinə etimad doğuran mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş əməliyyat məlumatını raportla bölmə rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. 40-cı polis bölməsinin sahə inspektoru, polis leytenantı Şahid2 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 iyul 2024-cü ildə saat 18:10-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, “Rahat” marketin yaxınlığında olduğunu görmüşdür. Onlar Təqsirləndirilən şəxs saxlayıb ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyini, bu barədə qərar qəbul etdiyini demiş və üzərinə şəxsi axtarış keçirilməsi üçün Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs polis bölməsində üzərində şəxsi axtarış keçirilməsinə etirazının olmadığını demişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs polis bölməsinə aparıb təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, vəkil tutmaq hüququnu izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş və polis bölməsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs vəkilə etirazının olmadığını demişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarışda o və polis əməkdaşı Şahid2 iştirak etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, onun üzərindən başqa maddə, əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni Papanin adlanan yerdə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni bükümlə birlikdə elektron tərəzidə çəkmişdir. Sonra narkotik vasitə heroinə bənzər maddə bir ədəd zərfdə qablaşdırılmış, möhürlənmiş, üzəri imzalandıqdan sonra ekspertiza tədqiqatı üçün götürülmüşdür. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin aparılmasına dair protokol tərtib etmiş, o və digər iştirakçılar həmin protokolu imzalamışlar. Şahid qismində dindirilmiş Binəqədi RPİ-in 40-cı PB-in sahə inspektoru, polis leytenantı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində qeyd olunan xüsusatları təsdiq elmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:10-da Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 26). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:10-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Rahat marketin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 19:30-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v 38-40). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6/3631 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «... Təqsirləndirilən şəxs.. » sözləri zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,254 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,204 qram (cild 1, i.v. 50-53). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 69-70). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o həmin tarixdə saxlandığı Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 89-90). Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 0,254 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla qalıq çəkisi 0,204 qram saxlanılması üçün Binəqədi RPİ-yə təhvil verilmişdir (cild 1,i.v.96-97). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 4814 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v 100-101). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin əks olunduğu bir ədəd sd disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1,i.v.146). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs son dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 01 ay 24 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti olaraq azad edilmişdir (cild 1,i.v 120-122). Qeyd edilən bu hallar Cinayət Məcəlləsinin 18.1-ci və 83.3.3-cü maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs əməlində residivin mövcudluğunu təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə müvafiq olaraq, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda aydın olur ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə yaranmış məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən isə, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və ona, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinun 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edildiyindən barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək o, dərhal məhkəmə iclas zalında həbs edilməli, onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-ci ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün cəza müddətinə hesablanmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 4814 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış qalıq çəkisi 0,204 qram olan narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və götürmənin əks olunduğu bir ədəd sd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 60 (altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 40 (qırx) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-ci ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Cəzaçəkmə müddətinin əvvəli 13 fevral 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar - Binəqədi RPİ-də saxlanılan 0,204 qram (qalıq çəki) narkotik vasitə heroin məhv edilsin. Bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 240 (iki yüz qırx) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar